“Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq” - Millət vəkili   

17:21 11.07.2019
Yazını böyüt
Yazını kiçilt

“Ümummilli lider Heydər Əliyev öz həyatını Azərbaycan xalqına həsr etmiş dahi şəxsiyyətdir. Əgər 50 il bundan əvvəl ulu öndər hakimiyyətə gəlməsəydi, bu gün müasir, durmadan inkişaf edən Azərbaycandan danışa bilməzdik. Ona görə də iyulun 14-ü Azərbaycan xalqının tarixi taleyində heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunub”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O qeyd edib ki, Heydər Əliyev həmin dövrdə Azərbaycanı Sovetlər İttifaqının 15 respublikası içərisində ön yerlərə çıxardı: “Ulu Öndər Azərbaycanı İttifaq respublikaları içərisində o dövrdə ən axırıncı yerlərdən ilk yerlərə gətirdi. Yəni, qısa müddətdə Azərbaycan artıq inkişaf sürətinə görə qabaqcıl respublikalardan biri idi. Məhz o illərdə yüksək sürətlə müasir sənaye kompleksləri yaranır, kənd təsərrüfatı inkişaf edirdi. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O illərdə də Heydər Əliyev xalqın lideri kimi Azərbaycanın rifahının qayğısına qalır, xalqın maraqlarını müdafiə edir, bu istiqamətdə yorulmadan çalışırdı. Yəni, onun hər bir addımı Azərbaycanla bağlı idi. Elə götürək, 1990-cı ilin Qanlı Yanvar hadisələrini. Həmin dövrdə Heydər Əliyev yenə də cəsarətli insan, böyük vətənpərvər olduğunu nümayiş etdirdi. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək etiraz səsini bütün dünyaya çatdırdı. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarananda xalq yenə Ulu Öndərə müraciət edərək onu siyasi hakimiyyətə dəvət etdi və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdi. Bununla da Azərbaycanda quruculuq, sabitlik və inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu”.

Millət vəkili vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin edilib və böyük nailiyyətlər əldə olunub: “Azərbaycan müstəqillik yolu ilə inamla addımlayır. Prezident İlham Əliyevin milli dövlət quruculuğu prosesini uğurla davam etdirməsi nəticəsində bu gün Azərbaycan regionun lider ölkəsinə çevrilib. İqtisadi, sosial, mədəni və digər sahələrdə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu siyasət hər bir Azərbaycan vətəndaşının maddi və sosial rifahının artmasına xidmət edir. Artıq Azərbaycan dünya miqyasında söz sahibi olan ölkələrdəndir. Bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi edir. Təbii ki, bütün bunların memarı məhz Heydər Əliyevdir. Ona görə də Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq”.