Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdamın işğalı barədə ilginc faktlar – 7 şahidin dili ilə...
Tarix: 22.07.2014 | Saat: 18:30:00
Bölmə:7 oğul istərəm | çapa göndər

“Ağdamın işğalı barədə o qədər faktlar bilirəm, amma danışmaq istəmirəm. Hələ zamanı deyil...”. Bu sözləri Ağdamın 21-ci qara “yubileyi” ərəfəsində söhbət etdiyimiz keçmiş döyüşçülərdən biri söyləyir. Doğrudan da 1988-ci ildən bəri ermənilərə qan udduraraq qəhrəmancasına müdafiə edilən və 6 minə yaxın şəhid verən Ağdam nədən sonda işğal olundu? Bu və digər suallara cavab tapmaq üçün Ağdamın son günlərinədək ölkə və ya rayon rəhbərliyində çalışmış və ən əsası, bilavasitə ermənilərlə üzbəüz qanlı savaşlarda iştirak etmiş 7 şahidlə həmdərd olduq:

1993-cü ilin iyulunda baş nazir Surət Hüseynovun müavini kimi çalışmış Rəsul Quliyev (O dövrdə ölkədə kifayət qədər nüfuzlu və maddi imkanlı şəxslərdən biri olan eks-spiker bütün cəhdlərimizə rəğmən Ağdamın işğalı zamanı şahidi olduğu hadisələri yalnız bir neçə cümlə ilə təsvir etməklə kifayətləndi):

“Ağdamın işğalının günahının 90 faizini biz azərbaycanlılarda, yalnız 10 faizini ermənilərdə axtarmaq lazımdır. Ağdamın müdafiəsinə Surət Hüseynovun 709 nömrəli başıpozuq briqadası göndəriləndə işğal olunacağı əvvəlcədən məlum idi. Təəssüf ki, o dövrdə bu məsələlərin heç birisinə qarışmaq imkanım yox idi. Əgər Ağdama hücum 4 ay gec olsa idi, mən heç vəchlə Ağdamın işğalına imkan verməzdim. Necə ki, 1993-cü ilin axırında həm Fizuli rayonunun, həm də Ağdam rayonun bir hissəsi azad edilə bildi”.

1993-cü il mayın 20-dən Ağdam rayon şəhər sovetinin sədr müavini işləmiş, keçmiş döyüşçü Əkbər Rüstəmov:

“Müharibənin ilk günlərindən Ağdamın müdafiəsi üçün Allahverdi Bağırovun komandiri olduğu batalyonda əvvəlcə rota komandiri, sonra isə batalyon komandirinin müavini kimi əlimdən gələni etmişəm. 1993-cü il martın 1-dən iki dəfə kontuziya almağım və yaşımla əlaqədar ordudan tərxis olunsam da, yenə də səngərlərə gedib-gəlirdim. 1993-cü il mayın 15-də ermənilər Abdal Gülablı kəndinə güclü hücum etdilər. Rəhmətlik Şirin Mirzəyevin batalyonu kəndi geri almağa çalışırdı. Ortancıl oğlum Sənan Rüstəmov həmin döyüşlər zamanı vurulmuş vertolyotumuzun pilotu podpolkovnik Şuvalyovu ermənilərin əlindən almış ancaq ikinci pilotu axtarıb xilas etmək istəyəndə şəhid olmuşdu.

