Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir

11:10 15.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 15-də Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi öz işinə başlayıb.

Hafta.az xəbər verir ki, “Fərqli Fərdlər” Konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.

Bu il konqresin mövzusu autizmdir. “Fərqli Fərdlər” Konqresi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləmək nəzərdə tutulub. Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizmli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışacaq autizm diaqnozlu insanlar çıxış edirlər.

Keçənilki konqresdən sonra alınan çoxsaylı sorğuları nəzərə alaraq, bu il xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial və təhsil məsələləri ilə əlaqədar sualları cavablandırmaq üçün “Fərqli Fərdlər”də Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin əməkdaşlarının fəaliyyət göstərdiyi stendlər yaradılıb.

Bu il konqresin işinə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də kömək edirlər. Konqresin gedişatında könüllülər digər beynəlxalq tədbirlərdə də istifadə edə biləcəkləri konkret bilik, dəyərli təcrübə və bacarıqlar əldə edirlər.

"Fərqli Fərdlər" Konqresinin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur. Konqresə təşkilati dəstək verənlər və tərəfdaşlar arasında “Birgə və Sağlam” İctimai Birliyi də yer alır. “Caspian Event Organisers” şirkəti üçün "Fərqli Fərdlər" Konqresi sosial layihədir. Şirkətin tərəfdaş və sponsorları sahəsində yığılmış bütün vəsaitlər autizmli uşaqlara dəstək məqsədilə “Birgə və Sağlam” İctimai Birliyinə təqdim olunur. Həmçinin konqresin rəsmi saytında ianə vasitəsilə autizmli uşaqların reabilitasiyasına dəstək olmaq üçün xüsusi xana yaradılıb (https://ferqliferdler.az/az-makedonation/).

“Fərqli Fərdlər” Konqresinin baş tərəfdaşı qismində “BP” şirkəti çıxış edir. Tədbir, həmçinin “Holcim Azerbaijan”, “BestComp Group”, “ACE Group Consultants”, “Art Trio”, “Credo Group”, “CTS Translation”, “Maxoffset”, “Konfrans Services”, “158taxi”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimi şirkət və strukturlar tərəfindən dəstəklənir.

II "Fərqli Fərdlər" Konqresi fevralın 16-da bitəcək.

Sosial rubrikasından digər xəbərlər