Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lütfəli Abdullayevin film kimi həyatı - İRADƏ İSAQ yazır
Tarix: 10.03.2015 | Saat: 19:00:00
Bölmə:Məşhurların Taleyi | çapa göndər

Ölümündən bir neçə saat əvvəl bütün dostlarına zəng edərək vidalaşan komik aktyor dostu və həmyerlisi Bəxtiyar Vahabzadə ilə necə zarafatlaşdı?

Martın 22-də Azərbaycan kinosunun ən nəhəng komik aktyoru Lütfəli Abdullayevin anadan olmasının 101 ili tamam olur. O, səhnədə olduğu kimi, həyatda da hamını güldürməyi, ehtiyacı olanlara yardım əlini uzatmağı bacarırdı. Halbuki özü cəmi 59 illik ömrünün düz 46 ilini tənha və kədərli yaşamışdı. Sağlığında xalq tərəfindən böyük məhəbbətlə sevilən, rəhmətini bu dünyada qazanan Lütfəli Abdullayevin həyat yolu heç də hamar olmayıb.

Lütfəli Abdullayev o aktyorlardan idi ki, onun tamaşaları vaxtı iynə atsan yerə düşməzdi. İnsanlara elə gəlirdi ki, sanki heç tamaşaya baxmırlar, hər şey həyatın özündə baş verir. Xüsusilə də əvəzolunmaz üçlük (Bəşir Səfəroğlu, Nəsibə Zeynalova və Lütfəli Abdullayev) bir arada olanda...

1914-cü ildə, Şəkidə tacir ailəsində doğulmuşdu. Burada 7 illik məktəbi bitirmişdi. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışmışdı. Sənət fədaisi Əhməd Anatollu ilə görüşdən sonra onda aktyorluğa maraq güclənmişdi. Məhz onun məsləhəti ilə gənc Lütfəli 1928-ci ildə 14 yaşında ikən Bakıya, tanınmış teatr xadimlərindən sənətin sirlərini öyrənməyə gəlir. İlk olaraq Dövlət Konservatoriyasının valtorna sinifinin məşğələlərində iştirak edən Lütfəli paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub. Gənc olmasına baxmayaraq, 1938-ci ildə Moskvada keçirilən ilk Azərbayan incəsənəti dekadasında iştirak edib.

Fərhad Bədəlbəyli: -Bu dekadada Lütfəli xorda oxuyurdu. Stalin camaata baxır və əl çalır, aktyorlar onu yaxından görmək üçün səhnənin kənarına doğru əl çala-çala yaxınlaşırlar. Stalin görür ki, aktyorlar suflyorun yerindəki yarığa yıxıla bilərlər. Əl çala-çala hər iki əl ilə onlara geri getmək lazım olduğunu göstərir. Lütfəli pərdə bağlananda qışqırır ki, mən bilirəm Stalin yoldaş nə demək istəyirdi, hərəmizə 10 aylıq maaş verəcəklər. KQB bu sözlərinə görə, onu bir az incitmişdi.

Lütfəli Abdullayev qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayır. Rza Təhmasib 1945-ci ildə bu filmi lentə alanda Vəli rolunda kimi çəkəcəyi üzərində çox düşünmədi. Böyük ustalıqla Vəli rolunda oynamış Lütfəli Abdullayev və Telli obrazını canlandıran xanəndə Fatma Mehrəliyeva “Stalin mükafatı”na layiq görülürlər. Bir il sonra, yəni 1946-cı ildə isə Lütfəli Abdullayev SSRİ Dövlət mükafatı alır. 1949-cu ilin yazında Musiqili Komediya Teatrı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrında, 2 ildən sonra isə Filarmoniyanın nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb. 1956-cı ildə isə Musiqili Komediya Teatrı Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayarkən aktyor bura geri dönür.

Novruz Qartal: – Bir pis şakəri vardı. Məşqlərə yubanırdı. Bir də Şəmsi müəllim məni göndərdi ki, get, Lütfəlini gətir. Lütfəli müəllimgilin evdə Dusya adlı malakan köməkçiləri vardı. Lütfəli ona desəydi “Dusya, Lütfəli netu”, dünya dağılsaydı Dusya heç kimə qapı açmazdı. Gəldim döydüm içəridən səs gəldi ki, “Dusya propusti”. Düşdü qabağıma piyada getdik, addımbaşı adamlar bunu saxlayıb söhbət edir, bu da hərəsi ilə xeyli danışır. 2 addımlıq yolu teatra 1 saata çatdıq.

