Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ləzgi məscidi”nin icma sədri Əlixan Musayevə haqq qazandırdı - Reportaj
Tarix: 31.03.2016 | Saat: 17:47:00
Bölmə:Reportaj İbadət | çapa göndər

Son günlər Sələfi təriqətinin lideri Əlixan Musayevin “Suriyada döyüşə getmək cihaddır” sözləri ölkə mediasının gündəmini zəbt etdi. Hətta iş o yerə çatdı ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı məsələ ilə bağlı açıqlama da verdi. Komitə rəhbəri bildirdi ki, bəzi məscidlərdə müəyyən radikal qruplar ibadətdən sonra ya məsciddə, ya da kənarda öz aralarında hansısa söhbətlər aparırlarsa, bu, artıq qeyri-rəsmi təşviqat adlanır: “Amma buna qarşı da mübarizə aparılır. Əsas metodumuz dini maarifləndirmədir. Bu cür zərərli fikirləri yayanların qarşısını öncədən almaq üçün profilaktik tədbirlər görülür. Gənclər, ümumiyyətlə, əhali arasında güclü maarifləndirmə işləri aparılır”.

Qeyd edək ki, Suriyaya döyüşməyə el arasında “Ləzgi məscidi” kimi tanınan ibadət ocağından gedənlərin də olması haqqında xəbərlər dolaşırdı. Məsələni yerində araşdırmaq üçün adıçəkilən ünvana yollandıq. Orada oxunan moizələr, dini ehkam məsələlərindən tutmuş, nəzir qutularına, məscidin qeydiyyat məsələlərinə, eləcə də ilahiyyatçı Əlixan Musayevin son səs-küy yaradan çıxışı ilə bağlı icma rəhbərliyi ilə söhbətlər etdik.

Məscidin gündəlik ab-havasının əslində necə olması haqda oxucularımızda aydın təsəvvür yaratmağa çalışdıq.

Hafta.az-ın “İbadət” rubrikasının budəfəki qonaqları Ləzgi Milli Mərkəzi nəzdindəki dindarların icma sədri Faiq Mustafa, məscidin imamı Anar Şəfiyev, icma üzvləri Səməd Abidov, Vasif Səmədovdur.

 

İlk olaraq onu qeyd edim ki, məscid rəhbərliyi bizi çox mehriban və gülərüzlə qarşıladılar. Səbəbi-ziyarətimizi açıqladıq. Hər dəfə bir məsciddən yazı hazırladığımızı qeyd etdik. İcma sədri Faiq Mustafanın göstərişi ilə reportaj üçün adlarını yuxarıda sadaladığım insanlar elə məscidin ikinci mərtəbəsinə qalxdı. Bardaş qurub söhbətə başladıq. Daha doğrusu, əvvəlcədən hazırladığımız sualları ünvanladıq.

İlk olaraq suallarımıza Faiq müəllimin özü cavab verir:

- Adi günlərdən fərqli olaraq cümə günlərində məscidə nə qədər insan gəlir?

- Məscidin özünün tutumu 250 nəfərdir. 300-ə yaxın olanda sıx olur. Ortalama tutumu 250-300 demək olar. Cümə günləri insanlar haradan gəlir, ona heç nəzarət də etmək mümkün olmur. Cüməyə hər yerdən gəlirlər. Son iki-üç həftədir ki, həyətdə namaz qılmağa icazə vermirlər. Əvvəllər həyətdə də qılınırdı. Hardasa, 150 nəfər də həyətdə namaz qıla bilər.

Beş-on il əvvəllə müqayisədə namaz qılanların sayında artım ya azalma var? Sizin müşahidələriniz nə deyir bu haqda?

- Artım hər gün var. Hər namazda təzə-təzə adamlar görürük. Gələnlərin də böyük əksəriyyəti cavanlardır. Arada yaşlılar da gəlir. Gündən – günə artır.

Camaat arasında imkansız olanlara məscidin icması əl tuturmu?

- Əlbəttə, bacardığımız qədər əl tutmağa çalışırıq.

