Həftənin “zəhmətkeş deputatı” - HƏFTƏ-REYTİNQ

19:12 19.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müxbirin “Bildiyimizə görə, siz də  lap uşaqlıqdan çalışmısınız, vaxtilə çörək zavodunda fəhlə işləmisiniz. Hətta barənizdə çəkilən filmdə də bundan bəhs edən səhnə var. Bəlkə özünüzdən nümunə çəkəsiniz...” müraciətinə deputat Hadı Rəcəbli belə cavab verdi: “Sizə maraqlıdırsa, danışım. İndi yoldaşım hərdən yarızarafatla söyləyəcəklərimi evdə xatırladır...Mənim 12 yaşım var idi, yay tətilində qonşu uşaqları ilə birgə tərəvəz yeşiyi mıxlayardım. O vaxt Lənkəranda pomidor qutularını hazırlayardıq, məhsulları Rusiyaya aparardılar. Mənimlə Hüseynbala Mirələmov(hazırkı deputat-S.L.) yeşik mıxlayardıq. Hüseynbala müəllimlə məhəllə uşağıyıq, bir sinifdə oxumuşuq. İndiki həyat yoldaşımın xalası biz işlədiyimiz həyətdə yaşayardı. Bu məktəbli qız Bakıdan xalasıgilə qonaq gələrdi. Bizim yeşik mıxladığımız yerdən keçəndə mənim gözüm elə onda olardı (gülür). Arıq, qıvrımsaç qız idi. Elə gözüm onda qalardı, diqqətsizlikdən çaşıb çəkici düz barmağıma necə zərblə vururdumsa, ağrıdan iniltimi belə gizlədə bilmirdim. Qız duruxub baxır və gülümsəyib keçirdi. Bir-iki dəfə belə oldu, axırı qız gəldi ki, “ay oğlan sən öldün axı...”

 

Həftənin “qoyunsatan ifaçısı”

“O səs Türkiyə” yarışmasının azərbaycanlı ifaçısı, çoban kimi tanınan Pərvin Səfərov ilk klipini təqdim etdi. “Sənə möhtacam” adlanan klip sözləri Rüfət Sabirliyə, musiqisi ifaçıya məxsus olan eyniadlı mahnı əsasında ərsəyə gəlib.  Pərvin Səfərov ilk klipi barədə danışarkən qeyd edib ki, klipin xərclərini ödəyəcək sponsor tapa bilmədiyindən sevimli qoyunlarını satmaq məcburiyyətində qalıb: “Bu mənim ilk klipimdir. Buna görə çox sevincliyəm və inanıram ki, ilk işim pərəstişkarlarımın da xoşuna gələcək. Klip və mahnı iki gəncin bir-birinə olan sevgisindən, ayrılıqdan, vüsaldan söz açır. Qeyd edim ki, klipinin bütün ideyası da özümə məxsusdur. Çəkilişlər Bakı və İsmayıllıda aparılıb. Klipin ərsəyə gəlməsi üçün uzun müddət sponsor axtarışında oldum. Lakin mənə dəstək olacaq sponsor tapa bilmədim. Məcbur olub xərcləri ödəmək üçün qoyunlarımı satdım. Bütün sevənlərimdən xahişim budur ki, ilk işimi izləyərək və paylaşaraq dəstək olsunlar ki, hər zamankı kimi uğurlarımda onların da payı olsun”.

 

Həftənin “tvitşünası”

“Dünya sanki sosial şəbəkələrdəki tvitlərlə, statuslarla idarə olunur”. Bunu mediaya açıqlamasında son illərdə aktiv sosial şəbəkə istifadəçisi olan AXP sədri Pənah Hüseyn dedi: “Faktiki olaraq, yeni tipli bir sivilizasiyanın formalaşmasının içindəyik. Bu da sosial şəbəkə dediyimiz virtual məkandır. Bunlar da qeyd olunan sivilizasiyanın elementləridir. Onu da deyim ki, bu prosesdən narahatlıq keçirənlər də var. Amma bu, obyektiv bir prosesdir və siyasətə, insanların yeni siyasi mədəniyyətinin, siyasi baxışlarının formalaşmasına ciddi şəkildə təsir edib... Bəzən bir tvit, məsələn, ABŞ prezidentinin, yaxud Türkiyə prezidentinin sosial şəbəkədə yazdığı bir cümlə dünya siyasətinə təsir edir. Hətta ictimai, siyasi təşkilatlar, dövlət qurumları belə öz fəaliyyətlərində sosial şəbəkələri nəzərə alırlar. Mən özüm də son dövrlərdə əsasən “Facebook” səhifəmi faktiki olaraq Azərbaycan Xalq Partiyasının “Facebook” səhifəsi, informasiya məkanı kimi qurmuşam".