Qızı Gülnarə: – Atam cavanlara kömək edirdi, dublyoru Siyavuş Aslana çox güzəşt edirdi. Atamın afişada adı gedən gün içəridə adam əlindən tərpənmək olmurdu. Bir dəfə öz tamaşasına 20 dəqiqə qalmış gəlmədi, bilirdi zal dolu olacaq, istədi ki, Siyavuşu görsünlər. Şəmsi müəllim də hirslə zəng vurub ki, “qde tvoy neqodyay otech?” Dedim “nə? Tı sam neqodyay”. Ağladım ki, “bir də bu adam bizim evimizə gəlməyəcək”. Şəmsi müəllim kiçik qız olsam da, məndən nə qədər üzr istəyib güclə barışdı.

29 yaşında Əməkdar artist, 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülən Lütfəli Abdullayevin şəxsi həyatda bəxti heç də yaxşı gətirməmişdi. Onun həyat yoldaşı Sevda Pipinova Bakının olduqca aristokrat bir ailəsindən çıxmış xanım idi. Amma Lütfəli Abdullayev bu evliliyə qədər bir xanımla da qeyri-rəsmi münasibətlər qurmuşdu və bu izdivacdan doğulan Turqut adlı oğlu hazırda Moskvada yaşayır. Amma Lütfəli Abdullayev bu münasibətdən əvvəl sevmişdi Sevda xanımı.

Gülnarə xanım: - O vaxt incəsənət xadimləri üçün ayrıca bufet var idi, onlar orada yeyirdilər, anamın da anası Xurşud xanım Konservatoriyanın prorektoru idi. Talonla anam da o bufetə gedirdi. Anamgil xalq düşməni ailəsi olduğu üçün onlara yaxın düşməyi heç kim ağlına gətirmirdi. Atam anama 15 il əzrində ildə bir dəfə elçi göndərirdi. Hətta Şəmsi Bədəlbəyliyə də Xədicə xanıma qız verməmişdi, demişdi ki, komik aktyora qız vermərəm. Anam da əvvəl ərə gedib 3 aydan sonra boşandı. Hamı başa düşdü ki, bunlar evlənməlidirlər, 1956-cı ildə evləndilər. Bu, gözəl bir filmin ssenarisi ola bilərdi. Anam deyərdi ki, “Lütfəli var deyə, elə bilirəm arxamda dağ dayanıb”. Mənim adım atamın anasının adıdır.

Novruz Qartal: - Əsgərliyə gedəndə Lütfəli müəllim “onların başı xarabdır? Səndən əsgər olar?” deyib məni hərbi hissəyə apardı. İşimi düzüb-qoşdular. Çıxanda general dedi ki, “Lütfəli, daha bura gəlmə”. O isə “gəlməyimi istəmirsənsə, Şəki zonasından və artistlərin içərisindən heç kimi əsgər aparma”, - deyə zarafatyana cavab verdi.

Gülnarə xanım: - Bir dəfə dizerteriyadan xəstəxanada yatırdım. Oradan çıxan gün atam məni oyuncaq dükanına apardı və xoşuma nə gəlirsə, götürə biləcəyimi dedi. Mən hər şeyi bəyəndiyimi bildirəndə atam maqazinin direktorunu çağırıb dedi ki, burada nə qədər oyuncaq varsa, hamısını alıram. Biz evə gedəndə arxamızda bir yük maşını oyuncaqları bizə aparırdı, evə sığmadı deyə oyuncaqları qohum-əqrəbaya payladıq. Mən anadan olanda atamın 48 yaşı vardı. Bəlkə hiss edirdi ki, çox yaşamayacaq. Bir dəfə başında bahalı papaq anamla küçədə gedirmiş. Qəfil tindən bir oğlan çıxır və onun başından papağını götürüb qaçır. Atamın tükü də tərpənmir - necə var, elə də yoluna davam edir. Oğlan baxır ki, kimsə onun dalınca qaçmır, arxasında gələnlərdən biri Lütfəli Abdullayevdir. Yaxınlaşıb papağı təzədən arxadan atamın başına qoymaq istəyəndə atam onun qolundan tutur və oğlanı evə gətirir, anama süfrə açmağı tapşırır, yeyib-içirlər, sonra da oğlana pul verib yola salır. Anam niyə belə etdiyini soruşanda deyir birincisi oğlan papağı qaytardı, ikincisi yəqin ona pul lazımdır deyə papağı oğurlamaq istəyirdi. Atam öləndə oğlan gəlib 40 gün yas mərasimində bizə kömək elədi. Allah o yaxşılıqları bizim qabağımıza çıxardı. Bu yaxında mənim evim tamamilə yandı. Mənə gözlənilməz şəkildə elə adamlar kömək etdi ki! O ev həm də atamgilin evi idi, axı.