Digər məscidlərdə, əsasən şiə məscidlərində nəzir qutuları qoyulur. Yardım etmək istəyənlər pulları onun içərisinə atır. Siz necə həyata keçirirsiniz bu proseduru?

- Bizdə də elə eynidir. Nəzir qutularıdır, ayda bir dəfə açırıq. Həmin vaxt qutudan çıxan pulla məscidin işçilərinə maaş veririk. İcmanın sədri kimi mənə, məscidin imamı, imamın müavini və iki nəfər məscidə baxan şəxsə maaş veririk. Beş nəfər nəzir qutusundan çıxan pulla maaş alır. Yerdə qalan pula suyun pulunu veririk. İşıq pulunu qardaşlar verirlər. Stəkan, sabun alırıq, inşallah. Yerdə qalan əlavə pula isə tənha və imkansız, uşaqlı bacılar üçün əl tuturuq.

-  Onda belə çıxır ki, Qafqaz Müsəlmanları İdarəsi “Ləzgi məscidi” üçün pul ayırmır?

- Yox ayırmırlar. Niyəsini də deyim. Birincisi ona görə ki, bizi qeydiyyatdan keçirməyiblər. Onlar maaşı yalnız qeydiyyatdan keçən icmaların rəhbərliyinə verirlər. Biz də icma olaraq qeydiyyatdan keçmədiyimiz üçün bizə maaş vermirlər.

Bəs qeydiyyat üçün QMİ-yə müraciət etmisinizmi?

- Bəli, müraciət etmişik. 1993-cü ilə aid qeydiyyat sənədimiz də var. “Baksovet” rəhbərliyinin  məscidin bizə verilməsi haqqında sənədi də var. Axırıncı qeydiyyata alma zamanı bizi qeydiyyatdan keçirmədilər. Hansısa səbəblərə görə. Biz sənədlərin hamısını onlara təqdim etdik. İrad tutdular ki, bir neçə sənəd çatışmır. Həmin sənədləri də idarənin özü vermədi. Mən ikinci dəfə sənədləri toplayıb təqdim etdim. Onda da Qafqaz Müsəlmanları İdarəsindən bildirdilər ki, sənədləri gecikdirmisiniz.

Qafqaz Müsəlmanları İdarəsi sizə maaş bağlamırsa, deməli heç dini ədəbiyyatla da sizi təmin etmir. Yoxsa?...

- Kitablarına ehtiyacımız yoxdur. QMİ-nin kitablarına ehtiyac duymuruq. Dini ədəbiyyatları imkan dərəcəsində özümüz alırdıq, əlhəmdülillah. “Əhli-sunnə” əqidəsinə aid olan kitabları özümüz əldə edirdik. Təxminən bir il əvvələ kimi hər yanda kitablar satışda vardı. Əqidəmizə uyğun olan kitabları alırdıq, lazım olanda sifariş verirdik. Tərcümə edən qardaşlar özləri göndərirdilər. Bu kitablar Azərbaycan və rus dillərində idi. Özü də dini komitənin lisenziyası olan, icazə verdiyi kitablar idi.

Bəs ailədaxili problemləri olan icma üzvləri kimdən məsləhət alır? Dini hökmlərə qaynaqlanan məsləhətləri həmin şəxsə kim verir?

- Məsciddə daim adam olur. Bildiyim suallara mən cavab verirəm, bilmədiyim suallar olanda isə məscid imamının yanına göndəririk. Başqa elmli qardaşlar var, nə problemlər var, hamısını araşdırırıq, başa salırıq. Özünü düz aparmayan qardaşı camaat yığışıb tənbeh edir.  

Sizdə siyahı olurmu ki, bu həftənin cüməsi nədən bəhs edəcək, hansısa bir mövzuya aid olacaq?

