Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Keçmişdə baş verənlər hafizələrdən silinməyib” – Şükrü Aydın
Tarix: 11.01.2017 | Saat: 14:52:00
Bölmə:Siyasət | çapa göndər

Uzun illərdən bəri davam edən Kipr probleminin həlli məsələsi yenidən gündəmə gətirilib. Maraqlıdır ki, dəfələrlə danışıqlar aparılsa da çözüm yolu tapılmayan bu münaqişəni aradan qaldırmaq üçün vaxtilə BMT-nin baş katibi Kofi Annan dünyada “Annan planı” adıyla tanınan bir proqram da irəli sürdü – səsvermə keçirildi adanın hər iki bölümündə, amma yenə də ortaq məxrəcə gəlinmədi.

Elə isə indi hansı ümidlərdir insanları problemdən qurtulmağa həvəsləndirən? Nə baş verdi ki, tərəflər adanın birləşəcəyinə inanmağa başladı? Bəlkə BMT-nin yeni seçilmiş portuqaliyalı rəhbəri Antonio Guterresə inanırlar, ola bilər. 

Hər halda BMT-nin Cenevrədəki səfiri də deyib ki, Kipr yunanlarının lideri Nikos Anastasiades və türk həmkarı Mustaka Akıncı 19 ay davam edən danışıqların sonunda keçirilən görüşün uğurla tamamlanmasını istəyirlər...
Bu yerdə qeyd edim ki, dünya ictimaiyyəti Kipr adasını vahid Kipr Respublikası kimi tanıyır. Ada məhz bu ad altında BMT-nin üzvüdür, Avropa Birliyinin də tamhüquqlu subyektidir. Özünü ayrılaraq müstəqil elan edən türk qismini isə yalnız Türkiyə tanıyır və türk ordusu tərəfindən himayə olunur, Hansı ki, əslində türklərin nə dövləti parçalamaq, nə də yunanlara düşmən olmaq kimi məqsədi yoxdur. Onların yeganə istəyi vahid Kiprdə milli hüquqlarının tanınması və idarəçilik sistemində bərabər iştirak etməkdir. Amma yunan çoxluq bu istəyi rədd edir, türkləri necə deyərlər, dövlət həyatında lazımsız azlıq hesab edir. Nəticəsi də o olub ki, ötən əsrin 50-60-cı illərində yunanlar Yunanıstanın birbaşa dəstəyi və himayəsi altında türklərə qarşı silahlı hücumlar həyata keçirib, adanı türklərdən təmizləmə siyasətinin – ENOSİS-in icrasına başlayıb. Bu o vaxta qədər davam edib ki, yunanların türklərə qarşı hücumları açıq-aşkar soyqırım mərhələsinə addayıb. Ona görə də 1974-cü ilə Türkiyə adaya ordu çıxararaq qırğınların qarşısını alıb. O vaxtdan da Kipr adası ortadan “Yaşıl xətt”lə bölünüb, təxminən üçdə bir hissəsində türklər öz dövlətini elan edib, qalan hissəsi isə Kipr dövləti olaraq yunanların ixtiyarında qalıb.

Hər dəfə danışıqların uğursuz nəticələnməsinə nə səbəb olur? İlk növbədə əmlak məsələsi. Əvvəllər də olduğu kimi, indiki danışıqların başlıca mövzusu da 1974-cü ildə tərk edilən daşınmaz əmlakların taleyi olub. Ya həmin əmlakların sahibləri öz evlərinə dönməli, ya da maddi əvəzini almalıdırlar.

Bu yerdə yada salım ki, ada bölünərkən, iddialara əsasən, 165 min yunan indiki Şimali Kipr Türk Cümhuriyyəti ərazisindən cənuba, cənubdan isə 45 min türk şimala köçürülüb.

Bundan əlavə, yunanlar hazırda adada mövcud olan 35 minlik türk ordusunun çıxarılmasını istəyir. Onlar bu “yad qoşun birləşməsini” özlərinə təhlükə görürlər. Türklər isə əksinə, deyirlər ki, 50-60 il əvvəl yaşadıqları soyqırım hadisəsinin yenidən təkrarlanmayacağına əmin deyillər və bu müstəvidə türk ordusu onların yeganə müdafiəçisidir. Həm də türklərərin əsası var: necə ola bilər ki, Britaniya adada iki hərbi baza saxlaya bilir, Türkiyə yox?..

