Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Məni tarixdən silə bilməzlər” - Flora Kərimova
Tarix: 04.02.2015 | Saat: 15:33:00
Bölmə:Müsahibə Şou-biznes | çapa göndər

Hafta.az Xalq artisti Flora Kərimova ilə müsahibəni təqdim edir.


- Bu il hansı yeniliklər gözlənilir?


- Yeniliklərim hər il olur. Yaradan əlini başımın üstündən götürməsə, ilin sonuna yeni mahnılarım var, sevənlərimə onları hədiyyə edəcəyəm. Daima çalışıram ki, xalqıma gözəl işlərimi təqdim edim. İnşallah hələ gələn illər ərzində də bunu etməyə davam edəcəyik.


- Gənc ifaçıların arasında fəaliyyətindən razı olduğunuz varmı?


- Oğlum, mən onların davranışından narazıyam. Çox yaxşı başa düşürəm, gənclər gözəl yaşamaq, tez məşhur olmaq istəyirlər, irəli getmək, zənginləşməyə çalışırlar. Bu normal arzulardır. Ancaq bu arzulara gedən yola ciddi baxmırlar, getdikləri yolu ucuzlaşdırırlar, sənətlərinə hörmət etmirlər. Hamısı cəmiyyətdə ad qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. İnsan ilk öncə nüfuzunun, şəxsiyyətinin tanınması üçün çalışmalıdır. Sənin səsin, istedadın varsa, düşünürsən ki, gələcəyin müğənnisi ola bilərəm, bax o zaman sənin haqqın var xalqın arasında ad qazanmaq üçün mübarizə aparasan.


- Bunun qarşısını necə almaq olar?


- Artıq gecdir, çox gecdir oğlum. Cavanların mayası korlanıb, daha doğrusu korladıblar. Onlara nümunə göstərilə biləcək insanlar da itib-batıb. İndi gənclərə təsir etmək çox çətindir. Digər gözəl sənətkarlarımız var. Amma onlar da belə heç vaxt fərdi şəkildə bu yeni ifaçılara təsir göstərə bilməz.


- Hansısa bir gənc ifaçıya bildiklərinizi öyrədirsiniz?


- Xeyr, bu alınmaz. Çünki bu gün bir çox gənclərin səs imkanları yetərli deyil, üstəlik mədəniyyət və düşüncələrimiz də üst-üstə düşmür. Belə şəraitdə mən öz işimin sirlərini necə ötürə bilərəm həmin şəxsə? Təbii ki, bacardığım qədər istedadlı gənclərimizə dəstək olmağa çalışıram, bu mənim borcumdur.

- Bu gün belə bir düşüncə var, “müğənniyə səs lazım deyil” , sadəcə toy mahnıları olsun bəsidir.


- Ay başınıza dönüm, axı səsi olmayan belə deyəcək də, bu onun düşüncəsidir. Bəli, bəlkə bu gün, sabah onun dolanışığına toy mahnıları oxumaq bəsdir. Bəs 10 il sonra nə olacaq? Həmin insanın oxuduğu toy mahnıları yadda qalacaq? Ümumiyyətlə, həmin müğənnini xatırlayan olacaqmı? Oqtay Əsədovdan peşəkar müğənni olmayacaq ki, ancaq o, Mahnı teatrında qarovulçu idi. Bir dəfə illər öncə "Drujba" mehmanxanasında qadınlar otağına daxil oldum, orada əlində sabun və əski parçası olan bir xanım xadiməçi var idi. Qeyd edim ki, həmin insan Dövlət Filarmoniyasında çalışmış solist idi. Bütün bunları deməkdə məqsədim budur ki, gənclərimiz bax belə talelərini düşünüb addım atsınlar, gələcəklərini düşünsünlər.

- Gənc müğənni Ramal Rəsulla duet oxumuşdunuz. Bəs başqa hansı gənc ifaçı ilə duet oxumağı özünüzə layiq bilirsiniz?


- Oğlum, kimsəyə mənə layiq olub-olmamasına görə qiymət verib, qarşımdakını alçaltmıram. Qanı qanımdan olan, torpağımda addım atan insanlara layiq görmərəm bu sözü. Sizi çox gözəl anladım, verdiyiniz dəyərə görə də çox sağ olun. Ancaq bu mövzuya özəl münasibətimdir. Ramal çox istedadlı gənclərimizdən biridir. Həqiqətən də bu duet çox uğurlu alınmışdı, mədəni, tərbiyəli oğlandır.


