Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“MTN-dən qaçırılmağımızda gizli nüanslar var...“
Tarix: 05.12.2013 | Saat: 22:00:00
Bölmə:Labirint | çapa göndər

"Arif Paşayev niyə həbs olundu?", "Şuşa-Laçın məhkəməsində Laçın alayının sabiq komandiri nələri açıqladı?", "Arif Paşayev digər 4 nəfərlə birgə MTN təcridxanasından niyə qaçırıldı?"... 19-20 il öncə Azərbaycan mediasının gündəmini zəbt edən suallar bunlar idi... Bəlkə də ilk ixtisasının mühəndislik olması da Laçının daşlı-qayalı səngərlərində erməni güllələrindən yayınaraq Bayılın, Qobustanın, MTN-in zindanlarından, AXCP-nin siyasi qalmaqallarından qurtulub hazırda Sibirin şaxtalı tayqalarında davam edən çox dolaşıq həyat labirintində azmayıb duruş gətirməsinə səbəb olub... 2012-ci ildən Sibirdə tikinti işlərində çalışmağa məcbur olmuş AXCP sədrinin sabiq müavini, keçmiş Laçın alayının komandiri Arif Paşanın qısa müddətə vətənə döndüyünü bilən kimi onu "Labirint"ə dəvət etdik...


- Arif bəy, uşaqlığınızdakı Laçını necə xatırlayırsız?
- (Ah çəkir)... Daha çox Dağdağan bulağını xatırlayıram. Laçına duman gələndə yaranan ecazkar gözəlliyi... Qonşu münasibətlərindəki səmimiyyət və mehribançılığı... Bizim gözəl bir məhəlləmiz var idi. Şəkərbura iyi gələn kimi bilirdik ki, bu gecə, məsələn, Şəkurə müəllimənin evində şəkərbura yeyəcəyik. Yaxud rəhmətlik Əliş Tanrıverdiyev həmişə Malıbəy kəndindən alma gətirirdi, hamı bilirdi ki, bu gün evlərində təzə alma olacaq. Hamının bir-biri üçün yaşaması, bir-birinə dəstək olması sayəsində övladlar yalnız öz valideynlərinin və məktəbin tərbiyəsi ilə yanaşı, məhəllənin, şəhərin tərbiyəsi altında böyüyürdülər. Abır-həya, qoruq-qadağa, ictimai qınaqla müşayiət olunan çox ləyaqətli bir mühit var idi. Təəssüf ki, nə həmin mühiti, nə də o torpağı qoruya bildik...

- Maraqlıdır, necə oldu ki, 1982-ci ildə İnşaat Mühəndisləri İnstitutunu bitirən kimi DİN-də işləməyə başladınız?
- O vaxt fiziki parametrləri yüksək olan alitəhsilli cavanları adətən "KQB"yə və DİN-ə cəlb edirdilər. "KQB"yə qarşı bir az antipatik münasibət olduğuna görə mən DİN-i seçdim. Bir müddət İslah Əmək Koloniyaları İdarəsində işlədim. Lakin orada dustaqlara olan münasibəti mən insani baxımdan qəbul etmədiyim üçün bu işdən uzaqlaşdım. İdman ustası olduğum üçün məni zabit kimi sovet ordusunun Almaniyadakı hərbi hissələrindən birinə hərbi xidmətə yolladılar. Çox mükəmməl bir hərbi hazırlıq keçdim. Və bu təcrübə gələcəkdə ermənilərlə döyüşlərdə çox gərəyim oldu...

