Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanla Əfqanıstanın arasında hərbi saziş imzalanacaq - MÜSAHİBƏ
Tarix: 30.10.2015 | Saat: 19:00:00
Bölmə:Müsahibə | çapa göndər

Məhəmməd Taqi Xəlili: "Azərbaycan hər zaman Əfqanıstanın arxasında dayanıb, ona kömək göstərib"

Daha bir dost ölkənin - Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili ilə görüşüb, söhbət elədim. Çox səmimi, xoşxasiyyət insandır. Nə qədər sual verdimsə, "çoxdur" demədi, əksinə, əlavə nələrisə soruşmaq üçün şərait də yaratdı. Mən də fürsəti əldən verməyib bir çox maraqlandığım məqamlara cavab almağa çalışdım. Nikbin söhbət idi, dedi ki, dost və qardaş dövlətlərimiz arasında münasibətlər tarixən yaxşı olub, bundan sonra da inkişaf edəcək.
- Çox şükürlər olsun ki, bu gün Əfqanıstanla Azərbaycan arasında heç bir problemli məsələ yoxdur, dost münasibətlərimiz gündən-günə inkişaf edir. Hökumətlərimiz arasında da qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur.
- Bildiyim qədər Azərbaycan imkanları daxilində Əfqanıstan hökumətinə ordu quruculuğu və polis sistemində hazırlıqla bağlı köməklik göstərir, hətta bu məqsədlə layihələri reallaşdırmaq üçün vəsait də ayırır. Lütfən bu haqda detallı məlumatlar verərdiniz...
- Azərbaycan hər zaman Əfqanıstanın arxasında dayanıb, ona kömək göstərib, biz bu dəstəyi həmişə hiss eləmişik. O cümlədən, əfqan ordusunun zabitlərinə təlim keçərək, döyüşçü kimi daha da püxtələşmələrində rol oynayıb. Bizim çox sayda yüksəkrütbəli zabitlərimiz gəlib Azərbaycanda təlim keçiblər. Doğrudur, bunlar qısamüddətli təlimlər olub, amma hər halda Əfqanıstan ordusuna çox böyük fayda verib. Biz bundan sonra da əlaqələrimizi irəli aparmaq əzmindəyik. Artıq iki ölkə arasında qarşılıqlı hərbi dəstəyin verilməsi haqqında bir sənəd hazırlamışıq. Demək olar ki, başa çatıb, sadəcə imzalanmalıdır. Ümid edirəm ki, yaxın vaxtlarda sənədə imza atılacaq. Bundan sonra isə hazırda öyrənilməkdə olan Əfqanıstan-Azərbaycan müştərək hərbi təlimləri də keçiriləcək.
- Sirr deyilsə, müqavilə sənədinin detallarında nə nəzərdə tutulur? Ona görə soruşuram ki, Azərbaycan hərbçiləri Əfqanıstanda ancaq NATO bayrağı altında - sülhyaratma əməliyyatlarında iştirak edir. Bilmək istəyirəm ki, tarixi-mədəniyyəti oxşar olan ölkələrimizin müsəlman xalqları arasında hərbi əməkdaşlıq sadəcə sülhməramlı prosesdə iştirakla məhdudlaşır, yoxsa başqa ikitərəfli əməkdaşlıq layihələri də icra olunur? Yəni Bakı ilə Kabul bir-birinə bu sahədə indiyədək nə kimi yardımlar göstərib və sair?
- Sənəd hələ imzalanmadığı və hərbi məsələləri özündə cəmlədiyi üçün detalları açıqlamaq istəməzdim. Amma ümumi bir söz deyə bilərəm ki, sənəd ölkələrimizin hərbi sahədə bir-birinə istənilən köməyi göstərməsini nəzərdə tutur. Biz bilirik ki, Azərbaycanın Əfqanıstan ordusuna kömək etmək üçün çox böyük potensialı var.


- Məsələn, hansılar?..
- Azərbaycan Əfqanıstan milli ordusunun fonduna yardım şəklində 1 milyon avro köçürüb. Hətta xarici işlər naziri Elmar Məmmədyarov çıxışlarının birində bu fonda əlavə olaraq daha 2 milyon avronun köçürüləcəyini də bildirmişdi. Bu köməklər bizim üçün çox vacibdir və inanırıq ki, davamlı olacaq.
- Siz əfqanlar da bizə qanlı müharibə illərində kömək etmisiniz, biz bunları unutmuruq...
- Qarabağdan söz düşmüşkən, bilin ki, Əfqanıstan bütün beynəlxalq və regional müstəvilardə həmişə Azərbaycanın tərəfində dayanıb, onun haqlı və ədalətli mövqeyini müdafiə edib. Bundan sonra da əfqan xalqı və dövləti Azərbaycana dəstək verəcək. Bütün dünyaya məlundur ki, ermənilər Azərbaycan torpağını işğal edib. Bilirsiniz, məsələyə insanlıq prizmasından baxmaq lazımdır. Əgər birinin əzildiyini, hüquqlarına təcavüz olunduğunu görürüksə, insanlıq naminə ona kömək göstərməliyik.
