“Hər dəfə tarı bağrıma basıb çalanda, tamamilə başqalaşıram” - MÜSAHİBƏ

19:39 13.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

 Hər bir musiqi alətinin özünün dili var, gərək onu biləsən, səsini qəlbinlə duyasan, sehrli səsinə bürünüb dinləyiciləri  ağuşuna alıb, sirrli bir məkana aparmağı bacarasan.  

Təpədən-dırnağadək musiqiçi olan gənc tarzən, gözəl ifaçı İkram Qarabağlının ifalarında bu cür yanğılar, Qarabağ ağrıları daha çox duyulur.

– İkram müəllim, necə oldu ki, siz musiqiçi oldunuz, xüsusilə də tar alətini daha üstün tutdunuz?

– Mən əslən qarabağlıyam. Valideynlərim Ağdam rayonunun Kolanı elində, Qalayçılar kəndində doğulub, boya-başa çatıblar.

1993-cü ilin 23 iyulunda Ağdamın işğalından sonra, Bakı şəhərinə pənah gətiriblər. Valideynlərimin gözlərində və üzlərində torpaq, el-oba həsrəti duyulur. O torpaqları görməsəm də, mən də onlarla birlikdə həmin ağrıları yaşayıram. Açığını deyim, tar çox çətin bir alətdir. Onun əsl vətəni Şuşa olduğuna görə, məhz bu aləti daha çox sevdim. Tarla yanaşı, gitara və saz alətlərində də gözəl ifalar edirəm. Musiqiyə həvəsim uşaq çağlarından başlayıb. Kim nə deyir-desin, Allah-Taala istedadı və qisməti insana ana bətnində olarkən verir.

…Təxminən, 5-6 yaşlarım olardı. Hər dəfə Rəmiş gitaranı bağrına basıb çalanda və onun barmaqları sarı simlər üstündə alışıb-yananda, sanki məni də dəlicəsinə yandırırdı, özü ilə birlikdə  bugünədək sirri bilinməyən uşaqlıq aləmindən yaxın gələcəyə aparır,  məndə simli alətlərə qarşı maraq oyadırdı.

Uşaqlıqdan arzum bu idi ki, Rəmiş kimi məşhur gitaraçı olum. Atam sözügedən musiqi alətinə həvəs göstərdiyimi görüb mənə gitara aldı. Çala bilməsəm də, barmaqlarımı pərdələr üsründə oynadırdım və simlərdə səslər çıxarırdım. Get-gedə gitaranı özümə ram etməyə çalışırdım. Ona görə də atam məni əvvəlcə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 36 saylı uşaq musiqi məktəbinə apardı. Adıçəkilən təhsil ocağında gitara sinfi olmadığından, məni tar sinfinə qoydu.

2002-ci ildə  valideynlərim yaşayış yerlərini dəyişdiyinə görə, musiqi təhsilimi Qara Qarayev adına 8 saylı Uşaq Musiqi Məktəbində davam etdirdim.

- Bəs ustadın, müəllimin kim olub?

-  Bakı şəhər 8 saylı Musiqi Məktəbində təhsil alarkən tar müəllimim Azər Abbasovdan  tarın əlifbasını, ifasını öyrəndim. Asəf Zeynallı adına Musiqi Kollecində isə Xalq artisti Möhlər Müslümovdan isə tarın əsl sirlərini, Ifaçılıq qabiliyyətini, bir sözlə, sənəti öyrəndim.  Möhlər Müslumov gözəl tarzən, müşayiətçi olmaqla yanaşı, həm də gözəl ustaddır, pedaqoq-müəllimdir. O, bu sənəti bizə öyrədəndə, sanki ürəyini qoyur, dəridən-qabıqdan çıxır. İstedadlı gənclərə isə öz doğma balası kimi baxır. Istəyir ki, həmin gənclər də onun kimi məşhur tarzən olsunlar. Bağban bağ salıb, onu becərib meyvəsini yetişdirdiyi kimi, Müslüm müəllim də məhz öz sənətinin bağbanıdır. Gün-gündən püxtələşdikcə və gözəl ifalarımızı görüb sevinərdi, bizi daha da özünə, bu sənətə yaxınlaşdırardı. Məni oğlundan seçməzdi. Hər dəfə gözəl ifalarımı görüb deyərdi: sənin gözəl və pərdəyə yatımlı barmaqların var. Əgər öz üzərində işləsən, gələcəkdə gözəl sənətkar ola bilərsən.

