Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Yeri gələndə pisliyə yaxşılıqla cavab vermək lazımdır”- - Qənbər Şəmşiroğlu
Tarix: 04.09.2014 | Saat: 14:14:00
Bölmə:Köhnə kişilər | çapa göndər

...Sıldırımlı, sərt dağ yamaclarında, meşələrdə, dərə kənarlarında  bitən ağacların   torpaq üstə çıxan  çoxşaxəli köklərinə baxanda  bu möhkəmliyə, bu dəyanətə  heyran qalırsan. İnsanın da beləcə köklər üzərində duruş gətirə bilməsi mümkündür. Lakin  bunu yalnız halal nəsil-kökə, möhkəm imana, əqidəyə malik köhnə kişilər bacarır... Köhnə kişilərin axtarışında Nizaminin vəsf etdiyi  Bərdə mahalından bizə  bələdçilik etməyi boynuna götürmüş, həkimliyi ilə yanaşı, şair-publisit kimi də tanınan Vaqif Bəyləroğlu ilə birgə üzü dağlara  yollandıq. Dağlara yaxınlaşdıqca  uzaqlarda ucalan Şuşa, Kəlbəcər, Laçın zirvələrinin həsrəti ürəyimizə dağ çəkirdi. Amma qəlbimizdə bir təsəlli var idi: o dağların qoynunda, Dədə Ələsgər yurdunda, Dədə Şəmşir  ocağında  böyüyüb  kök salmış bir köhnə kişinin ziyarətinə gedirdik. Bu xalqın soyunu, genini, etnopsixoloji xarakterini, mənliyini özündə   yaşadan və bunu gələcək törəmələrə ötürə bilən kişilər  həm də işğal altındakı dağlarımızın, torpaqlarımızın gec-tez azad ediləcəyinə bir qarantdır. O da maraqlı idi ki,  bizi kəlbəcərli ağsaqqalla görüşə aparan  avtomobilin sükanını Kəlbəcərdən didərgin gənc həkim Əliyə etibar etmişdik...

Bu təsəlliverici düşüncələrlə Hacıkənd yaxınlığında, Kəlbəcərə 80-90 km qalmış bir məkanda – Aşıqlı kəndində təvazökarcasına bizi qarşılayan  81 yaşlı Qənbər Şəmşiroğlu ilə görüşəndə Vaqif həkimin ünvanda yanılmadığını anladım...

Murov, Dəlidağ havasının az da olsa, gəlib çatdığı bu meşəli yamacdakı söhbətimizə elə dağ, yurd həsrəti ilə başladıq...

-Qənbər müəllim,  ulu babanız Miskin Abdal deyir ki:

Qürbət eldə yaşayanın

Bir həftəsi ilə dönər...

Düzdü, bura da Azərbaycandı - Vətəndi... Amma hava xətti ilə cəmi 10-15 km məsafə olsa da, Kəlbəcərə yetişə bilmirsiz.  Belə yerdə  dədə-baba yurdunun həsrətini necə yaşayırsız?

-Bilirsən, oğul,  insan, xüsusilə, pis günlərində yuxu görəndə anadan olduğu yeri görür... Vətən həsrəti nədir? Elə bil ki, tək-tənha  təyyarədəsən, bilmirsən ki, mənzil başına salamat çatacaqsan, ya yox. Qəflətən təyyarə göydən yerə gəlsə, dadına çatan olmayacaq. Bir Allah qalacaq, bir də sən...  Mən  bir dəfə  Klivlend xəstəxanasında müalicə üçün Atlantik okeanı üzərindən Amerikaya uçanda deyirdim ki, ilahi, bu dərya bu təyyarəni udsa, nə olar? Yadıma rəhmətlik  Aşıq Ələsgərin bir beyti düşürdü:

Əjdaha ayaqdan çəkər sərasər,

Çalışar, barmağı bala yetişməz...

“Kəlilə və Diminə” də bir hekayət var: insan quyunun başında durub, yıxılmaq üzrədir. Quyunun dubində isə bir əjdaha ağzını açıb onu  gözləyir ki, udsun. Amma insan bu vəziyyətdə belə, əlini yuxarıdakı  bir budağa uzadıb onun ucundan daman baldan dadmaq istəyir. Bir qara, bir ağ siçan da(yəni, gecə-gündüz) həmin budağı gəmirir... Okeanın üzərindən uçanda qəriblik hissinin nə olduğunu bir daha dərk etdim. Düşünürdüm ki, aşağıdakı dərya Ələsgər deyən əjdahadı, ağzını açıb bizi gözləyir...

