Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Abad məhəllələrdən təmiz Binəqədiyə doğru - FOTO
Tarix: 30.01.2015 | Saat: 20:15:00
Bölmə:Sosial | çapa göndər

Rəsulzadə bələdiyyəsi ərazisində yaradılan məhəllə komitələrinin fəaliyyəti digər rayonlar üçün nümunə sayıla bilər

Bakının Binəqədi rayonu ərazisində gözlə görünə bilən sosial-mədəni inkişafdan, məişət tullantıları ilə çirkləndirilmiş ərazilərin abad məhəllələrə çevrilməsindən, yaxud da hər dəfə yağış yağanda bəzi küçələrin, böyük məhəllələrin gölməçəyə çevrilməsindən indiyədək çox danışılıb. Bu danışılanlar və yazılanlar isə təkcə tərifdən, təqdirdən, təqliddən ibarət deyil, həm də nöqsanlardan, qüsurlardan bəhs olunur və tənqidlər tərəzinin gözündə bəlkə də daha ağır gəlir.

Ancaq bu da gerçəklikdir ki, bütün bu tərif və təqdirlər də, tənqid və iradlar da nəticə etibarilə yeni-yeni ideyaların, qüsurların aradan qaldırılması üçün yeni nümunələrin ortaya çıxmasına gətirib çıxarır. Belə nümunələri çox saymaq olar: "Abad məhəllə", "Təmiz Binəqədi" layihələri, 1646- Sakinlərin Müraciət Xidməti...

Binəqədi rayonunda sosial problemlərin həllinə, vətəndaş məmnunluğuna xidmət edən bu tip layihələr və ilklər sırasına daha bir yenilik əlavə olunub. Belə ki, rayonun Rəsulzadə bələdiyyəsinin ərazisində 14 Məhəllə Komitəsi yaradılıb. Bu qurumların yaradılmasında məqsəd məhəllələrdəki problemlərin həllində yerli sakinlərin işini təşkil etmək və bu işdə bələdiyyələrə ictimai dəstək göstərməkdir. Məsələnin ən maraqlı tərəflərindən biri odur ki, məhəllə komitələri əsasən, müvafiq ərazidə yaşayan nüfuzlu şəxslərdən təşkil olunub. Bu komitələrin əsas funksiyası isə yerli əhəmiyyətli problemlərin lazımi şəkildə bələdiyyəyə çatdırılmasına və həllinə yardım etməkdir. Rəsulzadə bələdiyyəsinin özündə də səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və problemlərin həlli üzrə proqramların hazırlanmasına, qərarların icrasına kömək məqsədilə 5 daimi komissiya yaradılıb.

Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, ötən il ərzində rəhbəri olduğu bələdiyyənin 13 ümumi iclası keçirilib. Onun sözlərinə görə, ötən il Rəsulzadə bələdiyyəsində uçot və hesabat işləri mövcud qanunvericiliyə uyğun olaraq qurulub. Belə ki, bələdiyyə iclasının qərarları ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər, yəni görülmüş işlər haqqında əhəmiyyət kəsb edən bütün sənədlər və hesabatlar aidiyyəti olaraq "Mühasibat uçotu şöbəsi"nə vaxtında təqdim edilib və uçotda tam əks olunub: "Rəsulzadə bələdiyyəsi 31 oktyabr 2013-cü il tarixli 26 saylı qərarı ilə 2014-cü il üçün gəlir və xərcləri müəyyən edərək, yerli büdcəni 620 min manat həcmində təsdiq etmişdi. Təsdiq olunmuş büdcəyə əsasən, iqtisadi təsnifat üzrə gəlir və xərclərin rüblər üzrə bölgüsü də aparılmaqla təsdiqlənib. Bələdiyyə büdcəsindən pul vəsaitləri daimi komissiyalarda baxılmaqla iclasda müzakirə olunub və qəbul edilən qərarlarla təyinatı, məqsədi və miqdarı göstərilib".

