Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şuşanın işğalına səbəb olmuş ilginc faktlar - 7 şahidin dili ilə FOTO
Tarix: 15.05.2014 | Saat: 00:30:00
Bölmə:7 oğul istərəm | çapa göndər

... Şuşanın işğalından 22 il ötsə də, hələ əsasən könüllü döyüşçülər tərəfindən 4 ilə yaxın müdafiə olunmuş bu qala şəhərin bircə gündə düşmənə təhvil verilməsinin səbəbləri tam aydınlaşmayıb. ”Şuşanın işğalı ərəfəsində nələrin şahidi oldunuz və şəhərin müdafiəsi üçün bir vəzifə sahibi, komandir, zabit, yaxud sıravi döyüşçü kimi nə edə bildiniz” sualını da Azərbaycana sağalmaz yara vurmuş həmin işğalın 7 şahidinə bir sıra qaranlıq məqamlara işıq salmaq üçün ünvanladıq...



1992-ci il martın 6-dan mayın 18-dək prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov:
”Nizami Bəhmənov A.Mütəllibova dedi ki, Şuşanı Yaqub Məmmədovu yıxmaq üçün qəsdən verdilər...”


-1992-ci ilin mart-may aylarında Azərbaycanda dövlət büdcəsində kifayət qədər vəsait, nizami ordu və vahid komandanlıq və s. olmasa da, bütün imkanlarımdan istifadə edərək var gücümlə Şuşanın və digər ərazilərimizin işğalının qarşısını almağa çalışmışam. Mayın 4-də Müdafiə Şurasının iclasını çağırıb torpaqlarımızın müdafiəsi üçün mümkün tədbirləri görmək istiqamətində ciddi tapşırıqlar verdim... Belə gərgin bir şəraitdə münaqişəni siyasi yolla həll etmək və heç olmasa, vaxt udmaq üçün İranın vasitəçilik təklifini qəbul etdim. Biz Türkiyə və Rusiyanın da bu prosesdə iştirakına çalışsaq da, onlar buna maraq göstərmədilər. Mayın 6-7-də Tehran danışıqlarında Rusiyanın xarici işlər naziri Kozırev də iştirak etməyə söz versə də, gəlmədi...
Xülasə, Levon Ter-Petrosyanla münaqişənin sülh yolu ilə həlli ilə bağlı sənəd imzalanandan sonra mayın 8-i səhər biz Tehran hava limanına gələndə xəbər verdilər ki, ermənilər Şuşaya hücum edib. Dərhal İran prezidenti Rəfsəncaniyə xəbər göndərdim ki, belə bir məlumat veriblər, bu nə deməkdir. O da bildirdi ki, bu ola bilməz, danışıqlar indicə bitib, siz narahat olmayın, Ter- Petrosyanla məsələni aydınlaşdırıb sizə məlumat verəcəm və ondan təcili tədbir görməsini tələb edəcəm. Mayın 8-i gündüz saat 2-3 radələrində Bakıya gəlib təkrar Rəfsəncani ilə danışdım. O dedi, Petrosyanla danışmışam, and-aman edir ki, bu hücum planından xəbəri olmayıb. Tehran bəyanat verdi və Petrosyanı qınadı. Sonra Buşa, Yeltsinə və Dəmirələ də zəng edib etirazımı bildirdim, ermənilərə qarşı sərt tədbirlər görülməsini tələb etdim...