- Azərbaycan hərbçiləri Əfqanıstanda xidmət edir. Onlarla görüşmüsünüzmü heç? Ümumiyyətlə, onlar hansı obyektləri qoruyurlar?
- Kabulun hava limanında yerləşdiriliblər və öz işlərinin öhdəsindən peşəkarcasına gəlirlər. Onu da nəzərə alaq ki, Kabul hava limanı olduqca strateji əhəmiyyətlidir. Çox istəyirdim ki, xidmətini başa vurub vətənə dönən həmin hərbçi heyətlə görüşüm. Amma sonra bəlli oldu ki, hərəsi bir bölgədən olduqları üçün dağılışıblar, toplamaq bir az vaxt alacaq. Ona görə də qaldı. Amma çalışacağam ki, növbəti dəfə onları bura dəvət edim və sizin də iştirakınızla tanış olaq.
- Hərbçilərin başladığı müharibəni həmişə diplomatlar dayandırır. Diplomatiya sahəsində əməkdaşlığımız necədir? Bildiyim qədər Azərbaycan tərəfi əfqan diplomatların ADA Universitetində hazırlanması məqsədilə kurslar təşkil edirdi. Bu proses davam edirmi, ümumiyyətlə, bu sahədə işlər nə kimi bəhrə verir?
- Bəli, bu cür kurslar beş dövrə davam elədi və bu gün də var. Özü də bu qısamüddətli kurslar Təhlükəsizlik və Əməkdaşlıq üzrə Cenevrə Mərkəzinin proqramı çərçivəsində təşkil olunub. Əvvəl istəyirdilər ki, kurslar elə Cenevrədə olsun. Amma bilirsiniz, yol uzaq, həyat da bahalıdır deyə, büdcəsi zəif olan əfqanlar İsveçrəni yox, Azərbaycanı seçdilər. Əlbəttə ki, ADA Universitetinin özü bu təklifi səsləndirmişdi və NATO tərəfindəndən də dəstək almışdı.
- Yeri gəlmişkən, diplomatlar vaxtaşırı universitetlərdə tələbələr qarşısında mühazirə oxuyurlar. Sizin də belə bir planınız varmı?
- Mən Azərbaycana o qədər də çoxdan gəlməmişəm, ona görə də işlərim xeyli çoxdur. Amma ADA Universitetinin rektoru, dünən də Bakı Ali Neft Məktəbinin rəhbəri ilə görüş keçirmişəm. Ali Neft Məktəbində təklif aldım ki, uyğun vaxtda tələbələr qarşısında mühazirə ilə çıxış edim. Bir sirri də açım ki, mən 20 il əvvəl də Bakıda olmuşam...
- Maraqlıdır, yəqin Bakıda təhsil almısınız?
- Hə, tələbəydim. Amma az qaldım burada. Səbəb də bu oldu ki, Bakıda və ümumiyyətlə Azərbaycanda vəziyyət çox ağır idi. Ermənistanın təcavüzü nəticəsində torpaqlar işğal olunmuşdu, insanlar isə ev-eşiklərini atıb qaçqına çevrilmişdilər. Yadıma gəlir ki, o vaxt Bakı sakinləri çox böyük məhrumiyyətlərlə üzləşirdi. Şəxsən bizim qaldığımız yataqxanaya çoxlu qaçqın yerləşmişdi, bunları heç vaxt unutmayacağam.
- Azərbaycan Fövqəladə Hallar Nazirliyi əfqanıstanlı mütəxəssislərin peşə hazırlığını artırmaq məqsədilə onların FHN akademiyasında kursa cəlb olunmasını təklif etmişdi və hətta maliyyə xərclərini də FHN öz üzərinə götürmüşdü. Bu barədə memorandum imzalanacaqdı. Amma səs-soraq olmadı. Bu məsələ nə yerdə qaldı?
- Biz FHN-dən çox razıyıq. Onlar əvvəllər də bizə çox yardım göstəriblər, indi də köməklərini hiss edirik. Hazırda hazırlıq işləri gedir, yəqin ki, yaxın vaxtda bu proses başa çatacaq və əfqanıstanlı tələbələr Azərbaycana gələrək FHN-in akademiyasında təhsil alacaqlar.
- Növbəti dərs ilinə çatdıracaqsınız hazırlığı?
- Çalışacağıq ki, çatdıraq.
- Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrini tənzimləyəcək işçi qrup yaradılmalıydı. Bu məsələ nə yerdədir? Məncə, işçi qrup Azərbaycan investisiyasını Əfqanıstana daşımaq üçün yaxşı fürsətdir...
- Biz bu təklifi çox yaxşı qarşılayırıq və istəyirik ki, aramızda əlaqələr daha da dərinləşsin. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstana, əfqan rəsmi nümayəndələri isə Bakıya təşrif buyurub, iqtisadi-ticari müstəvidə müzakirələr aparıb.
- İndiyədək imzalanmamanın səbəbi nədir, maneə var?
- Heç bir maneə yoxdur. Çünki memorandumun hazırlanması çox çətin və uzun prosesdir. Hər bir ölkə, elə Azərbaycanın özü memorandumu belə uzun müddətə hazırlayır. Məncə, daha yaxşı memorandum imzalamaq sadəcə memorandum imzalamaqdan yaxşıdır...
