Heydər Əliyev Azərbaycanın 50 illik səhifəsidir - Millət vəkili

12:31 11.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 ili tamam olur.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. Azərbaycanda sənayeləşmə prosesi geniş vüsət aldı.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbər seçilməsinin 50 illiyi ilə bağlı hafta.az-a danışan millət vəkili Fəzail İbrahimli deyir ki, bu dövrü Azərbaycanın yarıməsirlik bir tarixi kimi də qiymətləndirmək olar:

“Mən o vaxtı yaxşı xatırlayıram. Məktəbi bitirib universitetə imtahan verirdim. Mənim siyasi taleyim Heydər Əliyevin hakimiyyəti ilə bağlı olub. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi respublikada yeni ab-hava yaratdı. Kifayət qədər insanlarda məsuliyyət hissi formalaşdı. Gəldiyi gündən atdığı addımlar insanlarda ruh yüksəlişi yaratdı. Ulu öndərin hakimiyyətə gələnə qədər ittifaq miqyasında olan birinci şəxslər Azərbaycan sözünü ifadə edə bilmirdilər. Heydər Əliyev Azərbaycanın 50 illik səhifəsidir. Respublikamızın inkişafı – yer altında çəkilən metrostansiyalar, yerin üstündə yaradılan müasir şəhərlər, rayonlar, mikrarayonlar, qəsəbələr, kəndlər məhz onun ölkəmiz üçün apardığı siyasətin bariz nümunəsi idi.  Həm ittifaq tərkibində olanda, həm müstəqil Azərbaycana rəhbərlik edəndə ölkəmiz üçün etdikləri göz önündədir. Hər yerdə onun izi görünür”.