Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BDU-nun qarşısındakı yolun təmirinə başlanıldı - REPORTAJ, FOTO
Tarix: 22.04.2015 | Saat: 21:00:00
Bölmə:Reportaj | çapa göndər

İki ildən çoxdur bağlı qalan yol Avropa Oyunlarına qədər istifadəyə veriləcək

«Bakı Metropoliteni» QSC-nin «Elmlər Akademiyası» stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı ikinci çıxışının tikintisi ilə əlaqədar olaraq iki ildən çoxdur bağlı qalan Bəxtiyar Vahadzadə və Zahid Xəlilov küçələri iki gündür piyadaların ixtiyarına verilib. Ancaq bununla belə sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə hələ də qadağa qoyulub. Deyilənlərə görə, tezliklə əsaslı təmir olunacaq adıçəkilən küçələrdə nəqliyyat vasitələrinin sərbəst hərəkəti yaxın günlərdə bərpa ediləcək.

«Həftə içi»nin məlumatına görə, əvvəllər «Elmlər Akademiyası» metrostansiyasının ikinci çıxışı ilə əlaqədar olaraq ərazini 4 tərəfdən hasarlamaq və məkana kənar nəqliyyat vasitələrinin və şəxslərin girişini qadağan etmək üçün istifadə olunan dəmir hasalar artıq ləğv edilib. Bəxtiyar Vahabzadə küçəsi ilə piyadalar sərbəst hərəkət etsələr də, maşınların girişini yasaqlamaq üçün həmin küçənin Əhməd Cəmil, Zahid Xəlilov və Şəhriyat küçələrinə, eləcə də Mətbuat prospektinə giriş hissələrinə beton bardürlər qoyulub. Küçənin giriş hissəsində üzərində yolun təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC tərəfindən aparıldığı göstərən lövhə vurulub. Hazırda təmir-tikinti ərazisində müxtəlif ağır texnikaların köməyi ilə yolun asfalt örtüyü çıxarılır.

Yeri gəlmişkən, təmir zonasındakı səliqəsizlik ilk baxışdan diqqəti çəkir. Belə ki, qırılmış asfalt örtükləri küçənin ortasında qalaq-qalaq yığılıb, yolun qazılmış hissəsində isə dərin çalalar əmələ gəlib. Ərazidə xeyli sayda beton bardürlərə də rast gəlinir. Həm Bəxtiyar Vahabzadə, həm də bu küçənin Zahid Xəlilov küçəsi ilə kəsişməsindəki piyada keçidlərinin girişlərində armaturlardan hasar tikilib. Birinci piyada keçidindəki pilləkənlər betonlardan hörülsə də, ikinci keçiddə pilləkənlər yalnız keçidin tən ortasındadır. Onun sağ və sol tərəfindən eskalatorların quraşdırılması üçün yer ayrılıb.

«Azəryolservis»in əməkdaşları “Həftə içi”nə bildiriblər ki, yolun təmir-tikinti işlərinə yenicə başlayıblar. Onların dediyinə görə, əvvəlcə yolun asfalt örtüyü dağıdılacaq, ərazidə qazıntı işləri aparılacaq, sonra torpaq yatağı tikiləcək. Daha sonra isə asfalt örtüyü salınacaq.

Səhmdar Cəmiyyətin işçiləri vurğulayırlar ki, sözügedən yolda təmir-tikinti işlərini qısa müddətdə başa çatdırmaq qeyri-mümkündür. Onların sözlərinə görə, haqqında bəhs edilən küçədə xeyli sayda yeraltı kommunikasiya xətləri mövcuddur. Bu səbəbdən də bir neçə gün əvvəl «Azəryolservis» kommunikasiya xətlərinin istismarı ilə məşğul olan təşkilatlara müraciət ünvanlayıb. Həmin müraciətdə qeyd olunub ki, yaxın günlərdə Yasamal rayonunun Bəxtiyar Vahabzadə küçəsində əsaslı təmir işlərinin aparılması planlaşdırıb. Təmir ilə bağlı hazırlıq işləri aparıldığından aidiyyəti dövlət qurumları və digər müvafiq təşkilatlar sözügedən küçədə yerləşən mövcud yeraltı kommunikasiya xətlərinin texniki vəziyyətini araşdıraraq bu barədə Səhmdar Cəmiyyətə müraciət etsinlər. Əks halda təmirdən sonra kommunikasiya xətlərində baş verən problemlərə görə yol təsərrüfatı orqanı məsuliyyət daşımayacaq. Hazırda yeraltı kommunikasiya xətləri ilə bağlı araşdırmalar davam etdirildiyi üçün yalnız qazıntı işləri aparılır. Bu səbəbdən də yolun əsaslı təmiri müəyyən qədər zaman tələb edir. Digər tərəfdən, yolun təmir-tikinti işlərinin sürətli getməsi hava şəraitindən də asılı olacaq. Belə ki, yağışlar yağmazsa, görüləcək işlərin qrafik üzrə başa çatdırılmasında problem yaşanmayacaq.

«Azəryolservis» in rəsmiləri əlavə edirlər ki, sözügedənq yolun əsaslı təmiri ilə yanaşı, səkilərin də yenidən qurulması gözlənilir. Ərazidə gördüyümüz beton bardürlər də məhz səkilərin yolun kənarlarında olan hissələrində yerləşdiriləcək. Yolun paytaxtımızda keçiriləcək «Bakı-2015» birinci Avropa Oyunlarına qədər tam istifadəyə verilməsi gözlənilir.

«Elmlər Akademiyası»nın ikinci çıxışının piyada keçidlərinin Səhmdar Cəmiyyət tərəfindən aparılıb-aparılmayacağı, yolun təmirinin bitməsindən sonra ikinci çıxışın istifadəyə verilib-verilməyəcəyinə gəlincə, bu proses «Bakı Metropoliteni» QSC tərəfindən reallaşdırılacaq.

«Bakı Metropoliteni»nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə “Həftə içi”nə deyib ki, Bəxtiyar Vahabzadə küçəsində aparılan təmir-tikinti işlərinin rəsmisi olduğu quruma heç bir aidiyyəti yoxdur. Onun dediyinə görə, sözügedən keçidin piyada keçidləri məhz «Bakı Metropoliteni»nin sifarişi əsasında tikilir. «Azəryolservis» isə yalnız yolun əsaslı təmiri ilə məşğul olacağı üçün həmin keçidlərin bu səhmdar cəmiyyətə aidiyyəti yoxdur:

“Metronun «Elmlər Akademiyası» stansiyasındakı ikinci çıxışın Bəxtiyar Vahabzadə küçəsinə 3 istiqamətdə çıxış olacaq. Biri Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdıracaq. Bu küçədə birinci keçidə paralel daha 2 keçid yerləşəcək. Çıxışlardan daha biri Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsinə - Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığına düşəcək. Eskalatordan sonra 30 metr yanaşma tuneli olacaq. Platforma hissəsinə aparan eskalatorlar da son dövrlərin ənənəsinə uyğun surətdə Avropa standartları ilə müəyyən ediləcək. Orada «Elmlər Akademiyası» stansiyasının dartı-azaldıcı yarımstansiyası inşa olunacaq. Hazırda işlərimiz davam edir və yaxın aylarda proses yekunlaşacaq. Bir sözlə, «Elmlər Akademiyası»nın ikinci giriş-çıxış hissəsi 2015-ci ildə sərnişinlərin istifadəsinə veriləcəyi gözlənilir».

Təbriz Vəfalı,
fotolar müəllifindir

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018