Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Birliyin olmaması İslam aləminin ən böyük problemidir” – Əfşar Süleymani
Tarix: 24.02.2017 | Saat: 14:55:00
Bölmə:Müsahibə | çapa göndər

Bu yaxınlarda İran islam İnqilabının növbəti ildönümünü qeyd elədi. Əlbəttə, gözləyirdik ki, iranlılar bu bayramı Qərblə münasibətləri istiləşdirmiş vəziyyətdə keçirəcək. Amma Amerikanın yeni prezidenti Donald Tramp gözləntilərimizin üstündən xətt çəkdi - İranla bağlı sərt bəyanatlar verməklə yanaşı, həm də bəzi addımlar atdı. Məsələn, iranlıların ölkəyə girişini əngəlləyən qərar verdi və sair.

Bu yandan isə, bölgəmiz onsuz da müharibə meydanını xatırlatdığı bir vaxtda, İran ordusunun generalları, səlahiyyət sahibi rəsmiləri Türkiyəni açıq-aşkar hədələyən bəyanatlar verirlər. Məsələn, son belə açıqlamanı İran dini rəhbərinin baş köməkçisi Əli Əkbər Vilayəti verib. Nə baş verir, bu cür düşmənçiliyə çevrilmiş dırnaqarası rəqabətlə hara gedirik? İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə biz jurnalistlərə qapılarını bağladığı üçün, yaxşı diplomat kimi yaddaşımızda yaşayan, keçmiş səfir Əfşar Süleymani ilə həmsöhbət olduq. Birlikdə nəzər salaq, görək iranlı diplomat nələr deyir:

- Güman etmirəm Trampın İranla bağlı şəxsi problem olsun. Ən azından bu haqda hansısa məlumata rast gəlməmişəm. Trampın mövqeyi respublikaçıların və İsrailin mövqeyidir. Xüsusilə də nəzərdən qaçırmayaq ki, kürəkəni yəhudidir və yəhudilərlə də biznes əlaqələri var. Başqa tərəfdən də, Tramp İran məsələsindən sui-stifadə edib, başqa problemlərin üstünü õrtmək istəyir. Sonra da ki, bu gün onun Avropa ilə də problemləri var. Yadınızdadırsa, Avropa ölkələri onun İrana qarşı mövqeyini dəstəkləmədi. Günümüzdə Amerikanın özündə problemə çevrilən bu şəxsin fikirləri, doğrudur, respublikaçılar tərəfindən tam dəstəklənmir. O, İranın nüvə fəaliyyəti ilə bağlı sazişi pozmaq istəyirdi. Amma Avropa və məhz respublikaçılar onu müdafiə etmədilər.

- Nəzərə alaq ki, bu gün islam aləmində qanlı vətəndaş müharibələri gedir, terrorçu təşkilatlar əksər ölkələrin rahatlığını pozmaqdadır. Niyə bütün bunlar məhz islam coğrafiyasında baş verir?

- Fikrimcə, bu problemin mahiyyətində, ilk növbədə İslam dünyasında demokratik dövlətlərin olmaması dayanır. Digər səbəb müsəlman ölkələrinin birlikdə olmamasında, üçüncü səbəb isə Qərbin və ümumiyyətlə, xristian aləminin “parçala, hökm sür” siyasəti yürütməsindədir. Onlar düşünür ki, İslam dünyası inkişaf etməməlidir və güclənərlərsə, bundan ziyan görəcəklər.

- Hər dəfə deyirik ki, bütün bunların baiskarı Qərbin işğalçı siyasətidir. Elə isə Qərb eyni oyunu niyə Şərqi Asiyada oynamır, yəni İŞİD, “Əl Qaida”, Taliban və sair kimi onlarca terror təşkilatını ancaq müsəlmanlardan təşkil edir?

- Bu vəziyyətin Şərqi Asiyada yaranmamasının səbəbləri, onların dindən sui-istifadə etməməsi, müdrik qərar verə bilmələri ilə bağlıdır. Şərqi Asiya xalqları demokratiya və iqtisadiyyatın güclənməsi üçün əllərindən gələni edirlər. Əlbəttə, bu bölgədə də bəzi ölkələr istisna təşkil edir, amma əsas odur ki, onların mütərəqqi baxışları var.

- Niyə İslam dünyasının böyük dövlətləri öz müsəlman ölkələrini eynən Qərb kimi birləşdirə bilmir, əksinə, imkan düşəndə elə Qərbdən kömək alaraq öz aralarında mübarizə aparırlar?

- Bayaq qeyd etdiyim kimi, tam demokratik olmayan müsəlman və qeyri-müsəlman ölkələr milli maraqlardan uzaq düşür, ancaq öz şəxsi hakimiyyətinin maraqlarını qoruyur. Eyni zamanda, ölkələr arasında rəqabət aparmaqla şəxsi nəfsinə məğlub olur. Belələri öz şəxsi maraqlarını qorumaq istəyir, ona görə də müsəlman olmayan digər güclü ölkələrə tabe olur ki, bu da mahiyyətcə milli mənfəətlərin əleyhinədir.

- Son vaxtlar İranla Türkiyə arasında tez-tez xoşagəlməz söz atışmaları olur. Son dəfə məsələn, Əli Əkbər Vilayəti Türkiyənin əleyhinə çıxış elədi, onu qeyd-şərtsiz İraq və Suriyadan çıxmağa çağırdı, əks təqdirdə zorla çıxarılacağını dedi. Axı İraq və Suriyada islama dəxli olmayan 60 ölkənin ordusu var, niyə məhz Türkiyə çıxmalıdır?

