Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Fənn olimpiadası: şagirdlər üçün bilik bayramı, yoxsa...?
Tarix: 17.04.2015 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Final mərhələsində iştirak edəcək 480 şagirdin yarısı I,II, III yerlərlə təltif olunacaqlar

Bu gündən Azərbaycan məktəbliləri arasında fənn olimpiadasının final mərhələsi başlayır. Aprelin 20-dək davam edəcək tədbir “Kempinski” hotelində keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, olimpiada bayramında iştirakçıların bilik yarışmasına tam motivasiya olması üçün bütün şərait nəzərə alınacaq.

Bəs, görəsən, ənənəvi olaraq hər dərs ilində keçirilən məktəblilərin fənn olimpiadasında bu il hansı yeniliklər olacaq? Builki fənn olimpiadalarında neçə şagird iştirak edir?Ümumiyyətlə, bu yarışmanın əhəmiyyəti nədən ibarətdir?

Məsələyə aydınlıq gətirən Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlar şöbəsinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev deyib ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən 2014-15-ci tədris ili üçün respublika fənn olimpiadalarının keçirilməsi ilə əlaqədar yeni qaydalar təsdiq edilib. Onun sözlərinə görə, həmin qaydalarda əsas məqsəd məktəblər arasında istedadlı gənclərin aşkar edilməsi, onların potensiallarının artırılması və nümayiş etdirmə imkanları, həmçinin, şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılmasıdır.

Nazirlik rəsmisi qeyd edib ki, yeni qaydalara əsasən, respublika fənn olimpiadaları 3 mərhələdə keçirilir. İlk mərhələdə rayon mərhələsi, ikinci yarımfinal turu, üçüncüsü isə finaldır. Yanvardan etibarən proses davam edir. İlk mərhələdə bütün Azərbaycandan 22 min şagird iştirak edib. Onların arasından yarımfinala ən yaxşı 4 min şagird seçilib. Mart ayında olimpiadanın zona mərhələsi keçirilərək onların arasında ən yaxşı 480 nəfəri seçdik və onlar da final mərhələdə iştirak edəcək. Respublika fənn olimpiadalarının final mərhələsi aprelin 18-20-də keçiriləcək. Olimpiada 8 fənn üzrə keçirilir və burada texniki (riyaziyyat, kimya, fizika, biologiya, informatika) və humanitar fənlər (Azərbaycan dili , tarix və coğrafiya) yer alır. Olimpiadadan uğurla keçən şagirdləri beynəlxalq olimpiadalarda iştirakını təmin edəcəyik: “Bəzən istər valideynlər, istər müəllim, istərsə də şagirdlər arasında anlaşılmazlıq olur ki, uşaqlar TQDK-nın keçirdiyi sınaq imtahanlarında yüksək nailiyyətlər əldə etsələr də, respublika fənn olimpiadasının hansısa mərhələsində həmin nəticəni göstərə bilmirlər. Buna görə də müəyyən çaşqınlıqlar əmələ gəlir. Vurğulamaq istəyirik ki, fənn olimpiadaları ilə sınaq imtahanları fərqli anlayışlardır. Olimpiadalardakı suallar məktəb proqramlarına uyğun olsa da, daha çətin və dərinləşdirilmiş, eləcə də spesifik şagirdləri seçmək məqsədi ilə hazırlanır”.

İlk dəfə olaraq şagirdlərə sualların cavabları veriləcək

Fuad Qarayev əlavə edib ki, Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara əsasən respublikanın tanınmış professor və müəllim heyətindən ibarət münsiflər heyəti yaradılıb. Onun sözlərinə görə, builki fənn olimpiadalarındakı əsas dəyişikliklərdən biri də prosesin obyektiv, şəffaf və müsbət rəqabət şəraitində keçirilməsi ilə bağlıdır: “Buna görə də yenilik olaraq şagirdlər final mərhələsində imtahanlardan çıxdıqdan sonra onlara sualların cavabları və qiymətləndirmə meyarları paylanılacaq. Şagirdlər nəticələr açıqlanana qədər öz yazıları ilə tanış ola biləcək, 1 gün sonra münsiflər heyəti ilə birlikdə nəticələrin təsdiqi mərhələsi başlayacaq. Nəticədən narazı olan şagirdlər münsiflərin heyətinin qarşısında öz yazdıqlarını müdafiə edə biləcəklər. Digər dəyişiklik, final mərhələsində iştirak edəcək 480 şagirdin 50 faizi, yəni 240 nəfəri I,II, III yerlərlə təltif olunacaqlar. Sual ortaya çıxa bilər ki, 480 nəfərin yarısı medal almış olacaq, bu nə qədər doğrudur? Olimpiadada iştirak edən ümumilikdə 22 min şagird arasından 240 nəfər seçiləcək. Həmçinin final mərhələsinin nəticələrinə əsasən, 8 fənnin 8-dən də “birincilər birincisi” nominasiyasını təyin etmişik ki, həmin fənlərin hamısından yüksək nəticə əldə edən şagirdə xüsusi mükafat veriləcək”.