4 iyun Gəncə olaylarından sonra döyüşən qüvvələr arasında bir çaşqınlıq yarandı. Eldar Əliyevin komandirliyi ilə 709 saylı briqada Ağdama göndərildi. Briqadanın komandirlərinə təklif etdim ki, texnika və silahlarınızı bizə verin, özümüz rayonu qoruyacağıq. Lakin onlar razılaşmadılar və Ağdamda 708 saylı briqadanın yerləşdiyi ərazidə yerləşdilər. Təəssüf ki, həmin briqadada şəhərdə, kəndlərdə əhali arasında panika yaradan, camaatın evlərini talan edən qüvvələr də var idi. Hətta onlar o vaxtkı icra başçısı Nadir İsmayılovu zorla çıxartdırıb yerinə qeyri-qanuni olaraq “Karyer Qasım”ı (Qasım Kərimovu –S.L.) qoymuşdular. Bütün bunlardan sonra müəyyən uğurlu döyüşlər olsa da, döyüşçülər arasında daxili ziddiyyətlər və pərakəndəlik yarandığının da şahidiyəm. O günlər sakinlər arasında şayiə yayanlar da olurdu. Şəhər rəhbərlərindən biri kimi tez-tez əhali ilə görüşür. Onları təxribat və şayiələrə uymamağa çağırırdım. Hər bir evdə, həyətdə camaatın öz gücünə bombalardan qorunmaq üçün sığınacaqlar düzəltmişdik. İyulun 20-21-i Ağdamda nisbi sakitlik idi. Elə bil ki, adi günlərdən biri idi. İyulun 21-də elə oldu ki, mən Bakıda oxuyan qızıma dəymək üçün işdən icazə alıb, paytaxta gəldim. İyulun 22-də axşam xəbər aldım ki, artıq ermənilər Ağdama girirlər. İyulun 23-24-də müəyyən dostlarımla nə edəcəyimiz barədə müzakirələr apardıq. İyulun 25-də radio, televiziya vasitəsilə keçmiş döyüşçülərimizi Ağdamı geri almaq üçün həmin axşam Qərvənddə toplaşmağa çağırdıq. Bu minvalla Qərvənddə toplanıb 708-ci briqadanın tank taborunda bölük halında qeydiyyatdan keçdik. Avqustun 8-də Novruzlu kəndi istiqamətində əks-hücuma keçərək aeroport yolunadək irəlilədik. Ermənilər qaçırdı. Sonra bizi Cəvahirliyə qaytarıb geri aldığımız mövqelərə başqa hərbi hissə yerləşdirdilər. Və təəssüf ki, sonradan həmin yerlər alındı. Mən bütün imkanlardan istifadə edib, geri çəkilmək istəmirdim. Günlərlə mövqelərdə ac-susuz qaldığımız vaxtlarda döyüş yoldaşlarıma deyirdim ki, bu, vətən torpağıdır, çörək əvəzi yeyəcəyik, amma geri çəkilməyəcəyik... Təəssüf...”.

İşğal günləri müəssisə rəhbəri olmuş Ağdamın sabiq icra başçısı və keçmiş tabor komandiri Həsən Sarıyev:

“Ağdamın işğalı ağdamlılardan və onun müdafiəsinə gəlmiş digər bölgələrimizdən olan həqiqi vətənpərvər döyüşçülərdən asılı olmayan səbəblərdən baş verdi. Əvvəlki birliyimiz olsaydı, döyüşən qüvvələr arasına nifaq salınmasaydı, Ağdamı müdafiə etmək olardı. 1993-cü ilin may-iyun aylarında rayon ətrafındakı yüksəklik və kəndlərin işğal edilməsi Ağdamı çox çətin vəziyyətdə qoydu. Sonra da baş nazir Surət Hüseynov və digərlərinin hərəkətlərinin sakinlər arasında çaşqınlıq yaratmasının şahidiyəm. S.Hüseynovun tabeliyində olan 709 saylı hərbi hissə Şelli, Şıxbabalı və s. kəndlərdəki mövqelərin qorunmasını öz üzərinə götürdü və yerli batalyonları bir növ kənarlaşdıraraq qarşıdurma yaratdı. Sonra da düşmənə ciddi müqavimət göstərmədən mövqeləri tərk etdi. Daha geniş müsahibədə sizə hər şeyi ətraflı çatdıraram. Ancaq faktiki olaraq Ağdamı 709 saylı hərbi hissə işğala məruz qoydu. Özümə gəldikdə, bildiyiniz kimi Papravənd ətrafında yaratdığımız batalyonun komandiri olmuşam. Lakin 1992-ci ilin noyabrında komandirlikdən kənarlaşdırılmışam. Buna baxmayaraq, son günədək daim döyüşçülərlə əlaqə saxlamış, batalyona, eləcə də Ağdamdakı digər qüvvələrə əlimdən gələn maddi və mənəvi köməyi əsirgəməmişəm...