Vaqif Bəyləroğlu Qənbər müəllimin tez-tez söylədiyi  bu bayatını yada salır:

Qərubəm, vətənim yox,

Yanımdan ötənim yox,

Düşdüm qəm dəryasına-

Qolumdan tutanım yox...

Qənbər müəllim dağlara tərəf bir ah çəkib söhbətinə davam edir:

-İndi bəzi adamlar deyir ki... Əslində bunu erməni deyir e, adam demir: əşşi, harda günüm xoş keçirsə, ora da vətəndir. Bunu azərbaycanlı, türk demir axı. Azərbaycanlı üçün Vətən məhfumu, vətən həsrəti tamam başqa şeydi...

Dədə Şəmşir yaxşı deyir:

Qərib yol gözləyər, günün sanıyar,

Qəribi rəngindən  görən tanıyar...

Haşiyə:

Bilməyənlərə xatırladaq ki, Aşıq Şəmşir nəslinin çox qədim və dərin kökləri var.   Qənbər müəllimin ulu babası  Miskin Abdal Şah İsmayıl Xətayinin müridlərindən olub. Həm ata, həm ana tərəfdən peyğəmbər nəslindəndir.  Anasının- Dədə Şəmşirin ömür-gün yoldaşının Tərtərdəki məzarının üstündə yazılıb: “Güllü Seyid Həsən qızı”.

-Bəlkə köhnə kişilərin Vətənə, yurda bağlılığında həm də onların şeirə, sənətə, saza-sözə sevgisi də dayanır...

- Çox düzdü, qardaş balası.  İnsan lap savadsız olsa da, onda bir şeir, sənət duyumu olmalıdır.Əgər şəxsiyyət şeiri, sənəti dərk etmirsə, ondan şəxsiyyət olmaz.

 Vaqif Bəyləroğlu:

-Səməd Vurğun bir dəfə Osman Sarıvəlliyə deyib ki,  ayə, Osman,  mən şeiriyyəti duymayanın, bilməyənin adamlığına da şübhə edirəm...

Qənbər Şəmşiroğlu:

-1956, yaxud 1957-ci il  olardı,  Kəlbəcər mədəniyyət evində   aşıqların konserti idi. Rayonun o  vaxtkı I katibi Lətif Əsgərov da orada idi. Dədəmlə mən qabaqda  yanaşı oturmuşduq. Konsertin şirin yerində gözlənilmədən I katib, onun ardınca da xeyli adam çıxdı. Dədəm dedi ki, ay Qənbər müəllim( həm ata-bala, həm də dost olduğumuz üçün rəhmətlik həmişə mənə müəllim deyərdi), yadında saxla, bu Lətif Əsgərov heç nədi, beləsindən katib, rayon başçısı olmaz. O düşünmür ki, rayonun başçısıyam, mən çıxıb gedəndən sonra bu konsertə kim dəyər verər. Heç bir il çəkmədi,  Kəfli kəndində  Teyyub adlı bir oğlanın arvadına söydüyü üçün həmin Lətif Əsgərovu yaxşıca döydülər, biabır oldu...

-Dədə Şəmşir deyir ki:

Məhəbbətə, sədaqətə, ilqara,

Bir çörəyə, bir də duza aşiqəm.

Bir çox dəyərlərimizim aşınmaqda olduğu bu “müasir” adlanan dövrandan Aşıq Şəmşir dövrünə baxanda nələr dəyişib,  nələri əxz etməliyik keçmişimizdən?