Fərhad Bədəlbəyli: – Bu adam çox hazırcavab və məzəli, eyni zamanda, çox ciddi idi. O, öz evinə Nazim Himəti kreslo qarışıq çıxarıb. Yoldaşı Sevda xanım türk ədəbiyyatının gözəl bilicisi idi. Nazim soruşur ki, bu kitablar sizinmi? O isə Ömər Xəyyamın nazik kitabını götürərək “bu, mənimdir, qalanı arvadağanın” - deyir. Lütfəli Abdullayev xaraktercə nikbin və şən adam idi. Yaxşıca yeyib yatmağı çox sevərdi. Elə əsl obrazını yaratdığı Kefcilov idi. Ölənə qədər zarafatından qalmadı. Ölümün də gözünə saymazyana baxa bildi. Çəkisi normadan artıq olsa da, heç vaxt xəstəlikdən şikayət etməmişdi. O, heç xəstələnərək yataq şəraitində yatmayıb.

Gülnarə xanım: - 1973-cü il dekabrın 9-u idi. Atam Nəsibə xanımla birgə Politexnik Universitetinin tələbələri ilə görüşdən gəlirdi. Evə qayıdıb, yeməyini yedi, telefon dəftərini istədi, 2 saata yaxın bütün dostlarına zəng vurub hamı ilə danışdı. Ən sonda həmyerlisi və dostu Bəxtiyar Vahabzadəyə zəng vurdu. Yarı zarafat, yarı çiddi “ölürəm, gedirəm o dünyaya, dədənə sözün varsa, de” söylədi Bəxtiyar müəllim də elə o tonda cavab verdi: “gedirsənsə, dədəmə de ki, mənə nə çatacaqsa, sənə versin”. Atam dedi: “yox e verməz, tanıyıram, sənin dədən simicin biridir. Elə bilər ki, mən sənə çatdırmayacağam”. Səhər oldu. Anam Bəxtiyar Vahabzadəyə zəng vurub atamın öldüyünü dedi. Cəmi 2 gün sonra anamın ad günü olacaqdı. Atamla danışmışdılar ki, evdə ad gününü necə keçirəcək. Anam elmi iş üzərində çalışırdı deyə, ad günü keçirmək istəmədiyini, başının qarışıq olduğunu demişdi. Onda atam dedi: “Baxarsan, ayın 11-i mən bütün Bakını bu evə yığacam”. Elə də oldu, anamın ad günündə atamı dəfn etdilər. Sonralar da anam bizə özünü ad günü münasibətilə təbrik etməyə icazə vermədi. Bütün qohumlar bizdən üz döndərdi, bir tək Şəmsi Bədəlbəylidən başqa. O, ölən günə qədər bizim ailənin ağsaqqalı oldu.

Novruz Qartal: – İndiyədək yadımdadır, həmin gün bizdə Vasif Adıgözəlov və Əliağa Kürçaylının “Nənəmin şahlıq quşu” tamaşası oynanılırdı. Xəbər gəldi ki, Lütfəli Abdullayev dünyasını dəyişib. Şəmsi müəllim dedi ki, elan verin, tamaşaçılar istəsə tamaşanı oynayın. İnanın, bir nəfər adam qalmadı, hamı teatrı tərk etdi və zaldan çıxan hər kəs onların ünvanını soruşub birbaşa yas məclisinə getmək istəyirdi.

Gülnarə xanım: - Atam demişdi ki, mən öləndən sonra qızlarım incəsənətə gəlsə, qəbrimdə çevrilərəm. Ona görə də biz bu sənətin dalınca getmədik. Bacım ölkədə ilk klavisin ifaçısı, mən isə rejissor oldum. Bu, sadəcə belə alındı.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019