Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ömrü örnək olanlar
Tarix: 22.06.2011 | Saat: 14:15:00
Bölmə:Sosial | çapa göndər

Birinci dünya müharibəsinin yefreytoru Adolf Hitler Avropadakı asan qələbələrinə şirniklənərək, ən müasir döyüş texnikası ilə təpədən dırnağadək silahlandırılmış çox güclü və döyüşkən təcrübəli ordusunu gizlicə SSR-i adlanan dövlətin sərhədlərinə cəmləşdirdi və 1941-ci il iyunun 22-də sübh tezdən müharibə elan etmədən, qəflətən, xaincəsinə sovet xalqlarına qarşı amansız işğalçılıq müharibəsinə başladı.

Həmin gün məşhur diktor Y.Levitanın müharibə xəbəri ildırım surəti ilə bütün şəhər və kəndlərə yayıldı. Bu müdhiş xəbər bütün sovet xalqları kimi Azərbaycanın mübariz oğul-qızlarını da sarsıtdı. Faşist Almaniyasının “Barborassa“ planına əsasən faşist qoşunları sovet ordusuna ağır zərbələr vurmalı, SSRİ-ni qısa müddətdə diz çökdürərək təslim etməli idi. Hitlerin SSRİ-yə hücum etməklə ilk və əsas məqsədlərindən biri də Azərbaycanı işğal etmək və Bakı neftinə sahib olmaq idi. Amma necə deyərlər, Hitlerin arzusu gözündə qaldı. Bütün sovet respublikaları kimi Azərbaycanın da mərd, cəsur oğul və qızları silaha sarılaraq vətənin müdafiəsinə qalxdılar. Böyük Vətən müharibəsi adlanan 1941-1945-ci illərdə faşist işğalçılarına qarşı mübarizədə 700 minə yaxın azərbaycanlı səfərbər oldu. Yaxın Qafqazdan uzaq Berlinə qədər Azərbaycan əsgəri uzun və şərəfli döyüş yolu keçdi. Xalq şairi Səməd Vurğunun “İgid Şahin“ şeirinin qəhrəmanı, əfsanəvi təyyarəçi Məzahir Abbasovun adı tarixin qızıl səhifələrinə elə müharibənin ilk illərindən düşdü.

Qanad çalıb uçdu yenə körpə tərlan yuvasından,
Uçub getdi, şimşək kimi göy dalğalı havadan.
O qıy vurub şığıdıqca səsindəki gücə bax,
Caynağında didim-didim parçalandı yapalaq.
Qırıb tökdü, sərçə kimi göy üzündə düşməni,
Tərlanıma salam verdi ulduzların karvanı.

