İki dövlət qurumundan meşə yanğınları ilə bağlı müraciət

20:22 17.06.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son günlər havanın temperaturun xeyli yüksəlməsi meşə yanğınlarının başvermə ehtimalını artırıb. Məsələn, 16 iyun saat 16:30 radələrində Ağsu rayon bələdiyyəsinin taxıl sahəsində başlamış yanğın sonradan Şamaxı Regional Meşə Təsərrüfatının Ağsu meşəbəyliyinin 8 saylı dolayına keçib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın nəticəsində 3 hektar sahədə kol-kos və quru ot örtüyü yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir. Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri bununla bağlı birgə müraciət yayıb. Müraciətdə bildirilir ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür: “Azərbaycan da digər ölkələr kimi meşə yanğınlarından sığortalanmayıb.İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, taxıl biçinindən sonra sahələrə od vuran fermerlərin, təbiət ərazilərinə yaxın kəndlərin sakinlərinin odla ehtiyatsızlığından və digər səbəblərdən baş verir”.

Müraciətdə həmçinin vurğulanır ki, isti, quraq yay günlərinin və taxıl biçini mövsümünün başlaması yanğınların başvermə ehtimalını artırır və qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranır. Bu məqsədlə hər iki dövlət qurumu

yanğın hadisələrinin baş verməməsi üçün fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə bütün əhaliyə müraciət ünvanlayıb: “Fermerlərə, bələdiyyələrə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, vətəndaşlara müraciət edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, biçindən sonra sahələrə od vurmasınlar, kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz meşə yanğınlarına səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri belə halların baş verməməsi üçün fermer təsərrüfatları, bələdiyyələr və kənd əhalisi ilə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün maarifləndirmə işlərinə başlayıb.

Qeyd edək ki, yanğın hallarının qarşısının alınması, günahkar şəxslərin müəyyən edilməsi və onların həm qanun qarşısında cavab verməsi, həm də ictimai tənbeh olunması üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcək”.

Məlumat uçün bildirək ki, bu gün dünyada meşələrin məhv olmasının əsas səbəblərindən biri məhz onun yanğınlara məruz qalması sayılır. Təsadüfi deyildir ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır. Ümumdünya Vəhşi Təbiət Fondunun son illər artmaqda olan meşə yanğınları ilə bağlı apardığı elmi tədqiqatlar barədə hesabatında bildirilir ki, dünyada baş verən meşə yanğınlarının cəmi 4 faizi ildırım vurması və s. təbii səbəblərdən baş verir. Digər hallarda isə yanğınlar qəsdən və ya yanlış aparılan meşə təsərrüfatı siyasəti nəticəsində insanlar tərəfindən törədilir.

Qeyd edilir ki, meşə yanğınlarının tüğyan etdiyi ən acınacaqlı region Aralıq dənizi hövzəsidir. Araşdırmalara görə, 1960-cı ildən indiyədək regionda il ərzində baş verən meşə yanğınları 4 dəfə artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hər il Aralıq dənizi hövzəsində 50 min meşə yanğını hadisəsi qeydə alınır və bunun nəticəsində 800 min hektar meşə sahəsi məhv olur. Bu yanğınlardan xüsusilə İtaliya, İspaniya, Fransa, Portuqaliya və Yunanıstan daha çox ziyan çəkir. Son onilliklərdə Avropa ölkələrində meşəsalmada yanğınadavamlı palıd ağaclarının efir yağları ilə zəngin evkaliptlərlə əvəzlənməsi dəbdədir. Hesabat müəllifləri, həmçinin bu cür ağac növlərinin kütləvi halda əkilməsinə son qoyulmasını da tələb edib. Həmçinin gələcəkdə baş verəcək daha böyük fəlakətləri önləmək üçün Avropa ölkələri ciddi addımlar atmağa çağırılır.

Məlumat üçün bildirək ki, meşələr öz funksiyalarına görə eroziyaya qarşı (torpaq qoruyucu), su qoruyucu (meşə döşənəyi), çay kənarlarındakı qoruyucu meşələr (Kür çayı sahili Tuqay meşələri), şəhər yaşıllığı (parklar və bağlar), yol kənarındakı qoruyucu meşələr, istirahət və sanitar məqsədli kurort ərazilərdəki meşə sahələri və s. qruplara bölünür. Son illərdə respublikanın əksər bölgələrində meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib.Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür. Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpası məsələsini daim diqqətdə saxlayır. Belə ki, payız mövsümündə meşəbərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülüb. Əvvəlcə torpağın üst qatı yumşaldılıb, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpilib.

Məsələyə münasibət bildirən “Ruzgar" Ekoloji İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, meşə zolaqlarının yanmasının qarşısının alınması məqsədilə əhali arasında davamlı olaraq maarifləndirmə işləri aparılmalıdır: "Araşdırmalarımız onu göstərir ki, meşə yanğınları əsasən biçilmiş taxıl yerlərinin yandırılması, turistlərin istirahət üçün gəldikləri ərazilərdə yandırdıqları odu söndürməmləri, maşından keçən yolçuların yanan siqareti əraziyə atması kimi səbəblərdən baş verir. Meşə yanğınlarının 90 fazindən çoxunu əhali törədir. Çox az hallarda ildırım düşməsindən, meşəyə düşən hər hansı predmetin günəş enerjisi yığmasından yarana bilər. Aparılan hesablamalara görə, son 100 ildə dünyada meşələrin 56 faizi yanıb. Belə ki, ildə dünya üzrə 20 milyon hektara qədər meşə yanır.  Təbii ki, Azərbaycan da meşə yanğınlarından sığortalanmayıb. Nəzərə almalıyıq ki, Azərbaycan hər adambaşına düşən meşə sahəsinə görə dünyada mövcud olan orta standartdan aşağıdır. Bu baxımdan ölkəmizdə ildə onlarla hektar meşə sahəsinin yanması olduqca zərərli tendensiyadır”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 8388
Sosial rubrikasından digər xəbərlər