Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zəmanətlidir, gəlirlidir… - SOCAR istiqrazlarını niyə almalıyıq? – REPORTAJ
Tarix: 13.03.2017 | Saat: 16:51:00
Bölmə:Reportaj | çapa göndər

Zaman o zaman idi ki, "zayom" (istiqraz) qiymətli kağız olmaqla bərabər həm də qiymətli hədiyyə sayılırdı. Evdə hər kəsin adına hədiyyə kimi "zayom"lar olardı. Sovet dönəmində belə bir ənənə olsa da, quruluşun süqutundan sonra bir çox nəsnələr kimi istiqrazlara da maraq azaldı. Halbuki, inkişaf etmiş ölkələrdə iqtisadiyyatın qızıl qaydası olaraq istiqrazlar dövlətlə vətəndaş arasında maliyyə vəziyyətinin tənzimlənməsi vasitəsi kimi iştirak edib və edir.

Artıq bizdə bu ənənəni davam etdirmək və uzunmüddətli boşluğu doldurmaq üçün imkan yaranıb. Maliyyə bazarında mürəkkəb vəziyyət hökm sürdüyü zamanda insanları inandırmaq çətin olsa da, SOCAR istiqrazları elə bir şərtlərlə verir ki, bu prosesə qatılmamaq üçün bəhanə qalmır.


İstiqrazı əldə etmək barədə bir qədər sonra aidiyyəti şəxslərin vasitəsilə məlumat verəcəyik. Ona qədər isə Azərbaycandakı qədim istiqraz ənənəsindən danışaq. Hansı ki, indi də o ənənə hörmət olaraq “SOCAR-Capital” şirkətində xatırlanır. Yolumuzu şirkətin ofisindən salıb son günlər qiymətli kağızlar bazarında canlanma yaradan SOCAR istiqrazları barədə məlumat aldıq. Burada bütün məlumatlar, birja xəbərləri monitorlar vasitəsilə izlənilir.


Əslində, Azərbaycanda ilk istiqrazlar hələ sovet dönəmindən də əvvəl buraxılıb. Yüz il əvvəl Bakı Neft Cəmiyyəti, bir sıra neft emalı zavodları, Dəmir Yolları İdarəsi və Bakı Bələdiyyəsi kimi qurumlar istiqraz buraxaraq iri layihələr reallaşdırıblar. İndi həmin istiqrazların nümunələri çərçivəyə salınaraq divardan asılıb. Azərbaycanın istiqraz tarixindən bəhs edən bütün istiqraz nümunələri həm də o dövrə aid mühüm sosial-iqtisadi layihələrin icrasından xəbər verir. Məsələn, hazırda 100 illiyi qeyd olunan Bakı Şollar Su Kanalının çəkilişi məhz istiqraz buraxılışı nəticəsində əldə edilmiş vəsaitlə mümkün olub. Yüz il əvvəl həm də Sabunçu Neft Emalı Zavodunun səhmləri satışa çıxarılıb. Həmin satışa investorlar ciddi maraq göstərməklə daxili və xarici kapital bazarlarının inkişafına dəstək olublar.


SOCAR isə öz istiqrazlarını buraxmaqla 100 illik tarixi olan ənənəni yenidən canlandırıb.


Əslində, bu SOCAR-ın sayca dördüncü istiqraz buraxılışıdır. İndiyədək şirkət xarici bazarlarında 3 dəfə avrobondlar buraxıb, həmin buraxılışlar böyük maraq və yüksək tələbatla qarşılanıb. Ötən ildən etibarən isə ölkə vətəndaşları üçün istiqraz buraxmağa başlayıb.

SOCAR istiqrazlarını niyə almalıyıq?

