Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cocuq Mərcanlının yenidən "doğuluşu"ndan ilk GÖRÜNTÜLƏR
Tarix: 17.03.2017 | Saat: 14:39:00
Bölmə:Reportaj Video | çapa göndər

Bu dəfə yolumuz Cocuq Mərcanlıyadır – böyük qayıdışın ilk qaranquşu və 24 ildir işğal altında olan Cəbrayılın əlimizdə olan yeganə kəndinə. Bəri başdan deyim ki, Cocuq Mərcanlıya səfər xaricdə yaşayan həmvətənlərimizin, oradakı diaspor üzvlərimizin təşəbbüsüdür. Əsas təşkilatçılardan biri də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili və Diaspor Jurnalistləri Birliyindən Fuad Hüseynzadə və Siyavuş Əmirli idi.

Polşadan Nail Əhməd, Hollandiyadan Elxan Mirhəşimli də Cocuq Mərcanlını görməyə tələsənlərdən idi. Bir də yerli QHT və ictimaiyyət nümayəndələri, jurnalistlər yaraqlanıb-yasaqlanıb Bakının Şəhidlər Xiyabanından yol başladıq. Özü də beş saat yarımlıq yolu əvvəlcədən göz önünə alaraq.

Bizimlə ikinci doğuluşundan sonra Cocuq Mərcanlıya ilk dəfə ayaq basacaq iki azyaşlı da vardı; Siyavuş Əmirlinin iki övladı - Pünhan və Nihat Əmirlilər...

Bu həm də Siyavuş müəllimin cəbhə bölgəsində ailə-uşaqla yaşamağa ehtiyat edənlərə bir ismarış idi: İşğaldakı torpaqları gələcək nəsil üçün azad edəcəyik, düşmənlə üzbəüz yaşamaqdan çəkinmək də türklüyə yaraşan xüsusiyyət deyil.

Mənsə jurnalist kimi işlədiyim hafta.az portalını və Dünya Gənc Türk Yazarlar Birliyini (DGTYB)ni təmsil edirdim.

Yolüstü intihar xəbəri...

Bizimlə Cocuq Mərcanlını ziyarətə gedənlər arasında jurnalist Çingiz Özgür də vardı. Azneft dairəsində avtobusdan səssiz-səmirsiz düşəsi oldu. Arxa cərgələrdə oturanlar növbəti siqaret fasiləsinə qədər nəyin baş verdiyini anlamadıq. Qobustan ərazisində öyrəndik ki, gənc yazar Mövlud Mövlud gecə özünü 17-ci mərtəbədən ataraq intihar edib. İki siqareti ard-arda caladım. Mövludla təxminən üç həftə əvvəl "28"dəki çayxanaların birində aramızdakı qısa bir dialoq gözlərimin önündən keçdi:

- Nə var, nə yox?

- Qaydasında, sağ ol.

- Nə yenilik var?

- Hekayələrim rus, özbək, ispan dilinə çevrilib. Ssenari var əlimdə... Ardını yazmıram...

Hər şeyi yarımçıq qaldı. Yaşına görə uğurları böyük idi. Ədəbiyyata eyni vaxtda gəlmişdik, həm də həmyaşıd idik. Sadəcə, getdi. Saf adamların intiharına inanmaq çətin olur, vəssalam. Yaradan günahlarını bağışlasın, Mövlud.

Yolumuza davam edirik. Şirvan, Sabirabad, İmişli... Hər yarım, bir saatdan bir bizi Cocuq Mərcanlıya aparan yolun üzərindəki rayonların adları sürətlə gəlib gözümüzün önündən keçir. Həyəcan isə Füzuliyə girişdən başladı.

Araz baxır qıyqacı...

Yolumuz İranla sərhəddin düz dibindən keçir. Birdən bələdçimiz deyir ki, bu da Araz çayı. Arazın üzərindəki bəndin üstündən adlayırıq. Hamı avtobusun pəncərələrindən ayrılığın simvoluna çevrilmiş çaya elə baxır ki... Kövrələni, şeir söyləyəni də var. DGTYB-ni təmsil edən Emil Rasimoğlu ilə Ramin Kolçak ədəbiyyatımızda Arazla bağlı sinələrində nə ayrılıq şeirləri vardısa səsləndirdilər. Araz isə gözümə bir az dayaz, bir az da qıyqacı baxışlı bir gəlin kimi görünür, sanki... Araz arxada qalır.

Sonra Füzulinin kəndləri sıralanır pəncərələrimizdə; Kürdmahmudlu, Dilağarda, Arayatlı, Aşağı Veysəlli... Beş saatlıq yol getməyimizə baxmayaraq, heç kimdə yol yorğunluğu müşahidə olunmur. Hamı Cocuq Mərcanlıya hələ nə qədər var, axşam olmamış gedək görək deyir.

Üçrəngli bayrağın ətəyindəki Horadiz...