Həmin gün MN Baş Qərargah rəisi Şahin Musayev dedi ki, Şuşanın işğalından söhbət gedə bilməz, bu məlumatlar tam yalandır və əhali arasında təşviş yaratmaq üçün yayılır, ancaq ağır döyüşlər gedir. R.Qazıyevi tapmadım, dedilər, cəbhə bölgəsinə gedib. Daha dəqiq məlumat almaq üçün MTN Şuşa şöbəsinin Quliyev soyadlı rəisi ilə danışdım. Cavab verdi ki, “kolxozstroy” və “benzinkalonka” yaxınlığında döyüşlər gedir, amma Şuşada ağır texnika-zad qalmayıb, hamısını çıxarıblar. Nizami Bəhmənovun rayonda olub-olmadığını soruşdum, dedi ki, neçə gün idi ki, harasa getmişdi, indi qayıdıb gəlib. Nizamini tapdılar və o da dedi ki, ağır döyüşlər gedir, ermənilər Şuşanın bir hissəsini ələ keçiriblər, amma şəhər tam işğal olunmayıb. Gecə saat 2-də isə Afiyəddin Cəlilov zəng etdi ki, artıq Şuşa işğal olunub. Təcili Müdafiə Şurasının iclasını çağırdım. R. Qazıyev gəlib çıxmadı. Ş.Musayev isə yenə də dedi ki, Şuşanın işğal olunmasıyla bağlı informasiyalar yalandır... Gecə saat 4 radələrində birtəhər Rəhimi tapdım, o da mənə dedi, yalan deyirlər, Şuşa bizdədir, bu dəqiqə Yevlaxa gedirəm və ordan da Ağdama gedib bir saat sonra sizə dəqiq məlumat verəcəm. Dedim, onda gəl Yevlaxa, bir yerdə gedək Ağdama. Saat 5-də özüm təyyarə ilə Yevlaxa getdim. Şahin Musayev deyirdi ki, aviasiyanı qaldırmışıq, gedib erməni mövqelərini bombardman edirlər. Gördüm ki, vertolyotlar da , təyyarələr də yerindədi, heç birini qaldırmayıblar havaya. Dedilər ki, biz heç bir əmr almamışıq. Rəhimi soruşdum. Dedilər, burda idi, Ağdama getdi. Getdim Ağdama, məlum oldu ki, Rəhim gedib Gəncəyə. Ağdamda bütün batalyon komandirlərini toplayıb müşavirə keçirdim...
O vaxt R.Qazıyevin adını çəkən yox idi. Hamı Elburus Orucovu qınayırdı ki, komandir o idi, texnikanı və canlı qüvvəni də məhz o çıxararaq Şuşanı köməksiz qoyub. E.Orucov isə istintaqda dedi ki, batalyonların heç biri mənə tabe olmurdu, hərə öz bildiyin edirdi. Onu da qeyd edim ki, birmənalı şəkildə deyirəm, Şuşanın işğalında o zaman MN Baş Qərargah rəisi olan Şahin Musayevin də böyük günahı var. Ən azı, ona görə ki, o, ölkə rəhbərliyinə yalan məlumatlar vermişdi...
Mayın 12-də elə şərait yarandı ki, Ali Sovetdə Ayaz Mütəllibov və Nizami Bəhmənovla birlikdə söhbət etdim. Nizami Bəhmənov qayıtdı ki, Ayaz müəllim, Xocalı faciəsini törətdilər, səni yıxmaq üçün, Şuşanı da Yaqub Məmmədovu yıxmaq üçün qəsdən verdilər. Sonra A.Mütəllibov çıxıb getdi, ancaq Nizami Bəhmənov qaldı və Şuşanın işğalı barədə əhatəli məlumat verdi. O dəqiqə baş prokuror Murad Babayevə zəng elədim ki, Nizami Bəhmənovun ifadəsini al və dərhal cinayət işi qaldırılsın. M.Babayev elə də edib cinayət işi başlatmışdı, amma iki gün sonra hakimiyyət dəyişdi və AXC bu işləri açmağa imkan vermədi…Yəni, aləm qarışdı və Şuşa yaddan çıxdı...