SOCAR istiqrazları barədə Türkiyənin, Londonun qiymətli kağızlar bazarında yüksək vəzifələrdə 10 ildən artıq təcrübəsi olan “SOCAR-Capital” investisiya şirkətin məsləhətçisi Tolqa Kotan məlumat verdi. Ən yaxşı investisiya layihəsinin müəllifi kimi adı “Forbes” jurnalında yer alan ekspertin SOCAR istiqrazları ilə bağlı fikirləri yüksəkdir: “SOCAR-la ilk tanışlığımda rəqəmlərə baxdım. 40 milyard manatlıq aktivləri və 13,5 milyard manatlıq səhm kapitalı ilə Azərbaycanın ən böyük şirkətin təminatına başqa sübut yoxdur məncə. Bundan əvvəl SOCAR-ın xarici bazarlarda buraxdığı istiqrazlara xarici investorlardan gələn yüksək tələb və xarici investorların 2.250 milyard dollar dəyərində istiqraz alması da SOCAR-ın maliyyə gücü deməkdir. Odur ki, ölkə daxilinə buraxılan 100 milyon dollarlıq istiqraz SOCAR üçün olduqca kiçik bir rəqəmdir”.
Ekspertin dediyindən məlum olur ki, SOCAR buraxılan istiqrazlarının qarşılanmasına zəmanət verir. Bu, 14 milyarddan çox kapital və 40 milyard dəyərində beynəlxalq aktivləri olan bir şirkətin zəmanətidir. Nəzərə almaq lazımdır ki, SOCAR bundan öncə də xarici bazarlarda istiqrazlar buraxıb və şirkət heç bir zaman ödənişlərlə bağlı öhdəliklərini gecikdirməyib.


İndi isə ölkə daxilində buraxılan istiqrazlar barədə məlumata nəzər salaq. Nominal dəyəri 1000 dollar olan istiqrazlar illik 5 faiz gəlir gətirir.
İstiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir və əldə olunan gəlirdən vergi tutulmur. Etibarlıdır ona görə ki, ölkənin ən böyük şirkəti və dövlət qurumu olan SOCAR tərəfindən buraxılıb. Zəmanəti, yüksək gəlirliliyi ilə yanaşı, likvidliliyi - yəni asanlıqla pula çevirməyin mümkün olması istiqrazın üstün cəhətləridir. Beşillik müddətə verilən istiqrazları hər an SOCAR-a satıb, yatırılan vəsaiti geri almaq mümkündür. Bu üstünlüklər yalnız SOCAR istiqrazlarındadır.

Niyə dollarla?

Bəziləri SOCAR istiqrazlarının nə üçün məhz dollarla buraxıldığını soruşur. Tolqa Kotan isə deyir ki, onsuz da Azərbaycan vətəndaşları yığımlarının 80 faizini dollarda saxlayır: “Və həmin yığımlar passiv vəziyyətdə evlərdə, seyflərdə tutulur. Onsuz da həmin pullar sahiblərinə gəlir gətirmir, biz isə istiqrazları ABŞ dollarında buraxmaqla həmin vəsaitləri aktiv iqtisadiyyata cəlb etmək istəyirik”.
Adətən daxili bazarlarda istiqrazlar yerli pul vahidində buraxılır. Bu baxımdan, SOCAR-ın dollarda istiqraz buraxması Azərbaycan investorları üçün bir fürsət sayıla bilər. Məsələ bundadır ki, adətən istiqrazların qiymətləri artıb azaldığına görə istiqraz sahiblərinin onları istənilən vaxt sata bilməməsi və ya zərərə düşməsi riski var. SOCAR istiqrazlarında isə qiymət dalğalanmaları yoxdur. Tam tərsinə, SOCAR-ın minimum 1000 dollardan geri alma zəmanəti ilə investorlar böyük bir zəmanət altındadır”.

Neftin qiymətinin təsiri olmayacaq


Bu yerdə qəliz iqtisadi terminləri kənara qoyan Tolqa Kotan istiqraz barədə orta məktəb şagirdinin də anlaya biləcəyi formada məlumat verir: “SOCAR istiqrazlarında zərrə qədər də olsun risk yoxdur. Məqsədimiz istiqrazlar üçün “cənnət şərtlərini” tətbiq etməklə insanların qiymətli kağızlar bazarı ilə tanışlığına şərait yaratmaq, onların gələcəkdə SOCAR-ın partnyoruna çevrilməsi üçün ilk addım atmalarına şərait yaratmaqdır. Adi bir misal götürək: uşağa velosiped sürmək öyrədəndə ibtidai formadan başlayırıq. Yəni, velosipedin köməkçi təkərləri olur ki, onlar uşağı fiziki və psixoloji olaraq zədə almaqdan sığortalayır, yıxılmasını əngəlləyir. Biz də bu formada vətəndaşların qiymətli kağızlar bazarında arxayın, sığortalı, psixoloji cəhətdən hazır formada addımlamasını hazırlayırıq. Təbii ki, müəyyən müddətdən sonra həmin köməkçi təkərlər olmayacaq, o vaxta qədər ki, velosipedi rahat şəkildə idarə etmək mümkün olacaq”.