- Elçibəylə tələbə vaxtından tanış idiniz?
- Yox. Elçibəylə ilk dəfə, deyəsən, 1989-cu ilin əvvəllərində tanış oldum. O zaman biz artıq Laçında Azərbaycan Xalq Cəbhəsinin Laçın şöbəsini yaratmışdıq. Bakıda isə AXC hələ formalaşmamışdı. Laçında həmin AXC şöbəsi qərargahının qarşısında çəkdirdiyim bir fotoşəkil də var, onun arxasında yazmışdım ki, arzu edirəm Azərbaycanda Xalq Cəbhəsi olsun...
- Sovet dövründə Laçında bir gizli təşkilat da yaratmışdınız - Müvəqqəti Fövqəladə Komitə...
- Bəli. 1988-ci il fevralın 12-də Xankəndidə ermənilərin Qarabağa birləşmək tələbilə mitinq keçirməsi xəbərini aldıqdan sonra oraya yollandıq...
- Nə məqsədlə?
- Xankəndindən bizdəki müəssisələrə bəzi materiallar gətirilirdi. Həmin gün yüklər göndərilmədi. Biz də bunu aydınlaşdırmaq, həm də oradakı mitinqləri kimlərin təşkil etməsini öyrənmək məqsədilə getmişdik. Nümayişdəki təşkilatçıları müşahidə edib gördüm ki, bunlar adi qara camaatın nümayəndələri yox, xüsusi hazırlanmış fitnəkarlardır... Və fevralın 13-də biz Laçında ermənilərin separatçılıq fəaliyyətinə qarşı ilk yürüş-mitinq təşkil etdik...

- Yəqin dövlət, DTK buna mane olmağa çalışdılar?
- Respublika hüquq-mühafizə və təhlükəsizlik orqanları, o cümlədən, DTK-nın Laçın rayon şöbəsi də həmin mitinqə və bizim sonrakı fəaliyyətimizə qarşı ciddi təpki göstərdi. Lakin rayonun bir sıra kommunist rəhbərləri, o cümlədən, Xanlar Məmmədov, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (XDSİK) sədri Səlim Səlimov, milis şöbəsində rəis müavini Akif Səlimov bir növ göz yumaraq mitinqi keçirməyimizə şərait yaratdılar. Eləcə də sonrakı fəaliyyətimizdə onlar gah gizli, gah aşkar şəkildə bizə dəstək verdilər. Laçın peşə məktəbinin direktoru Vaqif Şükürov da o dövr üçün böyük cəsarət nümayiş etdirərək məktəbin binasında mitinqə hazırlıq görməyimizə icazə verdi...

- Nə isə, o gizli təşkilatı necə yaratdınız?
- Həmin mitinqdən bir neçə gün sonra mən, Tofiq Abdullayev, rəhmətlik Teyyub Məmmədov, dostumuz Rauf İsmayılovun evində yığışaraq artıq real şəkildə gözlənilən təhlükəni nəzərə alaraq Müvəqqəti Fövqəladə Komitə yaratdıq. Ertəsi gün isə mən silah tədarükü görmək üçün bölgələrə yola düşdüm... Artıq 1988-ci ilin aprelində kifayət qədər ciddi bir arsenala malik idik...

- Təşkilat nə vaxt fəaliyyətini leqallaşdırdı?
- 1988-ci ilin aprelində biz böyük bir qüvvə ilə ortalığa çıxaraq Laçın Rayon Müdafiə Komitəsini təşkil etdik. Mən sədr oldum və XDSİK-nin qərarı ilə rayon milis rəisi mənə tabe oldu. Bu minvalla biz Laçın milisi ilə birlikdə uğurlu şəkildə rayonun müdafiəsini təşkil etdik...
Artıq 1988-ci ilin aprelində bizim qərargahın önündəki löhvədə "Azərbaycan Xalq Cəbhəsinin Laçın rayon şöbəsi" yazılmışdı...
Səhv etmirəmsə, 1989-cu ilin sonunda Əbülfəz Elçibəy, Nəcəf Nəcəfov, Sabir Rüstəmxanlı, Zərdüşt Əlizadə və s. liderlər Laçına gəldilər. Və birlikdə keçirilən yığıncaqda mən rəsmən AXC Laçın şöbəsinin sədri seçildim...

- 1988-ci ilin noyabr-dekabrında Bakıdakı Meydan hərəkatında iştirak edirdinizmi?
- Bəli, elə mitinqlərin ilk günlərindən biz Laçından bir neçə dəfə böyük nümayəndə heyətilə gəlib hərəkatda fəal iştirak edirdik...

