Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qəzəlxan Vahidin həyat hekayəsi – İRADƏ İSAQ yazır
Tarix: 27.02.2015 | Saat: 20:00:00
Bölmə:Məşhurların Taleyi | çapa göndər

Füzulinin 60 qəzəlini tərcümə edən Əliağa Vahid niyə dəlixanaya salındı?

İsgəndərov Əliağa. Bu, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülən məşhur qəzəlxanımızın – Əliağa Vahidin əsl ad-soyadıdır. 1895-ci ildə fevralın 18-də Bakıda doğulub, 1965-ci ildə, düz 70 yaşında vəfat edib. Bütün ömrü tənələrlə keçmişdi Əliağa Vahidin. Üzünə deməsələr də, onun istedadına heyfi gələnlər, hətta bu talanta həsəd aparanlar da vardı. O, vərdiş edilməyən orijinal insan, şair tipi idi. Sovet dövrünün panamalı söz adamlarından çox fərqlənirdi: ütüsüz, qalstuksuz geyim-kecimdə, daim xalqın içində.

Rejissor Loğman Kərimov deyir ki, Vahid qəzəlləri hər gün radio və televiziyada, toylarda eşidilən yeganə şairdir.

Tənqidçi Vaqif Yusifli:

- Bir dəfə Hacıbaba Hüseynovdan soruşdum ki, siz Füzulini necə anladız? Dedi mən Vahidlə başlayıb, Seyid Əzimlə davam edib, Füzuliyə çatdım. Vahid mistik rəmzləri qəzəldən götürüb onu xəlqiləşdirdi. Müasir ədəbiyyatımızda Vahiddən böyük şair yoxdur.

Xalq artisti Əlibaba Məmmədov:

– Onun şeirlərini toylarda oxuyub? yaxşı pullar qazanırdıq. Xalq başqa qəzəli yox, məhz Vahidin qəzəllərini bizdən tələb edirdi.

Vahid özü isə bu böyüklüyün fərqində deyildi. Amma bilirdi ki, istedadı ad-san verilənlərdən qat-qat böyükdür. Babası böyük dərviş olub, özü isə 2 il yarım mədrəsə təhsili alıb. Amma olduqca güclü hafizəsi Vahidə sinə-dəftər olmaq imkanı qazandırmışdı. Ölən günə qədər də bütün şeirlərini ərəb qrafikası ilə yazdı. Lakin ona qəti şəkildə savadsız demək olmazdı. O, fitri istedad idi. Vahid elə əzəldən yaraşığı ilə seçilməyən adam idi. Amma onun çirkinliyi sözə başlayanda itirdi. O, yaş müdrikliyini qəbul etmir. Belə adamlar elə uşaqlıqdan seçilirlər, fəqli olurlar. Vahidin də istedadı elə onun ilk yaradıcılığa başlayan dövründən başlamışdı. Bu istedadı ilk görən insan da əvvəlcə ustad saydığı Əbdülxalıq Yusif, daha sonra nə qədər təəccüblü olsa da, böyük Nəriman Nərimanov olmuşdu.

Tənqidçi Vaqif Yusifli:

- İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əliağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.

Əliağa Vahidə “Əməkdar incəsənət xadimi” adını Mircəfər Bağırov, ilk dövlət mükafatını isə Nəriman Nərimanov verib. Dahi Sabirin yubileyində gənc Əliağa “Biz verərik şairə qiymət ölümündən sonra” adlı yarımsaatlıq böyük qəzəl deyir. Nərimanovun diqqətini cəlb edir və tapşırır ki, əyin-başı pis olan oğlana bir dəst kostyum, 12 cüt corab, 1 botinka, 1 tufli versinlər.

Məşhur qəzəlxan bu yubileydən, hətta inqilabdan əvvəl bir dəfə Y.V.Çəmənzəminli ilə birgə Sabirin qəbrini xeyli axtarıb, böyük çətinlikdən sonra uçuq qəbrini tapmışdı. Bəlkə çoxları bilmir, amma Vahid özü də satira janrına çox müraciət edib. Hətta “Molla Nəsrəddin” jurnalında, daha sonra “Kirpi” jurnalında ömrünün axırınadək sərt satiralarla çıxış edib. Müharibə illərindən sonra içkiyə meyillənmişdi, bu bir az da özünü qorumaq üçün. Mircəfər Bağırov onu heç vaxt ayıq olmadığı üçün repressiya obyekti etməmişdi.