Tələbə ikən ifalarım kollecdə dərs deyən tanınmış  xanəndələrin, xüsusilə də Xalq artistləri – Arif Babayevin və Alim Qasımovun çox xoşuna gəldiyinə görə, tələbələrə muğam dərsində müşayiətçi kimi məni dəvət edirdilər.

- Bu sənətə yiyələnməkdə çətinlikləriniz olubmu?

- Asan peşə və sənət yoxdur. Hər bir sənəti öyrənmək üçün istedadınla yanaşı, gərək zəhmətkeş olasan. Heç bir çətinlikdən qorxmayasan. Tar çətin musiqi alətidir. Gərək bu aləti əlinə aldığın ilk gündən qorxmayasan. Ona ürəklə yanaşasan. Musiqi alətləri səni yox, ilk gündən sən onu qorxutmağı bacarasan.

Sənətkar olmaq üçün istedadın, pərdələrə yatan barmaqlarınla yanaşı, həm də böyük ürəyin olmalıdır. Hər dəfə tarı bağrıma basıb çalanda tamamilə başqalaşıram, artıq onda özüm olmuram. İlahi bir qüvvəyə, varlığa çevrilirəm, mizrabı simlərə yox, sanki ürəyimin tellərinə vururam.

Əsl sənətçinin gözəl eşitmə qabiliyyəti olmalıdır.  Etdiyi ifaları ilk öncə özü eşidərək, dərk edib və onu dinləyicilərə çatdırmalıdır.  

- Dediyinizdən belə çıxır ki, siz özünüzü böyük sənətçi, tarzən sayırsınız?

- Xeyr. Heç də siz deyən kimi düşünmürəm. Çalışıram ki, sənətimdə yeniliklər edim, ifalarım bir-birinə bənzəməsin.  Sənətkarın böyüklüyü onun ifa etdiyi əsərləridir. Hər dəfə eyni bir havanı və yaxud muğamı ifa etdikdə gərək yeni olsun, tamaşaçılara və dinləyicilərə xoş təəssürat bağışlasın. Əgər mən özümü böyük sənətçi saysam, onda şöhrət gözlərimi pərdə kimi örtər və uzağı görə bilmərəm. İnsan sənətini və gələcəyini gözləri ilə yox, qəlbi ilə görməlidir. Sənətə və sənətkarlığa da qiyməti xalq verir. Xalqın gözündə sənətçi olmaq lazımıdır. Çünki xalq gözündə ucalan həmişə zirvədə qalar. Pərəştişkarların çox olmalıdır. Səni bir sənətçi, ifaçı kimi xalq sevib, tanımalıdır.

- Müsabiqələrə qatılmısınızmı?

- Tar alətindən başqa saz və gitarada gözəl ifalar edirəm. Toy və el şənliklərinə, dövlət tədbirlərinə tez-tez dəvət alıram. Xüsusilə də cəbhə bölgəsinə daha çox gedirəm. “N” saylı hərbi hissələrdə olub gecəli-gündüzlü düşmənlə üz-üzə dayanıb, ölümü göz önünə gətirməyən igid əsgərlərimiz qarşısında musiqi konsertləri ilə çıxış etmək mənim üçün daha xoşdir. Bax, onda yaşayıram.

Hər birimizin qəlbində ilk öncə Vətən sevgisi olmalıdır. Sənətimi necə sevirəmsə, Vətənimi ondan da  çox sevirəm. Çox müsabiqələrə qatılmışam. 2017-ci ildə Lider TV”də  “Köklə sazı-54” layihəsi əsasında  keçirilən müsabiqə mənim üçün daha çox yaddaqalan oldu. 20 nəfər seçmə arasında bir-birindən gözəl ifalarımla müsabiqənin qalibi oldum. Tez-tez televiziya verilişlərinə də dəvət alıram. Bir cox İfalarım lentə alınıb.

Hazırda Suraxanı rayon Qaraçuxur qəsəbəsində Qurban Abbasov adına Mədəniyyət sarayında çalışıram. Sarayın direktoru Xavər Ramazanova çox nəcib, alicənab bir insandır. Onun dəvəti ilə gəlmişəm. Mədəniyyət Sarayında fəaliyyət göstərən dərnəkdə təhsil alan istedadlı yeniyetmə və gənclərə öz peşəmi, tarın sirlərini və bu sənətin incəliklərini öyrətməkdən zövq alıram.

Arzum budur ki, tezliklə doğma torpaqlarımız işğaldan azad olunsun. Şuşaya, Ağdama gedib tarda gözəl ifalar edim…