Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ABŞ-ın son reydi Türkiyəyə qarşı ciddi təxribatdır” – Türkiyəli general
Tarix: 05.01.2017 | Saat: 18:00:00
Bölmə:Müsahibə | çapa göndər

“Putin kimi ağıllı və həssasiyyətli lider arzulasa da, əslində heç vaxt Ankaradan İncirlik bazasını bağlamağı istəməz”

 

Son illər İncirlik hava bazasının bağlanılması məsələsi vaxtaşırı gündəmə gətirilir. Reina terror aktından sonra bu məsələyə daha çox istinad edilir, özü də ən yüksək səviyyələrdə. Bəzi millət vəkilləri bu hadisənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən planlaşdırıldığını açıq dilə gətirir, digərləri isə cavab tədbirləri görməyi tələb edir. Elə bu çərçivədə müdafiə naziri Fikri İşıq Vaşinqtonun gözünün içinə dedi ki, “Fərat qalxanı”nda Türkiyəyə yardım verilmədiyi üçün İncirlik bazasının aqibəti barədə düşünməli olacaqlar. Axı “İncirlik” sıradan baza deyil, NATO-nun müdafiə istehkamıdır və Türkiyə də bu təşkilatın üzvüdür. Bəlkə daha İncirlik bazası Türkiyəyə lazım deyil, yaxud başqa səbəb var. Türkiyəli general Haldun Solmaztürklə bu müstəvidə xeyli söhbət elədik. Gəlin generalla söhbətin misralara çevrilmiş məzmununa müsahibəmizdə birlikdə nəzər salaq:

– İncirlik bazası ABŞ üçün olduqca vacibdir. Türkiyəyə gəlincə, onsuz da həmin bölgədə yetərli sayda hava bazası mövcuddur. Amma ABŞ-ın bütün Yaxın Şərqdə, Qafqazda və Şərqi Aralıq dənizi bölgəsində hər cür hərbi gedişləri və texniki dəstək alması baxımından İncirlik bazası həyati əhəmiyyət daşıyır. Məsələni gündəmə gətirən Türkiyə təfəfidir. Səbəbi isə, məncə, İncirlik bazasının ABŞ-a verdiyi mənfəətlərin qarşılığında, əlbəttə, Vaşinqtonun Türkiyənin milli maraqlarını qorumaması və ya yetərincə dəstəkləmək istəməməsidir.

- Yadınızdadırsa, 15 iyul olayından sonra çevrilişə cəhd prosesinin məhz bu bazadan idarə edilməsinə dair xəbərlər yayıldı, istintaqa start verildi. Bazanın bağlanması o vaxt da gündəmə gətirilmişdi, amma nədənsə hökumət qəti addım atmadı. Ola bilərmi ki, ABŞ-ın təzyiqlərindən çəkinib?

- Əvvəlcə deyim ki, 15 iyul hadisələri Türkiyə Silahlı Qüvvələrinin bir çox bölümünə ciddi təsir göstərdi. “İncirlik”dəki tanker donanması və bazanın türk komandanının adının da bu məsələdə hallandığı bəllidir. Amerika hərbi komandanlığını və ya hökumətini, Türkiyə torpaqlarında, türk ordusunun hərbçilərini çevrilişə cəhdə təhrik eləməkdə günahlandırmaq mümkünsüzdür. Hətta türk hökumət üzvlərindən kimlərsə amerikalı hərbçilərin bu məsələdə şəxsi rolunu və ya Ağ Evin hansısa vasitələrlə əlaqəsinin olduğunu dilə gətirsə də, məsələ hələ ki, ictimailəşməyib.