1992-ci ilin martından 1993-cü ilin fevralınadək müdafiə naziri olmuş Rəhim Qazıyev: “Səfər Əbiyev 12 tankı və 100-ə yaxın əsgəri Zəngilan-Qubadlı yolunda qoyub qaçmışdı...”

- 1992-ci il martın 18-dən Yaqub Məmmədovun fərmanı ilə müdafiə naziri təyin olunmuşam. 1992-ci il aprelin 22-də hazırda general olan Elbrus Orucovu briqada komandiri təyin edib təxminən 120 əsgərlə Şuşaya göndərdim. Aprelin 29-30-da isə mən Şəkidə Rusiya müdafiə naziri P.Qraçovla keçmiş sovet qoşunlarının Azərbaycandan çıxarılması barədə ilk protokolu imzaladım. Həmin günlər briqada komandiri Elbrus Orucov icazəsiz döyüş mövqelərini tərk edərək Naxçıvana gedib. Bunu hazırda “Bakı-Xəbər” qəzetinin baş redaktoru, o dövrdə Naxçıvan Ali Soveti aparatında çalışmış Aydın Quliyev təsdiqləyə bilər... Mayın əvvəlində Şuşa və Laçın ərazisindən müxtəlif siyasi qruplara məxsus 4000-dən çox əlisilahlı hakimiyyətə gəlmək məqsədilə Bakıya çağırıldı. Bütün bunlara rəğmən mən əlimdən gələni edərək işğalın qarşısını almağa çalışırdım... Mayın 7-də axşam saat 8-də E.Orucov mənə zəng etdi ki, kəşfiyyat məlumatı almışıq: ermənilər ayın 8-də hücuma keçəcək. Həmin günlər Y.Məmmədov Tehranda ermənilərlə sülh danışıqları aparırdı. Ona görə də E.Orucova cavab verdim ki, ola bilər, bu, danışıqları pozmaq üçün dezinformasiyadır, kəşfiyyat məlumatını dəqiqləşdir, ancaq bütün müdafiə tədbirlərini gör. O dedi ki, icazə verin, qabaqlayıcı zərbələr vurum. Mən bir daha dedim ki, dəqiqləşdir, sonra... Bundan sonra mayın 8-i səhər saat 5-ədək bizim rabitəmiz kəsilib. E.Orucov həmin cavabımı bəhanə edib məhkəmədə ifadə verib ki, Rəhim Qazıyev mənə düşmənə qabaqlayıcı zərbə vurmağa imkan verməyib. Amma E.Orucov özü Şuşanın müdafiəsini möhkəmləndirmək üçün tabeliyində olan zabitlərə heç bir döyüş tapşırığı verməyib. Xankəndi-Şuşa yolunun minadan təmizlənməsi haqqında isə ona demişəm ki, ATƏT-in nümayəndələrinin gəlişi gözlənilir, gəlsələr, mən sizə xəbər verəcəm. Mən deməmişəm ki, minaları təmizləyin. Amma E.Orucov mənim əmrim olmadan Şuşa-Xankəndi yolundan minaları təmizlədib və sonra da əmrsiz döyüş bölgəsini tərk edib. Çox suallar ortaya çıxır: Necə olur ki, erməni hücumuna 1 saat yarım qalmış komandirin icazəsi ilə 777 saylı h/h-dən 25 nəfər Bakıya məzuniyyətə göndərilir? Cinayət işində 777 saylı hh-nin baş çavuşu Sədirzadə Rövşənin ifadəsində deyilir ki, mayın 7-də qumbaratanları anbara yığdılar və heç kəsə vermədilər, texnikanı azaltmışdılar, avtomatların nişangahını çıxarmışdılar... Əlvan Kərimovun ifadəsinə görə, mayın 8-i gecə - Şuşaya hücum başlandığı vaxt 777 saylı h/h-nin komandiri Elçin Məmmmədov o dərəcədə sərxoş olub ki, onu səhər saat 6-dək yuxudan oyada bilməyiblər...
Şuşanın işğalından sonra şəhəri yenidən geri almaq məqsədilə bacardığımız qədər texnika və silah əldə etdik. Mayın 8-də Bərdədə olan Şuşanın sabiq rəisi Vahid Bayramov mənə zəng edib ki, yanımda 208 nəfər var, silahımız yoxdur. Mən də böyük çətinliklə Rusiyanın Gəncədəki 23-cü diviziyasından pulla 208 avtomat və pulemyot aldırıb göndərmişəm. Ancaq V.Bayramov həmin 208 nəfərlə Laçından o tərəfə keçməyib. Etibar Məmmədovun Qəbələdən gətirdiyi 165 nəfərlik könüllü tələbə dəstəsini də silahla təmin etmişik, nəticəsi olmayıb. Rusiyanın Cəlilabad yaxınlığındakı Göytəpə bazasından tam saz vəziyyətdə 10 tank və 10 PDM almışam. Onlar öz “xod”u ilə dəmiryoladək gəlib. Sonra da qatar vasitəsilə sabiq nazir polkovnik Səfər Əbiyevin rəhbərliyi və 100 əsgərin müşayiəti ilə Zəngilana gətirilib. Orada məlum olub ki, həmin maşınların 8-də elektrik naqilləri kəsildiyindən işə düşmürlər. Onda əmr verdim ki, qalan 12 texnikanı aparın Şuşa-Laçın istqamətinə. Mayın 12-də Səfər Əbiyev həmin əsgər və texnikaları Qubadlı-Zəngilan yolunda qoyub qaçıb. Onun haqqında cinayət işi açılıb, yarımçıq qalıb... Şuşa və Laçının işğalı barədə hadisələri dəqiq öyrənmək üçün 1994-2000-ci illərdə həmin işğalla bağlı mənim müttəhim kimi iştirakımla keçirilmiş məhkəmə prosesində araşdırılmış 11 min səhifəlik cinayət işinə və yotube-də yerləşdirilmiş 100 seriyalıq videoyazıya baxmaq lazımdır...


