Həftənin “tərbiyəşünası” - Həftə-reytinq

18:40 06.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Lalə Məmmədova onu kompleksə salan vərdişlərindən söhbət açdı.

İfaçı bu barədə "Show news" verilişinə müsahibəsində danışıb. O bildirib ki, tərbiyəsiz insanlara qarşı kompleksi var: “Bu yaxınlarda mənə “Sizin kompleksiniz var” sualını verdilər. Fikirləşdim və tapdım. Əslində bu, hər zaman olub, amma sonda anladım ki, kompleksdir. Dedim ki, “Yox, Allah nə veribsə, onunla qane olan insanam. Nəyisə dəyişmişəmsə, bu, başqa məsələdir. Kompleksə görə yox, ürəyimcə olsun deyə etmişəm.

Mənim kompleksim tərbiyəsiz insanlara qarşıdır. Amma elə şeylər var ki, düşünürsən ki, həddindən artıq tərbiyəli olmaq da bir şey deyil. O sözlərə layiq olmaq üçün eyni qarşılığı vermək lazımdır”.

 

Həftənin “ən gənc icra başçısı”

Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə Mirhəsən Seyidov Neftçala İcra Hakimiyyətinin başçısı təyin edildi. 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş Mirhəsən Seyidov  ölkənin ən gənc icra başçısı hesab olunur. M. Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 -2011-ci illər ərzində hərbi xidmətdə olub. İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb, sentyabrdan etibarən isə Gənclər üçün Resurs Mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib. 2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. 2012-ci ilin mayında Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olub. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İrəli” İctimai Birliyinin sədri seçilib. 2 fevral 2017-ci ildə Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb. 2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2018-ci ilin 8 yanvarından etibarən Mirhəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunub.

 

Həftənin “siyasi mədəniyyətşünası”

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiyalarla görüşlərini davam etdirməsi siyasi arenada yeni bir tendensiya kimi müzakirə olunmağa başladı. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə siyasi mühitdə müsbət proseslərin getdiyini söylədi: “Mən də Ədalət müəllimlə görüşmüşəm. Ətraflı söhbət etmişik. Düşünürəm ki, bu, çox müsbət bir prosesdir. Azərbaycanda siyasi sistemin formalaşması üçün çox işlər görülməlidir. Belə görüşlərin olması ölkədə normal bir siyasi mühitin yaranması üçün siqnaldır. Uzun zaman idi ki, buna çox böyük ehtiyac var idi. Gözləyək görək bu prosesin inkişafı necə olacaq. Bu cür görüşlər mütəmadi olmalıdır. Azərbaycanın maraqları, ölkədə normal bir siyasi sistemin formalaşması, hər bir azərbaycanlının yanında olan azərbaycanlıya düşmən kimi deyil, bir qardaşı kimi baxması üçün bu çox vacibdir. Türkiyədə sağlam rəqabətin olması normal siyasi mühitin mövcudluğudur. Azərbaycanda siyasi mədəniyyəti artırmaq lazımdır. Ölkə siyasətçiləri bir-biriləri ilə söyüş, nifrət dili ilə danışmalı deyil. Ölkənin inkişafı üçün də bu çox vacibdir”.

 

Həftənin “məhkum eks-prezidenti”

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin məhkəməsinin martın 23-də qapalı rejimdə keçiriləcəyi bəlli oldu. Bunu jurnalistlərə açıqlamasında Bişkekin Pervomaysk rayon prokurorluğunun nümayəndəsi Temirbek Bekmamatov bildirib. O qeyd edib ki, sabiq prezidentin işi üzrə 14 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Qırğızıstan Prezident Aparatının sabiq rəhbəri Farid Niyazov, hazırkı və sabiq deputatlar, digər vəzifəli şəxslər var. Xatırladaq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən, ümumilikdə, 136 nəfər yaralanmış, bir xüsusi təyinatlı həlak olmuşdu. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. O, kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiqetmə, dövlət çevrilişi, adamöldürmə, korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldəetmə və digər maddələrlə ittiham olunur. Qeyd edək ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

 

Həftənin “koronavirusşünası”

“Microsoft” şirkətinin keçmiş təsisçisi və rəhbəri Bill Geyts “COVİD-19” virusunun bütün dünyanı sarsıdacaq ölümcül pandemiyaya çevrilmə təhlükəsi barədə yazdı. Amerikalı milyarder bu barədə özünün “New England Journal of Medicine” jurnalındakı məqaləsində bəhs edib. Bill Geyts yeni infeksiyanın yayılma sürətini 1918-ci ildə 50 milyon insanın həyatına bais olan “ispan qripi” ilə müqayisə edib. “Microsoft”un təsisçisi koronavirusun iki səbəbdən dolayı böyük təhlükə yaratdığını bildirib. Bunlardan birincisi infeksiyanın yalnız əvvəllər sağlıqları ilə bağlı problemləri olan yaşlıları deyil, həmçinin tam sağlam insanları öldürməsidir. Gələn məlumatlar bu virusla yoluxanlar arasında 1%-lik ölüm göstəricisinin olduğunu nümayiş etdirir. Bu isə tipik mövsümi qriplə müqayisədə xeyli artıqdır. “COVİD-19” bu göstəricilərə görə, yalnız “ispan qripi”ndən (2%) geri qalır. Geytsin sözlərinə görə, ikinci səbəb yeni koronavirusun insandan-insana nəfəs yolu ilə, habelə adi əl sıxıb görüşməklə keçməsi ilə bağldır. Milyarder iş adamı koronavirusun pandemiyaya çevrilməməsi və yeni vaksinin hazırlanması üçün dünya hökumətlərini, habelə biznes cəmiyyətləri milyardlarla dollar vəsait ayrımağa çağırıb. 

 

Həftənin “koronaviruslu 1-ci vitse-prezidenti”

İranın daha bir vitse-prezidentinə koronavirus diaqnozu qoyuldu. Ölkənin birinci vitse-prezidenti İsaq Cahangiridə koronavirus aşkarlanıb. Bildirilib ki, İranın hökumət rəsmisi ailəsi ilə birgə evdə karantin altındadır.

Qeyd edək ki, ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

 

Həftənin “yeni telekanal rəhbəri”

“Xəzər TV”-yə yeni rəhbər təyinatı oldu. Məşhur şoumen Murad Dadaşov “Xəzər TV” MMC-nin Baş Direktoru təyin edilib. M. Dadaşov  TV-nin kollektivinə təqdim olunub. Onu kollektivə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov təqdim edib. Xəzər TV'' MMC-nin yeni baş direktoru Murad Dadaşov isə çıxışında bildirib ki, Xəzər televiziyasının uğurlarının daha da artırılması üçün kollektivlə birlikdə bütün səylər ortaya qoyulacaqdır. Sonda Murad Dadaşov bundan sonrakı işlərdə işin səmərəliyini artırmaq üçün kollektivə öz tövsiyələrini verib: "Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur. Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var”.

Oxunma sayı 81