- Flora xanım, gözəlliyiniz daima cəlbedici olub. Sizin də digər ifaçılar kimi bəlkə xüsusi pəhriz sisteminiz var?


- Oy, oy, oy zilə qalxmayın. Mən özüm də bilirəm artıq qocalıram, 74 yaşım var. Xeyr, heç bir pəhrizim yoxdur. Heç vaxt masajistim olmayıb, stilistlə çalışmamışam. Səhər hansısa verilişə gedəndə, bir balaca parfümeriyadan istifadə etmişəm. Ancaq səliqə-sahmanımda əksiyim olmayıb, buna xüsusi diqqət etmişəm. Əsas daxili görünüşümdür.


- İllər öncəki Flora ilə bugünkü arasında fərq nədir?


- Həyata baxışımda heç bir dəyişiklik yoxdur. Çünki mən lap uşaqlıqdan bəlli prinsiplərlə yaşamışam. Bəlkə də o prinsiplər məni insanlara qəbul elətdirib. Məncə heç nə dəyişməyib, daha sərtləşmişəm, tələbkar olmuşam. Sadəcə, bu illər ərzində çalışmışam ki, gördüyüm işlərin altından üzüqara çıxmayım. Mən çox səbirliyəm, kənardan baxanda deyirlər ki, Flora əzazildir. Ancaq yox oğul, məni o qədər özümdən çıxartmaq gərəkdir ki, mən əsəbiləşim. Üsyanım çox qanlı olur.


- Flora Kərimova olmaq üçün nələri qurban vermisiniz?


- Heç vaxt heç nəyi qurban verməmişəm. Ailə həyatımda, analığımda, sənətimdə heç nə qurban verməmişəm. Sözün düzü, heç vaxt qurban tələb olunmayıb da. Ancaq həyat elə gətirdi ki, məndən həyat qurban tələb etmədi.


- Ailənizdə sizə qadağalar qoyulub?


- Xeyr, ailəm mənə qarışmayıb. İllər öncə ilk dəfə şalvarı qadın sənətçilər arasında mən geyinmişəm. İstədiyimi geyinmişəm, rahat olmuşam. Ailəmin güvənini qazanmışam. Daima azad quş kimi rahat olmuşam.


- Vaqif Səmədoğlunun dəfn mərasimində iştirak etdiniz.  İncəsənətimizin incilərini yavaş-yavaş itiririk. Bəs xalqımız belə şəxslərə sağlığında qiymət verə bilir?


- Xalqım, o dəyəri verir. Dəfn mərasimində ən çox mənə başsağlığı verirdilər. Bəziləri də yaxınlaşırdı ki, “Bir axşam taksidən...”, - deyirdim bəli, o, bu sözlərin müəllifidir. Vaqif ölümdən qorxmurdu. Bilirsiniz? Həyat insanı boğaza yığanda, insan artıq o qorxunu unudur.


- Siz bu qorxunu aşa bilmisiniz?


- Məndə o qorxu yoxdur. Çünki mən o, dünyaya inanmıram, özümü də aldatmıram. Yatıram, özümdən xəbərim olmur, dururam görürəm ki, sağ-salamatam demək ki, yaşayıram. Bir sözlə, mən yuxunu ölümlə müqayisə edirəm.


- Bu həyatda hansı uğurlarınızı xatırlayacaqsınız?


- Yeganə uğurum var, o da insanların mənə olan münasibətidir. Başqa uğurum olmayıb. Xalqın mənə məhəbbəti uğurumdur. Övladlarımın mənə olan şəksiz sevgisi isə xoşbəxtliyimin uğurudur.


- Sevənlərinizlə nə vaxt görüşəcəksiniz, konsert olacaq?


- Təzə xəbər var, ancaq deyiblər ki, kimsəyə bu haqda danışmayım. Mən də ağzımı bərk-bərk bağlamışam, kimsəyə heç nə demirəm. Həmişə həvəsim var idi, gözləyirdim ki, kimsə yiyə dursun bu konsertin xərclərinə. İndi yiyə duran var, mənim həvəsim yoxdur. Ümumiyyətlə bunu deyim ki, mənim elədiklərimi yüz illərlə ikinci bir müğənni edə bilməz. Qoy məni bu sənətdən silmək istəyənlər bilsinlər ki, alınmadı, məğlub oldular. Mahnılarım, kliplərim, iştirak etdiyim filmlər olduqca Flora ölməzləşəcək. Artıq gecdir, məni məğlub etmək, çirkaba batırmaq üçün çox gecdir. Sizlərin məni sənətkar kimi silməyə gücünüz çatmadı, çatmayacaq da.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019