Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Məni 7 ilə yaxın zindanda saxladılar" - Mahmudəli Çöhrəqanlı
Tarix: 14.03.2017 | Saat: 12:42:00
Bölmə:Müsahibə | çapa göndər

Yaxşı yadımdadır: 17 il əvvəl məhz bu gün – ilaxır çərşənbə günü Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı ilə Bakıda görüşüb, müsahibə elədim. O vaxt GAMOH lideri müalicə məqsədilə İsveçə gedərkən yolüstü Bakıda ayaq saxlamışdı. Çox şeylərdən söz açdıq, suallar verib, cavabını aldım. Sonrakı dövrdə ara-sıra mətbuatda görünürdü, amma son vaxtlar nədənsə gözlərimiz yadırğayıb bu bəy üçün. Döğrudur, son vaxtlar onun Türkiyəyə girişinə qoyulan yasağın qaldırılması üçün kampaniyanın başlandığını eşitmişik. Amma bu heç də Mahmudəli bəyin mətbuatda aktiv görünməsinə dəlalət etmir. Nə isə, özündən soruşaq, görək bizi düşündürən suallara cavab olaraq nə deyəcək. 

- Bildiyiniz kimi, 2006-cı ildə Türkiyədən deport edildim, bir müddət sonra isə Azərbaycan da girişimə yasaq qoydu. Artıq 11 ildən çoxdur qardaş ölkələrə girişim yasaqlanıb. Ailəmlə birlikdə ABŞ-ın Virciniya ştatında yaşayıram. Çətin də olsa, öz imkanlarımız hesabına birtəhər dözüb, yaşayırıq. Bu müddətdə kənardan heç kim bizə hansısa formada yardım göstərməyib.

- Son illər hiss olunacaq qədər mətbuatdan uzaq düşmüsünüz, bir-iki mühacir medasını çıxsaq, demək olar ki, haqqınızda heç nə yazılmır, deyilmir. Nə baş verir, niyə görünmürsünüz?

- Demək olar ki, 2006-cı ilədək Çöhrəqanlı hərəkatı olaraq tanınan Güney milli hərəkatımız İran hakimiyyətini inanılmaz dərəcədə narahat etmişdi. Bu səbəblə də, 2006-cı ildə milli hərəkatda aktivlik göstərdiyimə görə məni məhz Tehranın istəyi ilə Türkiyədən deport etdilər. Güney Azərbaycan məsələsinə, GAMOH-un faaliyətinə, hətta Çöhrəqanlı adına belə yasaq gətirdilər və bunları edən təəssüf ki, qardaş sandığımız Türkiyənin hakimiyyətidir. Biz heç vaxt millət və dövlətdən incimərik, amma hakim partiyanın bizə etdiyi qardaşlıq hüququna sığmaz. Hətta bu, qonşuluq və insanlıq anlayışıyla da düz gəlməz. Demək olar ki, səsimizi kəsmək istəyiblər, ama biz sosial mediada var gücümüzlə varıq və millətimizin ürəyindəyik.

- Sizin Türkiyəyə girişinizə icazə verilməsi üçün kampaniyaya başlanılıb. Necə gedir proses, Ankaradan istənilən icazəni almaq şansı varmı?

- Oğlum Alparslan bu kampaniyanı başladıb və qısa müddətdə hər cür çətinliklərə, yasaqlara baxmayaraq 3700 soydaşımız change.org səhifəsinə imzalarını atdılar. Bilirsiniz, millətimiz internet üzərindən imza kampanyası aparmağa çox alışıq deyil. O üzdən də bu say çox önəmlidir. Bu haqda səhifələrimizdə paylaşımlara yüz mindən çox bəyəni-like, minlərlə şərh, on minlərlə paylaşım getdi. Təəssüf ki, Türkiyə rəsmiləri Facebook-a kampanyamızla bağlı şikayət etdilər və nəticədə imza kampanyasını dayandırmaq tələb olundu. Məncə bunlar rəsmən Güney Azərbaycan milli mübarizəsinin qarşısını almaq üçün atılmış addımlardır. Amma nə mən, nə də dostlarım ruhdan düşmürük. İstədiyim budur ki, millətimiz bütün baş verənləri unutmasın və günahkarları axtarsın. Ürəyi milləti üçün çırpınan qocaman əskər Çöhrəqanlı, yən mən bəs hara gedim, Ermənistana, yoxsa Gürcüstana? Siyasi görüşlər bir yana dursun, nə baş verib ki, öz qardaş ölkələrimizə hətta turist kimi də gedə bilmirik. Əminəm ki, bu halımıza dostlar ağlayır, düşmənlərsə gülür.