Az qala hamının ölkənin taleyinin neftdən asılı olduğunu düşündüyü və neftin qiymətinin də ürəkaçan olmadığı bir dönəmdə SOCAR məhsuluna inam yaratmaq o qədər də asan deyil. Müsahibimiz isə bu məsələyə fərqli prizmadan yanaşır: “Tam doğru, ölkə iqtisadiyyatında SOCAR-ın payı mühümdür. Amma SOCAR böyük bir şirkətdir və 100 milyon dollar və onun faizi bu şirkət üçün kiçik bir rəqəmdir. Neftin qiymətinin investora heç bir təsiri olmayacaq. Qiymətdən asılı olmayaraq faizlər vaxtında ödəniləcək”.
Bu arada qeyd edək ki, SOCAR-ın dollarla buraxdığı SOCAR istiqrazları üzrə ilk faizlərin ödənişi yanvarın 17-də həyata keçirilib. Faiz ödənişi çərçivəsində istiqraz sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına köçürülüb və vətəndaşlar pulları istədikləri kimi istifadə edə bilərlər.


Xaricdə işləyən vətəndaşlarımız üçün faydalı

SOCAR istiqrazları ölkədən kənarda yaşayan azərbaycanlılar üçün çox əlverişlidir. Məlumdur ki, Azərbaycana pul köçürmələri olan ölkələr sırasında Rusiya ilk yerlərdən birində dayanır. SOCAR istiqrazları orada yaşayan və işləyən əhali üçün çox əlverişlidir. Onlar vəsaitlərini istiqraza çevirməklə həm etibarlılığına zəmanət qazanmış olur, həm gəlir əldə edir, həm də o vəsaiti ölkəyə göndərərkən tutulan faiz dərəcəsindən azad olurlar. Bundan başqa, xaricdən vəsaitə nəzarət etmək imkanı qazanmış olurlar.
"PSG Kapital" investisiya şirkətinin əməkdaşı Xanlar Əlirzayev deyir ki, istiqrazlar alanlar arasında fiziki şəxslər daha çoxdur. O, həmçinin vəsaitini banklardan götürərək istiqraza yönəldənlərin son günlər çoxaldığını deyir: “Bu təbii ki, bank faizlərinin yüksək olması ilə bağlıdır. Təkrar bazarda istiqrazları Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da alırlar. Bu sahədə Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları daha fəaldırlar”.

İldə dörd dəfə, ayın 17-də…

Hər kəs iş başındadır. SOCAR-ın qiymətli kağızlarının emissiyası üzrə baş məsləhətçisi Əli Ağaoğlu ilə foyedə - ayaqüstü söhbətləşirik. “SOCAR istiqrazları investorlara təklif olunan şərtlərinə görə nəinki Azərbaycanda, hətta regionda ən əlverişli qiymətli kağız sayıla bilər. İstiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırıq. Bu şərtlər investorlar üçün 100 faizlik zəmanət deməkdir. İndiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb”, - deyə Əli Ağaoğlu şərtləri vurğulayır və yumorla “daha nə istəyirsiniz?” - deyib işinə davam edir.
Məhz əlverişli şərtlərinə görə, SOCAR istiqrazlarının ilkin buraxılışı zamanı investorlar tərəfindən 200 milyon dollardan çox tələb qeydə alınıb. Bu da istiqrazların ümumi həcmindən iki dəfə çoxdur.
Nominal məbləği 1000 dollar olan və illik gəlirliliyi 5 faiz olan SOCAR istiqrazları üzrə faizlər ildə 4 dəfə ödənilir. Hər bir istiqraz üzrə faiz ödənişi 12,5 dollardır. Həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək. Bu il ilk faiz ödənişi yanvarın 17-də baş tutub və bundan sonra əhali arasında istiqrazlara daha da maraq artıb. Növbəti faiz ödənişləri isə aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-si tarixlərində olacaq.