Sosial rifaha aparan yol

2012- 2014-cü illərdə Rəsulzadə qəsəbəsində reallaşdırılan uğurlu tədbirlərdən danışan Hümbət Hüseynov bu müddət ərzində qəsəbədə həyata keçirilən ən uğurlu layihələrdən biri kimi Heydər Əliyev parkının tamamilə ən müasir üslubda yenidən qurulmasını qeyd edib. Onun sözlərinə görə, layihə çərçivəsində yenidən qurulan bu parkda musiqili fəvvarə və müxtəlif uşaq əyləncə elementlərini quraşdırılmışdır. Eyni zamanda həmin parkda yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binasının inşa olunmasıdır: "Prezidentin tapşırığı ilə inşa olunan Qafqazın ən böyük məscidi Heydər Məscidi qəsəbəmizin inizbati ərazisindədir. Həmçinin 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi, 100, 143 və 115 saylı məktəblərdə əlavə tədris korpuslarının tikilməsi, 90 saylı uşaq bağçasının əsaslı təmir olunması, 211 saylı uşaq bağçasının müasir üslubda yenidən inşa edilməsi də uğurlu sosial layihələrdəndir".

Hümbət Hüseynov ötən il ərzində bələdiyyə sədri qəsəbəsinin qərb hissəsindəki Zeytunluq sahəsinin metal torlar vasitəsilə hasarlandığını, Biləcəri şosesi dəmir yolu körpüsünün ön hissəsinin abadlaşdırıldığını, “Baksol” massivində 210 metr kanalizasiya xəttinin çəkildiyini, ərazilərdən yığılmış məişət tullantılarının poliqonda zərərsizləşdirildiyini də qeyd edib. Bu uğurlu layihələrə baxmayaraq, istər görülən işlərdə, istər sakinlərə göstərilən qayğıda, müraciətlərə baxılmasında işin keyfiyyətinin artırılmasına hələ böyük ehtiyac var. Qəsəbə sakinlərini əmin edirəm ki, Rəsulzadə bələdiyyəsi 2015-ci ildə bu istiqamətdə bütün qüvvələrini səfərbər edərək qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün çalışacaq".

Binəqədi yenə nümunədir

Xatırladaq ki, hazırda Binəqədi rayon ərazisində 5 bələdiyyə fəaliyyət göstərir. Bunların arasında Rəsulzadə bələdiyyəsi ən yaxşı özünüidarə orqanı kimi xarakterizə edilir. Belə ki, ötən ilin uyununda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında Binəqədi rayon bələdiyyələrinin adı nümunə kimi 3 dəfə çəkilmişdi. Ədliyyə Nazirliyinin ötən ay keçirdiyi kollegiya iclasında isə Binəqədi rayon bələdiyyələrinin yaratdığı elektron səhifələrin təqdimatı xüsusi marağa səbəb olmuşdu.

Rayon İcra Hakimiyyətinin ərazidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov deyir ki, Rəsulzadə qəsəbəsinin uğurlu fəaliyyətini həm rayon rəhbərliyi, həm də sadə vətəndaşlar daha yaxşı görür və qiymətləndirir. Onun sözlərinə görə, Rəsulzadə bələdiyyəsi yeganə bələdiyyədir ki, heç bir təşkilata borcu yoxdur: "Təəssüf ki, 15 ildir fəaliyyət göstərməsinə baxmayaraq, Rəsulzadə bələdiyyəsinin inzibati binası yoxdur. Halbuki rayonun əsas sosial və iqtisadi infrastrukturu bu bələdiyyənin ərazisində formalaşıb".

