Həkimlərimiz icbari tibbi sığorta barədə məlumatsızdırlar - Reportaj

12:07 12.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə qanunvericilik bazası formalaşdırılmış, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlamışdı. 

Artıq bu təcrübənin bütün ölkə üzrə tətbiqi məsələsi gündəmdədir. 

Tibbi sığortanın haqqında məlumatı sadə bir vətəndaşla yanaşı, həkimlər də bilməlidir. 

Bu il Prezident İlham Əliyev Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzaladı. Fərmanın giriş hissəsində deyilir: “Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratmışdır.

Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir”.

Biz də bu fərmanı əsas tutaraq bir neçə tibb müəssisəsində olduq. İlk baş çəkdiyimiz yer Sumqayıt şəhərində yerləşən Travmatologiya xəstəxanası oldu. Sumqayıt şəhərinin baş cərrahı, şöbə müdirinə yaxınlaşıb tibbi sığorta barədə soruşuruq. 

"Tibbi sığorta ilə bağlı nə bilirsiniz, bu sistemin tətbiqinin müsbət tərəfləri nə ola bilər" sualına isə, baş cərrah, bu haqda heç bir məlumatının olmadığını söylədi. Daha sonra baş həkim Həmzəyevə yaxınlaşırıq. Eyni sualla ona da müraciət edirik: 

"Bu barədə eşitmişəm, ancaq dərin bilgim yoxdur. Bu sistem axı bizdə yoxdur. Bizdə tətbiq olunsa, xəbərim olar. Biz həkim adamıq. Nə zaman tətbiq edərlər, məlumatımız da olar. Bizim həkimlərin də bundan xəbəri yoxdur, ənənəvi qaydada xəstələrimizə tibbi yardım göstərirlər. Sizin dediyiniz haqqında biz yalnız eşitmişik, heç xəstələrimizin də bundan xəbəri yoxdur".

Həkimlərimizin dünyada geniş yayılmış bu təcrübənin mövcudluğundan xəbərsiz olmaları təəssüf hissi doğurur. Doğrudur, tətbiq olunmayıb. Ancaq bir həkim bunu internetdən araşdırıb hətta xəstələrinə də bilgi verməlidir.

Bakı şəhərində yerləşən məşhur xəstəxanlardan birində də olduq. Bir neçə həkim vaxtının olmadığını bildirdi. Bəziləri isə tətbiq olunmayan bir şey haqqında "nə danışaq axı" deyib, sualımızdan yayındılar. Amma, müəyyən dərəcədə bilgisi olanlar da, bunu televiziyalardan eşitdiklərini deyirlər.

Bəs sakinlər nə düşünür?

Apardığımız sorğudan məlum olur ki,həkimlərimizdən fərqli olaraq insanlar müayinələr üçün xaricə üz tutduqlarına görə bu barədə məlumatlıdırlar. Məsələn, müsahibim deyir ki, Rusiyada bir qohumum yaşayır. Tibbi sığortanın hesabına çox yaxşı müalicə olunur. Əlavə heç kim ondan bir manat artıq pul istəmir. Tibbi sığortanın tezliklə Azərbaycanda da tətbiq olunmasının tərəfdarıdır.

Digər sakin də eyni fikirdədir. Deyir ki, qonşu Gürcüstan, İranda varsa niyə bizdə tətbiq olunmasın.

Hafta.az-a mövzu ilə bağlı danışan tibb eksperti, professor Adil Qeybulla dedi ki, sığortada kontingentin müəyyən edilməsi ilə yanaşı sığorta paketinə daxil olacaq xidmətlərin müəyyənləşməsi də mühüm faktordur:

“2020-ci ildə icbari tibbi sığortanın tətbiqi məsələsi gözlənilir: İcbari tibbi sığorta paketinə müəyyən dərmanlar daxildir. Hansı adla, hansı keyfiyyətlə və bundan əhali necə faydalana biləcək? Bax bütün bu məsələlər sual altındadır. icbari tibbi sığorta əhalinin bütün təbəqələrini əhatə etməlidir. Sadəcə olaraq əhalinin kateqoriyalarının sığortalanması fərqlidir. Hansı xidmətlərin sığorta paketində yer alması önəmlidir. Hesab edirəm ki, doğuş və təxirəsalınmaz yardım bu paketə daxil edilməlidir. Bu xidmətlərin artırılması həm də sığortaya ayırılan vəsaitdən asılıdır. Bizdə sığorta üçün yığılan vəsait xidmətləri tam qarşılamağa yetərli deyil”