Xalq artisti Əlibaba Məmmədov:

–Ələkbər Şahid deyir ki, “Beşmərtəbə”nin altında adama bir stəkan pivə içdik. Sonra yola çıxdıq. O vaxt satqınları, işverənləri tanıyırdıq. Bir də gördüm ki, Vahid özünü qoydu sərxoşluğa. Mən məəttəl qaldım ki, buna nə oldu? Dedi görmürdün satqını küçənin o biri tərəfindən gəlirdi?! İndi gedib deyəcək ki, Vahidi gördüm yıxılırdı. Lap yaxşı oldu.

Bir dəfə Mircəfər Bağırov bütün şairləri - Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Vahid və başqalarını yığaraq Sovet İttifaqına qarşı çıxan Yaponiyanı kəskin pisləyən şeirlər yazmağı tapşırıb. Tapşırığı alan şairlər dağılışsa da, Vahid Bağırovun köməkçisinə yaxınlaşaraq elə orada bədahətən 2 bənd söyüşlərlə dolu Yaponiyaya aid şeir yazır. Bağırov çıxıb qəbul otağında onu görür və hiss edir ki, Vahid “bir balaca da boğazını yaşlayıb” gəlib. Vahid şeirini ona oxuyan kimi başını yelləyir və belə bir tapşırıq verir: “Buna 200 manat verin, şeir yazmasın, lazım deyil”.

Oğlu Ramiz İsgəndərov:

- Son vaxtlar atamı qəsdən içirirdilər ki, o xalq şairi adını almasın. Ona deyəndə ki, sən içdiyin üçün yaxşı yazırsan, deyirdi onda gərək bütün Rusiya şair olsun.

Əliağa Vahidin dəlixanada yatdığı da sirr deyil. Amma bunun səbəbini çoxları başqa cür desə də, əsl həqiqətləri şahidlər bilir.

Xalq artisti Əlibaba Məmmədov:

- Onun dəlixanada yatmağına şair Füzuli səbəb olub. Füzulinin 60 qəzəlini Vahidə verdilər ki, tərcümə eləsin. Bir professor da ona təhkim etmişdilər. Bir gün eşitdim ki, Vahid “Semaşko”da yatır. Gedib onunla görüşdük. Başladı dizinə döyməyə ki, “Allah bu Füzulinin evini yıxsın, məni xəstəxanaya saldı”. Vahid Füzulini elə tərcümə edirdi ki, özü olurdu Füzuli. Bu hər tərcüməçinin işi deyil. Həmid Araslıdan belə çoxları Füzulinin qəzəllərini tərcümə edib, amma Vahidin tərcümələri tamam başqadır.

Bəs daim sərxoş görünüşlü Vahidi Azərbaycan ədəbiyyatında sevdirən nə olmuşdu? Onun çoxsaylı ordenlər, medallar, dövlət mükafatı alan şairlərdən fərqi nədə idi? Rəsmi dairələrdə o qədər də təbliğatı aparılmasa, efirlərə çıxmasa belə niyə məhz Vahid çox sevilirdi?

Xalq artisti Əlibaba Məmmədov bu suallara belə cavab verir: “Ömrümdə xalq tərəfindən sevilən ikinci belə şair görməmişəm. Baxmayın ki, o birilərinin sinəsi orden-medalla doluydu, amma onun qiymətini xalq verirdi. Bir dəfə mənimlə “Passaj bazarı”na girdi. Camaat zənbilini doldururdu, taksinin pulunu verib onu evinə yola salırdılar. Bunu heç bir şairə eləməyiblər”.

Oğlu Ramiz İsgəndərov:

– Onu camaat dolandırırdı. Pulunu anam yığıb, özünə qızıl alırdı. Anam çox bahalı qızıllar yığmışdı o pullarla. Atam gözəllərdən çox yazıb, ilham alırdı onlardan.

Xalq artisti Əlibaba Məmmədov:

- Onun bir neçə mahnısına musiqi yazmışam. Sanki musiqi misralardan tökülüb. Bir də Füzuli belə axıcıdır. Xanəndələrin insaflısı onun qəzəllərindən yığılan puldan gətirib ona da verirdilər.