Şuşa Ərazi Özünümüdafiə taborunun komandiri olmuş Fəxrəddin Səfərov:”Bizi Şuşadan şayiə və panika gücünə aldadıb çıxardılar...”

-1992-ci ilin aprelində Elbrus Orucovun briqada komandiri təyin edilərək Şuşaya göndərilməsindən sonra Şuşanı müdafiə edən qüvvələr arasında bir çaşqınlıq yarandı. Müdafiə nazirinin əmri ilə Şuşa ərazi özünümüdafiə batalyonunun və digər hh-lərin ləğv edilərək briqada tabeliyinə verilməsini döyüşçülər qəbul edə bilmirdi. Aprelin 22-də Şuşada MN əməkdaşı polkovnik-leytenant Məhərrəm Cahangirov E.Orucovu briqada komandiri kimi döyüşçülərə təqdim etdi. Elçin Məmmədovun komandiri olduğu 777 saylı h/h-nin döyüşçüləri E.Orucova tabe olmaqdan imtina etdilər. Və demək olar ki, 777 saylı hh Şuşa işğal olunanadək E.Orucova tabe olmadı...
Aprelin 29-da ermənilər müxtəlif istiqamətlərdən Şuşanın kəndlərinə hücuma keçdilər. O döyüşdə rəhmətlik Milli Qəhrəman Ramiz Qənbərov da bizə köməyə gəldi və o da ağır yaralandı. Yanındakı üç əsgərimiz və bizim batalyondan Kamil Bəşirov isə şəhid oldu. Biz isə 11 erməni quldurunu məhv etdik. Aprelin 30-da Ramiz Qənbərov xəstəxanada həlak olduqdan sonra onun ətrafındakı bir çox döyüşçülər bir növ ruhdan düşərək Şuşanı tərk etdilər...
Mayın 7-i gecə saat 02.20-də ermənilərin aramsız artilleriya atəşi başladı. Kazarmamız vurulmuş, divarın bir tərəfi uçub tokülmüşdü. Təxminən 120 nəfərə yaxın əsgər silahlandı. Saat 05.05-də briqada komandirinin müavini rəhmətlik Tofiq Oğuz zəng edib dedi ki, təcili “tar sexi” sahəsinə gedin. Tar sexinə 5 dəqiqə gec çatsaydıq, ermənilər oranı tutub hamımızı məhv edəcəkdi. Saat yarımdan çox ağır döyüş getdi. Əvvəlcə erməniləri geri otuzdurduq. Bu zaman onlar havaya siqnal şarları buraxdılar və tanklar bizim mövqeləri vurmağa başladı. Xeyli əsgərimiz şəhid oldu. Özüm də ayağımdan yüngül yaralandım. Mayın 8-də saat 10-11 arası E.Orucov bizim mövqelərə gəldi. Onunla birgə “qrad” qurğusunu axtarmağa getdik, tapa bilmədik. Onu da deyim ki, batalyon qərargahının vurulmasına baxmayaraq, mayın 8-i səhər bizim aşpazlar gündəlik menyuya uyğun mannı sıyığı, günorta isə borş və bozbaş bişirmişdi. Yəni, bizim Şuşanı tərk etmək fikrimiz yox idi. Sadəcə, axşam saat 6-7-də, döyüşün qızğın çağında icra hakimiyyətinin bir nümayəndəsi gəlib dedi ki, əmr gəlib, şəhəri müvəqqəti tərk etmək lazımdı. Azərbaycan təyyarələri, yandırıcı bombalar atacaq ki, erməni qüvvələri geri çəkilsin. Biz çıxmaq istəmədik... “Zastav” deyilən yerə gəlib başçı Nizami Bəhmənovu gördüm, ayağım yaralı olduğu üçün o, məni təkidlə maşına əyləşdirdi. Ancaq sonra dözə bilməyib, yenidən tar sexinə qayıtdım. Oraya çatmağıma 40-50 m qalmış vertolyotlarımız gəlib öz mövqelərimizi, o cümlədən tar sexini bombaladı. Buna səbəb isə E.Orucovun Bakıya səhv məlumat verməsi idi. O, yanımda böyük çətinliklə Bakı ilə əlaqə yaradaraq dedi ki, Şuşanın kənarındakı mövqelər vurulsun. Dərhal ona başa saldım ki, şəhərdən kənar mövqelər bizim mövqelərdir. Təəssüf ki, o yenidən MN ilə əlaqə yarada bilmədi. Və vertolyotlar gəlib özümüzü bombaladı. Nəticədə mənim də 16 əsgərim yaralandı və şəhid oldu.... Təyyarəmiz isə Vaqifin məqbərəsinin və Türmənin yanına iki adi bomba atıb uçub getdi. Bu minvalla batalyon axşam saat 8-ə 10 dəqiqə qalanadək vuruşdu. Bizə dedilər ki, Zarıslı kəndinə yığışıb, orada Bakıdan gələn köməklə birgə yenidən Şuşaya hücum edəcəyik. Ancaq artıq gec idi...
Birincisi, əslində biz ermənilərlə yox, Rusiya ordusu ilə döyüşürdük. Deyərdim ki, Şuşada bizimlə döyüşənlər arasında erməni görmədim, əksəriyyəti indiki Amerika əsgərlərinin formasına oxşar forma geyinmiş rus əsgərləri idi. İkincisi də, mən bunu əminliklə deyirəm: bizi Şuşadan təxribat və şayiələr gücünə, aldadıb şıxardılar...