-Düzdü, əzizim,  bu gün çox şeylər dəyişib, çox dəyərlərimiz ucuzlaşıb.  Həmin köhnə kişilər yoxdu, insanların biri-birinə etibarı, inamı azalıb. Amma bilin ki, dünya yaxşılardan xali deyil. Yaxşı kişilərimiz, oğullarımız da var, yaxşı qadınlarımız da var.  Yaxşı adamlar, yaxşı kişilər də qardaşın qardaşla, qonşunun qonşuyla, tayfanın tayfa ilə, şəhərin şəhərlə və s. münasibətlərini tənzimləyirlər. Belə adamlar olmasa, dünya dağılar. Dost-dosta, qohum-qohuma güzəştə getməyi bacarmalıdır. Övladın da bir xata edibsə, sən onu araşdırıb sonra qərar verməlisən. Eləcə də həyat yoldaşına, dostuna, qohumuna, qonşuna münasibətdə güzəştə getməyi, bağışlamağı bacarmalısan. Bunu bacarmasaq, bizdən  nə yaxşı ata-ana olar, nə də yaxşı dost, qardaş... Aradakı problemlərə qalsa, gərək onda tüfəng götürüb bir-birimizi qıraq... Düzdü, bəzi  nadan insanların qəlbi möhürlü olduğundan yaxşılıq anlamır. Bu,  indi olduğu kimi, bütün dövrlərdə də olub. Dədə Şəmşir boş yerə demirdi:

Nanəcibi özüm başa çəkmişəm,

İkiəlli başıma döyməyim gəlir...

Amma yeri gələndə, bizim Quranımızda da yazılıb, Peyğəmbərimiz(s) də buyurub, pisliyə yaxşılıqla cavab vermək lazımdı...Köhnə kişilər belə edərdi; ona  pislik edənə yaxşılıqla cavab verərdi...

-Heç həyatınızda  belə məqamların şahidi olmusuz?

-Bəli, olubdu, qardaş balası. Şəmşir baba  yaxşı deyirdi:

Namərd sənin qulluğunda qul olar

Öz işi düzəlib bitənə kimi,

İrişə-irişə gülər üzünə-

Əli bir tərəfə yetənə kimi.

Bu dünya belədi da, ay oğul. O qədər insanlar var ki, sənin vasutənlə bir iş düzəldənə kimi quyruq bulayır, yalvarır,  yalan danışır, yüz dona girir.  Başıma çox olaylar gəlib, hər cür insan çıxıb qarşıma. Mənə qarşı pislik, namərdlik ediblər. Amma inanırsız, elə adam olub, heç mənim bir dəqiqə nəfəs almağımı istəməyib, ayağımın altını qazıb, mən yenə də ona yaxşılıq etmişəm...

Vaqif Bəyləroğlu:

-Hə, Qənbər müəllim özü haqqında danışmağı xoşlamır. Amma cavanların ibrət götürməsi üçün bəzən danışmaq lazımdı. Bircə faktı deyirəm ki, bu kişi Kəlbəcərdən köçkün düşəndə fermer təsərrüfatı yaradıb 8 didərgin ailəsini  himayəsinə götürüb. O, həm də ona pislik edənə də xeyirxahlıq edir. Bunu hər kişi bacarmır. Qənbər müəllimin cəza  üsulu da yaxşılıqladır...

-Vaqif    düz deyir. Qoy cavanların ibrət götürməsi üçün birini danışacam. Sovet dövrüdü, Kəlbəcərdə rayon İcraiyyə Komitəsınin sədriyəm, o vaxt “ispalkom” deyirdilər. Dəqiq məlumat almışam ki,  aşağı vəzifədə olan bir nəfər  yerimə keçmək üçün I katibə 70 min manat təklif edib və 70 mini alıb qoyub cibinə.  Təzə “ispalkom” seçkisi oldu, mən yenə seçildim. Bundan  6-7 ay keçmişdi, həmin adam gəldi yanıma. Dedi ki, ay Qənbər müəllim, bəs mən bir xataya düşmüşəm. Heç ağlıma gəlmədi ki, o, həmin məsələdən ötrü gələr. Dedim, yəqin başqa iş gəlib başına. Dedi ki, Qənbər müəllim, day mən üzümə üz tutub deyirəm sizə. Kişiliyim şatsa, deməməliydim. Amma səndən başqa da güman yerim yoxdu. I katib mənə söz vermişdi ki, Qənbər müəllim öz ərizəsi ilə işdən çıxacaq,  ayrı müştəri də çoxdu, səni “ispalkom” qoyuram, get, 70 min pul gətir. Mən də ağılsızlıq etdim, verdim. İndi də iş alınmadı,  köpəkoğlu pulumu da qaytarmır...

