Bakının açılmayan tıxac düyünü

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın mərkəzi küçələrinin bir neçəsi hələ bağlı qalacaq

Məlum olduğu kimi, gələn il Bakı şəhərində “Eurovision-2012“ mahnı yarışması keçiriləcək. Bu səbəbdən də beynəlxalq əhəmiyyətli müsabiqə ilə əlaqədar olaraq ayrı-ayrı dövlət orqanları öz üzərilərinə müxtəlif öhdəliklər götürüblər. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) də həmin qurumlar arasındadır. Paytaxt meriyasının öz üzərinə götürdüyü öhdəliklərdən biri də Bakı şəhərindəki bəzi küçələrin və prospektlərin müəyyən hissələrinin abadlaşdırılması, paytaxtdaxili yolların asfalt örtüyünün əsaslı, yaxud cari təmiri işidir.

Təbii ki, Bakımızın gözəlləşdirilməsi və “Eurovision-2012“ mahnı yarışmasına təşrif buyuranlarda xoş təəssüratların yaradılması baxımından görülən işlər və həyata keçirilməsi planlaşdırılan tədbirlər yüksək təqdirəlayiq hal kimi qəbul edilməlidir. Ancaq haqqında danışdığımız abadlaşdırma və təmir işləri ilə yanaşı, çoxsaylı problem də özünü büruzə verir. Məsələn, elə götürək tıxac məsələsini. Son zamanlar paytaxtın müxtəlif yerlərində ciddi və süni tıxacların tez-tez şahidi oluruq. Məsələn, günən müxtəlif vaxtlarında akademik Həsən Əliyev və Səməd Vurğun, eləcə də akademik Şəfaət Mehdiyev və Haqverdiyev küçələrinin kəsişmələrində, Mətbuat prospekti - Mikayıl Müşfiq küçəsi - Badamdar yolu istiqamətində və başqa ərazilərdə nəqliyyat vasitələrinin karvanlarını görmək, uzun-uzadı siqnal səslərini eşitmək, hətta mübahisəli hadisələrlə də üzləşmək mümkündür. Ən ciddi problem isə Mətbuat prospekti - Mikayıl Müşfiq küçəsi - Badamdar yolu istiqamətində yaranır. Çünki Mikayıl Müşfiq küçəsi uzun zamandır bağlıdır. Digər tərəfdən, Hüseyn Cavid prospektindən və İstiqlaliyyət küçəsindən Badamdar istiqamətinə və əks tərəfə hərəkət etmək istəyənlər Fəxri Xiyabanın sol tərəfindəki məhəllədaxili yoldan istifadə edirlər. Üstəlik həmin yol həddən artıq dar olduğundan, eləcə də Hüseyn Cavid və Mətbuat prospektlərindən, İstiqlaliyyət küçəsindən Badamdar istiqamətinə və əks tərəfə hərəkət edən nəqliyyat vasitələri bir-birilərinin qarşılarına çıxdıqlarından və bir-birilərinə yol vermədiklərindən onların sərbəst hərəkətləri məhdudlaşır və nəticədə tıxac yaranır. Bu da həm sürücülərin, həm də sərnişinlərin ciddi narahatlığına və narazılığına səbəb olur. Bundan əlavə, haqqında danışılan məkanlarda maşınların hərəkətlərini tənzimləmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və onun yerli şöbələrinin əməkdaşlarının olmaması da problemi daha da ciddiləşdirib.

Müvəqqəti və məcburi tıxac

Sözügedən məsələlərə aydınlıq gətirmək üçün ilk öncə Mikayıl Müşfiq küçəsinə baş çəkdik. Orada asfaltlanma işlərinin son mərhələsinə start verilmişdi. BŞİH-in rəsmiləri bizimlə söhbət zamanı vurğuladılar ki, o ərazidə yaranmış tıxac problemi müvəqqəti xarakter daşıyır. Çünki həmin ərazidə asfaltlanma işləri tamamlandıqdan sonra yolda xətləmə işlərinə başlanılacaq. Təxminən 2-3 günə bu proses başa çatdırılacaq və bundan sonra yol açılacaq. Mikayıl Müşfiq küçəsinin sözügedən hissəsi nəqliyyat vasitələrinin ixtiyarına veriləcək və onların sərbəst hərəkəti yenidən bərpa olunacaq. Söhbət zamanı onu da öyrəndik ki, müəyyən müddətdən sonra Bakı - Badamdar yolunun Mətbuat prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən başlayaraq Badamdar dairəsi adlanan məkana qədər olan hissəsi də təmirə dayandırılacaq. Aparılacaq əsaslı təmir işləri ilə əlaqədar orada yol birtərəfli olaraq müvəqqəti bağlanacaq. Bu da təbii ki, sözügedən istiqamətdə də tıxac yaradacaq. Ona görə də sürücülər alternativ avtomobil yollarından istifadə etmək məcburiyyətində qalacaqlar. Həmsöhbətlərimiz onu da vurğuladılar ki, təkcə haqqında bəhs edilən məkanlarda deyil, paytaxtın digər ərazilərində də yolların əsaslı, yaxud cari təmiri, eləcə də abadlaşdırma işləri müvəqqətidir və onlar başa çatdıqdan sonra tıxaclar da aradan qaldırılacaq.

Alternativ yol yoxdur

Bakı Şəhər Baş Polis İdarəsindən isə bildirdilər ki, ancaq yol-patrul xidmətinin əməkdaşları tıxacların yaranmasının qarşısının alınması üçün reydlər keçirirlər. Amma abadlaşdırma və təmirlə əlaqədar olaraq tıxacların yaranması təbii prosesdir. Çünki alternativ yollar olmadığından sayı həddən artıq çox olan nəqliyyat vasitələrinin hərəkətlərini tənzimləmək xeyli qəliz məsələdir. Ona görə də tıxaclarla bağlı çətinliklər qısa müddətdə yaşanacaq. Abadlaşdırma və təmir işləri yekunlaşdıqdan sonra nəqliyyat vasitələrinin sərbəst hərəkəti əvvəlki qaydada olacaq.
Təbriz Vəfalı
Oxunma sayı 154