- Əslində Suriyadan bütün əcnəbi hərbçilər çıxmalıdır. Əsas məsələ budur ki, ölkələrin milli suverenliyi qorunsun və hər ölkənin xalqı öz taleyini müəyyənləşdirsin. Suriyada isə bu məsələ sual altındadır. Suriya rəhbərliyi İran və Rusiyanı rəsmən dəvət edib ki, onlara terrorçulardan xilas olmağa kömək etsinlər. Heç bir ölkə silahlı müxalif qüvvələri qəbul eləməz və var qüvvəsi ilə ona qarşı dayanar. Türkiyə birbaşa hərbi qüvvə yerdib Suriya torpaqlarına, Türkiyə ərazisinə başqa dövlətin hərbçiləri girsə nə edərdi, əlbəttə savaşardı.

- Təcrübəli diplomat kimi deyin: sizə elə gəlmirmi ki, İran bölgəni məhz Türkiyə ilə əl-ələ verərək, qardaş olaraq terror və işğaldan xilas edə bilər? Elədirsə niyə Türkiyənin əleyhinə bu cür çıxışlar edən generallar və ya digərlərinə İran hakimiyyəti etiraz eləmir?

- Birliyin olmaması İslam aləminin ən böyük problemidir. Tarixə nəzər yetirsək, Səfəvilərlə Osmanlının timsalında iki böyük müsəlman imperiyası toqquşmaq yerinə birləşsəydi, bəlkə də bu gün müsəlmanlar dünyaya hökm edirdi. Əlbəttə, hər iki tərəf düşünməli, müştərək ideya və maraqlar üzərində birləşməlidirlər. Siz dediyiniz söhbətləri də Türkiyə tərəfindən səslənməsi baş verir və İran rəsmiləri sadəcə onlara reaksiya göstərir. Düşünürəm ki, bu iki ölkə yaxından müzakirə edib, problemləri çozməlidirlər. Onların bir-birinə qarşı çıxması, ancaq düşmən dəyirmanına su tökür.

- Türkiyə ilə münasibətlərdən söz düşmüşkən, Amerika və İsrailin bölgədə özlərinə sərf edəcək, oyuncaq kürd dövləti yaratma planı ortadadır. İraqın şimalından - İran sərhədindən başlayaraq az qala Aralıq dənizinin sahilinədək kürd vilayətləri təşkil edərək, kürdləri Amerika silahı ilə silahlandırdıqlarını görürük. Türkiyə qərbdən - Suriya ərazisində kürd dəhlizini ikiyə ayırmaqla, məncə, həm də İranın maraqlarını qoruyur. Axı Kürdüstan dövləti elan olunsa gələcəkdə Türkiyə və İrana qarşı da böyük torpaq iddiaları baş qaldıracaq. Niyə Qərbin bu xain planını dayandırmaq üçün İran Türkiyə ilə əl-ələ vermir?

- Doğrusu, Amerikanın yeni Yaxın Şərq planlarında regionda bəzi müsəlman ölkələri parçalamaq nəzərdə tutulur. Onlar istəyir ki, bu ölkələr parçalanmaqla kiçilsinlər, zəifləsinlər və başları bir-biri ilə çəkişməyə qarışsın. Nəticədə isə İsrailin təhlükəsizliyi təmin olunsun. İran və İraq şiələrinin birləşməsini sünni-kürd dövləti yaratmaq yolu ilə dayandırmaq istəyirlər. Son anda isə yenə də məqsədləri İranı zəiflətməkdir. Əlbəttə, İran və Türkiyə miili təhlükəsizlik baxımından əməkdaşlıq etməlidir. Amma təəssüf ki, böyük dövlətlər onları zəiflətmək üçün aralarında min cür ixtilaf yaradırlar.

- İran da, Türkiyə də İraq və Suriyanın ərazi bütövlüyünə dəstək verir. Hər kəs isə bilir ki, “İslam Xilafəti” adlı terrorçu rejim bölgə xəritəsini dəyişərkən Türkiyə və İranın başını qatmaq üçün düşünülüb. Necə eləmək olar ki, bu gün İslam dünyasında məzhəbçilik və digər siyasi məsələləri kənara qoyaraq, bütün bu yad, bölgəmizə sırınmış problemləri həll edək? Diplomatsınız, bu müstəvidə hansı yolu göstərəsiniz?

- Hesab edirəm ki, İran və Türkiyə regionda iki böyük müsəlman dövləti olaraq Qərbin, xüsusilə də Amerikanın ixtilaf yaratmaq istəyini başa düşərək, hər cür problemlərini danışıqlar yolu ilə aradan qaldırmalı, bununla da bölgəmizin təhlükəsizliyi, inkişafı və terrorla mübarizə, İslam aləminin birliyi naminə ortaq maraqlar üzərində, müştərək strategiya hazırlamalıdırlar. Bir daha Səfəvi – Osmanlı tarixi səhvini təkrarlamamaq üçün hər iki ölkə başqa müsəlman dövlətləri də bu ideya və strategiyaya cəlb etməlidir. İslam birliyinə yalnız bu yolla nail olmaq mümkündür.

 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.08.2017
22.08.2017