“Azərbaycan nəhəng potensiala malikdir“

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Dağlıq Qarabağ problemi bugünkü müzakirələrdə başlıca məsələdir və ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına tamamilə əmindir“. Bu fikirləri ABŞ dövlət katibinin birinci müavini Vilyam Börns çərşənbə axşamı Bakıya səfəri zamanı jurnalistlərə bildirib. “Hökumətimiz Dağlıq Qarabağ ətrafındakı prosesdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə kömək etmək üçün hər şeyi edir“, - Börns deyib. Onun sözlərinə görə, regionda status-kvonun saxlanılması yolverilməzdir. “Azərbaycan ABŞ üçün mühüm və uzunmüddətli tərəfdaşdır“, - deyə o bildirib. U. Börns Azərbaycanın nəhəng potensiala malik ölkə olduğunu vurğulayıb: “ABŞ bu potensialı inkişaf etdirməyə sadiqdir“. O həmçinin qeyd edib ki, ABŞ Azərbaycanla ekstremizmə qarşı mübarizə və enerji marşrutlarının diversifikasiyası üzrə əməkdaşlığı davam etdirməyə hazırdır. Dövlət katibinin müavini Azərbaycana səfərinin məqsədinin iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi yolları barədə fikir mübadiləsi aparmaq olduğunu açıqlayıb, qeyd edib ki, səfər çərçivəsində keçirdiyi görüşlərdə enerji məsələləri və demokratik islahatlarla bağlı müzakirələr aparıb. Azərbaycan Prezidenti ilə görüşü barədə danışan U. Börns deyib ki, İlham Əliyevə Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında verdiyi mühüm dəstəyə görə təşəkkürünü bildirib. Dövlət katibinin müavini görüşdə demokratik islahatların daha da gücləndirilməsinin vacibliyini vurğuladığını da açıqlayıb. U. Börns Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdüyünü qeyd edib: “Mən onların ideyaları ilə bağlı fikir mübadiləsi aparmaq istəyirdim“.

Azad