Hindistan məhkəməsi ən uzun sürən torpaq iddiasını həll edib

14:23 09.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan Ali Məhkəməsinin Ayodyadakı torpaq iddiası ilə bağlı noyabrın 9-da verdiyi qərar tərəflər arasında 1950-ci ildə başlayan uzunmüddətli mübahisənin yekunlaşmasına səbəb olub.

Hindistan səfirliyindən Hafta.az-a verilən məlumata əsasən, qərar yalnız torpaq mülkiyyətini müəyyənləşdirmək üçündür. Ali Məhkəmənin 5 hakim üzvü qərarı inama deyil, qanuna əsaslandırıb. Ali Məhkəmə Ram Lala Virajmana səlahiyyət verərək digər tərəfə, Sünni Vəqf Qurumuna Ayodyada məscid tikilməsi üçün 5 akr torpaq ayrılması barədə hökümətə göstəriş verib.

Qeyd edək ki, mübahisənin tarixi XVII-XVIII əsrlərə uzanır və Hindistanın müstəqillik əldə etməsindən əvvəl Britaniya müstəmləkə höküməti nəzdindində fəaliyyət göstərən rayon məhkəmələrinə bu barədə ərizələrin verilməsini göstərən hüquqi faktlar mövcuddur.

Qərarın qəbuluna qədərki proses müddətində, Hindistan Ali Məhkəməsi, Hindistanın Arxeoloji Tədqiqatlar mərkəzinin apardığı təhqiqat və qazıntı işləri üzrə hesabat, tarixi faktlar və İngiltərə müstəmləkə dövrünə aid hökümət qeydləri də daxil olmaqla bütün iddiaçıların təqdim etdiyi sübutları nəzərdən keçirib.

Bildirilir ki, Hindistan konstitusiyası bütün dini icmaların bərabər inam, etiqad və ibadət azadlıqlarına təminat verir. Hindistan güclü, müstəqil məhkəmə sisteminə malikdir və Ayodyadakı torpaqla əlaqədar Ali Məhkəmənin qərarının hər hansı digər gələcək iddia üçün presedent olma ehtimalı yoxdur. Çünki 15 avqust 1947-ci ildə (Hindistanın müstəqilliyi) mövcud olan ibadət yerinin dini və məzhəblə bağlı xüsusiyyətində hər hansı dəyişikliyi qadağan edən Parlament aktı mövcuddur.