Dairəvi söhbət ortamına bu dəfə məscidin imamı Anar Şəfiyev qoşulur. Sualımızı o cavablandırır. Qeyd edək ki, Anar Şəfiyev Səudiyyə Ərəbistanında dini təhsil alıb. İndi də el arasında “Ləzgi məscidi” kimi tanınan ibadət ocağında imam-camaatdır:

- Çox vaxt biz məscid əhlinin nə problemləri varsa, ona görə moizələri təyin edirik. Məsələn, əxlaq məsələsinə çox üstünlük veririk; bir də görürsünüz ki, kimsə məscidə girir, yerli-yersiz çox danışır, səs salırlar. O zaman bir –iki dərs bu mövzuya aid moizələr oxunur. Qadınlara, ata-analara, böyüklərə hörmət kimi mövzulardan bəhs edirik. Yəni, moizələr mövcud olan çatışmazlıqlara daha çox həsr olunur.

Müxtəlif islam ölkələrində baş verən hadisələr, məsələlər də müzakirə olunurmu məsciddə? Məsələn, bu yaxınlarda Pakistanda terror aktları oldu, xeyli adam həlak oldu. Bu cür hadisələrə “Ləzgi məscidində” münasibət bildirilirmi?

- O tip məsələlərə biz girişmirik. Bizim o cür hadisələrə müdaxilə etməyimizin səbəbi yoxdur, axı?! Həmin ölkələrdə hadisə baş verir, axı biz bilmirik oradakı partlayışlar nə üçün baş verib?!

Bu sualı müsəlman qardaşlığı baxımından verdim…

- Bütün müsəlmanlara, müsəlman dünyasına rəhmət oxunur. Dünyasını dəyişənlərin hər birinə… Amma siyasi məsələlərə qarışmırıq.

Pakistanda olan hadisə siyasi mahiyyətli deyil məncə…

(Bu sualımıza icma üzvü Vasif Səmədov cavab verir):

- Niyə daşımır ki… Heç biz bilmirik məsələn, onu kim törədib, partladıb. Amerika partladıb ya başqası. Bunlar siyasidir də. Siyasi məsələləri məsciddə yada salmırıq.

Bəs sosial məsələlərə necə?...

(Bu sualımıza məscid imamı Anar Şəfiyev cavab verir)

- Əlbəttə, kiməsə yardım ediriksə, əl tuturuqsa deməli, bu haqda mövzu açılır. Əslində bizdən bu cür şeyləri tələb etmək də bir az… Çünki bizim özümüzə də dəstək olsunlar, maaş təyin edilsin. Mən Səudiyyə Ərəbistanında dini təhsil almışam. Orada məscidlərə dini vəqflər yardım ayırırlar. Bizdə isə belə bir şey yoxdur. Gərək rəhbərlik də bunları nəzərə alıb, bizə yardım etsin.

Əlixan Musayevin son günlər ölkə mediasında müxtəlif müzakirələrə yol açan axırıncı bəyanatı haqqında soruşuruq həmsöhbətlərimizdən. Suriyada döyüşməyə münasibətlərinin necə olması sualına icma sədri Faiq müəllim cavablandırır:

Əlixan Musayev Suriyaya gedənləri “cihada gedənlər” adlandırmışdı. Sizin buna münasibətiniz…

- Onun cavabı Qurani- Kərimdədir. Peyğəmbərin (s.ə.s) də hədislərində bunun cavabı var. Əlixan Musayev nəsə deyibsə, bu kiminsə xoşuna gəlməyibsə öz problemləridir. Əlixan Müsayev elə-belə söz deməz heç vaxt. O, nəyəsə əsaslanıb deyib bu ifadələri.

Bildiyim qədəri ilə Quranı tərcümə edənlərdən biridir…

- Elə ən gözəl tərcümə edəni də Əlixan Musayevdir. Savada qalanda onun savadı əksəriyyətindən yüksəkdir. Orada vuruşan şiələr niyə müsəlmanlara qarşı vuruşurlar? Onlar kimə qarşı vuruşur, həmin şiələri deyirəm, sünniyə qarşı vuruşur. Adını qoyublar ki, sünnilər terroçulardır. Guya dünya sünnilərin üstünə düşüb buna görə. Suriyadaki münaqişənin kökü nədədir? Nədən başladı. Gəlin hadisələrin əvvəlinə qayıdaq. Suriyada yaşayan camaatın əksəriyyəti sünnidir. Hardasa 85 faiz əhali sünnidir. 12-15 faiz isə şiə, ələvilər və xristianlardır. Bəşər Əsədin özü ələvilərdəndir. Onlar on iki faiz təşkil edirlər. Söhbət ondan gedir ki, 85 faiz camaatın rəhbəri niyə 12 faizlik icmadan olmalıdır? Problem bundadır. Amerika, Fransa həmişə öz istədikləri adamları müsəlman dövlətlərinə rəhbər qoyurlar. Ondan da əvvəl Əsədin atasını hakimiyyətə gətirmişdilər.

