Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Yazıçılar İttifaqındakı xanımların hamısı subay qocalıb" - Musa Yaqub
Tarix: 14.03.2017 | Saat: 14:27:00
Bölmə:Müsahibə | çapa göndər

Gənc şair Şəhanə Müşfiq yeni nəsil yazarların ədəbiyyatımızın Musa Yaqubu ilə görüşünün təşkil olunduğunu dedi. Təşkilatçı o, idi və məni də dəvət etmişdi. Özümüz idik, on-on iki nəfərlik bir çevrə. Söhbəti elə qurduq ki, həm də bir növ müsahibə olsun. Sualların axarını mən yönləndirsəm də, söz ustadının cavabı sərrast idi. Görüş bir az fərqli məkanda – rəssam Nəvai Mətinin emalatxanasında keçirilirdi.

 Musa Yaqub haqqında qısa arayış:

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. M.F.Axundov adına mükafata layiq görülüb. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Musa müəllim söhbəti səmimi axara salmağı deyəsən evdən çıxanda ölçüb-biçibmiş. Qapıdan girən kimi sinəsi açıq qız şəklinə baxıb bir atmaca atdı gənclərə. Hər kəsin eyni açıldı. Beləcə başladıq...

- Musa müəllim, kimə baxırsan şeir yazır. Bu ölkədə şair olmaq çətindir, ya asan?

- Bir bayatı var ha, əzizim baxtı yarım, baxtımın taxtı yarım. Üzündə göz izi var, sənə kim baxdı, yarım? - bir xalqın ki, bu cür bayatası ola, belə bir millətin poetik təfəkkürünün qarşısında söz demək bizim üçün çox çətindir. Şeir yazırsansa, gərək sözün də həmişə poetik olsun. Həmişə axtarışda olasan, yeni söz deyəsən. Hoqqabazlıq demirəm ha, ənənəvi ölçülərdə yeni fikir, yeni söz... Yaxşı şairlərimiz var, yazırlar, mən də oxuyuram. Ruslan Dostəlinin şeirlərini çox bəyəndim, məni qanadlandırdı. Heyf ki, indi dövran onların deyil. Gənclərin bu qədər maddi sıxıntılar arasında bir yerə yığışmağı, ədəbi söhbətlər etməyi elə poeziyanın yaşamağı deməkdir. Bu gün məni də dəvət etmisiniz. Bu məni çox sevindirir. Cavanlara minnətdaram ki, bizi yaşadırlar.

- Sizin gəncliyinizdəki ədəbi mühitlə indikinin arasında nə kimi fərqlər var?

- Altmışıncı illərlə indiki ədəbiyyat arasında böyük fərq var. O vaxt bir kitab çap etdirmək böyük iş idi. Bir şeirin çap olunması üçün nə qədər zülm çəkirdin. Redaktordan, nəşriyyatdan keçməli idi. Redaksiyanın rəyi olmadan nəşriyyatın kitab çıxarmağa ixtiyarı yox idi. İndi kimə baxırsan kitab çap etdirir. O vaxt bizi aparardılar kitabxanalara. Sabir, Lenin adına kitabxanalarda oxucular tam dolardı. Ədəbiyyat gecələri keçirirlərdi. Gənc şairlər təzə şeirlərini oxuyardılar. Hanı, indi belə şeylər var, yoxdur. Yəqin ki, belə qalmayacaq. Milli Məclisdə məsələ müzakirə olundu ki, ədəbi yaradıcılıqla məşğul olan məkanlara maliyyə ayrılsın, qərar qəbul olunmadı, ayrılmadı. Mən şeir yazıram, bəs mən nə ilə dolanmalıyam? İndi nəşriyyata şeirlərini verirsən ki, çap edilsin. Kitab çıxan kimi qoltuğuna vururlar ki, apar sat. Nəşrin pulu da sənin boynuna. Bəs şairlər necə dolansın, şair kitab satan deyil axı. Bu gün biz yazarların bazarı yoxdur. Şükür Allaha ki, indiki cavanların gözü toxdur, oxunmaq üçün yazırlar. Maddi sıxıntılara baxmayaraq bir yerə toplaşıb müzakirələr aparırlar. Vətən üçün, camaat üçün yazırlar, poeziyamızı yaşadırlar.

- Musa müəllim, cavan vaxtı Azərbaycan Yazıçılar Birliyində işləmisiniz. Orada gənc xanım yazarlardan bəyəndiyiniz, gözünüz düşəni olubmu?

- Vallah, Yazıçılar Birliyinə gəlib düşən xanımların hamısı bədbəxt idi. Bədbəxt idilər ki, şair olmuşdular (gülüş). Kim gəlibsə hamısı orada subay qocalıb. Deyə bilmərəm şairlərin nəfsidirmi, yoxsa öz bəxtlərinə yazılan yazı elə odur?! Yazıçılar İttifaqı elə bir yer idi ki, orada aşiq olmaq qeyri-mümkün idi. Bəlkə də könlümdən keçən kimsə olub. Mənim də o vaxt bir katibəm vardı... (söhbətin yönünü dəyişir-T.T). O vaxt Yazıçılar Birliyi mötəbər bir yer idi, bəlkə də Nazirlər Sovetindən sonra Yazıçılar İttifaqının sözü eşidilirdi. İmran Qasımov bir dəfə zəng etsəydi, o məsələ həll olunmuş sayılırdı.

Öz yaşıdlarınızdan kimləri oxuyurdunuz? Kimlərlə sıx bağlı idiniz?