- Ümumiyyətlə, Əfqanıstanda Azərbaycan özəl və dövlət sərmayəsi varmı? Varsa nə qədərdir və hansı sahələrə yatırılıb?
- Azərbaycandan iki sahibkar Əfqanıstana sərmayə yatırıb. Amma onlardan soruşsan ki, nə qədər investisiya qoyublar, yəqin ki, doğru rəqəm açıqlamayacaq. Bu mənada dəqiq rəqəm demək olmur. Hər halda çalışacağıq ki, azərbaycanlı iş adamlarının diqqətini Əfqanıstana yönəldək. Düşünürəm, onların tərəddüd etməsinin səbəbi sırf təhlükəsizlik məsələsidir. Biz də hamını inandırmağa çalışırıq ki, Əfqanıstanda onlara təhlükə yoxdur, hökumət var qüvvəsi ilə əmin-amanlıq yaratmaq üçün hər şeyi edir. İnanmaq üçün isə hər bir xarici investor, o cümlədən azərbaycanlı iş adamı Əfqanıstana gedib, dediklərimi yoxlaya bilər. Əfqanıstan hökuməti onların yatırdığı sərmayəni qorumağa qadirdir. İyirmi il əvvəlki Azərbaycanla indiki Azərbaycan çox fərqlidir. Ona görə də Əfqanıstan Azərbaycanın bu təcrübəsini özündə tətbiq etməyə hazırdır.
- Deyə bilərsinizmi ki, Əfqanıstan dövləti Azərbaycan sərmayəsinin daha çox hansı sahələrə yatırılmasını istərdi? Sərmayəyə açıq istehsal sahələrindən vaciblərinin bir neçəsinin adını çəkin lütfən...
- Şəhərsalma, yol-tikinti sektoru, kənd təsərrüfatı sahələrini təklif edirik. Əfqanıstanda zəngin mədən sənayesi var, gəlin investisiya yatırın. Süd-qatıq istehsalı, meyvə-tərəvəz toplanması sahəsində də imkanlar genişdir.
- Ölkələrimiz arasında, məsələn, 2014-cü ildə ticarət dövriyyəsi nə qədər olub?
- İllik ticarətin həcmi 116 milyon dollar olub. Bunun da böyük hissəsini Azərbaycandan Əfqanıstana neft və neft məhsullarının ixracı təşkil edir.
- Ümumiyyətlə, Əfqanıstan Azərbaycan bazarına nələri çıxara bilər ki, buna bizdə tələbat böyükdür və ya əksinə, Azərbaycandan daha çox nələri almaq istəyir?
- Biz ümumi götürsək, Azərbaycanın təcrübəsini aparmaq istəyirik Əfqanıstana. Bundan sonra isə neft və neft məhsullarını. Xüsusilə də qış fəslində əfqanların yanacağa ehtiyacı böyük olur. Əfqanıstandan Azərbaycana isə dünyalarca məşhur olan əfqan xalçalarını, yüksək keyfiyyətli meyvə quruları, qiymətli daş-qaş gətirmək mümkündür.
- Amma bütün sahələrdə əlaqələri gücləndirmək üçün birbaşa nəqliyyatın olması vacibdir. Aramızda hava nəqliyyatı yoxdur, dəmir və dəniz yolu da mövcud deyil, uzaq olsa da avtomobil yolu var. Amma "Taliban" qorxusu bunun da səmərəliliyini azaldır. Sizcə, ən etibarlı olan hava yolunun yaradılmasının vaxtı çatmayıbmı?
- Əvvəllər Əfqanıstanla Azərbaycan arasında birbaşa hava yolu vardı, amma sərnişin qıtlığı səbəbindən aviaşirkətlərə sərf eləmədi, bağlandı. Ona görə də Dubaydan getmək daha yaxşıdır. Hər gün Dubaydan Kabula 10 aviareys var. Əlbəttə, bu sərnişinlər üçün xeyli vaxt və pul itkisidir. Amma deməliyəm ki, Kabulla Bakı arasında birbaşa reysləri bərpa etməyə dair təkliflərə aviaşirkətlərdən cavab gəlmədi.
- Əfqanıstanda dəmir yolları inkişaf eləsəydi, bu gün Çindən Avropaya uzanan dəmir yolu şəbəkəsi tikilir, siz də bu layihənin iştirakçısı olardınız...
- Yeri gəlmişkən, biz hazırda bir layihə üzərində çalışırıq ki, onun icrası nəticəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa yolu açılmalıdır. Təəssüf ki, Əfqanıstan bir az qapalı ölkədir, amma yeni hökumətimiz mütləq bunun yolunu tapacaq.
- Son bir söz də soruşum: yaxın aylarda iki ölkə arasında yüksəksəviyyəli səfərlər gözlənilirmi?
- Noyabrda Əfqanıstanın təhsil naziri, dekabrın əvvəllərində isə rabitə naziri Azərbaycana səfər edəcək. Bundan əlavə, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun ilin sonunadək Kabula səfəri gözlənilir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017