- Bu yerdə general olaraq İncirlik bazası haqda oxucularımıza məlumat verin: orada nə qədər hərbi heyət, texnika – təyyarə-filan var? Hətta imkan varsa hansı ölkələrin bazada təmsil olunduğunu da açıqlayın lütfən…

- “İncirlik” 1955-ci ildən bəri fəaliyyətdə olan hərbi təsisatdır. Bu bazanı ABŞ açıb və inkişaf etdirib. Hüquqi baxımdan Türkiyəyə məxsusdur, amma ABŞ-ın istifadəsindədir. “İncirlik”dən istifadə mexanizmi iki ölkə arasında imzalanan müxtəlif sazişlər əsasında qurulub. Bazaya hər biri general rütbəli iki nəfər - amerikalı və türk komandan rəhbərlik edir. Texniki təchizata gəlincə, oradakı Amerika təyyarələrinin sayı ehtiyaca görə dəyişir. Normal şəkildə 12-24 təyyarədən ibarət müxtəlif tip və funksiyala malik hava donanmaları saxlanılır. Ancaq, məsələn, 1991-ci il “Körfəz savaşı”nda olduğu kimi, əməliyyat ehtiyacı ortaya çıxdıqda, bu sayı 8-10 donanmaya - 140 təyyarəyə qədər artıra bilər. Normal hallarda bazadan ancaq ABŞ və Türkiyə istifadə eləsə də, NATO və ya “Provide Comfort” kimi beynəlminəl hərəkatlarda başqa ölkələrin təyyarələri də “İncirlik”də yerləşdirilir. Bu gün İraq və Suriyada davam etdirilən döyüş proseslərinə qatılmaq üçün ABŞ-la yanaşı Almaniya, Danimarka, Qətər və Səudiyyə Ərəbistanı da “İncirlik”də təyyarələri ilə təmsil olunur. Əlbəttə, bu birliklər bazaya Türkiyənin icazəsi, eləcə də ABŞ-ın razılığı əsasında yerləşir və döyüş əməliyyatlarında iştirak edirlər. Bazanın ərazisində hazırda ailə üzvləri daxil 5-6 min adam yaşayır.

- NATO bazalarına aid qərarlara və ya yerli qanunlara əsasən “İncirlik” hansı halda bağlanıla bilər? Yəni Türkiyə öz müttəfiqlərini bu bazanı bağlamağa hansı əsaslarla inandıra bilər?

– Türkiyə hökmran ölkə olaraq özünə aid hərbi bazanı heç bir əsas gətirmədən xarici ölkələrin üzünə bağlamaq imkanına sahibdir. Necə ki, 1974-cü il Kıbrıs hərəkatından sonra ABŞ Türkiyəyə sanksiya tətbiq elədiyi üçün “İncirlik”Amerika hərbiyyəsinin üzünə bağlanmışdı. NATO isə daha fərqlidir. Bu bazanın planlaşmaya daxil edildiyi NATO planları təşkilata üzv bütün ölkələrin təsdiqlədiyi və bəzi ölkələrin qüvvət təsis etdiyi, hazırlıqlarını, tətbiqatlarını apardığı planlardır. İnandırıcı, tutarlı səbəb olmadan bazanın NATO-nun istifadəsinə bağlanılması sabah Türkiyənin etibarını sarsıda bilər. Yoxsa ki, Ankara bunu istədiyi vaxt edə bilər.

- Müəyyən qədər aydınlıq gətirsəniz də, yenə soruşmaq istərdim: Türkiyə dövləti və hökuməti “İncirlik” üzərində konkret hansı hüquqlara sahibdir? Məsələn, çoxları düşünür ki, burada sözü yalnız ABŞ deyir...

- “İncirlik” ortaq təsisatdır, amma Türkiyənin ərazisidir. Bu səbəbdən də ABŞ və ya başqa bir ölkənin üzünə təkbaşına yasaqlaya bilər. Amma başqa bir ölkə buradan istifadə eləmək istəyərsə, Vaşinqtondan da icazə almalıdır. Əlbəttə, Türkiyə təkbaşına, anlaşmalara zidd olaraq da belə bir qərar verə bilər. Yəni bazanı NATO-ya üzv olan və ya olmayan istənilən ölkənin üzünə aça bilər. Ancaq bu zaman, necə deyərlər, əhdə dönüklük olacaq.