O günlər Ağdam rayonunun fövqəladə komendantı olmuş Camal Əhmədov:

Müdafiə naziri Səfər Əbiyevin 13 iyul 1993-cü il tarixli 0222 saylı əmri ilə Ağdam Qarnizonu Hərbi Polis Şöbəsinə rəis təyin edilməyim barədə mənə məlumat verildi və nazirliyə gəlməyimi əmr etdilər. Həmin vaxt bir an olsa belə Ağdamdan kənara çıxmağımın qeyri-mümkün olduğunu bildirdim. Çünki Ağdam işğal ərəfəsində idi. Dörd istiqamətdən hücum edən düşmənə müqavimət göstərmək üçün canlı qüvvə və hərbi texnika azlıq edirdi. 708 saylı briqada komandiri Talib Məmmədovun sərəncamında olan qüvvə ilə düşmənə müqavimət göstərmək və Ağdamı xilas etmək mümkün deyildi. AXC-Surət Hüseynov qarşıdurmasından məharətlə istifadə edən düşmən Ağdamı üzük qaşı kimi mühasirəyə alaraq irəliləyirdi. Surət Hüseynovun qorxusundan qaçıb aradan çıxan bəzi cəbhəçilərdən fərqli olaraq o vaxtkı icra başçısı Nadir İsmayılov Ağdamın müdafiəsində dayanaraq öz vəzifə borcunu yerinə yetirirdi. O, Ali Sovetin sədr müavini Tamerlan Qarayevdən kömək istədi. “General Ərşad” ləqəbli şəhid batalyon komandiri Ərşad Nadirovla mən N.İsmayılovdan icazə alaraq Surət Hüseynovdan hərbi texnika köməyi almaq üçün Gəncəyə getdik. İrandan gəlmiş qonaqları qəbul edən S.Hüseynov onlarla görüşünü yarımçıq qoyaraq, başqa bir otaqda məni və Ərşadı həmişəki kimi hörmətlə qəbul etdi. O, T.Qarayevə böyük hörməti olduğunu, bu səbəbdən də onun xahişinə əməl edərək, Qazax istiqamətindən “qrad” raket qurğularını çıxarıb Ağdama göndərdiyini, səhərisi isə canlı qüvvə göndərəcəyini bildirdi. Ertəsi gün həqiqətən də Gəncədən 709 saylı hərbi hissə Ağdama göndərildi. Ağdamın cənub və cənub-şərqinin müdafiəsi 708, qərb və cənub-qərb hissəsi isə 709 saylı hərbi hissəyə həvalə edildi.

İyulun 15-də mənə Heydər Əliyevin fərmanı ilə Ağdamda fövqəladə vəziyyət elan olunması, mənim isə fövqəladə komendant təyin edilməyim barədə xəbər çatdırdılar.

N.İsmayılova zəng edərək, onu bu məsələdən xəbərdar etdim. O, yanıma gələcəyini bildirərək, onu gözləməyimi söylədi. Ancaq qaranlıq düşənə qədər gözləsəm də, gəlib çıxmadı. Sonra polis şöbəsinə getdim. Rəis Fərmayıl Bəbirovun kabinetindəki söhbətdən bəlli oldu ki, bir qrup naməlum silahlı N.İsmayılovun kabinetinə daxil olaraq Elçibəyin şəklini avtomat atəşinə tutmuş, N.İsmayılovu istefa ərizəsi yazmağa məcbur etmiş, ancaq qarşıdurma yaranmasın deyə bu barədə heç kimə məlumat verməyən və istefa ərizəsi yazmayan başçı Ağdamı tərk edərək, Bakıya getmiş, naməlum silahlılar isə onun yerinə Qasım Kərimovu - "Karyer Qasım"ı "təyin" etmişlər. Mən Ərşadın zarafat etdiyini soruşduqda Qasım Kərimov özü kabinetə daxil oldu və hamımızla bir-bir görüşdükdən sonra keçib rəisin kreslosunda əyləşdi.

Sonrakı günlər ermənilər Xıdırlı, Çuxurməhlə, Şelli, Şıxbabalı və s. istiqamətlərdən güclü hücuma keçərək Ağdam şəhərinə girməyə can atır, şəhərin özünü isə intensiv atəşə tuturdular. Vəzifəyə təyin edilməyimə baxmayaraq, rəsmi qaydada sərəncamıma hətta bir nəfər belə əsgər va ya zabit verilməmişdi. Bəzi əsgərlərimiz təşvişə düşərək kütləvi halda silah-sursatlarını ataraq pərakəndə halda döyüş meydanını tərk edərək geriyə qaçırdılar. Qaçanların qarşısına çıxır, onların mənə olan hörmətlərinə arxayın olaraq bəzən təbliğat-təşviqat, bəzən də adi bir tapança gücünə nəinki əsgərləri, hətta tank və BMP-lərimizi belə döyüşə qaytarırdım...