- Yadımdadı, meydandakı mitinqlərin birində, deyəsən, Etibar Məmmədov ermənilərin Laçında Rza Sadıqovu qətlə yetirməsi barədə məlumat verdi. Hadisə rəhmətlik silahdaşınızla birgə Şuşaya gedərkən baş vermişdi, deyəsən?
- Bəli, rəhmətliklə silah gətirmək üçün Şuşaya gedirdik. Qərargahın yanında avtomobilə ehtiyat üçün silah qoyanda bir az aralıda rus hərbçilərin "UAZ" markalı sarı avtomobilinin dayandığını gördük, lakin əhəmiyyət vermədik. Şuşanın Yexsaox adlı erməni kəndində rus hərbçiləri və ermənilər bizi saxlatdılar. Avtomobilin yük yerini yoxlayanda silahları gördülər. Rzaya işarə etdim ki, heç olmasa, sən get, xilas ol. O, avtomobili sürəndə əsgərlər atəş açmaq istədi, onları itələdim, güllələri avtomobilə dəysə də, Rzaya dəymədi. Mən arxayın oldum ki, o, xilas oldu... Ermənilər kişili-arvadlı məni yerə yıxıb təpikləməyə başladılar. Onda ayaqlar altından bir an gördüm ki, bayaqkı sarı "UAZ" gəldi, içindəki İvanov soyadlı rus polkovnik soruşdu ki, sürücünün yanındakı adam burdadırmı, dedilər, maşınla getdi. Sonradan bildim ki, onlar gedib Rzanı yolda öldürüblər... Bir şey də bizə məlum olmuşdu ki, plana görə sürücünün yanında əyləşmiş şəxs vurulmalı imiş, yəni mən... Lakin taleyin qismətinə baxın ki, yolda rəhmətlik Rza başı ağrıdığı üçün avtomobili mənim sürməyimi xahiş etdi...

- Bəs erməniləri əlindən necə qurtuldunuz?
- Həmin polkovnik yolda Rzanı güllələdikdən sonra baxıb ki, bu, nəzərdə tutulmuş adam deyil. O vaxta qədər də Laçından da camaat xəbər tutub haya gəlmişdi. Düşmənlər geri qayıdıb, məni güllələmək
istəyəndə Laçın yanacaq doldurma məntəqəsində işləyən Seymurun gur səsi eşidildi. Erməni çaşıb əlini tətikdən geri çəkdi... Eyni zamanda, Şuşaya dustaq aparan Laçın milisləri də gəlib oraya çıxdı. Laçındakı gecə polisinin rəisi rəhmətlik Əli Abdullayev məni onların əlindən alıb Şuşaya apardı. Odlu silah saxladığıma görə, qanunla həbsdə yatmalı idim. Şuşadan da məni Xankəndinə aparmaq istəyirdilər. Lakin Laçın camaatının, eləcə də Bakıdan AXC liderlərinin, o cümlədən, Etibar Məmmədovun ciddi təpkisi ilə məni Laçına qaytardılar...

- Necə oldu ki, ölkədə ilk hərbi hissə olan Laçın batalyonunun komandiri məhz Arif Paşayev oldu?
- 1991-ci ilin sentyabrında mənə rayon rəhbərliyindən bildirdilər ki, milli ordu yaranır, Laçından da hərbi hissə komandirliyinə namizəd kimi məni göndərmək istədilər. Təklif etdim ki, alternativ də olsun. Ona görə də rayon partiya komitəsinin katibi olan Aydın Abbasov da mənimlə bərabər Bakıya gəldi. MN-də imtahan edildik. General Dadaş Rzayevin rəhbərliyi ilə müəyyən testlər keçdikdən sonra komandirliyə məni məsləhət bildilər. Və 1991-ci il sentyabrın 28-də biz Laçında səfərbərlik elan etdik. Artıq oktyabrın 10-da 500 əsgərimiz sırada idi...