Müharibə dövründə Şuşa türməsinin rəisi olmuş Aydın Abbasov: “Əmr gəldi ki, təyyarələrimiz Şuşaya yandırıcı bomba atacaq, şəhərdən müvəqqəti çıxmaq lazımdı...”

-Mayın 7-si gecə artilleriya Şuşanı vurmağa başladı. Saat 5-də artıq avtomat atışması başladı. İş yerimə gəldim. Türmənin 3,5-4 m hündürlüyündə 2 m-ə yaxın qalınlığı olan hasarının bir hissəsini tank mərmiləri dağıtmışdı. Biz orada müdafiə tədbirlərini əvvəlcədən görmüşdük. ...Artıq məhbuslar da qapıları döyürdülər. Onlara da dedim ki, zərurət olsa, biz sizi buraxacağıq. Müəssisə növbətçisinin köməkçisini əvəz edən Gündüz Səmədov hasara qalxıb, durbinlə müşahidə aparan zaman səhlənkarlığından snayper onu başından vurdu, xəstəxanaya çatmamış həlak oldu. Buna baxmayaraq qalan əməkdaşlar müəssisəni cəsarətlə müdafiə etməyə başladılar . Ermənilərin hasarın çölündən içərisinə atdığı qumbaralardan birinin qəlpələri baş əməliyyat müvəkkili Qasımov Qənbəri qarın nahiyəsindən ağır yaraladı və o da xəstəxanaya çatmamış həlak oldu. Vəziyyətin getdikcə gərginləşdiyini görüb türmədəki 36 dustağı buraxdım. Onları sıraya düzüb dedim ki, sizə inanıb sizi buraxırıq... Düşməndən müdafiə üçün türmə əməkdaşlarına kömək edin, biz sonadək döyüşməliyik. Dustaqlar da fəal şəkildə ermənilərdən müdafiə olunmağa kömək etməyə başladılar. Bu zaman türmənin damı mərmi zərbələrindən yanmağa başladı. Ukraynalı 60 yaşlı dustaq İqor Melnik digər yoldaşları ilə birgə cəld dama qalxıb yanğını söndürdü. Sonra isə həmin İ.Melnik damda pulemyot quraraq xeyli ermənini məhv etdi. Döyüş gedə-gedə mən bir neçə dəfə icra hakimiyyətindəki Müdafiə Qərargahına və briqada qərargahına baş çəkdim. Briqadada heç kəsi tapa bilmədim. İcra başçısı Nizami Bəhmənovla görüşüb türmədəki vəziyyəti məruzə etdim. Sonra Şuşa prokuroru Nadir Quliyevə dustaqları buraxmağım barədə məlumat verdim. Türmənin əməkdaşıarı və dustaqların düşmənlə ölüm-dirim savaşında xeyli ermənini məhv etdiyimiz bir vaxtda əmr gəldi ki, bizim təyyarələr qalxıb Şuşa yaxınlığındakı erməni qüvvələrinə yandırıcıı bombalar atacaq, ona görə də biz bir az geri çəkilməliyik. Biz də vuruşa-vuruşa geri çəkildik. Beləliklə, panika şəraitində silahlı qüvvələr və əhali şəhəri tərk etdi...