Vahidin həyatında meyxana aləmi də vardı. Bu işlə sırf məşğul olmasa da, ona bir qazanc vasitəsi kimi baxardı. Bəzi insanlar qəsdən istəyirdi ki, ona qəzəlxan yox, elə meyxanaçı desinlər. Meyxananı da ilk dəfə yazılı ədəbiyyata məhz Əliağa Vahid gətirib. O, qazanc üçün epitafiya, yəni qəbirüstü şeirlər də yazırdı, bəzən toy qəzəllərini sifarişlə yazırdı.

Vahidin qəzəllərinin çox hissəsi gözəllərə aid idi. Daim eşq havasında yaşamaq onun həyatında da dərin izlər buraxmışdı. Onun 2 ailəsi olmuşdu, amma xanımlarının heç birindən ömrünün son günlərinədək ayrılmamışdı.

Uzun illər subay yaşayan Əliağa Vahid xəstə olarkən ona iynə vuran tibb bacısını bəyənir və tezliklə onunla evlənir. Bu xanımdan Vahidin oğlu Ramiz, qızı Firəngiz dünyaya gəlir. Dünyasını dəyişəndə Vahidin oğlunun 15, Firəngizin isə 10 yaşı vardı. Xanımı ilə aralarında yaş fərqi çox idi. Bunu daim başına qaxınc edən arvadından Vahid sonralar üz döndərir və onun paltarlarını yuyan bir rus xanımla evlənir. Amma o xanımdan övladı olmur. Öz xanımı isə nikah kəsdirməyə ona görə razı olmur ki, o Vahiddən boşanıb cavan şəxslə yenidən ailə qurmaq arzusunda olur. Amma xanım ömrünün sonuna qədər bir də heç kimlə ailə qurmur.

Xalq artisti Əlibaba Məmmədov:

–Sonralar Vahidə “Montin”də ikiotaqlı ev verdilər. Məmməd İsgəndərova məktubunda belə bir zarafat yazmışdı: “Məni aparıb salmısınız “Montin”ə, taksilərə pul verməkdən cibimə miryanə düşüb”. Bu məktubdan sonra 1963-cü ildə Dağlı məhləsində bina evində yenidən ikiotaqlı ev verdilər. Buranı xanımı istəmişdi, çünki öz qohumlarından uzaq düşmüşdü. Hazırda bu evdə onun oğlu Ramiz yaşayır. Əliağa Vahid həmin evi təmir etdirsə də, özü rus qadın Fenya ilə yaşayır. Öz ailəsinə təqaüdündən cəmi 40 manat ayıra bilirdi.

Uzun illər astma xəstəliyindən əziyyət çəkən Əliağa Vahid ömrünün sonlarında bu xəstəlikdən daha çox əziyyət çəkməyə başlayır.

Oğlu Ramiz İsgəndərov:

– Həkimi Veysov dedi ki, ömrünə az qalıb. Son dəfə 120 rubl təqaüdünü mənə verdi ki, yarısını Fenyaya ver, yarısını özünüz götürün. Sonra getdi Mərdəkan sanatoriyasına. Bərk sancıları tutdu. Həyat yoldaşı ilə sonuncu dəfə 1965-ci il sentyabrın 29-da görüşdü. Ona qulluq edən tibb bacısı iynəsini gec vurdu, həmin gecə ağrılara dözmədi, dünyasını dəyişdi.

Əliağa Vahidin dünyasını dəyişməsi onu sevənləri çox sarsıtmışdı. O, böyük xalq məhəbbəti qazansa da, xalq şairi fəxri adını almadığı üçün dövlət rəsmiləri onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə vermək istəmirdilər. Amma xalq o zamankı rəhbərliyi qərarlarını dəyişməyə məcbur edə bildi. Yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin etirazlarından xəbərdar edir. Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi olan Vəli Axundov özü Bakıda olmadan xalqın bu qərarını rəsmi şəkildə təsdiqləməli olur. Azərbaycan xalqı Vahidin tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana qədər piyada gətirib, burada dəfn etdilər. Əliağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür dəfn edilməyib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018