Horadizdə bizi Cocuq Mərcanlının sahə müvəkkili və "N" saylı hərbi hissənin yüksək rütbəli zabitləri qarşılayır. Görüşürük, söhbətləşirik. Deyirlər ki, Cocuq Mərcanlı üçün daha təhlükə yoxdur. Lələtəpə yüksəkliyi artıq milli ordumuzun nəzarətində olduğu üçün böyük qayıdışın ilk sakinləri bu kənddə güllə altında yaşamayacaqlar.

Fürsətdən istifadə edib Horadizdəki mağazalardan birinə daxil oluruq. Əsgərlərə Novruz payı-şirniyyat almaq üçün. Mağazada gündəlik lazım olan hər şeyin olduğunu görürük. Paytaxtdakı supermarketlərdən heç nə ilə fərqlənməyən alış-veriş köşkləri yanbayan düzülüb.

 

Şəkil çəkdirən, selfie edənlər işlərini qurtardıqdan sonra avtobusa minərək qarşıda milli ordunun hərbi maşınının müşayiəti ilə son 5 kilometr yolumuzun axırına çıxmağa başlayırıq. Torpaq yolda avtobusumuz asta sürətlə hərəkət edir. Relsləri paslanmış Füzuli-Minicivan-Naxçıvan dəmir yolunun üzərindən adlayırıq.

Yolun sağında bir vaxt qaçıqınların yuvası olmuş soyuq və paslı dəmiryolu vaqonları, müharibənin alovundan sıyrıla bilməyən, daşı-daş üstə qalmayan evlərin uçuqları, barıtın hisi-pası hopmuş yarımçıq evlər... Birdən qarşımıza təmirli bir məscid çıxır. İlahiyə şükür oxuyub yanından keçirik. Bütün bunlar bizi Cocuq Mərcanlıya aparan yolun üzərindədir.

...və Cocuq Mərcanlı

2016-cı ildəki Cocuq Mərcanlı ilə indiki kənd arasında çox fərq var. Xəbər hazılayarkən internetdən götürdüyümüz fotoşəkillərdəki kənd artıq tarixə qovuşub. Cəbrayılın əlimizdə olan yeganə parçası indi tikinti meydançasını xatırladır.

Bizi sement qarışdıran maşınlar, kranlar, evlərin bünövrəsi üçün qaynadılan qır vedrələri və ölkəmizin dörd bir tərəfindən olan tikinti işçiləri. Onlar Cucuq Mərcanlını ikinci dəfə quranlardır.

Ustaların təbirincə desək, evlərin bünövrəsi tökülüb, təməli atılıb. Onları söhbətə tuturuq. Deyirlər ki, bir aya yaxındır burada evlərin və məktəb binasının tikintisinə başlayıblar.

 

Kimisi betontökmə üçün dəmir məftilləri düzəldir, kimisi mişar daşlarını yonqarlayır, kimisi də evin binə daşına çəkiləcək qır verlərini qarışdırır.

Ustalar hafta.az-a açıqlamasında bildirdilər ki, bu ilin may ayında artıq evlərin tikintisi başa çatdırılacaq. İlkin pillədə əlli ev tikiləcək. Hər ev dörd otaqdan ibarət olacaq və hərəsinin ayrılıqda həyətyanı sahəsi olacaq.

Sonra məktəbin tikintisi ilə tanış oluruq. Ustalar deyir ki,  sentyabrın 15-nə yəni, yeni dərs ilinin başlanğıcına kimi təhvil veriləcək. Məktəb isə 198 yer olacaq. Sonrakı mərhələlərdə artezian quyusu da qazılacaq, bağça da tikiləcək. Hətta iş yerindən bizi qarşılamağa çıxa bilməyən, kənddən xeyli aralıda Cocuq Mərcanlını idarə edən icra nümayəndəsi Xanlar Zeynalov üçün də yeni inzibati bina tikiləcək. Tikintinin axsamaması üçün isə hər şey var, daş, beton, taxta... Bir sözlə, Cocuq Mərcanlı indi ikinci dəfə doğulur, sağ əli özündən sağdakı kəndlərin başına.

 

Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimlinin dəstəyi ilə Cocuq Mərcanlıdan ilk “stand-up”umu edirəm. Bu hər bir jurnalistin karyerasında ən yaddaqalan və şərəfli anlardandır deyə düşünürəm. Həyəcandan dilimin topuq çaldığını sevincimə bağışlayın:

 

Gedə bildiyimiz yerə qədər...

Uzaqdan Lələtəpə görünür. 300 metr məsafədən üzərindəki üç rəngli bayrağı seçməyə çalışırıq. Gənc yazar və fotoqraf Nofəl Ümidi də götürüb gedə bildiyimiz yerə qədər getməyi qərara alırıq. DGTYB təmsilçisi ilə uçuq evlərin uzaqdan fotoçəkilişinə razılaşmırıq. Hərbçilər gözümüzü qorxutmaq üçün gülə-gülə deyirlər ki, minalı ərazilərdir, olmaz. Soraqlayırıq ki, həmin ərazilər minalardan tam təmizlənib, ancaq əsgərlərimizin dayandığı postdan o yana getmək qadağandır. Mümkün qədər uçuq evlərin daha yaxından görüntüsünü çəkmək üçün  bir az da irəliləyirik. Acgözlüklə fotolar çəkirik. Qarabağ bir gündə alınsa, mən bizim jurnalist və fotoqrafların necə çaşbaş qalacağını, hansına yüyürüm, hansına qaçım, haranı çəkim dilemmasına düşəcəyini təbəssümlə fikrimdən keçirirəm.

