Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“O vaxt mənə zarafatla “Qarabağın mədəniyyət naziri“ deyirdilər...“
Tarix: 13.09.2013 | Saat: 19:55:00
Bölmə:Labirint | çapa göndər

...Ona həmin sualı verdiyimə görə peşman oldum... İlk dəfə idi ki, neçə illər vəzifə kürsülərində əyləşmiş, deputat olmuş bir insanın bu qədər kövrəldiyini, göz yaşı tökdüyünü görürdüm. Ancaq onu ağladan şəxsi problemləri deyildi. Onun göz yaşlarını axıdan hər birimizin qəlbində yarası qaysaqlanmış Qarabağ dərdi idi... Hazırda Qarabağ Yaradıcılıq Birliyinin rəhbəri olan Ağdam rayon mədəniyyət şöbəsinin 14 illik müdiri, dünyada ikinci, SSRİ-də birinci çörək muzeyinin yaradıcısı, respublikanın əməkdar mədəniyyət işçisi, sabiq millət vəkili Çimnaz xanım Əliyeva ilə qarabağlı günləri xatırlamaqla yanaşı, son 20 ilin "qarabağsızlıq labirinti"nin üzücü mənzərəsini də acı ağrılarla seyr etdik...

- Çimnaz xanım, nə qədər ağır olsa da, qarabağlı, ağdamlı günləriniz barədə danışardınız...
- Mənim ən bəxtəvər günlərim Ağdamda olub. Yalnız orada doğulub yaşayanlar deyil, qısa müddət belə Ağdamda olanlar da bu gün oranın həsrəti ilə yaşayırlar. Doğrudan da Ağdam Qarabağın gözü idi. Taleyimdən çox razıyam ki, uşaqlığım, gəncliyim o mühitdə keçib. Yəni milli dəyərlərin qorunduğu, böyük-kiçiyin yeri bilindiyi bir dövrdə. Ağdamda heç kəs övladını küçədən, xarici mühitdən qorumazdı. Çünki hamı bir-birinə inanırdı, etibar edirdi ki, heç kəs mənim uşağımı əyri yola çəkməz. Bilirsiz, orada ictimai, mənəvi ab-hava elə idi ki, pis olmaq mümkün deyildi. İnsan qeyri-iradi özü-özünə həddindən artıq tənqidi yanaşırdı. Bunun da insanların şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyəti var idi. Ağdamdakı o mənəvi zənginliyi bu gün, təəssüf ki, tapa bilmirəm...

- Ağdam rayon mədəniyyət şöbəsi didərgin düşməmişdən hansı işləri görə bildiniz?
- Mən 1979-1982-ci illərdə Ağdam rayon partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləyirdim. 1970-ci illərin sonunda Ağdamda mədəniyyət sahəsində sosializm dövrünün tələblərinə uyğun olan göstəricilər baxımından bir az tənəzzül var idi. O vaxt I katib Sadıq Murtuzayevin təşəbbüsü ilə məni mədəniyyət şöbəsinə müdir təyin etdilər. Çox qısa müddətdə xeyli iş görə bildik. 800 yerlik mədəniyyət sarayı, 100 min cildlik fondu olan kitabxana tikdirdik, dünyada ikinci, SSRİ-də birinci olan çörək muzeyi yaratdıq, mədəniyyət-istirahət parkı açdıq. "Natəvan" qızlar bayramı, "Xarı Bülbül" mahnı festivalları keçirdik və s. Təsəvvür edin ki, 2000-3000 nəfərin iştirak etdiyi 37 kütləvi rəqs folklor kollektivi kütləvi meydan tamaşalarına çıxırdı Ağdamda...

- O vaxt ermənilər sizin Moskvadan "Şeytan təkəri" attraksionunu Ağdama gətirmənizə müqavimət göstərmişdilər, deyəsən?
- Bəli. 1986-cı ildə Mədəniyyət Nazirliyinin təchizat idarəsinin rəisi rəhmətlik Mehdi Əhmədovun köməyi ilə Stepanakert üçün nəzərdə tutulmuş 96 min rubl qiyməti olan "Şeytan təkəri"nin Ağdama gətirilməsinə nail oldum. O zaman elə vəziyyət idi ki, əgər iki saata pul köçməsəydi, həmin attraksionu Xankəndinə verəcəkdilər. Bunun üstündə ermənilər də, Moskva da narazılıq etdi...