- Bu müddətdə Türkiyə rəsmiləri ilə hər hansı formada sizin bu ölkəyə girişinizə icazə verilməsi yönümündə görüş və danışıqlar aparan olubmu? Əgər olubsa kimlərlə danışılıb və nə cavab alınıb?

- Biz hər zaman demişik: Türkiyə dövlətinin və türkün mənfəətləri uğrunda, eyni şəkildə Azərbaycan dövləti və Azərbaycan türklüyünün maraqları uğrunda boynumuz qıldan incədir. Biz yurdumuzu və millətimizi sevməkdən başqa günah işləməmişik. Bu müddətdə Türkiyəmizdə dostlar lazımi məqamlarla təması genişləndirib və artıq bəzi siqnallar almaqdayıq. Hesab edirəm mənə qarşı qüvvədə olan söz açdığımız haqsız qadağalar bundan o tərəfə uzanmayacaq və biz yurdumuza – Türkiyəyə, hətta Azərbaycana sərbəst səfər edə biləcəyik. Siyasi səfər imkanı yoxsa, ən azından adicə turistə verilən haqlardan bizi məhrum etməsinlər.

- İrandakı soydaşlarımızla əlaqəniz varmı, ümumiyyətlə, Güney Azərbaycanda baş verənləri izləyə bilirsinizmi?

- GAMOH başqanı olaraq, əlbətdə ki, idarəetmə şuramız və dostlarımız dünyanın dörd tərəfindən, xüsusilə də daxildəki hadisələrlə bağlı bizi mütəmadi məlumatlandırırlar. Daxildə dostlarımızı nə qədər qorxutsalar da, təmaslarımız davam etməkdədir. Ona görə də bu qəhrəman elm və sülhsevər vətən mübarizlərinə minnətdarlığımı bildirirəm. Hər biriniz millətimizin başını uca tutan şərəf və cəsarət simvollarıyıq. Millətimizin yükü çox ağırdır, amma düşməni dərdə salan igid oğul və qızlarımız da az deyil. Əl-ələ verib, insanlıq, sülh, azadlıq, və hürriyyət adına yağını yurdumuzdan dəf edəcəyik.

- Yadınıza salın, təxminən 16 il əvvəl siz ilk dəfə İranı tərk edib Avropaya – səhv etmirəmsə İsveçə - gedəndə yolüstü Bakıda düşdünüz. Almurad bəyin evində məhz indiki vaxtda – Novruz çərşənbəsi axşamı sizinlə görüşüb müsahibə elədim. Onda müalicəyə getdiyinizi dediniz. Amma uzun illər ötsə də vətənə qayıtmadınız. Səbəbi nədir?

- İran hakimiyyətini hamıdan yaxşı mən və dostlarım tanıyır. Məni 7 ilə yaxın zindanda və ev həbsində saxladılar. Müxtəlif təhdidlər, həbs və işkəncələr, 63 günlük ölüm orucu və iki beyin qanaması bunların acı xatirəsidir. Onlar oğlum sayılan, GAMOH sədrinin müavini Qulamrıza Əmanini iki qardaşıyla birlikdə qətlə yetirərək, şəhid etdilər. Ölkə daxilində mübarizəni seçkilər yolu ilə aparmağa qərar verdik və artıq hərəkatımızı xaricdə tanıtmaq üçün qolumuzu çırmadıq. Bilirsiniz, Pişəvəri öndərliyində qurulan dövlətimizin birinci il dönümündə bu qədər rahat və qanlı şəkildə yıxılmasının əsas səbəblərindən biri məhz beynəlxalq aləmdə dəstək almamağı olub. Bu gün isə artıq bütün türk dünyası Güney Azərbaycanı tanıyır və onun dərdləri ilə maraqlanır.

