Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyada ən çox palçıq vulkanı Azərbaycandadır - GÜNDƏM
Tarix: 26.01.2016 | Saat: 19:00:00
Bölmə:Gündəm | çapa göndər

Dünən gecə saatlarında Hacıqabul rayonu ərazisində palçıq vulkanı püskürüb və proses səhər saatlarınadək davam edib. Deyilənə görə, vulkan Şirvan şəhərinin 35 kilometrliyində yerləşir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub.

Hadisə ilə bağlı Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırmaların aparılmasına başlanılacaq. AMEA Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib ki, ilkin məlumatda Axtarma Paşalı vulkanının püskürdüyü bildirilir, amma onun yanındakı vulkan da püskürə bilər. Onun sözlərinə görə, Axtarma Paşalı vulkanı 1-2 il əvvəl püskürsə də, yanındakı digər vulkan 15 ildir fəaliyyətsizdir.
Yeri gəlmişkən, Haçıqabul rayon icra başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov da bildirib ki, püskürmə Axtarma Paşalıda deyil, şimal tərəfdə yerləşən başqa bir vulkanda baş verib. Onun sözlərinə görə, Haçıqabulun birinci Udulu kəndi ərazisindəki Kalaməddin dağında qeydə alınan vulkandakı ilk işartılar gecə saat 4 radələrində başlayıb. Vulkanda əsas partlayış isə səhər saat 7:30-da baş verib. Püskürmə zamanı alov 20 metrədək qalxıb. Vulkanın püskürdüyü ərazi 200 kvadratmetri əhatə edir. Hazırda püskürmə prosesi zəifləsə də, davam edir.
Bu Azərbaycan ərazisində püskürmüş son palçıq vulkanıdır, amma belə hallar ölkəmizdə geoloji zaman baxımından lap qədimdəm baş verməkdədir. Bəs palçıq vulkanını lava püskürən vulkandan fərqi nədir?
Azərbaycan Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf ərazisi kimi ad çıxarıb. Hazırda Yer kürəsində məlum olan 2 mindən çox palçıq vulkanından 344-ü məhz Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb.
Azərbaycanda palçıq vulkanları xarakter və görünüşünə görə fərqli areallar üzrə təqdim edilir. Bunlara regionlar üzrə nəzər yetirək.
Palçıq vulkanizminin zəif təzahürləri Böyük Qafqazın cənub yamacında, Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc və Basqal kəndləri ətrafında da qeyd edilir.
Böyük Qafqazın cənub-şərq hissəsindəki geniş şimal dağətəyi zolağında və Xəzəryanı düzənlikdə də palçıq vulkanlarına rast gəlinir. Burada ən iri vulkan “Qaynarca”dır.
Şamaxı-Qobustan vilayəti geoloji bölgəsində Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq və başqa vulkanlar yerləşmişdir. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz - Ağtirmə, Nardaran - Ağtirmə, Hacıvəli və başqa vulkanlar qeyd olunur. Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşir.
Küryanı neftli - qazlı bölgəsində də Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları mövcuddur. Kür və Qabırrı çaylarıarası sahədə, Orta Kür çökəkliyində də palçıq vulkanının təzahürlərinə rast gəlinir.
Abşeron vilayətində də çox sayda belə vulkanlar yayılıb. Bunlardan Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanların adını qeyd eləmək olar. Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları var.
Bakı arxipelaqı vilayəti Balıqçı burnundan başlayıb cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Buradakı palçıq vulkanları suyun səthindən baş qaldıran ada (Bulla, Oblivnoy, Los, Svinoy, Qlinyannı və sair) və ya sualtı saylardan (Kornilov – Pavlov sayı, Poqorelaya Plita rifi, Qolovaçev sayı və sair) ibarətdir. Bakı arxipelağının dəniz palçıq vulkanları zəncirvarı sıra ilə düzülüblər. Palçıq vulkanı mənşəli bir sıra sualtı saylar – Yupiter, 1906-cı il sayı, 1933-cü il sayı, Makarov sayı və başqaları Abşeron yarımadasından cənubda yerləşir.
Morfoloji cəhətdən palçıq vulkanları nisbi hündürlüyü 5 - 150 metrdən başlayaraq 400 - 500 metrədək olan xarici görünüşcə maqmatik vulkanları xatırladır. Onların təpəsi kraterə uyğun gəlir. Kraterin diametri 400 - 500 metr, ən irisinin diametri isə 6 – 10 min metr və daha artıq olur.
Şimali və Mərkəzi Qobustanın palçıq vulkanları, əsas etibarilə, Təbaşir və Paleogen çöküntüləri üzərində yerləşir. Bu zonalardan cənubda, yəni Cənubi Qobustan, Küryanı ovalığı və Abşeron vilayətində onlar nisbətən coşqun fəaliyyət göstərən vulkanlardır.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə, palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda, vulkanlar zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Bu yerdə xatırladaq ki, hazırda 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018