Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəblilərin fənn olimpiadaları
Tarix: 11.01.2017 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Bu bilik yarışından şagirdlər nə qazanır?

Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsinə başlanılacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, olimpiadaların keçirilməsinin məqsədi istedadlı uşaqları aşkara çıxarmaq, şagirdlərdə fənlərə olan marağı artırmaq, bilik və bacarıqlarını nümayiş etdirmələrinə kömək göstərməkdir.
Olimpiada səkkiz fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29691 şagirdin qatılacağı gözlənilir.
Məlumata görə, ən çox iştirakçı 6420 şagird olmaqla Azərbaycan dili və Ədəbiyyatı fənnindən, 6254 şagird olmaqla riyaziyyat fənnindən, ən az iştirakçı isə 472 şagird olmaqla informatika fənnindən olacaq.
Bölgələr üzrə statistik məlumata əsasən, ən çox şagird Bakı şəhərindən 6154, Gəncə şəhərindən 1049, ən az iştirakçı isə 73 nəfər Naftalan şəhərindəndir. Naxçıcan MR-dan isə 654 şagird iştirak edəcək.
Respublika fənn olimpiadasında iştirak edəcək məktəblilərdən 10.842-si IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də var), 9.311-i X, 9.538-i isə XI sinif şagirdidir. 28 min 14 şagird Azərbaycan, 1.677 şagird isə rus bölməsində təhsil alır.
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı üç şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.
Yeri gəlmişkən, məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq hazırlanıb. Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.
Qaydalara görə, fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər.
Fənn olimpiadalarının şəffaf, obyektiv və tələb olunan səviyyədə keçirilməsini təmin etmək məqsədilə yerli və respublika təşkilat komitələri və hər fənni əhatə etməklə apelyasiya komissiyaları yaradılır. Təşkilat komitələri fənn olimpiadalarının bu əsasnaməyə uyğun qaydada keçirilməsi üçün lazımi tədbirlər görürlər. Yerli təşkilat komitəsinin tərkibi rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müvafiq məsul işçiləri, qabaqcıl müəllimlər, valideynlərin nümayəndələrindən ibarət olur. Yerli təşkilat komitəsi 5 nəfərdən ibarət olmaqla yaradılır. Yerli təşkilat komitəsinin sədri rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri olur.
Respublika təşkilat komitəsi isə Təhsil Nazirliyinin məsul əməkdaşlarından ibarət tərkibdə formalaşır. Respublika təşkilat komitəsinin səlahiyyət müddəti 1 il, tərkibi isə 7 nəfərdən ibarət olmaqla Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə yaradılır. Respublika təşkilat komitəsinə təhsil nazirinin müavini sədrlik edir.
Eyni zamanda, olimpiadaların yekun nəticələrindən narazı qalmış şagirdlərin yazı işlərinə yenidən baxılması üçün respublika təşkilat komitəsi tərəfindən hər fənn üzrə 3 nəfər mütəxəssisdən ibarət apelyasiya komissiyası yaradılır.
Fənn olimpiadalarının keçirilməsinə gəlincə, ümumi təhsil müəssisələrində fənn olimpiadalarına hazırlıq dərs ili ərzində aparılır və müntəzəm olaraq sınaq yoxlamaları keçirilir. Fənn olimpiadaları 2 mərhələdən – rayon (şəhər) və respublika mərhələlərindən ibarətdir. Respublika mərhələsi öz növbəsində iki turdan – yarımfinal və finaldan ibarət olmaqla keçirilir. Fənn olimpiadalarının rayon(şəhər) mərhələsi yanvar ayının 2-ci bazar günü təşkil edilir. Bu mərhələdə suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test formatında hazırlanır. Rayon (şəhər) mərhələsində şagirdlərə fənlərdən və siniflərdən asılı olaraq 30-50 sual təqdim edilir və imtahan üçün 3 saat vaxt ayrılır. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu isə mart ayının 2-ci bazar günü respublika təşkilat komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələrindən seçilir.
Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən respublika təşkilat komitəsinin qərarı ilə müəyyənləşdirilir. Rayon (şəhər) mərhələlərində hər bir fəndən sualların ən azı 60 faizinə düzgün cavab vermək şərtilə hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Gəncə və Sumqayıt şəhərlərindən hər sinif üzrə ilk 5 yeri tutmuş şagird, Bakı şəhərindən isə hər sinif üzrə ilk 20 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Bu mərhələnin yarımfinal turunda suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test formatında hazırlanır. Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə fənlərdən asılı olaraq 30-40 sual təqdim edilir və cavablandırma üçün 3 saat vaxt ayrılır.
Fənn olimpiadalarının respublika mərhələsinin final turu isə aprel ayının 2-ci bazar günü keçirilir. Respublika mərhələsinin final turu iki yaş qrupu üzrə - aşağı yaş qrupu ( IX siniflər və aşağı) və yuxarı yaş qrupunda (X-XI siniflər) keçirilir. Respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70 faizinə düzgün cavab vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində iştirak etmək hüququ əldə edir. Final turunun sualları fənn olimpiadalarının münsiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla açıq tipli suallar formatında hazırlanır. Respublika mərhələsinin final turunda şagirdlərə fənlərdən və yaş qruplarının xüsusiyyətləri nəzərə alınmaqla 5-7 sual, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 3 sual Azərbaycan dili, 2 sual isə ədəbiyyatdan olmaqla ümumilikdə 5 sual, tarixi fənni üzrə isə 3 sual Azərbaycan tarixi, 2 sual isə ümumi tarixdən olmaqla ümumilikdə 5 sual təqdim edilir və imtahan üçün 3 -4 saat vaxt ayrılır.
Respublika mərhələsinin final turunun nəticələri imtahan başa çatdıqdan 10 gün sonra elan edilir. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən edilir. Nəticələrindən narazı qalmış iştirakçılar öz işlərinə yenidən baxılması üçün respublika təşkilat komitəsinə müraciət edirlər. Belə müraciətlərə apelyasiya komissiyası yenidən baxır və onların verdiyi yekun rəy respublika təşkilat komitəsi tərəfindən nəzərə alınır.
Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib ki, bu kimi yarışlar istedadların meydana çıxmasına şərait yaradır. Onun sözlərinə görə, əsas məsələ odur ki, nəticələr şəffaf olsun: “Əslində olimpiadaların nəticələri şagirdlərin ali məktəbə qəbul olunmağına, hətta onların pulsuz oxumasına da kömək etməlidir. «Təhsil haqqında» qanun hazırlananda belə bir təklif var idi. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında buna qarşı müəyyən fikirlər yarandı. Onlar əsas gətirdilər ki, olimpiadada yer tutanlar imtahanda yer tuta bilmirlər. Deməli, bu yarışmada hansısa neqativ hallar var idi. Bu halda onlar necə imtahansız universitetə qəbul olsunlar. Yəni, burada əsas məsələ nəticələrin şəffaf olmasıdır. Təbii ki, nəticələrin şəffaf olması istedadlı şagirdlərin üzə çıxarılması və onların gələcəkdə öz biliklərini beynəlxalq səviyyədə nümayiş etdirməsinə şərait yaradır”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.03.2017
27.03.2017