Beynəlxalq fənn olimpiadalarına hazırlığın da Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən olduğunu xatırladan qurum rəsmisi deyib ki, artıq Bakı və Sumqayıt şəhərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Fuad Qarayevin sözlərinə görə, hazırda həmin mərkəzlərdə işlər davam etməkdədir. Hər iki mərkəzdə ümumi fənlər üzrə 100-dən çox şagird olimpiadaya hazırlıq məşqlərində iştirak edir: “Böyük ehtimalla aprelin sonunda bu şagirdlər üçün yay olimpiada məktəbi təşkil ediləcək”.

Fuad Qarayev əlavə edib ki, beynəlxalq fənn olimpiadalarının keçirilməsi qaydaları var və onları dəyişmək Təhsil Nazirliyindən asılı deyil. Ancaq Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha ciddi nailiyyət əldə etməsi, daha çox medalların qazanılması üçün müxtəlif tədbirlərin görülməsi planlaşdırılır. Məsələn, mayın ilk həftələrində riyaziyyat və fizika olimpiadaçılarımız beynəlxalq olimpiadalardan əvvəl keçirilən müxtəlif regional olimpiadalarda iştirak edəcəklər: “Təhsil nazirinin əmri ilə 11 nəfərdən ibarət olan komanda - 6 şagird riyaziyyat, 5 şagird fizika fənnindən olmaqla, Balkan riyaziyyat olimpiadası və Asiya fizika olimpiadasında iştirak edəcək. Bundan əlavə, olimpiadalardan geri qayıtdıqdan sonra həmin şagirdlər üçün Azərbaycanda olimpiada işləri ilə məşğul olan mütəxəssislərin iştirakı ilə olimpiadaçıların yay məktəblərinin təşkili nəzərdə tutulur”.

Nəticələr şəffaf olarsa…

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib ki, bu kimi yarışlar istedadların meydana çıxmasına şərait yaradır. Onun sözlərinə görə, əsas məsələ odur ki, nəticələr şəffaf olsun: “Əslində olimpiadaların nəticələri şagirdlərin ali məktəbə qəbul olunmağına, hətta onların pulsuz oxumasına da kömək etməlidir. «Təhsil haqqında» qanun hazırlananda belə bir təklif var idi. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında buna qarşı müəyyən fikirlər yarandı. Onlar əsas gətirdilər ki, olimpiadada yer tutanlar imtahanda yer tuta bilmirlər. Deməli, bu yarışmada hansısa neqativ hallar var. Bu halda onlar necə imtahansız universitetə qəbul olsunlar. Gərək şəffaflıq, dürüstlük, inam olsun ki, sözügedən məsələ həyata keçsin”.

Əjdər Ağayev etiraf edir ki, indiyədək keçirilən yarışlarda neqativ hallar çox olub. Onun sözlərinə görə, aşağı mərhələdə yüksək bal yazılır, bu isə yuxarı mərhələdə özünü doğrultmur. İkinci səbəb isə qiymətləndirmədə şagirdin mühitidir: “Yəni uşaq hərdən elə qrupda yer alır ki, başqa qrupda o beşə üç yazarlar. Olimpiadaya sinifdə sadəcə, nisbətən fərqlənəni seçib göndərirlər. Belə olmaz, yarışmaya göndəriləsi uşaq yoxdursa, olmasın. Yetişdirib sonra göndərmək lazımdır. Yəni, demək istəyirəm ki, ilk növbədə yanlış ənənələr aradan qaldırılmalıdır. Bu mənada güman edirəm ki, builki yarışmada tətbiq edilən yeniliklərdən sonra bəlkə biz obyektivliyi aşkar edə bilərik».

Sevinc

 



Bölməyə aid digər xəbərlər
13.11.2018 Sabah qaz olmayacaq

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018