Şuşa Ərazi Özünümüdafiə taborunun sıravi döyüşçüsü Cahid Ələkbərov:”Elbrus Orucov yalandan dedi ki, ermənilər Kosaları tutub...”

-Mayın 6-dan Şuşada əsgərləri kütləvi şəkildə məzuniyyətə buraxmağa başladılar. Mayın 7-si evdə idim, postdan qayıdıb dincəlirdim. Gecə atışmanı eşidib türmə ətrafına getdim, döyüşə girdik. Laçın alayından “Cümü” ləqəbli Cümşüd də 7-8 döyüşçü ilə köməyə gəldi. Bunun özü bizə xeyli ruh verdi. Orada bir neçə saat döyüşdən sonra xəbər gəldi ki, tar sexi ərazisinə kömək lazımdı. Bir qrup döyüşçü ilə oraya getdik. Onu deyim ki, Şuşaya hücum edənlərin əksəriyyəti rus idi. Biz eşidirdik ki, öz aralarında rusca danışır və bizi söyürlər. Elə bil ki, 1000 rusun qabağında 3-4 erməni bələdçi kimi gəlirdi... Gündüz saat 2-3 radələrində mən tank mərmisinin qəlpələri ilə ağır yaralandım. Yadımdadır ki, məni tar sexindən çıxaranda “zapravka”-nın yanında briqada komandiri E.Orucovu gördük. O dedi ki, Kosalar işğal olundu. Halbuki, orada döyüşmüş Mehman və Ziyəddin adlı döyüşçülər deyir ki, Kosalar hələ mayın 9-u da bizdə olub. Və mayın 8-i düşmən Şuşanı tutandan sonra Kosalara hücuma keçib. Deməli, E.Orucov kimilər döyüşənlərin ruhunu qırmaq üçün qəsdən panika yayırmışlar...
Mayın 8-də Şuşada olmuş üç tankdan birinin sürücü-mexaniki Ədalət Əhmədov: “T-72 tankını Kirs dağından aşağı yuvarladım...”
-1992-ci il martın 8-də əlahiddə tank batalyonundan bir vzvod cəmi 3 T-72 tankla Şuşaya gəldik. Rəhmətlik Albert Araqunov da bizimlə idi. Elə həmin gün Xankəndindəki 366-cı alaydan Şuşanı atəşə tutdular, biz cavab atəşi açaraq onları susdurduq... Mayın 7-də mən öz tankımla Kiçik Kirs zirvəsində idim. Yanımda bir “qrad” qurğusu da var idi. Şuşa polis dəstəsi və müxtəlif bölgələrdən polislər də orada idi. Axşama yaxın artıq ermənilərin fəallığı hiss olunurdu. Kirsdən hər şey aydın görünürdü. Onlar Daşaltı tərəfdən Laçına gedən yolu tam nəzarətə götürüb bizim qüvvələri mühasirəyə salmaq istəyirdilər. Biz buna imkan vermədik. Düşmənlər Şuşa ətrafında böyük itki verdilər. Səhər saat 10-da bizə xəbər gəldi ki, ermənilər bizdən təxm. 1 km yuxarıda Nail Kazımovun dəstəsi olan mövqeyə hücum edirlər. Mən tankı yuxarı qaldırdım. Ordan erməniləri qovduq. Amma bizdən də çox həlak olan və yaralanan oldu. Artıq tankımda atəş açan İsmayıl da, yanımızdakı “qrad” atanlar da yaralanmışdı. Məcbur olub oradakı polislər arasında bir neçə tankdan atəş aça bilənini tapdım. Komandir E.Orucov ratsiya ilə dedi ki, nə qədər mərmi varsa, atın ermənilərə tərəf. Saat 4-5 olardı, ermənilərin iki vertolyotu gəldi, biz onları zenit pulemyotu ilə atdıq, uçub getdilər. Həmin vaxt Albertin tankının komandiri Ağababa ratsiya ilə dedi ki, Alberti vurdular. Ondan sonra da biz xeyli vuruşduq. Və bütün slah-sursatımız bitəndən sonra əmr verildi ki, çıxın. Artıq Böyük Kirs ermənilərdə , yolların çoxu onların nəzarətində idi. Ona görə biz məcbur olub “qrad”ı da, T-72 tankını da sıradan çıxarıb dağdan yuvarladıq ki, düşmən əlinə keçməsin... Rəhmətlik Rövşən Cavadovun dəstəsi Turşsu tərəfdən ermənilərin qarşısını kəsərək bizim mühasirəyə düşməyimizə imkan vermədi və məndən başqa polis və könüllülərdən ibarət 10 nəfər piyada Turşsuya gəldik...