Bəli, Böyük Vətən müharibəsi qəhrəmanı, tarix elmlər doktoru professor Məzahir Abbasov deyərdi ki, “Şəxsi igidlik və qəhrəmanlıqlarıma görə, aldığım orden və medallar bir yana, xalq şairi Səməd Vurğunun yazdığı “İgid Şahin“ şeiri mənim üçün ən böyük mükafatdır. Məhz müharibədən sonra məni yaşadan, qol-qanad, ruh verən də Səməd Vurğunun alovlu misraları idi“.
Məzahir Abbasovun ömür yolu 1918-ci il dekabrın 15-də Bakının Maştağa kəndindən başlayıb. El-oba arasında xeyirxah, nüfuz sahibi kimi tanınan Həmid kişi dövrünün qabaqcıl ziyalılarından idi. Əsil-nəcabətdən gələn bu halallıq, mərdlik, mübarizlik elə Məzahirin də qanına, canına hopub. Uşaqlıqdan elmə böyük həvəs göstərən Məzahir hələ gənc yaşlarından ətrafındakılara nümunə və örnək olur. 1939-cu ildən gənc Məzahir orduya hərbi xidmətə çağırılanda o, təyyarəçi pilot olmağı qərara alır. 3 illik təhsildən sonra 1940-cı ildə təyyarəçi leytenant rütbəsi ilə Hərbi Hava Qüvvələri Qara dəniz donanmasının Krımda yerləşən uçuş heyətinə komandir təyin edilir. 1941-ci ilin 22 iyununda Hitler Almaniyası Sovetlər İttifaqına xaincəsinə basqın edəndə o yetkin, hər bir sınağa hazır mətin zabit idi. Böyük Vətən müharibəsi başlayan ilk anlardan yüksək ixtisaslı, peşəkar pilot kimi daim ön sıralarda olan polad qartalı ilə mətinliklə döyüşə atılan, düşmənin hərbi hissələrini, strateji hərbi obyektlərini hücum hədəfinə çevirməyi bacaran Məzahir Abbasov döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirib. Sevastopol, Odessa və Qafqaz cəbhələrində işğalçılara qarşı əzmlə döyüşüb, 30-dan artıq uğurlu döyüş uçuşu keçibdir. Lakin Qara dəniz üzərində gedən döyüşlərin birində onun təyyarəsi vurulur. Alova bürünmüş təyyarədən əlləri, üz-gözü yanmış halda düşən səma şahini həyat uğrunda görülməmiş bir rəşadətlə vuruşub. Gənc Məzahir ölümün gözünə dik baxaraq təyyarəni yana-yana Krımın sahil meydanlarından birinə endirib. Onları yanmış yarımcan halda təyyarədən çıxarıb hospitala yerləşdirirlər. Bədəninin sağ yeri demək olar ki, qalmır. Qəhrəman təyyarəçinin övladı, tanınmış hakim Əlövsət Abbasov atasının bu dəhşətli sınaq zamanı nümayiş etdirdiyi inanılmaz qəhrəmanlığı və fədakarlığı böyük qürur hissi ilə xatırlayır: “Bütün ekipaj üzvləri komandirin yanan təyyarəni bizim aerodroma endirmək planı ilə razılaşır və atam bədəni yana-yana təyyarəni aerodroma endirir və dərhal huşunu itirir. Onu yanan təyyarədən Şturman Zimnitski çıxarıb hospitala çatdırır. Bədəninin çox hissəsi yandığından onu ümidsiz halda sarğılar içində M.C.Bağırovun tapşırığı əsasında Bakıya göndərirlər. Bir neçə gün onu qatarla - dərmansız, lazımi tibbi yardım göstərmədən Bakı hərbi hospitalına gətirib, ilk növbədə sarğılarını açmağa çalışırlar. Lakin qurumuş qan, açıq yaralar buna imkan vermir. Atamın cəbhədən hospitala gətirilməsini bilən Azərbaycan KP MK-nın katibi Əziz Əliyev həmin hospitala gəlir. İxtisasca cərrah olduğundan, həkimlərə xəstəni vannada yerləşdirməyi məsləhət görür. Yalnız bundan sonra atam bir qədər rahatlanır, onun yaralarını təmizləyib yenidən sarıyırlar. Atam bir neçə ay sonra hospitaldan çıxanda sol əli tamamilə, sağ əli isə qismən yanmışdı. Müharibənin bu dəhşətli izlərini o, ömrünün sonunadək daşıdı“.
Sonralar müharibənin yaralarını bədənində gəzdirə-gəzdirə yaşayan Məzahir Abbasov həm dövlət idarələrində yüksək vəzifələrdə çalışır, həm də elm sahəsində böyük nailiyyətlər əldə edərək Azərbaycan Milli Elmlər Akademiyasında bir alim, professor kimi tanınır. O, yorulmadan çalışır, salamat qalmış əlinə qələm alaraq Böyük Vətən müharibəsi tarixinə yeni səhifələr yazmağa başlayır. Xalqının əmək qəhrəmanlığını işıqlandıran müharibə iştirakçısı dövrünün tarixçi aliminə çevrilir. Məzahir Abbasov cəsur təyyarəçi, adlı-sanlı döyüşçü, eyni zamanda səmimi dost, insan olmaqla yanaşı, gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Suğra xanım ilə birlikdə 3 övlad böyüdüb tərbiyə edib.
Qəhrəman təyyarəçi, fədakar alim Məzahir Abbasovun vətən qarşısında misilsiz xidmətləri daim yüksək dəyərləndirilib. Müharibədə iştirakına görə, “Qırmızı Bayraq və birinci dərəcəli Vətən müharibəsi“ ordenləri, habelə 14 hərbi yubiley medalı ilə təltif olunmuşdur. Hərbçiyə, alimə daim yüksək dəyər verən ulu öndər Heydər Əliyevin 15 dekabr 1998-ci ildə imzaladığı “M.H.Abbasovun “Şöhrət“ ordeni ilə təltif edilməsi haqqında“ fərmanı da Məzahir Abbasovun əzmkar fəaliyyətinə və nurlu şəxsiyyətinə ən dəyərli qiymət olubdur. O, Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə görə belə yüksək təltifə layiq görülüb. Müharibə illərinin ağır izlərini nəinki taleyində, eyni zamanda bədənində gəzdirən əfsanəvi və igid Azərbaycan oğlu Məzahir Abbasov bu gün cismən sıramızda olmasa da, nurlu xatirəsi həmişə böyük iftixar hissi ilə yad edilir. Onun həyat və fəaliyyəti, zəngin irsi hələ bundan sonra da neçə nəsillərin vətənə sədaqət uğrunda tərbiyə edilməsində nümunə olacaqdır.
İradə Cavadova


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018