 

Həftənin “ qarpız paylaşımçısı”

Madonna şəxsi “Instagram” hesabının “hekayə” bölümündə qaradərili uşaqlarının fotolarını əcaib tərzdə paylaşdığı üçün izləyicilərin qəzəbinə tuş gəldi. İfaçının yayımladığı fotolarda onun Ester və Stella adlı əkizləri əks olunub. Kadrda Madonnanın əlində qarpız dilimini tutması əks olunub. Lentə alınan fotolarda qarpızın dilimi vizual olaraq əkizlərin ətəyi kimi görünüb. “Twitter” sosial şəbəkəsində paylaşılan bu fotolar müğənninin izləyicilərini özündən çıxarıb. Onlar Madonnanın bu addımını irqi ayrıseçkiliyin təzahürü olaraq qəbul ediblər. Məsələ ondadır ki, qaradərili insanların qarpız yeməyi çox sevməsi ilə bağlı stereotiplər mövcuddur.

 

Həftənin “qayda pozucusu”

“ANS”-in prezidenti Vahid Mustafayevin avtomobili ilə kobud qayda pozuntusına yol verildi. Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. Belə ki, “Balans” MMC-yə məxsus olan və Vahid Mustafayevin idarə etdiyi 10 AS 660 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirib. Bununla da o, 60 manat -3 ballıq xətaya yol verib. Hadisə iyulun 16-da, saat 22.20 radələrində baş verib. Qeyd edək ki, Vahid Mustafayev Azərbaycana "Gelandewagen"i ilk gətirən şəxsdir və həmin avtomobili özü idarə edir. Videoda 99 XH 411 nömrə nişanlı avtomobilin də qırmızı işıqda hərəkət etdiyi əksini tapır.

 

Həftənin “Ukraynaşünası”

“SSRİ vaxtı Ukraynada insanlar daha yaxşı yaşayırdı...” Bu sözləri “112 Ukrayna” telekanalına Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili söylədi. “O vaxtlar belə həyasız məmurlar yox idi, indi o vaxtla müqayisədə qat-qat pisdir. Fikirləşirsiz ki, kommunist dövründə olan xəstəxanalar ilə indikilər arasında hansısa fərq var? Kommunist dövründə onlar daha yaxşı idi, eyni xəstəxanalar xəstələrdən pul alırdı. İndi bizdə elə həmin xəstəxanalardır, lakin daha pis” – Saakaşvili belə deyib. Saakaşvili Ukraynada SSRİ dövründən qalan küçə adlarının götürülməsinə də qarşı çıxıb. O, dekomunizasiya islahatının beyinlərdə getməli olduğu deyib.

 

Həftənin  “məşhur xəstə dustağı”

Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbsdə saxlanıldığı ümumi rejimli koloniyadan təcili yardım maşını ilə çıxarıldı. Bunu özünün “Twitter” mikrobloqunda vəkil Qrequar Manja yazıb. Onun sözlərinə görə, vəkil Daşkənd vilayətinin Zangiat rayonundakı 21 saylı ümumi rejimli qadın koloniyasının dəhlizində altı saat ərzində müştərisi ilə görüşü gözləməli olub. Nəticədə, görüşə icazə verilməyib, bununla bərabər, vəkilin gözlədiyi vaxt ərzində koloniyanın ərazisini bir neçə təcili yardım maşını tərk edib. Etibarlı mənbəyə istinadla Manja iddia edir ki, avtomobillərdən birində Kərimova olub. Onun səhhəti ilə bağlı hər hansı məlumat vəkildə yoxdur. Onda olan məlumata görə, Kərimovanın olduğu koloniyada son bir neçə həftə ərzində “ən azı iki qadın” dünyasını dəyişib.

 

Həftənin “cəriməlisi”

Rusiya Dövlət Nəzarət Komitəsi “Google”un bu ölkədəki nümayəndəliyini cərimələdi. Buna səbəb şirkətin Rusiya ərazisində qadağan olunmuş informasiyaları silməməsi olub. “Google” 700 min rubl (18.900 AZN – red.) cərimə ödəyəcək. Qeyd edək ki, bu, şirkətin “İnformasiya haqqında qanun”u ilk pozması deyil. Daha əvvəl də “Google” Rusiyada 500 min rubl məbləğində cərimələnmişdi.