Ramiz Göyüşov söyləyib ki, adıçəkilən qəsəbənin 60 min əhalisi var, ona görə də bələdiyyə Məhəllə Komitələrinin sayını artırmaq, onun geniş şəbəkələrinin yaradılması istiqamətindəki uğurlu fəaliyyəti davam etdirməlidir. Onun sözlərinə görə, Məhəllə Komitələri öz problemlərini bələdiyyəyə, bələdiyyə isə öz növbəsində Rayon İcra Hakimiyyətinə çatdırmalıdır ki, sosial problemlər mümkün qədər tez həllini tapsın: "Bələdiyyə həmçinin əhali ilə çoxsaylı səyyar görüşlər keçirməli və onların problemləri ilə maraqlanmalıdır. Bir sözlə, camaatla sıx təmasda olmalıdır. Yeni seçilmiş bələdiyyə yeni ruhda fəaliyyət göstərəcək və icra hakimiyyəti buna köməklik göstərəcək. Bir sözlə, bələdiyyə öz fəaliyyətini daha da artırmalıdır".

Sadə binəqədililər nə istəyir?

Yeri gəlmişkən, "Bakı-2015" I Avropa Oyunları ərəfəsində həyata keçirilən "Təmiz Binəqədi" layihəsi ilə əlaqədar Rəsulzadə bələdiyyəsi tərəfindən görülən işlər də diqqətdən yayınmır. Belə ki, bələdiyyə tərəfindən Azadlıq prospektində yerləşən körpünün ("Banuçiçək" şadlıq sarayının yaxınlığında) hər iki tərəfinə "Evimizi təmiz saxlayaq", "Binəqədi evimizdir" banerləri buradan keçən hər kəsin diqqətini çəkir. Həmçinin "Biləcəri yolu"nun Rəsulzadə qəsəbəsi hissəsinə düşən körpünün ətrafında 600 kvadratmetr sahədə abadlıq işləri aparılıb, güllər və dekorativ ağaclar əkilib, "Təmiz Binəqədi" və Avropa oyunları layihəsinə uyğun işıqlı lövhələr quraşdırılıb. Qəsəbənin ərazisində üzərində "Təmiz Binəqədi" sözləri yazılmış məişət tullantıları konteynerləri ilə də rastlaşmaq mümkündür.

Bu sualın ən dəqiq cavabı ötən il ərzində Rəsulzadə bələdiyyəsinə daxil olan ərizə və müraciətlərin, eləcə də vətəndaşlarla keçirilən görüşlərdə qaldırılan məsələlərin statistik təhlillərində daha aydın görünür. 2014-cü il ərzində Rəsulzadə bələdiyyəsinə vətəndaşların müraciətləri ilə bağlı cəmi 525 ərizə və müraciət daxil olub. Müraciətlərdən 25-i Binəqədi Rayon İcra Hakimiyyətindən, 2-si Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən və 498-i vətəndaşlardan bələdiyyəyə ünvanlanmış ərizələrdir. Ərizə və müraciətlərdən 126-sı maddi yardım, 3-ü ev təmirinə köməklik, 26-sı yolların asfaltlanması, kanalizasiya şəbəkələrinin qurulması, küçə işıqlandırılması, məişət tullantıları və xeyir-şər evinin tikintisinə köməkliklə bağlı məsələlər, 20-si işlə təmin olunma, 84-ü torpaqla bağlı məsələlər, 54-ü reklam müqaviləsinin bağlanması, 169-u vergi ilə bağlı bələdiyyədə qeydiyyata alınma və adına şəxsi hesab kodunun açılması, 9-u əmlak və torpaq vergisi, 44-ü isə digər məsələlərlə bağlı olub. Ərizə və müraciətlərə bələdiyyənin aidiyyəti komissiya və şöbələrində baxılaraq, müvafiq cavablar verilib. Maddi yardımla bağlı daxil olmuş məktub və vətəndaş müraciətlərindən 127-si bələdiyyə iclasında müzakirə olunaraq müsbət həll edilib. Həmin müraciətlərdən də göründüyü kimi, qəsəbə sakinlərini narahat edən sosial problemlər arasında məhəllədaxili yolların asfaltlanmaması, yeni yaşayış massivində kanalizasiya xəttinin olmaması kimi məsələlər üstünlük təşkil edir.

Elxan Salahov

P.S. Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin "Bakı-2015" Avropa Oyunları ərəfəsində elan etdiyi "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim edilir


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017