Şuşa Ərazi Özünümüdafiə Taborunun qərargah rəisi olmuş Yavər Hüseyn:”Şuşadan çıxmaq barədə heç bir əmr eşitməmişəm...”

- Səhv etmirəmsə, aprelin 30-da briqada komandiri E.Orucov hərbi komandirlərin iştirakı ilə Şuşada müşavirə keçirdi. E.Orucovla aramızda mübahisə yarandı. Dedim ki, düşmən Xocalını ətraf kəndləri alıb və Şuşanı tutmağı planlaşdırır. Odur ki, vaxtında qabaqlayıcı tədbirlər görmək lazımdır. Belə tədbirlər isə gözə görünmür. Briqada komandiri isə cavab verdi ki, mən yenicə gəlmişəm, tədbirlər görüləcək... Hadisələr isə göstərdi ki, Şuşanın müdafiəsi üçün güclü qabaqlayıcı tədbirlər görülmədi. Amma belə tədbirlərin görülməsi üçün kifayət qədər canlı qüvvə, texnika, silah-sursat da yox idi. Texnikalar nasaz vəziyyətdə idi. Hər bir döyüşçünün özünə məxsus silahı yox idi. 200-dən çox döyüşçüsü olan batalyonda cəmi 80 avtomat var idi. Silah əldə etmək üçün bir dəfə internat məktəbdəki qərargaha getdim. Cəmi 3 ədəd sandıqçası olan avtomat tapa bildim, qalanların sandıqçası yox idi. Döyüşən qüvvələr pərən-pərən düşmüşdü. Kim nə vaxt istəyir, onda gəlirdi. Yəni, ermənilərin rusların köməyi ilə Xankəndində topladığı qüvvənin qarşısını Şuşadakı mövcud qüvvələrlə almaq praktiki olaraq qeyri-mümkün idi. Nəticədə mayın 7-dən 8-ə keçən gecə düşmən hücuma başlayanda biz, demək olar ki, hazırlıqsız vəziyyətdə idik. Yalnız işğaldan sonra bildim ki, mayın 7-də briqada rəhbərliyi Şuşaya hücum olacağı barədə kəşfiyyat məlumatına malik olub, ancaq heç bir qabaqlayıcı tədbir görməyib. Bütün bunlara rəğmən Şuşada döyüşən oğullarımız bir sutkaya yaxın duruş gıtirə bildi. Hətta türmə istiqamətində düşmən geri oturduldu. Mən də tar sexi və türmə tərəfdə vuruşurdum. Şəxsən batalyonun qərargah rəisi kimi şəhərdən çıxmaq barədə rəhbərlik tərəfindən heç bir rəsmi əmr görməmişəm və eşitməmişəm. Bizə, sadəcə, deyiblər ki, axşamadək kömək gələcək. Kömək də gəlmədi. Xeyli şəhid olanımız, yaralananımız var idi. Salamat qalanlar isə susuzluq və aclıqdan ayaq üstdə dayana bilmirdi. Əvəzedici qüvvə olmalıydı. Çox təəssüflər olsun ki, sonradan bildik ki, Bakıdan xeyli kömək gəlib, ancaq şəhərə daxil olmayıb. Əminliklə deyirəm ki, həmin qüvvələr vaxtında şəhərə daxil olsaydı, biz Şuşanı xeyli müddət qoruyub saxlaya bilərdik. Mən də başımdan yaralandığı üçün döyüş qabiliyyətimi itirmişdim və məcbur olub evdə tək qalmış atamla birgə Şuşanı tərk etdik... Şuşasız 22-ci ili yaşamaq dözülməzdir. Ötən hər gün isə bizim zərərimizə işləyir...

Sultan Laçın


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019