- Dünyada ikinci, SSRİ-də birinci çörək muzeyini necə yaratdınız? Yeri gəlmişkən, erməni əsirliyindəki həmin muzeyin bu il 30 yaşı tamamlanır...
- 1983-cü il idi. Bir gün S.Murtuzayev mənə "İzvestiya" qəzetində maraqlı bir yazı göstərdi. Yazılmışdı ki, Almaniyanın Ulm şəhərində 1500 eksponata malik dünyada ilk olan çörək muzeyi var. Sadıq müəllimin təşəbbüsü ilə qərara aldıq ki, biz də belə bir muzey yaradaq. Ağdamda qədim bir dəyirman var idi. Onu qısa müddətdə restavrasiya etdik, həmin vaxt ərzində eksponatlar topladıq və beləliklə, SSRİ-də ilk çörək muzeyini açdıq. Bu barədə Moskvanın məşhur "Vremya" proqramı geniş məlumat verdi. Az sonra Leninqraddan (indiki Sankt-Peterburq) Qalina Kanayeva adlı bir qadından məktub aldıq. Böyük Vətən müharibəsi illərində Leninqradın 900 günlük ağır mühasirəsi zamanı həmin qadın ikiyaşlı körpəsinə çörək payı alıb evə qayıdınca övladı ölüb. Və o payı neçə illər saxlayıb. Çörək muzeyimiz haqqında eşidəndə qərara gəlib ki, həmin çörək payını eksponat kimi bizə bağışlasın. Q.Kanayeva Ağdama gəldi hörmətlə qarşılandı və o çörək payı muzeyimizin ən dəyərli eksponatlarından biri oldu. Bir sözlə, unikal bir muzey yaranmışdı...

- 2013-cü il fevralın 22-də Qarabağda ilk şəhidlər olan Əli və Bəxtiyarı qurban verdiyimiz gündən 25 il ötdü...
- Həmin gün rəhbərlikdən göstəriş gəldi ki. Guya Qorbaçovun ermənilərin ədalətsiz mövqe tutması barədə və onları bu iddialardan əl çəkməyə çağıran məktubu oxunacaq. Rəhmətlik Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova ilə birgə yenicə meydana gəlmişdik. Ət kombinatının müdiri Rasim Quliyev yaxınlaşdı ki, bəs deyirlər, cavanlar yığışıb Əsgərana ermənilərlə haqq-hesab çəkməyə gedirlər. Təcili Əsgərana tərəf yollandıq. Qarqar çayına çatanda gördük ki, əllərində yalnız dəyənək, taxta parçası olan 15-30 yaş arasında xeyli cavan Əsgərana sarı gedir. Xuraman xanımla birlikdə onları başa salmağa çalışdıq ki, qayıdın geri, bu, çıxış yolu deyil. Ancaq alınmadı. Xuraman xanım məsləhət gördü ki, Ağdama qayıdaq. Mən iş yerinə döndüm və elə bildim ki, Xuraman xanım da evlərinə getdi. Bir az sonra məlum oldu ki, Əsgəranda və Xankəndində rus əsgərləri və silahlı ermənilər var. Ona görə də ağsaqqallar təcili yığışıb getdilər ki, bizim cavanları geri qaytarmaq lazımdı. Sən demə, Xuraman xanım da məni qoyub ora qayıdıb. Sonradan bunun səbəbini soruşanda Xuraman xanım dedi ki, sənin övladlarının hələ azyaşlı olduqlarını düşündüm, dedim, bir hadisə-filan olar. Həmişə Xuraman xanımın xatirəsi, ruhu qarşısında baş əyirəm. Xülasə, bildik ki, Əsgəran yaxınlığında bizim cavanlara atəş açılıb və Əli ilə Bəxtiyar həlak olub. Onlar bizim ilk şəhidlərimizdi, onlara, heç olmasa, şəhid statusu verilməlidir. Çox təəssüf ki, nəticəsi olmadı...

-1990-cı illərdə bu suala Xuraman xanımın özündən də cavab almışdıq. Amma sizin fikrinizi də bilmək maraqlı olardı. O vaxt şayiə yayılmışdı ki, Xuraman Abbasova Əsgərana gedənlərin qarşısına yaylıq atmasaydı, məsələ isti-isti həll olunacaqdı...
- O cür söhbətlərlə qətiyyən razı deyiləm. Düzdü, Xuraman xanım oraya getmişdi. Ancaq heç o zaman yaylıq örtmürdü, qış idi, papaq qoymuşdu.