İyulun 20-də MN-dən sənədləşmə ilə bağlı Bakıya gəlməyimi əmr etdilər. Üç sutka Bakıda qalmağa məcbur oldum. Nəhayət, 23-ü səhər 9-da nazirlikdən sənədləri götürüb Ağdama yola düşdüm və təxminən gündüz saat 15-16 radələrində Uzundərəyə çatdım. Maşın qəflətən arxadan atəşə tutuldu. Atəş açanın batalyon komandiri əslən Laçından olan Çingiz Abbasov olduğunu bildim. Surəti azaldıb cəld geriyə döndüm və maşını onun üzərinə sürdüm. Çingiz sıçrayıb, üzüm bağına girdi və oturub ağladı. O, bizdən cəmi 700-800 m aralıda olan Uzundərə dəmiryolu körpüsünün arxasında erməni BMP-si və çoxsaylı erməni əsgəri olduğunu, Ağdamın, Qiyaslının, Ətyeməzlinin və hətta Kəngərlinin də ermənilər tərəfindən işğal olunduğunu bildirdi. Başa düşdüm ki, Çingiz məni öldürmək üçün yox - girov düşməkdən xilas etmək üçün saxladıb. Çingizin durbini ilə Kəngərliyə baxdım; həqiqətən də ermənilər kəndə od vurub, qarət edirdilər. Körpünün arxasında isə üzərində xaç işarəsi və erməni əlifbası ilə yazılar olan “BMP” var idi. Beləliklə, Göytəpə kəndinə qayıdıb orada toplaşmış əsgərlərimizlə müdafiə mövqeləri qurmağa başladıq...

Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asifin) komandiri olduğu taborun komandir müavini olmuş Elxan Məmmədov:

 

“Bizim batalyon iyulun 22-dək Şelli ətrafındakı mövqelərdə dayanırdı. Ermənilər dəfələrlə bizə hücum etsələr də, cəsarətli əsgərlərimizin son damla qanınadək döyüşməsi nəticəsində bu hücumların qarşısı alınırdı. Əslində əsl qəhrəmanlar biz yox, o əsgərlər idi. Onlar haqqında saatlarla danışmaq olar: Əkrəm, Cavad və s. adlarını unutduğum şəhid və qazilər... Yeddixırman yüksəkliyinin geri alınmasında xeyli itkimiz oldu. Batalyonun qərargah rəisi Rahim Əliyevin, rota komandiri Ədalət Məhərrəmovun döyüşlərin təşkilində və aparılmasında böyük xidmətləri olmuşdu. Digər zabitlərdən Mübariz Ağayev, Mübariz Paşayev, Mitəd Əsədov və s. kifayət qədər fəallıq göstərirdilər. Bütün cəhdlərimizə rəğmən iyulun 22-dəki hücum daha güclü və genişmiqyaslı oldu. Bizim gücümüz isə tükənmişdi. Odur ki, geri çəkiləsi olduq. 22-si gecə artıq Muradbəylidəki qərargahımız ətrafında əlbəyaxa döyüşlər gedirdi. O vaxt televiziya da xəbər vermişdi ki, Fred Asifin taboru Ağdamda qanlı küçə döyüşləri aparır. 23-ü şəhəri tərk etməli olduq. Sarıcalıda dəmiryolunun yanında bizim tanklarımızdan biri aşıb, kanala düşmüşdü. Tanınmaz hala düşmüş meyitləri atəş altında böyük çətinliklə çıxara bildik. Dinc əhalidən də xeyli öldürülən var idi. Bu, çox dəhşətli gün idi. Xındırıstana gələrək orada yerləşdikdən sonra şəxsi heyəti nəzərdən keçirəndə məlum oldu ki, qərargah rəisi Rahim Əliyev yoxdur. Bir də xəbər gəldi ki, o, Ağdamdan çıxmağı qəbul etməyərək 5-10 nəfər əsgərlə şəhərə girmək üçün geri qayıdıb... Sonra onu çətinliklə tapıb geri qaytardıq. Qeyd edim ki, öldürdüyümüz düşmən meyitləri arasında ermənilərdən savayı rus zabitlərinə də rast gəlinirdi. Bu da təsdiqləyirdi ki, ermənilər yalnız Rusiyanın zabit heyəti və hərbi texnikasının gücü ilə bizi Ağdamdan çıxara biliblər...