- 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə ləğv edilmiş 811 saylı Laçın alayının komandirliyindən uzaqlaşdırıldınız. O zaman bunun səbəbini aydınlaşdıra bildinizmi?
- Hə... Mayın 1-də Bakıya gəldim. O vaxt Türkiyədən orduya yardım üçün bir az pul göndərmişdilər. İsgəndər Həmidovla birgə həmin paranı Rəhim Qazıyevə çatdırmalı idik. Dedim, məqamdan istifadə edib alayın niyə ləğv olunması məsələsini də aydınlaşdıraq. R.Qazıyev dedi ki, mən alayın ləğvi haqqında əmr verməmişəm. Mən dedim, yox, vermisən. Aramızda mübahisə yarandı. Lap sonralardan mənə aydın olmuşdu ki, R.Qazıyev nazir kimi ona təqdim olunmuş əmrin yuxarı hissəsini oxuyub qol çəkib. Orada 811 saylı Laçın alayının Elbrus Orucovun komandiri olduğu briqadaya tabe olunması haqqında qeyd edilib. Sən demə, alt hissədə alayın ləğv olunaraq briqadaya qatılması yazılıbmış. Bunu da yəqin ki, nazirlikdəki satqınlar təşkil ediblər...

- Bəs 1993-cü ilin avqustunda sizi hansı əsaslarla həbs etdilər?
- O dövrdə bütün Azərbaycana bəlli oldu ki, məni Vətənimiz üçün ermənilərdən də çox təhlükəli olan separatçı qüvvələrin təhriki ilə hüquq-mühafizə orqanlarındakı bəzi şəxslərin səbatsızlığı ucbatından qondarma ittihamlarla həbs etmişdilər. Və bəhanə də təbii ki, mənim alay komandiri olmağım idi. Maraqlısı da odur ki, müstəntiq Məcid Xasıyevin apardığı 55 min səhifəlik cinayət işində mənə qarşı bircə dənə də olsun, əsaslı ittiham yoxdur...

- 1994-cü il sentyabrın 28-də siz, Rəhim Qazıyev, Baba Nəzərli, Əlikram Hümbətov və Faiq Mirzəyev MTN təcridxanasından qaçırıldınız...
- MTN-dən qaçırılmağımızda açılmamış nüanslar var. Yəqin vaxt gələcək onlar açılacaq. Maraqlıdır ki, mən də daxil olmaqla oradan qaçırılanların hamısı öldürülməli idi. Burada sifarişçi kim idi? Nə məqsəd güdürdü? Bunlar tam aydın deyil... Qaçırılmadan bir neçə gün öncə mənim haqqımda qəti imkan həbs tədbiri dəyişilməli idi və mən azadlığa çıxmalı idim... O baxımdan bu aksiya mənim iradəm əleyhinə bir hərəkət oldu...

- Bəraət alıb azadlığa çıxdıqdan sonra 1995-2002 -ci illərdə AXCP sədrinin müavini oldunuz. Və partiya parçalananda Mirmahmud Fəttayevin yox, Əli Kərimlinin yanında qaldınız...
- O zaman parçalanma yox, klassiklərin cəbhədən ayrılması baş vermişdi. Onda islahatçılardan, klassiklərdən və birləşdiricilərdən ibarət 33 nəfərlik bütövləşdirici missiya yaradıldı. Sonra Mirmahmud Fəttayevin tərəfdarları gəlmədiyindən həmin missiya öz işini sona çatdıra bilmədi. Və müəyyən fikir ayrılıqları da olduğundan mən AXCP-dən də çıxıb siyasətdən, demək olar ki, uzaqlaşdım...

- Axı daha sonra Qüdrət Həsənquliyevin yanında oldunuz...
- Yox, onda mən Qüdrət Həsənquliyevin yanında deyildim. Sadəcə, birləşdiricilər tərəfdən komissiyanın rəhbəri idim. O zaman Əli Kərimli tərəfdarları, ümumiyyətlə gəlmədi. KXCP-dən isə bir müddət iştirak etdilər, sonra çəkildilər və nəticədə birləşdiricilər özləri qurultay keçirib BAXCP-ni yaratdı. Sonra da gördüm ki, baxışlarımızda fərq var, oradan da çıxdım...

