Heyvan xəstəliklərindən azad zona yaradılır

14:14 17.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Xəstəliklərin monitorinqi, o cümlədən baytarlıq diaqnostikası sahəsində milli potensialın gücləndirilməsi layihəsi Azərbaycan üçün və bilavasitə qida təhlükəsizliyi sahəsində çox önəm daşıyan mövzudur".

Bunu Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədilə milli potensialın gücləndirilməsi sahəsində start verilən yeni layihənin təqdimat mərasimində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Q. Təhməzli bildirib ki, AQTA beynəlxalq təcrübələrə əsaslanan heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması xəstəliklərin monitorinqinin aparılması, ölkədə müasir tələblərə cavab verən heyvan kəsin məntəqələrinin açılması istiqamətində mühüm addımlar atır: "AQTA heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədilə respublika üzrə müasir kəsim məntəqələrinin təşkil olunması istiqamətində 54 müraciətə baxıb və zəruri tədbirlər görülüb. Fəaliyyətə başladığımız dövrdən 8 ət kəsim məntəqəsi fəaliyyətə başlayıb. Hazırda bir yeni heyvan kəsim məntəqəsi üzərində işlər gedir".

 
AQTA sədri qeyd edib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri nəzərə alınmaqla ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsullarının ixracının asanlaşdırılması məqsədilə heyvan xəstəliklərindən azad zonanın yaradılması istiqamətində tədbirlər görülüb: "Bildiyiniz kimi, beynəlxalq ekspertlərin, yerli mütəxəssislərin, beynəlxalq təşkilatların birgə gəldiyi ümumi rəyə əsasən xəstəlikdən azad zona kimi pilot layihənin Abşeron yarımadasının götürülməsi məqsədəuyğun sayılıb. Müvafiq işlərimiz gedir, Abşeron yarımadasında heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı tədbirlər haqqında təklifləri hazırlayıb aidiyyəti üzrə təqdim etmişik".