- Necə bilirsiniz, bu gün İranda yaşayan 35-40 milyon sayında Azərbaycan türkünün neçə faizi sizin ideyaları açıq və ya gizli dəstəkləyir? Ümumiyyətlə, bu gün İrandakı azəri türkləri milli ideyanın təbliğində aktivdirlərmi?

- Biz Azərbaycan Oğuz türkləri böyük imperiyalar quran babaların nəvələri və davamçılarıyıq. Başladığımız oyanış hərəkatı sayəsində bu gün bütün İranda on milyonlarla türk öz kimliyini açıq şəkildə dilə gətirməkdədir. İnanıram ki, bizim kimi düşünən milyonlarla soydaşımız var və onların sayı gün geçdikcə artmaqdadır. Millətimiz gündən-günə milli intibah səviyəsini yüksəltməkdə və ən qısa zamanda lazım olanı öz yaxşılığı və xeyri baxımından edəcək. Biz türklər isətəsək bütün İranı yenidən hüquqi və demokratik qanunlarla idarə edə və ya öz müqəddəratımızı təyin etmək haqqını qazana bilərik.

- O da var ki, milli lider xalqın içində yetişir, bütün təhdidlərə rəğmən xalqla birlikdə olur - Nelson Mandellanın həyatı buna nümunədir. Heç içinizdən keçibmi nə vaxtsa “kaş İranı tərk etməyəydim” deyə…

- Bəzən şəraitlər fərqli olur. Mən hər zaman içəridə olarkən özümü və ailəmi düşünmədən zalim və işğalçı rejimini üstünə yeridim. Bu yolda işimi və sağlığımı itirdim. Ölüm bizə yox, biz ölümə meydan oxuduq. Bir dəfə Təbriz İnqilab məhkəməsində hakim və qazi bizə “Elçibəyin qulu” dedi. Mən də ona dedim ki, Elçibəy özü Tanrının quludur, mən qula qulluq etmərəm. Sonra da başı üzərindəki şəklə işarə edərək hakimə dedim ki, sən də şeytanın qulusan. Ən yaxın dostum və oğlum sayılan Əmaniləri bu rejimə qurban verdik. Bəzən ölüm rahat seçim olur, yaşamaq və yaşatmaq isə çətin. Bu gün əgər Güney Azərbaycan mübarizəmiz beynəlxalq platformda bu qədər gündəmdədirsə, burada xaricə çıxışımızın rolu inkaredilməzdir. Mən ölkəni tərk edəndə Güney Azərbaycan adına heç bir təşkilat və zərrə qədər faaliyyət yox idi. Biz bədəl ödəməkdən çəkinmədik, hər zaman millətimizin mənfəətləri uğrunda şəxsi maraqlarımızı ayaq altına atdıq.

- Siz 16 il öncə müsahibə zamanı mənə demişdiniz ki, “xalqın əsarət yuxusundan oyanması üçün” azı 20 il lazımdır. Təxmini götürsək, bu müddət tamam oldu, oyandımı xalq?..

- Artıq İran hakimiyyətinin də geri addım atdığını, məsələn, parlamentdə yüz millət vəkili ilə Türk Fraksiyasının yaradıldığını, Təbriz Universitetində Azəraycan türkcəsinin, dil və ədəbiyyatının tədris edildiyini və sair deyə bilərik. Eləcə də xalqın davamlı şəkildə aksiyalar keçirməsindən də görünür ki, artıq Güney Azərbaycan türkü yatan, itib-batan və ölən bir toplum deyil. Bu toplum şərəflidir, cəsarətlidir və tapdalanan haqlarını ən qısa zamanda əldə edəcək. Biz də hər zaman millətimizin qulluğundayıq, əlimizdən gələn yardımları əsirgəməmişik və əsirgəməyəcəyik.

- Görünən budur ki, bu gün qonşu ölkələr olaraq Azərbaycanla İran arasında çox isti münasibətlər var, birgə iri layihələr icra olunur hazırda və sair. Üstəlik, Güney və Quzey Azərbaycan həsrəti də aradan qalxıb sanki. Yəni Arazın hər iki tərəfində yaşayan insanlar istədikləri vaxt, heç bir maneə olmadan qarşı tərəfə gəlib-gedə bilirlər. Sizə elə gəlmirmi ki, bu vəziyyət bütövlükdə insanları mübarizə üçün əlavə əmək sərf etməkdən yayındırır?

- Bu danılmazdır ki, Güneydəki xalq azad deyil və adi insani haqlarından məhrumdur. Kimsə özünə hansısa yalanları deməklə xoşbəxt olsa da, vəziyyət görünən kimi deyil. Güney Azərbaycan həm mənəvi, həm də iqtisadi baxımdan istismar edilir. Qərbi Azərbaycanda kürd təhlükəsi hələ də var, mədən və yeraltı qaynaqlarla zəngin torpaqlarımız məqsədyönümlü şəkildə bir-bir digər əyalətlərə birləşdirilir. Bu gün siyasi qaçqınlarımız Azərbaycana sığına bilmədikləri üçün çox pərişandırlar. Bütöv Azərbaycan ideyamız sözdə olmamalıdır.

- Biz hər zaman mübarizəmizdə Amerika və Avropaya ümid etmişik, onların bizi dəstəkləyəcəyini düşünmüşük. Amma onlar bütün məsələlərdə Azərbaycanı və ümumiyyətlə, müsəlman ölkələrini yarıyolda qoyublar. Heç Qarabağ məsələsində bizə haqqımızı vermirlər. Necə bilirsiniz, Güney Azərbaycan məsələsində nəsə edəcəklərmi? Axı Qərb İranda yalnız daxili vəziyyəti gərginləşdirmək niyyəti güdür, onlara Azərbaycanın inkişafı maraqlı deyil…

- Öz-özümüzü qurtara bilərik, bu qədər. Ancaq bu o mənaya gəlməz ki, beynəlxalq müstəvidə heç bir faaliyyətimiz olmasın. Biz gərək millətimizin səsini hər yerdə səsləndirək, necə ki, ermənilər və kürdlər bu baxımdan bizdən ən azı 50 il irəlidədirlər. Bu günkü qlobal dünya şərtlərində özümüzə qapanmaq doğru deyil. Biz əlbəttə, əvvəlcə kömək üçün özümüzə, qardaş Quzeyimizə və Türkiyəmizə baxırıq, ancaq səsimizi imkan daxilində dünya güclərinə çatdırmaqda böyük fayda var. Yuxarıda da vurquladığım ki, Pişəvəri hökuməti məhz tanınmadığı və dəstəklənmədiyi üçün asanlıqla yıxıldı. Biz bu cür səhvlərə yenidən qurban ola bilmərik.

- Təxmini nə qədər vaxt qoya bilərsiniz öz məqsədinizin gerçəkləşməsi üçün? Öz milli amalınızı, necə deyərlər, indiki hadisələrin axarına uyğunlaşdırmaq üçün islahatlar keçirmək niyyətiniz varmı?

- Mən Mahmudəli Çöhrəqanlı olaraq şərəflə deyirəm: ömrümü müqəddəs Azərbaycançılığa və türkçülüyə həsr etmişəm və son nəfəsimə qədər də belə olacam. Millətimizlə çox zaman dərdlənib ağlaşmışıq və yeri gələdə sevinib, gülüşmüşük. Məni deport edib, girişimə qadağa qoya bilərlər, amma bu qocaman əsgərin ürəyindəki millət sevgisini azalda bilməzlər. Yaxşı bilirəm ki, millətim də öz oğlunu çox sevir və həsrətini çəkir. Ona görə başım ucadır ki, milli maraqlarımızı həmişə şəxsi mənfəətlərimdən üstün tutmuşam. Ölkə daxilində millətimiz oyanıb və bu proses daha da sürətlə davam etməkdədir. Millətimiz nə istəsə, o da olacaq. Bölgəmizdə gedişatlar çox həssas və böhranlıdır. Dünən Elçibəyə tətbiq olunan boykot bu gün Çöhrəqanlıya edilir. Olsun, biz yola çıxanda nə qədər çətin və ağır olduğunu göz önünə almışdıq və bu yoldan dönməyəcəyimizə and içmişik. Çöhrəqanlı və dostları hər zaman millətinə sadiq olub və olacaq. Biz millətimizə xitmət etməkdəyik son nəfəsimizədək də edəcəyik. Gələcək millətimizindir, yaşasın uca və böyük Azərbaycan türk ulusumuz.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.07.2017
26.07.2017