Beşillik hədiyyə

İndi qalır əsas məsələ - istiqrazı haradan və necə əldə etməli? İstiqrazlar elan olunmuş investisiya şirkətlərindən (AzFinance Invest, İnvestAZ, PAŞA Kapital, PSG–Kapital), 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Rabitəbank, Xalq Bank və Azər-Türk Bankından almaq olar. Eləcə də *19 99 “Qaynar xətt”ə müraciət etməklə istiqraz almaq mümkündür. Sənədləşməyə isə yalnız şəxsiyyət vəsiqəsi lazımdır.
İstiqrazı alma prosesini izləmək üçün üz tutduq 5 saylı “ASAN xidmət”ə. Burada bizi "PSG Kapital" investisiya şirkətinin təmsilçisi Sevinc Gəncəliyeva qarşılayır: “Elə indicə sizdən qabaq gələn müştəri 20 ədəd istiqraz aldı”. Müsahibimiz istiqrazlara əhalinin marağının yüksək olduğunu deyir: "İstiqrazlar dövriyyəyə buraxılandan proseslə tanışam. Son iki ayda satış daha yüksək templə davam edir. Bu da yanvar ayının 17-də istiqrazlar üzrə ilk faiz ödənişinin həyata keçirilməsi ilə bağlıdır. Çünki istiqraz alanlar özləri də şahid oldu ki, bütün hallarda SOCAR buraxdığı istiqrazların likvidliyinə təminat verir. Yəni, istənilən vaxt qaytara bildikləri üçün almaq istədiklərini deyirlər”.


Sevinc Gəncəliyeva deyir ki, müraciət edənlərin 90 faizi istiqraz barədə məlumatlı olur və ilk gəlişdə alır: “Məlumatlı müştərilər daha çoxdur, 70 yaşlı bir müştərimiz var idi, ona məlumat verməyimizə heç gərək qalmadı. Özü tam məlumatlı idi”.
İstiqraz almaq üçün daha çox paytaxt sakinləri müraciət edir, amma Sevinc xanım deyir ki, son günlər rayonlardan gələnlər artmaqdadır: “Yaş senzinə görə, müraciət edənlər orta yaş təbəqəsini - 40-50 yaşlı vətəndaşları əhatə edir. Gün ərzində təkcə bu bölmədə 4-5 nəfər müraciətçi qeydə alırıq”.
Hər kəs vəsaitinin yetdiyi qədər istiqraz ala bilər. 5 saylı “ASAN xidmət”də ən yüksək göstərici 575 min dollarlıq istiqraz alışı olub.
İstiqraz alma proseduru isə çox sadədir - şəxsiyyət vəsiqəsini yuxarıda adını çəkdiyimiz şirkətlər təqdim etməklə. Müştəri üçün bank hesabı açılır (adına hesab açılıbsa, buna gərək qalmır), müqavilə bağlanılır, sənədləşdirmə başa çatdıqdan sonra banka yönəldilir, orada köçürmə edilir və iki gün ərzində istiqraza sahib olur.

Sevinc Gəncəliyeva deyir ki, istiqrazı hədiyyə üçün alanlar çoxdur: “Ər-arvad birlikdə bizə müraciət edir və biri digərinin adına alır və yaxud öz adına alıb sonra notariusdan aidiyyəti şəxsin adına köçürənlər də var. Bir neçə gün əvvəl 8 Mart bayramı günündə istiqrazı bayram hədiyyəsi edənlər oldu”.


Əvvəldə dediyimiz kimi, SOCAR istiqrazları 100 illik tarixi ənənəni yenidən canlandırmaqla yanaşı, həm də uzunmüddətli hədiyyə ənənəsini geri qaytarmış olub. Bu istiqrazlarla nəinki doğmalarınızı sevindirəcək, hətta onlara hər 3 aydan bir faiz dərəcəsi ilə yenidən hədiyyə etmiş olacaqsınız. Novruz Bayramı hədiyyəniz istiqraz olsun. 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.04.2017
28.04.2017
27.04.2017