Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müharibə uşaqlarının günü… - ARAŞDIRMA
Tarix: 02.06.2015 | Saat: 19:00:00
Bölmə:Gündəm Araşdırma | çapa göndər

Artıq 65-ci ildir ki, 1950-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis olunmuş - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edirik. Ancaq böyüklərin özünü daha sivil, elmi, texnoloji cəhətdən inkişaf etmiş saymasına rəğmən onların günahları, mənasız qarşıdurma və münaqişələri ucbatından uşaqların hələ də dəhşətlər yaşaması və həyatlarını itirməsi davam etməkdədir. Sülh şəraitində yaşayan uşaqlar pis-yaxşı öz bayramlarını qeyd edə bilirlər. Bu gün müharibə uşaqlarının günündən bəhs edəcəyik...

Uşaqların silahlı münaqişələr zamanı zərər çəkməməsi üçün bir sıra beynəlxalq normativ aktlar imzalanmışdır. 1949-cu ildə qəbul edilmiş Cenevrə hüququ döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin, o cümlədən, uşaqların mühafizəsinə yönəlib. 1954-cü ildə uşaqların müdafiəsi üçün BMT-nin Uşaq Fondu –YUNİSEF yaradılıb. 1989-cu ildə BMT Uşaq Hüquqları Konvensiyasını qəbul edib. BMT Baş Assambleyasının 25 may 2000-ci il tarixli qətnaməsi ilə Uşaq hüquqları haqqında Konvensiyaya Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol daxil edilmişdir. Eyni zamanda, BMT Baş katibinin müavini statusunda, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edilmişdir. Bu və digər qurumların illik hesabatlarında münaqişə zonalarında yaşayan uşaqların haqlarının müdafiəsi, onlara müxtəlif yardımlar edilməsi istiqamətində yüzlərlə iş görülməsi barədə faktlar əks olunur. Bütün bunlara baxmayaraq, dünyada, xüsusən müsəlman ölkələrində uşaqların adi yaşam hüquqları, təhlükəsizliyi ilə bağlı çox ciddi problemlər var. Bu gün Fələstin, Yəmən, Suriya, İraq, Əfqanıstan, Myanma və s. kimi ölkələrdə uşaqlar faktiki olaraq xüsusi soyqırımına məruz qalır.

“2014-cü il uşaqlar üçün faciəvi olub”-YUNİSEF

2014-cü il dekabrın 13-də UNİSEF-in Cenevrədəki tədbirində çıxış edən qurumun rəsmi nümayəndəsi Sara Krou “Bu il uşaqlar üçün faciəvi olub", - deyərək aşağıdakı rəqəmləri açıqlayıb: “Ukraynada ölkədaxili köçkün uşaqların sayı 128 mindir. Aprelin ortalarından oktyabrın sonlarınadək Donetsk və Luqanskda azı 36 uşaq öldürülüb, 100-dən çoxu isə yaralanıb. İsrailin hücumu sayəsində Qəzzada 538 uşaq öldürülüb, 3370-dən çoxu yaralanıb, 1500 uşaq isə yetim qalıb. MAR-dakı münaqişə bu il 432 uşağın ölümünə, 245 min uşağın qaçqın düşməsinə səbəb olub, 10 minədək uşaq isə silahlı qruplaşmalara cəlb edilib. Suriyada 1,7 milyon, Cənubi Sudanda isə 326 min uşaq qaçqın həyatı sürür...”.

600 milyon uşaq təhlükəli döyüş bölgələrində yaşayır...

 

Statistikaya görə, dünyada yaşayan təqribən 2 milyard uşaqdan 600 milyonu, yəni dünyadakı uşaqların 30%-i yoxsulluqdan əziyyət çəkir. Bunun də əsas səbəblərindən biri mənasız silahlı münaqişələrdir. Əlbəttə, bu, aclıq, epidemiyalar, təhsilsizlik kimi problemləri də özü ilə gətirir. Dünyada 150 milyona yaxın uşaq heç məktəbə getmir. 600 milyona yaxın uşaq təhlükəli döyüş bölgələrində yaşayır. Nəticədə, hər il milyonlarla uşaq həlak olur və ya şikəst qalır, qalanları isə həyatını əzab-əziyyət və bədbəxtlik içində keçirir. Bu günə qədər aclıq, xəstəlik, baxımsızlıq səbəbi ilə ölən uşaqların sayı milyonlarladır.

 

Dünyada 400 minə yaxın uşaq əsgər var...

Bu gün dünyada 350-400 minə yaxın uşaq əsgər var. Təkcə 90-cı illərdəki silahlı münaqişələrdə 2 milyondan çox uşaq ölüb, 6 milyondan çox uşaq ağır yaralanıb və ya şikəst qalıb. Hər il 8-10 min uşaq minaya düşərək ölür və ya şikəst qalır.
Müharibədə iştirak etməyə məcbur edilən uşaq əsgərlər qeyri-kafi qidalanmadan yaranan xəstəliklərə görə həyatını itirir. Vitamin çatışmazlığından yaranan xəstəliklər, vəba, malyariya ən geniş yayılmış xəstəliklərdəndir.


Somali, Myanma, Cənubi Sudan da daxil olmaqla, 8 ölkədə uşaqlar zorla əsgər edilir. ABŞ, İngiltərə, Avstraliya və Kanadada isə 18 yaşdan aşağı uşaqları əsgərə aparmaq sərbəstdir. 23 döyüş bölgəsində 50-dən çox terror təşkilatı uşaqları döyüşməyə məcbur edir. İnsan Haqları Müşahidə Təşkilatının (Human Rights Watch) 23 iyun 2014-cü il tarixli hesabatına əsasən, Azad Suriya Ordusu, Nüsra cəbhəsi, İslami Cəbhə kimi təşkilatlar Suriya hökumətinə qarşı uşaq döyüşçülərdən istifadə edir. İŞİD kimi təşkilatlar da uşaqlara silahlı təlim keçir və onlardan intihar hücumlarında istifadə edir. Bundan əlavə, uşaqlar snayperçi kimi təlimləndirilir və cəbhələrə silah-sursat daşıyırlar. Hesabatda kürd nəzarəti altındakı bölgələrdə də uşaqların cəbhəyə göndərildiyi bildirilir.

ABŞ işğalından sonra İraqda 6 milyon uşaq yetim qalıb…

Suriyalı Zorakılığı Müşahidə Mərkəzi 2011-ci ildən etibarən ölən döyüşçü oğlan uşaqlarının sayının 194 olduğunu bildirmişdi. İraqda da eyni mənzərə hakimdir. BMT-nin hesabatına əsasən, 5.5 milyon iraqlı uşaq əsas ehtiyaclarından məhrumdur. ABŞ işğalından etibarən 6 milyon uşaq yetim qalıb, minlərlə ailə uşaqlarını itirib. “Iraq Body Count-IBC”nin faktlarına əsasən, işğal müddətində 3.290.018 iraqlı uşaq şikəst qalıb və ya həyatını itirib. Bundan əlavə, İraqda hər il 35 min körpə ölür və uşaqların ¼-i qeyri-kafi qidalanmaya görə fiziki və əqli cəhətdən inkişaf etmir.


Artıq Yəməndə 135 uşaq həlak olub

Son dövrdə İŞİD-in türkmənlər, yezidilər kimi bir çox bölgə xalqına etdiyi hücumlar uşaq ölümlərinin artmasına səbəb olur. Ölüm, yaralanma, şikəst qalmadan başqa, İraqda uşaqları gözləyən digər təhlükə də uşaq quldur dəstələridir. Şəxsiyyət vəsiqələri dəyişdirilən uşaqlar 400-10 min dollara satılır. Bunların bir qismi uşaq porno qruplarının əlinə düşür.
Dünyadakı münaqişə ocaqlarının sayı artdıqca ölən uşaqların da sayı artır. YUNİSEF-in mayın 25-ə verdiyi məlumata görə, Yəməndə cəmi iki ay əvvəl başladılmış silahlı əməliyyatlar nəticəsində 135 uşaq həlak olmuş, 260-ı isə yaralanmış və şikəst olmuşdur.

22 azərbaycanlı uşaqlığından bu günədək erməni əsirliyində qalıb…

Dünyada müharibələrdən zərər görən uşaqlar arasında Azərbaycan uşaqları da xüsusi yer tutur. 1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan çocuğunun vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır. Beynəlxalq güclər və erməni lobbisi tərəfindən qondarılmış bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid, yaxud əlil olmuş on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilirlər.
1988-1989-cu illərdə Qərbi Azərbaycanda –“Ermənistan”da yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb.


1988-1994-cü illərdə itkin düşmüş 4566 azərbaycanlıdan 53-ü uşaq olub. 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, əsir və girov götürülməsi məlum olan 877 nəfərdən 22 uşaq bu günədək Ermənistanda əsirlikdədir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1.03.2004-cü il tarixli məlumatında bildirilir: “Münaqişə zonasında əsir və girov götürülməsi faktı ermənilər tərəfindən danılan şəxslərdən 18 nəfəri 14 yaşına qədər olan uşaqlardır. Girov götürülən zaman onlardan ən böyüyü — Gülafə 14 yaşında, ən kiçiyi Məhsəl isə cəmi ay yarımlıq idi. Girov götürüləndən sonrakı taleyi məlum olmayan bu 18 uşaq valideynləri və qohumları tərəfindən axtarılır”.

Həm torpağını, həm anasını, həm də gözlərini itirmiş laçınlı Nurlanə...

1993-cü il martın 31-də Kəlbəcər işğal olunarkən Laçın rayonunun mühasirədə qalmış Şamkənd kəndindən olan müəllimə 20 yaşlı Səma Kərimova 2 yaşlı qızı – Hümbova Nurlanə ilə birlikdə girov götürülmüşdür. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin, özünün məruz qaldığı mənəvi işgəncələrə dözməyən və ölümü əsirlikdən üstün tutan Səma Kərimova 15 may 1993-cü il tarixdə özünə qəsd etmiş, beləliklə, Nurlanə və qardaşı Rüfət Hümbətov anasız qalmışlar. 4 aylıq əsirliyin sonunda ermənilərin boyun nahiyəsinə avtomat qundağıyla vurduqları zərbələr nəticəsində Nurlanə bu günədək 8 dəfə cərrahi əməliyyata məruz qalsa da, görmə qabiliyyətinin cüzi faizi bərpa olunmuşdur. Nurlanə Nursuz imzası ilə şeirlər yazan şəhid övladı 2012-ci il mayın 18-də dünya ictimaiyyətinə və Ermənistan başçısı Serj Sarkisyana kəskin müraciət ünvanlamışdır. Qardaşı Rüfət isə 20 ildən çox özgə qapılarında və yataqxanada yaşadığı əzablı, anasız qaçqın həyatı sayəsində şəkər xəstəliyinə düçar olmuşdur.
Əmirova Xəzəngül Təvəkkül qızı: Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırmışlar.

Erməni həkimlər 10 yaşlı Şövqinin bazu sümüyünü çıxarıblar...

İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyitləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar. Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndidə erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst olub.


Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst qalıb. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.

15 yaşlı Nəzakətin gözləri qarşısında atasının qulaqlarını kəsiblər...

Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib, anası hədə və şantajlara dözməyərək dəli olub, qızın özünü isə 4 min rus rubluna ailəsinə satıblar.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir.

Atəşkəs dövründə də ermənilər uşaq qətllərini davam etdirmişlər


1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər rayonun Ermənistanla həmsərhəd Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına bais olmuşlar. 2011-ci ilin martın 8-də Ağdamın cəbhə xəttində yerləşən Orta Qışlaq kəndində öz həyətində dostları ilə oynayan atasız böyümüş, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək həlak olmuşdur. 2011-ci ilin iyulunda yenə də Tovuz rayonunun Əlibəyli kəndində çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirmişdir. Və s. və i.a.

Müharibə illərinin ağrısı hələ də yaşanmaqdadır...

I Qarabağ savaşı bitdikdən sonra - 1994-cü ilin mayında atəşkəs barədə saziş bağlandıqdan sonra dövlətimiz neft-qaz gəlirləri sayəsində vətəndaşların, o cümlədən, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbir və layihələr həyata keçirmişdir. Beynəlxalq təşkilatlar, o cümlədən, YUNİSEF də xüsusən qaçqın uşaqlara müxtəlif səpkili yardımlarda dövlətə dəstək olmuşdur. Son 10-15 ildə çadır şəhərcikləri ləğv edilmiş, çadırlarda eləcə də vaqon, yataqxana, dövlət idarələrində, qurma evlərdə yaşayan 10 minlərlə məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür. Bütün bu tədbirlər qaçqın və məcburi köçkün övladlarının reabilitasiyasına müsbət təsir göstərmişdir. Lakin artıq özləri dünyaya övlad gətirməkdə olan 1988-1994-cü illərin müharibə uşaqları o illərin bir çox psixoloji, fizioloji zərbələrini bu gün də yaşamaqdadırlar. Bu şikəst, görmə, eşitmə, nitq və s. qabiliyyətlərində qüsur olan kişi və qadınlar məhz o illərin didərgin uşaqlarıdır..

Qaçqın uşaqların ölüm səviyyəsi digərlərindən 3-4 dəfə çox olub...