- Bu günlərdə müdafiə naziri Fikri İşıq ABŞ-ın Əl-Bab əməliyyatlarında Türkiyəyə dəstək verməməsinə, PYD-yə silah-sursat yardımları göstərdiyinə görə yenidən “İncirlik” xəbərdarlığı etdi. Sizcə nazir İşıq bununla Vaşinqtona təzyiq göstərirdi, yoxsa ABŞ-ın Türkiyənin qarşısında borcu olduğunu xatırladırdı?

- Bunlar bir çox nazir və hətta baş nazir tərəfindən dilə gətirilən, daxili siyasətə hesablanmış bəyanatlardır. Ciddi olsaydılar, bunu ictimaiyyətlə deyil, əsl ünvanı – amerikalı səlahiyyət sahibləri ilə üzbəüz danışardılar. “Dəstək” öncədən alınmış siyasi qərarlara söykənən hərbi planlara verilir. Belə anlaşılır ki, bu məsələlərdə nə siyasi razılaşma, nə də hərbi plan var. Bu vəziyyətdə isə dəstək gözləmək mümkünsüzdür. Türkiyənin maraqları əvvəldən təhlükədədir. Bu günləri çox-çox illər öncədən görərək, tədbir almaq lazım idi və hesab edirəm artıq gecdir. Təcili Rusiya, İran, İraq və Suriya hökumətləriylə əlaqələr qurmaq lazımdır. ‘Kürd’ məsələsində ABŞ-la ortaq məxrəcə gəlmək mümkünsüzdür. Bəlkə də 5 il öncə mümkün idi, amma indi gecdir. Məncə belə bəyanatlar heç nəyi dəyişdirməyəcək. Bunu türk siyasətçilər də bilir, amma bayaq dediyim kimi, daxili vəziyyətə təsiri ola bilər deyə düşünürlər. “İncirlik” ABŞ təyyarələrinin uçuşuna bağlansa belə, bölgədə vəziyyət dəyişməyəcək, hətta daha da ağırlaşacaq.

- ABŞ-ın son hava reydlərini bir yana qoysaq, “Fərat qalxanı” əməliyyatında Türkiyəyə dəstək vermədi. Amma Rusiya türklərin yanında yer alır. Bəlkə “İncirlik”i bağlamaq üçün Rusiya Türkiyəyə təzyiq göstərir?

- ABŞ-ın son reydi Türkiyəyə qarşı ciddi təxribatdır. Bunun sözçü tərəfindən qətiyyətli şəkildə bəyan edilməsi daha da düşündürücüdür və münasibətlərdəki gərginliyi göstərir. Digər yandan, Vladimir Putin kimi ağıllı və həssasiyyətli lider arzulasa da, əslində heç vaxt Ankaradan İncirlik bazasını bağlamağı istəməz. Rusiyanın hava dəstəyi, məncə, jestdir. Amma Rusiya da Türkiyə hökumətinə güvənməyə məcburdur.

- Son olaraq, İncirlik bazası ilə bağlı 2017-ci ildə nələri gözləyirsiniz? Bu bazanın timsalında ABŞ Türkiyənin milli maraqlarına uyğun addımlar atacaqmı, Ankara İraq və Suriyada istədiklərini ala biləcəkmi?

- “İncirlik’in statusnda dəyişiklik olacağını gözləmirəm. ABŞ (yəni Qərb, İsrail və kürdlər) Suriya və İraqda zatən istədiklərini alıb. Önümüzdəki ildə bu qazanclarını cəmləşdirərək daha da möhkəmləşdirəcək. Ola bilsin ki, bəzi taktiki güzəştlərə getsin, amma oyunu çox yaxşı oynayır. Türkiyənin Suriya və İraqda nə istədiyini başa düşmürəm. Həm mərkəzi hökumətlərlə, həm də müxalif güclərlə eyni anda müttəfiq olmaq mümkün deyil. Həm “ərazi bütövlüyünün qorunması vacibdir” deməklə, həm də mərkəzi hökumətləri tanımamaqla və ya döyüşən qruplara dəstək verib, ərazi bütövlüyünün pozulmasına yol açmaq olmaz.

 

Vüsal Tağıbəyli

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev