Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kommunistlər böhranlı Yunanıstana qayıtdı - AKTUAL
Tarix: 27.01.2015 | Saat: 19:00:00
Bölmə:Aktual | çapa göndər

Ölkədaxili problemlərə çarpışacaq yeni hökumətin xarici siyasəti dəyişməz qalacaq

Dünyamızda hadisələr bir-birini qovur və yerini tutaraq, gündəmə nəzarət edir. Maraqlıdır ki, Ukraynada müharibə və ya İŞİD-in qanlı hücumlarından yazan beynəlxalq media bu gün Yunanıstanda keçirilmiş və solçuların qələbə çaldığı seçkini vəsf etməkdədir. Bu da yəqin ona görədir ki, hazırda borc içində üzən Yunanıstan tarixində ən cavan baş nazirinin vasitəsilə üzləşdiyi problemlərdən xilas olmaq ümidindədir. Üstəlik, Afina qarşısında dayanan suallara cavab da verməli olacaq.

Bu suallar arasında Avrozonadan çıxmaq. Avropa Birliyinə qaytarılmalı olan 300 milyard avroluq borcun taleyi, islahatların keçirilməsi üçün yenidən borclanmaya təşəbbüsün olub-olmaması, Kipr məsələsi, Türkiyə ilə münasibətlər və sair var. Ancaq artıq deyəsən bəzi sualların cavabı indidən eşitdirilir. Məsələn, seçkini udar-udmaz «Syriza» partiyasının sözçüsü deyib ki, ölkəsindən bütün borcunu ödəyəcəyini gözləmək gülüncdür. Bundan əlavə, ümumiyyətlə, Avropa Birliyi Yunanıstanın yeni hökuməti ilə işləyib-işləməyəcəklərini əməldə göstərməlidir.

Bazar ertəsi baş nazir vəzifəsinin icrasına başlayan «Syriza» lideri Aleksis Çipras Avropa Birliyinin ölkəsinə münasibətini heç də sələfləri kimi qarşılamır və müəyyən fərqli reaksiya verir. Məsələn, o, əvvəlki hökumətdən fərqli olaraq ölkəni bürüyən iqtisadi-maliyyə böhranını vətəndaşların cibinin soyulması hesabına aradan qaldırmaq niyyətində deyil. Elə isə Afinanın yeni hökuməti ehtiyac duyduğu 240 milyard avroluq paketi Birlik dövlətlərindən ala biləcəkmi? Axı Avropanın maliyyə institutları Yunanıstandan büdcə islahatları aparmasını və Avropanın ümumi tələblərini yerinə yetirməsini istəyir. Burada bir əmma da var. Avropa indiki məqamda öz nəhəngliyi ilə öyünə bilməz – Yunanıstandan çox asılıdır. Yeni baş nazir A.Çiprasın sözü olmasın, "Yunanıstan iflas olaraq avrozonadan çıxarılarsa - avrozona dağılacaq. Avrozona və avro təhlükədədir, amma bu təhlükə «Syriza»dan yox, zabitəli siyasətdəndir".

Ümumiyyətlə, gəlin bir az da yeni liderin kim olduğunu öyrənək. Mühafizəkar Yeni Demokratiya, POTAMİ və Qızıl Şəfəq partiyalarını geridə qoyaraq hökuməti qurmaq səlahiyyətlərini alan «Syriza»nın hakimiyyətə gəlişində Yunanıstanın borclarının silinməsi tələbi böyük rol oynayıb. Avrozonanın maliyyə siyasətinin tələblərindən aldıqları zərərlərə son qoyulacağına inanan yunanlar «Syriza»ya səs verdilər və təbii ki, hazırda fəaliyyət göstərən yerli və xaricdəki əlaqədər maliyyə qurumları xalqın bu seçimindən xeyli əndişəli görünürlər.

Aleksis Çipras 1974-cü il iyulun 28-də anadan olub. Orta təhsilini Ampelokipoi liseyində, ali təhsilini isə Afina Milli Texniki Universitetinin (NTUA) İnşaat Mühəndisliyi fakültəsində alıb. 2000-ci ildə universiteti bitirən Çipras NTUA-nın nəzdində fakültələrarası proqramda ölçmə və planlaşdırma ixtisasartırma kursu keçib və inşaat mühəndisi olaraq fəaliyyətə başlayıb.

Çipras 1980-ci illərin əvvəllərində, balaca uşaq olarkən Yunanıstan Kommunist Gənclik Partiyasının sıralarına qatılıb. O, hələ 16 yaşlı lisey şagirdi olarkən "Önlük hərəkatı" adıyla tanınan tələbə cəmiyyətinin liderləri sırasında yer tuturdu. Çipras tələbə üsyanlarının məğzini anlatmaq üçün 1990-cı ildə telekanallardan birində canlı yayıma çıxaraq Miçotakis hökumətinin yanlış siyasət yürütdüyünü bildirmişdi.