Daha sonra söhbətə Vasif Səmədov qoşulur. O, Suriyada beş ildən artıq davam edən müharibənin kökünün haradan qaynaqlanması haqqında icma sədrinin dediklərinin davamı olaraq əlavələr edir:

“Açıqlamırlar, amma Azərbaycandan Suriyaya Əsəd tərəfindən döyüşməyə gedənlər də var. Şiələr isə müsəlmanlara qarşı vuruşurlar. Hətta Əsəd tərəfindən vuruşan erməniləri müsəlman kimi dəfn də edirlər. Suriyadan ermənilər qaçıb Ermənistana sığınır.  Həmin qaçan ermənilər də işğal olunmuş Azərbaycan ərazilərinə -  Qarabağa yerləşdirilir. Biz heç vaxt düşmənlə çiyin-çiyinə vuruşmarıq. Bu bizim üstünlüyümüzdür”.

Vasif Səmədov deyir ki, hazırki prezident Bəşər Əsədin atası hakimiyyətə gələndə bir gecədə Xoms şəhərində 40 min əhli-sünnə camaatından adam öldürmüşdü:

“Bu tarixi faktdır. O vaxt da Hafiz Əsəd hakimiyyətə gətiriləndə də Suriya xalqı, oradakı 85 faizlik əhli-sünnə müsəlmanlar ayağa qalxmışdı. Camaat da deyirdi ki, niyə o gəlməlidir. Problemin kökünə baxmırlar. Biz həmişə müsəlmanlar üçün dualar edirik, işgəncə verənlər üçün bəd dualar söyləyirik”.

İcma üzvü Osman Osmanov isə daha çox Azərbaycanda həcc qiymətlərinin bahalılığından gileyli olduğunu bildirir:

“Mən 2004-cü ildə həcc ziyarətinə gedəndə 1250 manata avtobus idi və mən avtobusla getmişdim. O vaxt təyyarə ilə həccə gediş 2000 manat idi. Bu gediş-gəliş qiyməti idi həmin dövrdə. İndi 5500 manatdır. Hələ 2004-cü ildə bizdə həcc qiymətləri 1200 dollar olanda, Rusiyada 700-800 dollar idi. Dağıstandan gedənlər 700 dollara, bizdən isə 1200 dollara gedirdi. Hazırda Rusiyada həcc üçün biletlər 1500 dollardır. Bizdə isə 5500 manatadır”.   

 Son olaraq ritorik olaraq həmsöhbətlərimə bir sual da verirəm. Soruşuram ki, düz yanınızda İçərişəhər məscidi yerləşir. Şiə camiasının üzvləri ilə problem yaşayıb – yaşamadıqlarını soruşuram. Sulaımıza isə bayaqdan bəri danışmayan icma üzvü Səməd Abidov cavab verir:

“Xeyr, şiələrlə heç bir problem yaşanmır. Bəlkə də beş – altı il əvvəl ola bilərdi. Amma indi belə bir şey yoxdur. Bizim məsciddə ləzgi, avar, rus, hətta cuhud müsəlmanlar da namaz qılır. Bəli, cuhudlar da”.

Müsahiblərimizlə sağollaşıb ayrılırıq. Qeyd edim ki, söhbətimiz də olduqca səmimi alındı. Əvvəl şübhəli nəzərlərlə qarşılansam da, sonda gülərüzlə yola salındım. Hətta məsciddən ayrılarkən ibadət evinin içindən fotoçəkiliş etməyə də razılıq verdilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019