Fred Asifin komandiri olduğu taborun tağım komandiri Ədalət Məhərrəmov:

“Ağdamın süqutuna aparan yol 1992-ci ilin sentyabrında Gülablının alınması ilə başlandı. 1992-ci ilin dekabrında könüllü dəstələrin ləğvi məsələsi də bütün bölgələr kimi Ağdamdakı proseslərə də əks-təsirini göstərdi. Hərbi hissələrdə, o cümlədən, bizim batalyonda da döyüşçü çatışmazlığı yarandı. Erməni-rus birləşmələrinin ən irimiqyaslı hücumları isə 1993-cü il mayın 28-dən başladı. Düşmənlər ratsiya ilə “Bayramınızı təbrik edirik” deyə-deyə top, Qrad və tanklardan şəhər ətrafındakı bütün əsas yüksəkliklərə mərmilər yağdırdılar. Həmin günədək əvvəl bizim əldə etdiyimiz heç bir yüksəklik geri alınmamışdı. Ermənilər yalnız Naxçıvanikə və Gülablının bir hissəsinə qismən nəzarət edirdilər. İyunun 2-də guya Murov yüksəkliyindəki qüvvələrimizə kömək məqsədilə batalyondan 60 nəfər MN-in əmri ilə aparıldı. İyunun 4-də Gəncədə qiyam başlayanda ermənilər artıq Şelli kəndinə aramsız hücumlara başladılar. Həmin gün Ağdamın özünə 100-dən çox mərmi düşmüşdü. Elə o vaxtlar xəbər aldıq ki, batalyonumuzun döyüşçüləri də Gəncədəki olaylarda iştirak edirlər. Həmin vaxt ağır xəstə olan, tez-tez Bakıdakı müalicəsini yarımçıq qoyub, Ağdama gələn komandir Fred Asif tapşırıq verdi ki, gedin, bunu aydınlaşdırın. İyunun 6-7-də komandir müavini Elxan Məmmədovla birgə Gəncəyə yollandıq. Bizim döyüşçüləri Gəncənin girişində tapdıq. Məlum oldu ki, onları Surət Hüseynov tərəfdarlarına qarşı hücuma hazırlayırlar. Əvvəldən Fred Asif qərar vermişdi ki, biz heç bir siyasi oyunlara qarışmayacağıq. Ona görə də oradakı əsgərlərimizi böyük çətinliklə də olsa, Ağdama qaytarıb gətirdik. Gəncədən bir az bəridə bizi Surət Hüseynovun adamları saxlatdı. Gözümü bağlayıb Gəncədəki restoranlardan birinə- Surətin “Zobik” ləqəbli adamının yanına aparıb sorğu-sual etdikdən sonra buraxdılar. Oradakı zabitlərdən biri - 123-cü alayın sabiq komandiri Nazim Bayramov da bizi müdafiə edərək, tez buraxılmağımıza səbəb oldu. Ağdama gəldikdən sonra komandir MN-lə əlaqə saxlayıb, düşmənlə üzbəüz mövqelərdə döyüşçü, silah-sursat çatışmadığı bir şəraitdə batalyonu daxili siyasi oyunlara, qardaş qırğınına qatmamağı tələb etdi.

Mövqelərimiz əsasən Şelli ilə Mantar dağının arasında Naxçıvanikin yaxınlığına qədər idi. O zaman polkovnik olan təcrübəli generalımız Talıb Məmmədovun komandirliyi ilə 708-ci briqada da Ağdam da idi. Lakin Surət Hüseynova tabe olan 709-cu briqada da gələndən sonra pərakəndəlik yarandı. İyulun təxminən 18-19-da bizim batalyon “OMON”la birlikdə Yeddixırman yüksəkliyini xeyli itki bahasına geri aldıq. Ehtiyat qüvvəyə ehtiyacımız getdikcə artırdı, ancaq kömək gəlmirdi...

İyulun 18-də artıq biz Şellinin qəbiristanlığı uğrunda döyüşürdük. Xıdırlını, Saybalını aldıqlarına görə Şelli mühasirəyə düşməkdə idi. Əhmədavardan Sərdar həkimin qardaşı Hilal bütün kəndin camaatını səfərbər etdi. Biz də onları silahla və 20-30 əsgərlə təmin etdik.