Çipras 1957-1974-cü illər arasında Yunanıstanda ağalıq etmiş "Polkovniklər xuntası"nın dövründə yaşamayan ilk siyasi partiya lideri və təbii ki, hökumət başçısıdır.

A.Çipras dövlətinin 150 illik tarixində ilk dəfə hökumətdə fəaliyyətə andiçmədən başlayıb. Daha doğrusu, qanunlara and içən yeni baş nazir ateist olduğu üçün keşişin əlində tutduğu müqəddəs İncilə əl basmağı özünə rəva görməyib. Ona görə də mühafizəkarların bir çox onu dövlət ənənələrinə konstitusiyanın qaydalarına qarşı çıxmaqda günahlandırmağa başlayıb.

A.Çipras elektrik və kompüter mühəndisi işləyən Peristera Baziana ilə ailə qurub. Hələ 13 yaşı olarkən – 1987-ci ildə liseydə tanış olduğu Baziana ilə evliliyindən iki övladı var. Onu da qeyd edək ki, onların hər ikisi Yunanıstan Kommunist Gəncliyi təşkilatının üzvləridir.

Yunanıstanda baş verən hakimiyyət dəyişikliyi qardaş Türkiyədə və Şimali Kipr Türk Cümhuriyyətində daha çox maraqla qarşılanıb. Çünki bu ölkələrin Yunanıstanla uzun dövrə söykənən böyük problemləri mövcuddur. Artıq indidən rəsmi Ankara bəyan edib ki, «Syriza» hökuməti ilə Kipr və Avropa Birliyinə üzvlük məsələsini müzakirə etməyə açıqdırlar. Amma ortada həyəcanı bir qədər azaldan məqam var. Xatırlayırsınızsa, İstanbulda baş verən «Gəzinti parkı» olayları zamanı məhz A.Çipras Ankaraya dostluq və əməkdaşlıq ismarışlarını göndərərək, dəstək olmuşdu. Məhz bu ismarışların nəticəsidir ki, seçki bitər-bitməz Türkiyənin baş naziri Əhməd Davudoğlu və XİN başçısı Mövlud Çavuşoğlu telefon açaraq onu təbrik ediblər.

Türkiyədə Avropa Birliyinin siyasətini yaxından bilən, keçmiş səfir, Kadir Has Universitetinin müəllimi Ünal Çeviköz «Deutsche Welle»yə açıqlamasında deyib ki, «Syriza»nın qələbəsi Türkiyə və Yunanıstanın yaxın gələcəkdə də fərqli yollarla hərəkət edəcəyinə işarədir: "Çipras ölkəsinin Avropa Birliyi ilə əlaqələrini bütünlüklə dəyişməyə çalışır. Yeni hökumət bir tərəfdən Birliklə, digər yandan isə başlarını qatan sosial-iqtisadi problemlərlə məşğul olacaq. Ona görə də Türkiyəyə geniş vaxt ayıracaqlarını düşünmürəm. Ona görə də Çiprasın Kipr münaqişəsi və Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində Ankara ilə uzlaşacağını gözləmək mümkünsüzdür».

İqtisadi və Xarici Siyasi Araşdırmalar Mərkəzinin sədri Sinan Ülgən də bu fikirdədir ki, Afinada yaşanan son hakimiyyət dəyişikliyi Türkiyənin Avropa Birliyinə üzvlük və Kipr probleminin həlli məsələsinə qətiyyən təsir göstərməyəcək: "Radikal vədlərlə ölkəsində dəyişiklik küləyi əsdirən Çiprasın əslində Avropa Birliyi ilə münasibətlərini necə quracağı maraqlıdır. Ona görə də olacaqsa, Avropanın öz içində dəyişiklik olacaq, Türkiyədə yox».

Sonda onu da bildirək ki, Yunanıstanda qurulan yeni hökumət Azərbaycan üçün də maraq kəsb edir. Çünki təbii qaz və digər məhsulların alqı-satqısına dair böyük layihələr həyata keçirən bu iki ölkənin iqtisadi-ticari əlaqələri gün-gündən genişlənməkdədir. Eyni zamanda, rəsmi Afina Ermənistanla da sıx əlaqələrə malikdir. Bu mənada yeni hökumətin yürüdəcəyi siyasət Bakıda da ciddi izlənilməlidir.

Vüsal Tağıbəyli

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018