- Yəqin AXC-nin formalaşdığı və hakimiyyətə gəlməyə hazırlaşdığı dövrlərdə bir sovet, partiya işçisi kimi sizin də onlarla münaqişələriniz olurdu?
- Bilirsiz, mənim cəbhəçilərlə münaqişələrim olmayıb. Ona görə ki, əvvəla, mənim də, ailəmin də, əhalinin bütün təbəqələri ilə xoş münasibətimiz var idi. İkincisi, bayaq dediyim kimi, o zaman Ağdamda sağlam qüvvələr əsasən Qarabağın müdafiəsi üçün təşkilatlanırdı. Üçüncüsü də, AXC-nin yarandığı ilk dövrlərdə həyat yoldaşım da Ağdam şöbəsinin İdarə Heyətinin üzvü idi. Ermənilər əleyhinə yazılan şüarların, plakatların hazırlanmasında və s. işlərdə mən də onlara kömək edirdim. Hətta çox hörmət bəslədiyim rəhmətlik Eldar Bağırov AXC rayon şöbəsinin təsis konfransını keçirəndə onlara Mədəniyyət Evinin zalında yer də verdim, icarə haqqını da öz cibimdən ödədim.
Sonradan AXC-də hakimiyyət davası-filan başlananda həyat yoldaşım oradan uzaqlaşdı. Onu da deyim ki, o zaman digər idarə müdirlərini zorla kabinetdən çıxarır, vəzifələrini zəbt edirdilər. Xalq arasında qazandığım hörmətə görə mənə toxunmadılar. Amma mən ehtiyat üçün kabinetimdə bir naqan saxlayırdım ki, kimin kişiliyi çatır gəlsin məni buradan çıxarsın...

- Dünya şöhrətli alimimiz, ziyalımız rəhmətlik Xudu Məmmədov tez-tez Ağdama gələndə sizinlə də görüşərmiş. O, ermənilərə qarşı müqavimət, xalq hərəkatı barədə nə deyərdi? Axı o vaxt onun AXC rəhbəri olması söhbəti də var idi...
- Xudu müəllim Ağdama tez-tez gələrdi. Ancaq bizim əsas söhbətlərimiz, mədəniyyət, incəsənət, ədəbiyyatla bağlı olurdu. Mən Füzulini çox xoşlayırdım, elə çox zaman Füzuli yaradıcılığından söhbət edərdik. Yalnız o, rəhmətə gedən zaman bildim ki, Xudu müəllim AXC-nin əsasını qoyanlardan biri imiş... Onu xalq hərəkatı ilə bağlı bir iclasda bərk əsəbiləşmişdilər. O da təbiətən çox sakit, zərif insan idi...

- Ağdamın işğalı necə baş verdi?
- Ağdam 5 ilə yaxın davamlı olaraq müdafiə olundu. 1993-cü ilin yayında vəziyyət lap ağır idi. Təsəvvür edin , şəhərə "qrad" yağırdı, gündə azı, 10-15 dinc sakin həlak olurdu. Ancaq mən kabinetdə əyləşib işləyirdim, deyirdim ki, mənə güllə dəyməz. İki dəfə sürücüm məni düşürüb gedəndə xidməti avtomobilimə "qrad" qəlpəsi dəymişdi. Yəni biz son imkanadək şəhəri tərk etmirdik, oğullarımız da bacardıqları qədər döyüşürdülər. Təəssüf ki, sonda həm düşmənlərimizin məkrli planları, həm də xəyanət nəticəsində Ağdam işğal edildi... Həyat yoldaşım da həmin döyüşlər zamanı qəlpə yarası almışdı. 2010-cu ildə yəqin artıq ürəyi dözmədi Ağdamsızlığa, qəflətən ürəyi dayandı...