Hər halda, Cenevrədə razılıq əldə edilsəydi belə, bu Kiprin hər iki bölümündə ayrı-ayrılıqda referendumla təsdiqlənməli idi. Əlbəttə, yeni baş katib də Kipr liderləri ilə birlikdə Nobel mükafatı ala bilərdi. Amma deyəsən buna ehtiyac qalmadı…

Şimali Kİpr Türk Cümhuriyyətində Din adamları həmkarlar ittifaqı İdarəetmə Şurasının üzvü Şükrü Aydın deyir ki, ilk gündən Cenevrədə görüşlər keçirən Şimali Kipr rəhbərliyi müsbət nəticə olacağına dair mesajlar verirdi: “BMT-nin baş katibi Guterres bir neçə gün əvvəl verdiyi açıqlamada görüşü tarixi fürsət olaraq dəyərləndirmişdi. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da problemin həlli müstəvisində qətiyyətli mövqe sərgiləməkdədir. Amma nəzərə almaq lazımdır ki, bu, yarım əsr yaşı olan problemdir. Bu müddətdə biz xalq olaraq Kiprdə çox baş katib, çox vədlər, çox belə görüşlər və ortaya qoyulan həll proqramları gördük. Xatırlayın, 2004-cü ildə türk tərəfi sülh üçün keçirilən referendumda Annan planına böyük üstünlüklə “hə” dedi. Yunan Kipri isə əksinə, tam əksəriyyət “yox” deməklə tarixi fürsəti qaçırdı. Hansı ki, çözümün lap astanasındaydıq, yunanlar razı olsaydı, problem o vaxtdan aradan qalxacaqdı. Bütün bunlar indiki Cenevrə görüşünün də uğursuz olacağına əsas verirdi”.

Müsahibimiz deyir ki, əslində danışıqlarda vəziyyəti qəlizləşdirən detallar mülkiyyət, yeni sərhədlərin seçilməsi, idarəçilikdə və güc strukturlarında paylaşım, şimaldan cənuba veriləcək torpaqlar və sairdir. O cümlədən, təhlükəsizlik və təminatçılar məsələsi də ən çox danışılan məsələlərdir: “Kiprli türklər özlərini yenidən təhlükəyə salmaq istəmirlər. Bu səbəbdən də Türkiyənin təminatçı ölkə statusundan vaz keçə bilməyəcəyimiz qətidir. İnsanlar 50 ildən sonra yenidən ev-eşiklərindən, malından-mülkündən olmaq, qaçqın-köçkün həyatı yaşamaq istəmirlər. Ən əsası isə türklər yunanlarla qarışıq yaşamağı arzulamır. Onların tək istəyi özlərinə aid bölgələrdə, öz aralarından seçilmiş rəhbərliklərin idarəçiliyi altında yaşamaqdır. Yunanlar isə deyir ki, türk ordusu adadan çıxarılsın, 1974-cü ildən sonra Kiprə köçüb-yaşayan türklər geri qayıtsın. Yunanlar israr edirlər ki, Türkiyənin təminatçı statusu almasına ehtiyac yoxdur. Onlar şimalda qalan mülklərinə geri qayıtmaq istəyirlər, amma hakimiyyəti bölüşmək arzusunda deyillər”.

Ş.Aydının fikrincə, sülhün yolunu kəsən əngəllərin ən böyüyü tərəflərin bir-birinə inamsızlığıdır. “Sadəcə, Kiprdəki tərəflər arasında deyil, bu müstəvidə rol alan Avropa Birliyindən BMT-dək olan bütün oyunçulara qarşı böyük etimadsızlıq mövcuddur. Bunun da səbəbləri var: 2004-cü ildə, BMT-nin o vaxtkı baş katibi Kofi Annanın referendum planına əsasən, Avropa Birliyi həmin plana “hə” deyən tərəfi öz strukturuna daxil edəcəkdi, “yox” deyən tərəfi isə cəzalandıracaqdı. Nəticədə türklər “hə”, yunanlar “yox” dedi. Amma Avropa Birliyi tam əksinə etdi: yunanları öz bayrağı altına aldı və bununla da etimadsızlıq mühiti yaratdı. Bundan əlavə, keçmişdə baş verənlər hafizələrdən silinməyib. Bu gün adada çox sayda toplu məzarlar, şəhidlərimizlə yanaşı itkin düşmüşlər, acı xatirələr var – hamısı da təptəzədir. Bunlara İraq, Suriya, Fələstin, Liviya və sair kimi ölkələrdə baş verib, bütün dünyaya yayılan qarışıqlıq və qorxu atmosferini də əlavə eləmək lazımdır” deyən müsahibimiz əlavə etdi ki, bütün bunlara baxmayaraq, Cenevrə görüşünün arzulanan müsbət nəticə ilə yekunlaşmasını çox istəyərdilər.

Amma təəssüf ki, hər şey arzulanan kimi olmadı…

 

Vüsal Tağıbəyli


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.01.2017
23.01.2017