Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağaxan Salmanovun səhnə yüksəlişi – İradə İsaq yazır
Tarix: 03.11.2014 | Saat: 20:00:00
Bölmə:Məşhurların Taleyi | çapa göndər

“Ailəm rollarıma baxıb fəxr edir, cibimə baxıb peşman olur”

Çoxunun xatirindədir yəqin “Mani, mani, feliçita” səhnəciyi. “Səhər görüşləri” proqramının bu 10 dəqiqəlik parçasını bir gün içərisində bütün ölkəyə sevdirən 3 böyük aktyor oldu. Ofeliya Məmmədzadə, Gülnar Salmanova və Ağaxan Salmanov. Səhnəcikdə xüsusən yadda qalan Ağaxan Salmanov idi. Onun xırda boyu, cılız bədəni içərisindəki böyük talantı tamaşaçı dərhal sezə bilmişdi. Bu istedadın hər hərəkətində “boyundan yuxarı tullanması”, enerjisi, öz sənətinə olan böyük vurğunluğu duyulurdu. Belə insanlar azdır.

Hər adam öz peşəsinin dəlisi olmur. Mən də hələ uşaqlığımdan vurğunu olduğum, öz sənətinə böyük hörmətlə yanaşan qəhrəmanımı soraqladım bu dəfə. Amma çalışdığı Gənc Tamaşaçılar Teatrına yox, çətin olsa da, Yeni Suraxanıdakı evinə yollandıq. İllərin yora bilmədiyi Xalq artisti bizi qapıda qarşıladı. Aktyorun guşəsinə çəkilirik, bu bir çarpayı, iş masası və kompüterdən ibarət otaqdır. Ətrafda hər şey köhnə və qədimidir. Yəqin ki, ömrünün müdrik çağını yaşayan aktyor bu aurada yaşamağını özü istəyir. Mükafatlarını göstərərək “Qızıl Dərviş” mükafatı laureatı olduğumuzu deməyəndə Azərpaşa inciyir, bu respublikadaxili ən böyük mükafatdır ki, mən də almışam və bununla fəxr edirəm. Aktyor olmağımla fəxr edirəm. Kursumuz çox istedadlı uşaqlardan ibarət idi. İndi məşhur olanları da, olmayanları da var. Şahmar Ələkbərov, Yalçın Rzazadə, Səfurə İbrahimova, Həsən Əbluc, Tariyel Qasımov, Sona Babayeva, Zərnişan Fətəliyeva, artıq İncəsənət İnstitutunda illərdir dərs deyən sinif nümayəndəmiz Bayram Hacıyev, Leyla Bədirbəylinin gəlini olan rejissor Elmira Cavanşirova var idi”, - deyir.

Divarda onun donmuş cavanlığı diqqətimizi çəkir. Görəsən ona nələri xatırladır bu şəkil? Bu boy-buxunla o, necə cəsarət edib, aktyor olub? Axı, bu sənətdə xarici görkəmin böyük rolu var?

- Çoxu mənə dedi ki, sən bu sənətdə acından öləcəksən, səndən Hamlet, Vaqif olmayacaq! O boy-buxun səndə yoxdur. Hamıya əks olaraq mən dərnəyə getdim. Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi. Boy-buxunuma baxıb dedi ki, get bir az böyü, sonra gələrsən. Bu uşaq dərnəyi deyil. Çox pərt olduğumu görüb ürəyi yumşaldı. Mənə “Aydın” tamaşasında lakey obrazını verdilər. Lakeyin də bir kəlmə sözü vardı - “Qurban bəy gəlib, səni istəyir”. Növbəti məşq gününə qədər ağladım. Özümü təhqir olunmuş kimi hiss edirdim. İçim burada qaynayır, bunların xəbəri yoxdur, mənə lakey rolu verirlər, daha getməyəcəm. Amma növbəti məşq günü gələndə dözməyib getdim. Gördüm Aydın yoxdur - o fəhlə idi - gəlməmişdi. Dedilər məşqdə Aydını sən əvəz elə, sözlərini oxu. İnanın, bir Aydın oxudum. (Bu yerdə aktyor qəfildən bərk hönkürür, gözlərindən yaş süzülür, gəncliyini bu yaşda xatırlamaq asan deyil - İ.İ.) Rejissor qayıtdı ki, səndə belə daxili aləm olduğunu bilmirdim. Heyf, yaşın balacadır, yoxsa sənə elə Aydın rolunu verərdim. Həmin gün mənə Aydının dostu olan Surxay obrazını həvalə etdi.

İçi qaynayan aktyora ömür boyu ən böyük zərbə onun balaca boyundan gəlib. Məhz buna görə Tofiq Kazımov onunla Həsən Əblucu Azdramaya götürməmişdi. Məhz buna görə onlar Gənc Tamaşaçılar Teatrında işləməli olmuşdu...

- Kazımov Şahmarla Səfurəni apardı. Amma mən bu qüsurumdan həmişə çıxış yolu axtarmışam, qəhrəman rolu veriləndə ayaqqabıma əlavə hündür daban vurdururdum ki, bir az hündür görünüm.

- Komik rollar sizə şöhrət gətirdi. Xüsusən də “Ordan-burdan” teletamaşası sizin böyük aktyor olduğunu sübut etdi. Taleyə inanırsınızmı?
- Taleyə çox inanıram, tamaşada sadəcə olaraq, bəxtim gətirdi. Üç aktyorla məşq elədim. 1986-cı ilin yanvar-fevralında ilk məşqlərə başladıq. İlk Salman bəy də Hamlet Qurbanov idi. O, 5 ay bu rolu məşq elədi. May ayında isə dedi ki, istəmirəm bu rolu, hiss edirəm ki, məndə alınmır. Verdilər Siyavuş Aslana. Onunla dekabra qədər məşq elədik, titr görüntüləri də çəkilmişdi. Xəbər gəldi ki, Siyavuşun qan təzyiqi qalxıb, xəstəxanada yatmalıdır. Tamaşa da yanvarın 1-də efirdə olmalı idi, Yeni il proqramına salınmışdı. Səhər çəkilişə gələndə heç bilmirdik ki, Salman bəy rolunda Cahangir Novruzov olacaq. Cahangir yaş ssenariyə çəkildi, yəni cümlə-cümlə deyib çəkildi o rola. Çox uğurlu alındı. Üç aktyorla da məşq eləmiş biri kimi deyirəm. Bütün tamaşada rejissor Ramiz müəllim qoymurdu ki, mən komediya edim. Bütün aktyorlar komik tamaşa idi deyə komizmlə məşğul idi. Dedi ciddi rol oyna. Rejissor pultunda deyirdi səndə alınmır, gülməli deyil. Dedim sən qoymursan axı. Dedi onda nə istəyirsən elə. Orada məşhur bir söz var - “Mne eto nado?”. Bax o mənim ssenaridə olmayan öz yaradıcılığımın məhsuludur. “Mne eto nado?” bilirsiniz necə yaranıb? Bir dəfə “Azdrama”nın yanı ilə bir ana uşağını danlaya-danlaya çıxırdı, tez-tez də deyirdi ki, “mne eto nado?” Çox xoşum gəldi, tamaşada bu sözdən istifadə elədim. Yaxşı da alındı, yaddaşlarda qaldı.

- Bəs indiki gənc rejissorlara münasibətiniz necədir?
- Mən onları yox, özümü qınayıram ki, görünür, özümü onlara lazımi qədər tanıtmamışam. Onlar da tamaşaya gəlməyiblər ki, məni görsünlər. O vaxt filmdə bir dəfə Mozalana çəkilmişdim, baxdım, öz-özümə dedim ki, ay balam, nə olardı bu cavan oğlanı bir dəfə çəkərdiz də filmə (gülür). Elə yapışıqlı oğlan olmuşam ki. Eybəcərəmsə, eybəcər roluna çək lap. Nə olardı ki, nə günahın sahibiyəm ki, mən? Niyə məni çəkmədiniz? Bu günə qədər heç vaxt gedib rejissora deməmişəm ki, mən sənin əvvəlki çəkdiklərin üçün ölürəm, nə olar bu yeni tamaşanda, filmində mənə də obraz ver də. Günlərlə kinostudiyada qumluqda dayananlar var buna görə.

- Həmişə çalışan, zəhmətkeş aktyor olumusunuz, indi də seriallara çəkilirsiniz. Bugünkü ekran əsərlərindən nə dərəcədə razısınız?
- Son 2 ildə 2 seriala çəkilmişəm. Biri “Tacirlər”, biri də “Cavanlıq”. Rolun hazırlanmasının 3 məşq prosesi var, stolarxası, qurama dekorlar yanında, biri də real səhnədə. Bir də ayrıca aktyorun ev işi var ki, aktyor evdə məşğul olur. İndi mətni elə birbaşa çəkilişdə verirlər, aktyor 10-15 dəqiqəyə rolu əzbərləyir çəkirlər, heç bir məşq filan da yox. Axı, aktyor rolu mənimsəməlidir, onun haqqında düşünməlidir, arxasını-əvvəlini beynində götür-qoy etməlidir. Biz rolu yaşayıb, oynamışıq həmişə. Belə nə keyfiyyət olacaq, anlamıram.

- Bu gün aktyor Gənc Tamaşaçılar Teatrında aktyorsunuz, eyni zamanda, rejissor kimi fəaliyyət göstərirsiniz...
- Məcburiyyətdən rejissor oldum. 20 il ərzində 4 tamaşada rol oynamışam. 10-12 il heç kim mənə rol vermədi. Özüm də gedib deməmişəm ki, mənə tamaşa verin. Gördülər boş gəzirəm, dedilər, Qilman İlkin teatrımıza “Süleyman Peyğəmbər və qarınca” adında bir tamaşa gətirib, amma heç bir rejissor boynuna götürmür, gör sən nəsə edə bilərsən? Oxudum, əsər məni tutdu, dedim mənə etibar eləsəniz mən bunu hazırlayaram. Çox da uğurlu alındı, özüm kimi bütün boş artistləri o tamaşaya yığıb onları da xilas elədim. Həmişə ümidim özümə olub, öz zəhmətimə güvənmişəm. Amma insanların ədalətinə də arxayın olmuşam ki, onlarda vicdan, ədalət yoxdurmu ki, mənim əziyyət çəkdiyimi görməyə? Yenə də inanıram ki, ədalət, vicdan var, bu onların haqsızlıq etməsinə imkan verməz! Mənə heç kəs havayı heç nə verməyib, əziyyətlə qazanmışam. Gec gəlib, amma gəlib. Yalnız öz istedadımın ətəyindən yapışdım, 37 yaşımda, 1978-ci ildə Əməkdar artist, bundan 27 il sonra, 2005-ci ildə Xalq artisti adına layiq görüldüm. Mən uzun illərdən sonra sevdiyim ciddi, dramatik rola 2003-cü ildə qayıtdım. Rejissor Loğman Kərimov mənə dramatik, faciə rolu verdi, Elçinin “Ağ dəvə”sində Balakərim rolunu oynadım. İçimdə çoxdan yığılıb qalan acını çıxardım. Balakərimin atası varlı şəxs olub, amma sovetlər zamanı onu repressiya edirlər, Balakərim ocaqçının yanında yaşayan bomja çevrilir. Amma o, öz xarici görkəmi ilə bu haqsızlıqlara, simasızlığa içində sakitcə üsyan edir. Mən Loğmana bu gün də minnətdaram ki, o, məni bu rolda gördü. Çünki uzun illərdir ki, yalnız komediya və uşaq tamaşalarında oynamışdım. Bu rolun qiymətini isə rəhmətlik əziz jurnalistimiz Mailə Muradxanlı verdi. Dedi ki, “Ağaxan sən o Balakərimi elə oynamısan, inan, ondan başqa heç nə oynamasan, deyəcəklər ki, hə, bu aktyor olub”. Bu, mənim üçün böyük qiymət idi. Loğman sonra mənə bir dənə də yaxşı rol verdi, düzdür, “Dələduz” tamaşası komediya idi, amma biz axırını gətirib faciə elədik. Səməd Mənsurun “Rəngidir” şerini axıra saldıq.

- Xoşbəxt olmaq üçün həyatınızda nə çatmır?
- Yaradıcı emalatxana. O vaxt sənətkarlara 20 kvadrat metr verirdilər, teatra yaxın istəsəm bəlkə böyük çıxar, utopiya olar, heç olmasa hansısa metroya yaxın olsun. Özümə 20 kvadratmetrlik metronun yanında ev istəyirəm, balaca emalatxana kimi, ailəmə yox ha, özümə, çox ehtiyacım var. Yeni Suraxanıdan teatra 3 marşrut dəyişirəm, hələ 11 nömrəni (ayaqlarını göstərir) demirəm. İşə gedəndə 2 saat vaxtımı yola sərf edirəm. Mən İncəsənət Universitetində də dərs deyirəm, basabas avtobusla gedərək, insanların mənə qınayıcı suallarına cavab verirəm, xəcalətdən ölsəm də, orada müzakirə etməyəcəm ki! Yaşım o yaş deyil, çox yoruluram. Hamı yolboyu salam verir, məni tanıyır. Heç Prezident təqaüdü də almıram. Amma kimsədən heç bir şey xahiş etməmişəm, içimdə ummuşam.

- Deyəsən, yoldaşınız aktyor olmağınıza o qədər isti yanaşmır?
- (Gülür) əsas maddi çətinliklərdir, orta səviyyə olmalıdır da. Mən bir ara teatrda işləmirdim, yalnız universitetdə dərs deyirdim. Mən aktyoram 1 kostyumu 3 il geyə bilmərəm ki...

- Demək istəyirsiniz ki, aktyor özündə estetika daşıyır?
- Çox doğru deyirsiz. Bu da xərc istəyir. Tovuzquşu kimi gözəlliyimizə baxıb sevinirik, ayağımıza baxanda pərt oluruq. Ailəm də rollarıma baxıb fəxr edir, cibimə baxıb peşman olur.

- Bu dünyada aktyor olmağa dəyərdimi?
- Adamın Allahı var, dəyər! Mən belə düşünürəm. Bəlkə kimsə deyər o nə sənətdir e. O alqışlar, xoş sözlər, tamaşaçı sevgisi insana qanad verir. Hər dəfə deyirəm, bizim sənətdə əsas maliyyə deyil. Amma acqarına da ruhlanmaq olmur axı. Bir təsəllim tələbələrimdir. Pedaqoji fəaliyyətim 1971-ci ildən başlayır, düz 2010-cu ilə qədər Dram Dərnəyi aparmışam. Son illər isə Timurçin müəllim məni İncəsənət Universitetində “musiqili teatr aktyorluğu”ndan dərs deməyə dəvət etdi. Gələcəyinə ümid bəslədiyim gənclər var. Amma onlar bir az kef əhlidirlər. Bizdə məsuliyyət daha güclü idi, bizim də nadincliklərimiz olub, biz də saqqallı uşaqlar olmamışıq. Mən çalışıram ki, onları da başa düşüm və başa salım.

- Özünüzü necə belə cavan saxlayırsız, 50-dən artıq yaş vermək olmur, axı...
- (Gülür) hə, hamı elə deyir, tələbələrim də 73 yaşım olduğuna inanmır...

İradə İsaq



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018