- Bəs necə oldu ki, İqbal Ağazadənin müavini oldunuz?
- Mənə heç yerdə iş vermirdilər. Dostum Nəsimi Məmmədli təklif etdi ki, Ümid Partiyasında müavin ol. Mən də baxdım ki, bizim bir çox baxışlarımız fərqlidir, amma sadəcə, müvəqqəti bir iş yerinə sahib olmaq baxımından təxminən bir ilə yaxın orada işlədim, sonra da çıxıb Rusiyaya getdim...

- Milli Şura yarananda sizi dəvət etdilərmi?
- Yox. Bəlkə də uzaqda olduğum üçün təklif etməyiblər. Amma etsəydilər belə, artıq mən bu işlərlə maraqlanmıram, buna nə vaxtım var, nə də həvəsim...

- Yəni demək olar ki, siyasətdən tam uzaqlaşmısız?
- Biz döyüşçülərin siyasətə qatılması bəlkə də bir məhkumiyyət idi. Mən heç vaxt siyasəti sevməmişəm... Çünki siyasətdə obyektiv, ədalətli mövqe tutmaq olmur, tərəfli mövqe tutmalısan. Bu isə döyüşçü əqidəsinə uyğun deyil. Obyektiv mövqe tutanı da hər tərəfdən vururlar...

- Rusiyadan Azərbaycan müxalifətinin, Mlli Şuranın fəaliyyəti necə görünür?
- O qədər də maraqlanmamışam... Müxalifət də, iqtidar da xalqın bətnindən doğulma bir şeydir. Xalqın materialı nədirsə, aurası nədirsə, iqtidar da, müxalifət də o cürdür...

- Rusiyada yaşayıb işləyən bir azərbaycanlı kimi miqrantlara hazırkı münasibəti necə dəyərləndirirsiz?
- Əslində baş verənlər qlobal miqyaslı çirkin oyunların nəticəsidir. Və əslində kiçik istisnalarla müxtəlif xalqların zəhmətkeş təbəqələrinin bir-birinə münasibəti simpatikdir. Amma Rusiyada da velikorus şovinizminin daşıyıcısı olan ifrat düşüncəli adamlar var. Məsələn, Tümendə mənim işlədiyim şəhərdə məscid tikintisi başlanmışdı, onun üzərinə svastika-xaç şəkli çəkmişdilər. Bəzi yerlərdə aşkar, bəzilərində gizli, müəyyən baxışlarla, həqarətli sözlərlə millətçi münasibətlər görünür. Bundan da müəyyən dairələr istifadə edirlər. Bu baxımdan Rusiyadakı soydaşlarımıza münasibət dövlətimizin siyasi orientasiyasından çox asılıdır. Müşahidələr göstərir ki, problemli münasibətlərin kəskinləşəcəyi ehtimalı böyükdür...

- Qarabağa, o cümlədən, ata yurdunuz Laçına qayıtmağa ümidinizi itirməmisiz ki?
- Mən heç zaman torpaqlarımıza qayıdışa ümidimi itirməmişəm. Amma özümüzü aldatmamalıyıq... Əgər bu gün ermənilər Şuşada, Laçında, Kəlbəcərdə və s. rəsmi inzibati orqanlar yaradıb bacardıqları işləri görürlərsə, özlərinə villa tikirlərsə, deməli, onlarda o torpaqlarda qalacaqlarına bir əminlik var. Yəni ermənilər torpaqlarımızı boşaldacaq məqsəddə görünmürlər. Amma bütün baxımlardan Azərbaycanın resursları imkan verir ki, biz uğurlu müharibə apara bilək. Düzdür, beynəlxalq güclər amili də böyük rol oynayır. Lakin istənilən halda torpaqlarını işğaldan azad etmək hər bir xalqıın təbii haqqıdır... Və mənə elə gəlir ki, bütün hallarda torpaqlarımıza qayıdış çox böyük itkilər və qanlar hesabına olasıdır. Amma bu qanlardan və itkilərdən qorxaraq Qarabağın işğal altında qalması ilə razılaşmaq da qəbuledilməzdir...

Sultan Laçın


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018