Yalvardı ki, ay Qənbər müəllim, üzüm qara olsun, bir qələtdi, eləmişəm, mənə kömək elə. Dedim, get, katib boynuna alsa, 70 minini inanmıram qaytara, azı, 50 minini qaytaracam. O da cavab verdi ki, 50 mini alsan, 25 mini sənindi. Dedim, yox, elə şey olacaqsa, mən o adama heç nə deməyəcəm. Xülasə, o katiblə üzbəüz danışıb  50 min manatını   qaytartdım  o adamın...

-Qənbər müəllim, indi müəllimlər 4-5 il pedaqoji təhsil alır, pedaqoqikanı, metodikanı öyrənir. Amma o köhnə kişilərin çoxunun savadı yox idi, elə övladlar tərbiyə edirdilər ki, ədəb-ərkanı dillər əzbəri olurdu...  Onların həm elmi, var idi həm də helmi...Bəlkə bir ata kimi Dədə Şəmşirin tərbiyə helmindən də danışaq?

-Oğul, ailəmiz böyük olub: 5 bacı, 5 qardaş. Üçüncü sinifdə oxuyanda dədəm bizi sıraya düzüb  namaz öyrədərdi.  Namaz üstə oxunan duaları öyrədərdi. Məsələn: Ya Rəbbi, sənin qüdrəti-cəlalına and verirəm, bizləri öz rəhmətindən uzaq eləmə, bizi  ata-ana, qardaş-bacı, ailə, dost-tanışın yanında xəcil eləmə. Sual verirdik ki, ay ata, biz hələ uşağıq, ailəmiz yoxdu axı. Deyirdi ki, ay bala, sizə  nə deyirəm, onu öyrənin, təkrar edin... Kişi gələcəyimizi düşünürmüş...

Və yaxud deyirdik ki, ya Rəbbi, bizi indiki və gələcək günahlarımıza görə bağışla, günahlardan Sənin qüdrətinə sığınırıq. Yəni, gələcək üçün zəmanət istəyirdik...

Bizi həm də saz tərbiyə edib, oğul. Evimizə tez-tez aşıqlar gəlir, uzun qış gecələrində dastanlar oxuyur, biz də yükün üstündə qulaq asa-asa yuxuya gedirdik. Bir də ayılırdıq ki, anam bizi götürüb yerimizə qoyub...

Bu yerdə  Qənbər müəllimin məsləhəti ilə  söhbətimizi  üzü Kəlbəcərə Çaykənd-Toğana yolunda davam etdiririk. Kəlbəcərin müdafiəsi, işğalı...Qənbər müəllim ömrünə yara vuran o illərdən danışır. Murovdağ döyüşlərində şəhid olmuş igdilərimizə qoyulmuş abidəyə baş çəkir, sonra da  Toğana kəndində Kəlbəcərə 80 km qaldığı qeyd edilən yol göstəricisinin yanınadək gedirik... Vaqif həkim qeyd edir ki, bu göstərici Qənbər müəllimin təşəbbüsü ilə qoyulub... Kəlbəcərə gedə bilməməyin ağrısı ilə geri dönürük...  Söhbətimiz Aşıqlıda – Qənbər müəllimin təşkil etdiyi  günorta süfrəsi  ətrafında daha da şirinləşir... Deyəsən, saz  aşığı da olacaq...

- Qənbər müəllim, köhnə kişilərin dostluğu da möhkəm olurdu...

-O gün övladlarım yığışmışdı başıma. Dostluqdan söhbət düşdü. Dedim, bala, yaxşı dostlarım çoxdu və  olub, amma iki kişini əsl dost kimi tanımışam. Biri Sadıq əmim olub, digəri isə qaraçanlı Dəli Şükür... 1972-ci ilin iyun ayında Kəlbəcərdə raykomun II katibi işləyirdim. Bizi  Bakıya iki həftəlik kursa çağırmışdılar. Kursu bitirib qatarla qayıdıb Yevlaxda düşəndə məlum oldu ki, bir dələduz sürücümü aldadıb “Qaz-69”-u qaçırdıb.  O, məni qarşılayıb Kəlbəcərə aparmalı idi. Nə isə,  gəldim Kəlbəcərə. Hamıya xəbər yayıldı ki,  bəs Qənbər müəllim maşını itirib. Gecə bir də gördüm Şükür kişi bir at yükü  gəbə ilə  gəlib.  Cibindən bir balaca qara torba çıxartdı ki, bu da qızıldı, bəs eşitmişəm, maşını itirmisən, o maşın neçəyə olar, get ondan birini al, səni işdən çıxardarlar. And-aman etdim ki, a kişi, çox sağ ol, məni heç vaxt maşına  görə çıxarmazlar. Qaytar, apar bunları da, lazım olsa, deyərəm, gətirərsən...