- Məmməd İsmayılın adını çəkə bilərəm. Onunla tez-tez görüşürdük, şeirlərini oxuyurdum. Onun kəndində də olmuşam. Məmməd Aslanı oxuyurdum, o, Bakıya çox gec gəldi. Eldar Baxış çox güclü şair idi. Ramiz Rövşən bizdən balaca idi. Ədəbiyyata yenilik gətirmişdi, onu qəbul edə bilmirdilər. Çox gözəl yazırdı.

- O dövrdə ermənilərlə münasibət çox yaxşı idi. Erməni yazıçılardan kimləri oxuyurdunuz?

- Oxuyurdum. Movsisyanın “Camış” hekayəsi vardı, o yadımda qalıb. Əclaf çox yaxşı yazmışdı. İndi də deyirəm, çox yaxşı yazmışdı o hekayəni. Təsvirləri çox canlı verə bilmişdi.  O vaxt biz təkcə ermənini yox, latışı da, özbəyi də, qırğızı da oxuyurduq. Tədbirlərdə qurultaylarda, ədəbiyyat günlərində bir yerdə olurduq. Sovet bizi bir yerə yığmışdı. Bir-birimizi tanıyırdıq. O vaxt türk xalqlarından sovet də qorxurdu. İndi deputat Arif Rəhimzadə deyir ki, biz türk deyilik. Sən türk olmaya bilərsən. Niyə belə deyirsən axı. İndi də hamı üstünə düşüb.

- Sovet dövründə sizi də Leninə şeir yazmağa məcbur ediblərmi?

- Guya deyirlər ki, sovet dövründə poeziyada zorakılıq vardı. Kimlərsə partiyaya, Leninə şeir yazmağa məcbur edilirdi, yalandır. Zor indi var. Sovetin özünün birpartiyalılıq platforması vardı. İstəyirdin o ideyada yazırdın, istəmirdinsə yazmırdın, heç kim səni məcbur etmirdi. O ideyada yazanda kitabını da çap etdirirdi, qonorarını da verirdi, amma Leninə, partiyaya şeir yazmağı məcbur etmirdilər. O vaxt Ədəbiyyat Fondu vardı. Yazıçı Əli Vəliyev də fondun rəhbəri idi. Şairlərin pulu qurtaranda onun yanına gedirdi. Məsələn, bizim Hüseyn Arif tez-tez gedirdi Əli müəllimin yanına, Əli, görəsən pul varmı orda deyə soruşardı. Əli Vəliyev də yoxdu a Hüseyn qağa deyərdi. Hüseyn Arif də başlayardı ki, sənin o “Turaclıya gedən yol”unun nə şirin dili var. Necə də axıcı üslubda yazılıb. Yəni, bu pul qoparmaq demək idi. Əli də qayıdırdı ki, Hüseyn havayı tərif edirsən, pul yoxdur. Hesabat istəmədən səni ezamiyyətə göndərirdilər. Soruşmurdular ki, nə yazmısan. Yəni o vaxt biz azad idik.

- O vaxt azadlıq vardısa niyə repressiyalar oldu. Məsələn, Səməd Vurğuna dəymədilər, Əhməd Cavadı, Müşfiqi güllələdilər?

- Birincisi, Səməd Vurğunun istedadını danmaq günah olardı. Onu inkar edə bilmərik. O böyük istedad idi. Vurğun bizə qanad verib. Həm də onun təzə söz demək maharəti vardı. Əhməd Cavadı, Müşfiqi, Cavidi ona görə güllələdilər ki, 1918-ci il müstəqilliyini görüb gəlmişdilər. soveti həzm edə bilmirdilər. Poeziyanı, dünyanı başa düşən yazıçılar idi. Biz o vaxt müsəlman şərqində ilk demokratik dövlət qurmuşduq. Rəsulzadə başda olmaqla həmin dövrdə istiqlaliyyət üçün çarpışanları Allah bizim millət üçün göndərmişdi. İndi cümhuriyyət fədailərini  qınayırlar ki, İrəvanı ermənilərə veriblər. İrəvan verilməsəydi, indi Bakı bizdə deyildi. Onlar həmin vurhavurda müstəqil dövlət yaşatdılar. Cavid, Müşfiq, Əhməd Cavad da həmin mühitdən çıxmışdı. Səməd Vurğun və onunla ədəbi yaradıcılığa eyni dövrdə gələnlər isə yerdən qalxmalar idi. Ona görə Səməd Vurğunu güllələmədilər. O vaxt olan qadağalar bir az fərqli idi. Soveti tərifləyəni çap edirdilər, tərifləməyən də “komandirovka”dan, kitabının çap edilməsindən məhrum olurdu.

- Övladlarınızdan sizin yolunuzu davam etdirən var?

- Oğlum Şəhriyar meyxana tipli şeirlər yazır. Heç yanda çıxmır. Daha çox meyxanaya meyil edib. Amma qızım Yaqut çox böyük ədəbi zövqə malikdir. Ədəbiyyat müəlliməsidir və bu sahəni çox yaxşı bilir. Yəni, qazanımız qaynayır, amma içində heç nə bişmir. Qaynamağın özü də yaxşı şeydir.

- Musa müəllim ölüm haqdır, bu, öz yerində. Dəfn üçün Fəxri Xiyabanı seçərdiniz, ya doğuldunuz Buynuz kəndinin qəbiristanlığını?

Mən vəsiyyətimi çoxdan etmişəm, dəfn olunacağım yeri də artıq seçmişəm. Demişəm Buynuzda dəfn edin məni. Qəbiristanlığı da seçərlər (gülür, sonra da gözləri dolur)? Kəndimizdə bir köhnə dəyirman var. Demişəm elə baş daşıma da o iki dəyirman daşını qoysunlar. İndi həmin dəyirman dağılıb-tökülüb. Heç baxan yoxdur, sözümü də eşidən. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.03.2017
23.03.2017
22.03.2017