- Necə oldu yolunuz parlamentə düşdü?
- Ağdamın işğalından sonra ilk dövrlərdə camaatın vəziyyəti çox gərgin idi. Onların yerləşdirilməsi, yardımların, çörəkpullarının paylanması problemlər yaradırdı. O vaxtkı icra başçısı Səyavuş Vəlməmmədovla komsomolda da bir işləmişdik. O, mənə ərklə xahiş etdi ki, bəs Bakıda Ağdamdan didərginlər daha çoxdu, ona görə də bir qərargah yaradıb səni rəhbər qoymaq istəyirik. Vəziyyətin ağırlığını nəzərə alıb bu ağır yükü boynuma götürdüm. İnanırsız, mən Bakı ilə əvvəl Qərvənd, sonra Xındırıstan, Quzanlı arasında bəzən həftənin hər günü yol gedib gələrdim. Həm mədəniyyət şöbəsinin işini aparmalı, həm də Bakıdakı 10 minlərlə didərginimizin problemlərini həll etməli idim. Xülasə, bu işin öhdəsindən gələ bildim. Görünür, fəaliyyətim rayon və respublika rəhbərliyi tərəfindən dəyərləndirilmişdi... İlk dəfə mənə 1995-cı ildə 47 saylı Ağdam seçki dairəsindən MM-ə təkrar seçkilərə hazırlıq gedəndə rayon İH başçısı Həsən Sarıyev namizədliyimi verməyimi təklif etdi. Dedim, yox, qorxuram, məsuliyyətli işdi, birdən işləyə bilmərəm... 1995-ci il dekabrın 2-də Süleyman Dəmirəl Bakıya gəlmişdi. Yataqxanalardan birində qaçqınlarla görüş keçirməli idi. Elə oldu ki, həmin görüşün açılışını mənə tapşırdılar. Çıxışım həm rəhmətlik Heydər Əliyevin, həm Süleyman bəyin xoşuna gəldi... Bir neçə gün sonra məni Prezident Aparatına çağırıb soruşdular ki, bəs sənə deputatlığa namizədliyini vermək təklifi olub. Dedim, bəli, ancaq həyat yoldaşım xaricdə olduğu üçün onunla məsləhətləşməmiş razılıq verməmişəm. Sabir gəldi, vəziyyəti nəql etdim. Əvvəlcə etiraz etdi. Ancaq sonra dedi ki, yaxşı fikirləş, işləyə biləcəksənsə, get. Nəhayət, düşünüb razılıq verdim. Camaatın arasında olan hörmətimə görə mənə lazım olan imzalar bircə sutka ərzində necə toplandı, heç xəbərim olmadı. Və bu minvalla parlamentə üzv seçildim.

- Millət vəkili kimi hansı xeyriyyə işlərini görə bildiniz?
- Açığı, o vaxtlar deputatların özlərinin kifayət qədər təminatı yox idi. Cəmi, səhv etmirəmsə, ilk dövrdə cəmi 96 min manat (96 manat) maaş alırdıq. Hələ xidməti maşın da verilməmişdi. Çox zaman yoldaşımdan pul alıb işə taksi ilə gedib-gəlirdim. Buna baxmayaraq, seçicilərimiz üçün əlimizdən gələni edirdik.
Bir dəfə əfv fərmanı verilmişdi. Ancaq iki uşaq lazımi cəriməni ödəyə bilmədiyindən onlar əfv edilməmişdi. İmişlidən deputat olan Elmira Qasımova ilə belə qərara gəldik ki, həmin uşaqların pullarını keçirdək. Öz pulumuzu topladıq, gördük çatmır, Əhəd Abıyevə müraciət etdik, o da sağ olsun, yardım etdi və biz o uşaqların ailələrinə qovuşmasına nail olduq.

- Rəhbəri olduğunuz Qarabağ Yaradıcılıq Birliyi necə fəaliyyət göstərir?
- Bizim birlik ictimai əsaslarla işləyir. Nə ediriksə, öz gücümüzə edirik. Xalqımızın, xüsusən gənclərimizin Qarabağı, onun mənəvi, mədəni sərvətlərini unutmaması, torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmi ilə yaşamasının təbliği istiqamətində əlimizdən gələni etməyə çalışırıq. Ancaq bizə maddi dəstək göstərən yoxdur. 2010-cu ildə biz İstanbulda bir "Qarabağ teatrı" aça bildik. Hətta Qarabağın işğalı barədə bir tamaşa da hazırladıq. Və Moskvada həmin teatrın açılışını etdik. Bunların hamısına öz şəxsi vəsaitim hesabına nail oldum. Bir neçə ərk etdiyim imkanlı insanlara müraciət etsəm də, heç kəsdən maddi dəstək görmədim... Və nəticədə biz "Qarabağ" teatrını yaşada bilmədik... Bilirsiz, mən aktiv fəaliyyətə öyrənmişəm. Təəssüf ki, bu gün istədiyim işi qurmağa, mənəvi gücüm olsa da, maliyyə problemlərini həll edə bilmirik...

- 20 illik Qarabağsızlıq "labirintin"də nə qazana bildiniz?
- Demək olar ki, heç nə... Düzdü, vəzifədə oldum, deputat seçildim, yeni dostlar əldə etdim, övladlarım təhsil alıb müəyyən peşəyə yiyələndilər... Amma böyük mənada heç nə qazana bilmədim... Qazana da bilməzdim. Çünki Qarabağ itkisini, Ağdam itkisini, torpaq itkisini heç nə əvəz edə bilməz..

Sultan Laçın


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018