Səhər tezdən də  gördüm, rəhmətlik Sadiq kişi bir quzu gətirib ki, Qənbər, eşitdim, maşını oğurlatmısan, birdən kefini pozarsan, mənim də 30 malım var, 30 mal bir maşın eləməz? Satıb alarıq. Xülasə, sözüm ondadır ki, bu kişilər dar günümdə dadıma çatdıqlarına görə onları əsl dost hesab edirəm...

-İnsanlarla münasibət, davranış qaydaları barədə  nə deyirdi  dədələrimiz?

- Dədə Şəmşir deyirdi ki, ay bala, heç kəsə xəyanət etməyin. Oğruya nəhlət, əyriyə nəhlət, böhtana nəhlət... Heç kəsin yanında yalan danışmayın. Yalançıdan Allahın zəhləsi gedir.  Heç kəsə söyməyin, qarğış etməyin.  Soruşurdum ki, ay dədə, bəs biri bizi söyürsə, ona cavab verməyək. Deyirdi ki, ay oğul,  sadəcə, deyin ki, səni tapşırıram Allaha. Allah baxır göydən, görür ki, sən haqlısan. Haqsızın cəzasını O, özü verəcək.  Allah sənə qarğış edənin qarğışının zərbəsini də özünə vurur.  Birindən vəzifəcə, varca üstün olsan, onu söymə. Çünki o sənə cavab qaytarmasa da, ürəyində sənə nifrət yaranacq və Allah o nifrini sənə qaytaracaq. Heç vaxt kasıbı, dilənçini, şikəsti təhqir etməyin...

Bu məaqamda hərdən telekanallarda da görünən Kəlbəcərli aşıq Əli  süfrəmizə təşrif buyurub  Dədə Şəmşirin qoşma və gəraylılarından, hekayətlərindən oxuyur. Qənbər müəllimin də təbiət, Vətən, məhəbbətlə bağlı bir neçə şeirini söyləyir... Bu saz aləminə daldıqdan sonra daha böyük bir həvəslə köhnə kişilər haqqında söhbətmizə qayıdırıq...

-O kişilərin ən gözəl tərbiyə üsulu həm də  hər bir işdə özlərinin  nümunə olması idi. Elə deyilmi?

- Elədi... Bir axşam  bir də gördük ki, dədəm paltosuz gəlir. Anam soruşdu ki, a kişi, palton hanı. Dedi ki, gördüm Nəcəf kişi mal-qara otarır, soyuqdan titrəyir, əyni yalındı, verdim ona... Müharibə vaxtı bir kişi müharibəyə gedib qayıtmamışdı, 7 uşağı qalmışdı yetim... Dədəm gedir kəndin ortasındakı meydanda oturur, camaata elan verdirir ki, bəs hərə Aşıq Şəmşirə bir qab taxıl gətirsin. Bir böyük kisə taxıl toplayıb verir o atasız uşaqlara...

Oğul, biz oğullar  atalarımızı belə görmüşük və onların yolunu davam etdirməyə çalışırıq. Bizim oğullar da öz növbəsində bu yolun yolçusu olmalıdır...

Dədə Şəmşir ocağının qorçusu Qənbər Şəmşiroğlunun şirin söhbətlərindən doymaq olmur. 22-ci kitabı çapa hazırlanan  bu köhnə kişi ilə, inşallah,  Kəlbəcərin işğalı,  ədəbi yaradııclığı və s. barədə hələ çox söhbətlərimiz olacaq. Hələlik isə Qənbər müəllimin süfrə başında Vaqif Bəyləroğlunun ürəkdən yada salıb söylədiyi “Nigaranam” şerindən iki bəndlə bu dəfəki söhbətimizi yekunlaşdırırıq:

Haqsızlıq hər yanı alıb

Haqq susaraq lövbər salıb.

Ümid bir Allaha qalıb-

Dünyam, səndən nigaranam.

***

Didərgin düşüb elim də,  

Kövrək bayatı dilimdə,
Məqbərən düşmən əlində-

Dədəm, səndən nigaranam...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018