Surət Hüseynovun tabeliyində olanlar arasında da yaxşı döyüşənlər var idi. Təəssüf ki, təxribat yaradanlar da xeyli idi. Ağdamın Ticarət İdarəsinin anbarlarını onlar dağıtmışdı. Bəzən kəndlərə girib evləri də talan edirdilər. Bəlkə də onların arasında Rusiya hərbi əks–kəşfiyyatının adamları da var idi: bir ara sanki qəsdən bakılı-gəncəli, gəncəli-ağdamlı davası salmağa çalışdılar...

İyulun əvvəlində silah-sursat tamam azalmışdı. Fred Asifin Bakıdan 10 “KAMaz” silah-sursat gətirtməsinin hesabına Ağdamın işğalını bəlkə də 10 gün ləngidə bildik. İyulun 20-də MTN-nin Ağdam şöbəsinin sədrinə dedim ki, Bakıya xəbər verin, kömək gəlsin. Elə həmin gün MTN rayon şöbəsinin rəis müavini Nadir Əliyev döyüşə girmiş və Qiyaslı yaxınlığında şəhid olmuşdu. İyulun 21-i səhər saat 5-də biz Üzərlik təpə yüksəkliyində idik. Artıq ermənilər şəhərə soxulmağa cəhd edirdilər. 21-dən 22-ə keçən gecə bir rus podpolkovniki tutub Talıb Məmmədova təhvil verdik. 22-si gecə Asiflə Talıb Məmmədov görüşüb məsləhət etdilər ki, artıq əsgərləri burada qeyri-bərabər döyüşdə qırğına verməyin mənası yoxdur. Şəhəri müvəqqəti tərk etmək lazımdır. 23-ü səhər tezdən Talıb Məmmədovu 50 saylı məktəbin qarşısında gördüm. Yorğunluqdan oturacaqda mürgüləyirdi. Dedim ki, komandir, artıq Muradbəylidə hərbi hissənin binasında qumbara davası, əlbəyaxa döyüş başlayıb... Gündüz saat 11-də biz hərbi hissəni Xındırıstana köçürməyə məcbur olduq. Mənimlə bərabər 10-15 nəfər (qərargah rəisi Rahim Əliyev, Cabir Musayev, Namiq Məmmədov və s.) qaldıq ki, sakinlərin mümkün qədər itkisiz çıxmasını təmin edək. Erməni tankları İmarətdə dayanıb, şəhərin qalan yerlərini atəşə tuturdu. Füzuli küçəsində iki tankla üz-üzə döyüşdən zorla qurtulduq. Axşam saat 6-7 radələrində aralarında xeyli rusun da olduğu ermənilər “avtobaza”da yeyib-içirdilər. Oradan biz Qarabağ kanalı ilə çıxdıq Kəngərli yoluna və Ağdamla vidalaşdıq... O günlər Asifin təşəbbüsü ilə biz Ağdamdakı əksər komandirlərin şəhər ətrafında yaranmış vəziyyət barədə danışdıqlarını, 709-cu h/h-nin döyüşçülərinin “Raypo”nu (ticarət idarəsini) dağıtmasını və s. tarix üçün videolentə yazıb saxlamışdıq. Sonra rəhmətlik Asif həmin kasetləri, səhv etmirəmsə, Prezident Aparatına vermişdi. Ancaq Talıb Məmmədovun video müsahibəsinin kaseti məndə qalıb...

Keçmiş 123-cü briqadanın komandiri, Ağdamda 709 saylı briqadanın tərkibində döyüşmüş Nazim Bayramov:

“1993-cü iyulun əvvəlində öz təşəbbüsümlə Ağdama köməyə getdim. Hələ mən Gəncədə olarkən 1993-cü ilin iyun ayı ərzində rəhmətlik Fred Asifin qardaşı Ədalətin və başqa Ağdam komandirlərinin xahişi ilə S.Hüseynova deyirdim, təyyarələri qaldırıb erməni mövqelərini vurdururdu. İyulun 4-ü Gəncə hadisələrində tərkibində olduğum 709 saylı briqada da müdafiə nazirinin əmri ilə Ağdama 708-ci briqadanın komandiri Talıb Məmmədovun sərəncamına göndərildi. T.Məmmədov dərhal düşmən üzərinə əks-hücuma keçməyi əmr etdi. İyulun 5-i Xıdırlı nəzarətimizə qaytarıldı və bununla ermənilərin Yeddixırmandan Ağdama yolu kəsildi. Xıdırlını tutanda ruhi xəstəxanada 18 xəstənin öldürülüb- yandırılmış meyitlərini gördüm. İyulun 5-7-də əks-hücumlarımız nəticəsində Qızıl Kəngərli, Maqsudlu, Muğanlı, Şıxbabalı, Saybalı, Bağbanlar, Novruzlu və Mərzili kəndlərini nəzarətimizə qaytardıq. Böyük itkilər vermiş düşmən geri oturduldu. Mən 709-un 1-ci batalyonu ilə Şıxbabalı, Muğanlı və Saybalıya hücumda iştirak etmişdim. Çox şiddətli döyüşlər getdi. Düşməni ən böyük itkilərə Şıxbabalını azad edəndə məruz qoyduq. Burada Dostəli Hacıyevin 1-ci batalyonu ilə rəhmətlik Cabir Hüseynovun (Qurd Cabir) 30 nəfərlik yerli özünümüdafiə dəstəsi hücuma keçmişdi. Əvvəlcə Cabir öz qara “QAZ-24” ilə Şıxbabalı yolu boyunca hərəkət etdi ki, ermənilər ona atəş açsınlar və biz onların əsas atəş nöqtələrini müəyyən edək. Cabir əsl qəhrəmanlıq göstərdi. Atəş altında maşını o yana, bu yana yolla sürürdü. Atəş nöqtələri aşkar olundu və artilleriyanın həmin nöqtələrə atəş açmasıyla demək olar ki, eyni zamanda, Şıxbabalıya iki tərəfdən hücuma keçdik. Şıxbabalıdan qaçan ermənilərin Qozlu meşəsində tam cəmləşdiyini görəndən sonra artilleriya dərhal və çox sərrast atəşlə 30 dəqiqə ərzində meşəni şumladı. Şıxbabalıda şahidi olduğum bir şey də o idi ki, ermənilər kəndi tutandan sonra bütün evləri yandırmışdılar, ancaq Seyyid Lazım Ağanın evinə dəyməmişdilər. Bu döyüşlərdən sonra Ağdamın yerli bölmələrinin 709-cu briqadanın döyüş bacarığına inamları artdı.

İyulun 8-i T.Məmmədovun qərargahında müşavirə keçirildi. Müşavirədə Ağdam MTN şöbəsinin “tutduğu” ermənilərin rabitə danışıqları oxundu. Bir neçə erməni batalyon komandiri öz komandirlərinə deyirdi ki, “qüvvəmiz tükənib. Artıq nəinki irəliləyə, mövqelərimizdə dayanmağa qüvvəmiz yoxdur. Əlavə qüvvə göndərməsəniz, dayana bilməyəcəyik”. T.Məmmədov əks-hücumun iyulun 9-da davam etdirilməsi haqda əmr verdi. Lakin iyulun 8-i gecə T.Məmmədov sabah regiona ATƏT-in sədri M. Rafaellinin gəlişi ilə bağlı hücumun dayandırıldığını bildirdi. Məlum oldu ki, sülh danışıqları üçün iyulun 9-dan 10 günlük atəşkəs bağlanıb. Bu atəşkəsdən istifadə edən ermənilər yeni qüvvələrini cəmləşdirib, iyulun 13 və əsasən 16-ı atəşkəsi pozaraq, Ağdamın şimalındakı və cənubundakı mövqelərimizə güclü zərbələr endirməklə hücuma keçdilər. Çoxsaylı itkilərə baxmayaraq, Ağdam müdafiəçiləri mövqelərini saxlaya bildilər. Lakin ətraf yüksəkliklərin, demək olar ki, hamısı artıq düşmənin əlində idi. İyulun 21-i ermənilər yenidən hücuma keçdilər və Şellini, Əhmədavarı, Çuxurməhləni və Xıdırlını tuta bildilər. İki gün şiddətli müqavimətimizdən sonra iyulun 22-i düşmən Muğanlını, Şıxbabalını, Saybalını, Novruzlunu və Bağbanlını da tuta bildi. İyulun 23-ü artıq Qiyaslı və Yusifcanlı işğal olundu və şəhər mühasirəyə alınmaq təhlükəsi ilə üz-üzə qaldı. T.Məmmədov Muradbəylidə müdafiə mövqeyində hələ dayanan bölmələrin ermənilərin Yeddixırmandan düşməsilə mühasirəyə düşəcəklərini nəzərə alaraq, onlara şəhərdən çıxmaq əmrini verdi. İyulun 23-dən 24-ə keçən gecə ermənilər Ağdama daxil oldular...

Sultan Laçın



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019