Uzun illər həyat şəraiti və sanitariya baxımından yararsız yerlərdə yaşamaları məcburi köçkünlərin və övladlarının bir sıra xəstəliklərə düçar olmasına gətirmişdir. “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramı”nın hesabat hissəsində qeyd edilir ki, ağır məişət şəraitində yaşamaları və təmiz içməli su əldə etmək imkanlarının olmaması səbəbindən 40 min nəfər məcburi köçkün qadın müxtəlif xəstəlikdən (mədə-bağırsaq, virus infeksiyaları, dəri xəstəlikləri, malyariya, difteriya, qarın yatalağı, sinir xəstəlikləri, vərəm, qanazlığı, şəkər və s.) əziyyət çəkib, nəticə də uşaqlar və yeni doğulmuş körpələr arasında da xəstələnmə halları artıb. Buna görə də məcburi köçkun əhali arasında uşaq ölümü səviyyəsi ölkə üzrə olan orta göstəricidən 3-4 dəfə çox olub.
Köçkün əhali qrupundan olan qadınlar və uşaqlar daha həssas qruplar hesab edilirlər. Məcburi köçkünlərin təxminən 200 min nəfərini uşaqlar təşkil edirlər... Köçkün məktəblərinin bəziləri vaqonlarda, qurma evlərdə, qeyri-münasib obyektlərdə fəaliyyət göstərib. Sinif otaqları çatışmadığı üçün dərslər 2-3 növbəli keçirilib. Bunlar isə tədrisin keyfiyyətinə də mənfi təsir göstərib.

Çadırlarda 4200 uşaq dünyaya gəlib...

1992-2007-ci illər ərzində çadır şəhərciklərində 4 min 200 uşaq dünyaya gəlib. Çadır şəhərciklərində doğulan həmin uşaqlar da qaçqınlıq taleyi yaşayırlar. Müharibənin dəhşətlərini görərək, psixoloji travma alan 300-500 min uşağın isə sosial reabilitasiyaya ehtiyacı var. Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun mətbuata verdiyi açıqlamaya görə, Azərbaycanda yaşayan təxminən 3 milyon uşağın mövcud problemlərinin 45 faizi, ümumi sayın yalnız 10 faizini təşkil edən qaçqın uşaqların üzərinə düşür.

Qaçqın uşaqların 70,2 faizi risk qrupuna daxil edilib...

Azərbaycan Tibb Universiteti Uşaq Xəstəlikləri kafedrasının müdiri, professor İbrahim İsayev və digər əməkdaş tibb elmləri namizədi Sevinc Hüseynova 2010-cu ildə Gəncə şəhərində məskunlaşan məcburi köçkün (qaçqın) uşaqların sağlamlıq və şəxsiyyət xüsusiyyətlərinin vəziyyətini araşdıran hesabat hazırlayıblar. Tədqiqat zamanı Azərbaycanın Gəncə şəhərində fəhlə və tələbə yataqxanalarında məskunlaşmış Dağlıq Qarabağ bölgəsindən 7 yaşdan 17 yaşadək olan 342 məcburi köçkün uşaq müayinə olunub. Müayinə olunmuş uşaqların yalnız 8,2% praktiki sağlam çıxıb, 70,2% risk qrupuna daxil edilib və 21,6 faizində müxtəlif xroniki xəstəliklər aşkar edilib. Aparılmış tədqiqat işinin nəticələri göstərib ki, məcburi köçkün uşaqlara uzun müddət təsir göstərən qeyri-adi həyat şəraiti orqanizmdə “distress” yaradaraq, müxtəlif patoloji halların inkişafı ehtimalını artırır. Bu, məcburi köçkün uşaqlarda sosial adaptasiya prosesinin vəziyyətinə təsir göstərir. Belə uşaqlar narahat, özünə güvənməyən, ünsiyyətə girməyən, kollektivə çox çətin uyğunlaşan, fəal həyatı sevməyən, çox həssas, utancaq, hər şeyə şübhə ilə yanaşan, ətrafdakılara biganə, küsəyən, pessimist, çox vaxt tərs xüsusiyyətləri ilə səciyyələnir. Onların sosial adaptasiyaları çox zəif olur, peşə seçimində çətinlik çəkirlər, çətinliklərlə üzləşəndə isə müxtəlif neqativ hallar və psixosomatik xəstəliklərin, eləcə də intiharların başvermə ehtimalı artır.

Müharibə onların uşaqlığını əllərindən alır...

Torpaqları ilə bərabər öz uşaqlıq çağlarını da itirmiş didərgin uşaqlarının problemlərindən danışmaqla bitmir. Ancaq bütün Azərbaycan əhli kimi onlar üçün də ən böyük problem torpaqlarımızın azad edilməsidir. Müharibə uşaqları yalnız sözün əsl mənasında şuşalı, laçınlı, kəlbəcərli, ağdamlı və s. adlanacaqları gün 1 İyun - Uşaqlar Gününü də ürəklə qeyd edəcəklər...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019