23 ildir uşaqlarını güllə altında böyüdən adam...

Biz uçuq evlərin şəklini çəkib erməni vandalizminin görüntülərini tarixləşdirərkən, hələ Lələtəpə işğaldan azad edilməmiş köçünü kənddən çıxarmayan Oqtay Həziyev gəlib çıxır. Hər kəsin "Cocuq Oqtay" adlandırdığı erməni gülləsindən qorxmadan düşmənlə üzbəüz yaşayan adam. Bizi evinə çaya-çörəyə dəvət edir. Üzü gülür, sevindiyini gizlətmir. Uzaqbaşı, bir ildən sonra 24 illik həsrət sona çatacaq. Həmkəndliləri ilə bir yerdə yenidən yaşayacaq. Oqtay müəllim deyir ki, 27 yaşında ailə qurub və burada yaşayıb. Övladlarını güllənin altında böyüdüb. Lələtəpə döyüşləri isə onun gözləri qarşısında baş verib. Uşaqları, həyat yoldaşını təhlükəsiz yerə aparsa da, özü kənddən çıxmayıb. O, xaricdə yaşayan azərbaycanlıları bütün cəbrayıllılar adından salamladığını deyir. Bildirir ki, 24 il erməni atəşi altında ordumuza güvənərək yaşayıb. Üzünü Şuşaya tutub yolumuz o yanadır – söyləyir – daha geriyə yol yoxdur. Arxadakı məcburi köçkünlük körpülərini Cocuq Mərcanlılar çoxdan yandırıb deyir.

Əsgərlərin bayram sovqatlarını zabitlərə verib avtobusa minirik. Gözüm yol yoldaşımız, Nazirlər Kabinetinin əməkdaşı Rövşən Məmmədova sataşır. Gözlərini Lələtəpədən çəkə bilmir. Kövrəlib. Söhbət əsnasında deyir ki, Qarabağ müharibəsinin içərisində olub. Bütün dəhşətlərini görə bildiyi qədər görüb:

“Lələtəpənin beş addımlığından geri dönmək istəmirəm. Onun ucalığını 300 metrdən də olsa seyr etdikcə həm kövrəldim, həm də qürur duydum. Növbəti qayıdışımızı səbirsizliklə gözləyirəm. Bu dəfə Xankəndinə, Şuşaya, Laçına, Ağdama, Qubadlıya, Kəlbəcərə, Zəngilana olacaq. Buna xalqımız inanır. Şəhidlərimizin ruhlarını şad edib biz mütləq qayıdacağıq, İnsaAllah”.

24 ildən sonra Cocuq Mərcanlı yolunu tutan adam...

Dünya Gənc türk Yazarlar Birliyini təmsil edən Ramin İsmayılov avtobusa minərkən əlindəki sellofan paketdə daş və torpaq yığıldığını gördüm. Bunu neynirsən – deyə soruşdum:

- Qubadlının Çərəlisindənəm. 24 il əvvəl 10 yaşım olarkən Qubadlının işğalı vaxtı  bu yolla Bakıya gəlmişdik. İndi bir də qayıtdım bu yolu. Heyf ki, Mərcanlıya qədər gedə bildim. Cəbrayılla Qubadlının torpağı eynidir. Bir az da evdəkilərə aparıram ki, iyini-qoxusunu alsınlar.

Bakıya çatanda şair Emil Rasimoğluna və mənə Mərcanlıdan götürdüyü bir daş parçasını hədiyyə etdi.

Bakıya qayıdırıq...

Yolçu yolda gərək, deyib geri dönürük. Müğənni Vüqar Muradov avtobusdakı mikrofonu əlinə alıb oxuyur: “Arazı ayırdılar...”, “El bilir ki, sən mənimsən”, “Azərbaycan əsgəri”... Yol məclisini isə Siyavuş Əmirli aparır. Hər kəsə söz verməyə çalışır. Şair Aybəniz Qafarlı, CASCFEN İB-nin icraçı direktoru Ülkər Piri, Emil Rasimoğlu şeir oxuyur, Vüqar Muradovun yeni mahnıları üçün “əl-ayaq” verirlər.

Bizsə Polşanı təmsil edən Nail Əhmədlə bu ölkədə yaşayan azərbaycanlılarla bağlı, onların yeni layihələri ilə bağlı söhbətləşirik.
Bir də onu eşitdik ki, sürücümüz son dayanacağımıza çatdıq deyir.

P.S: Mənimlə Cocuq Mərcanlının yenidən doğuluşunu media üçün işləyən həmkarlarımın əməyini də təqdirəlayiq hesab edirəm; Mirinin, Qabil Ədalətin və adlarını unutduğum digərlərinin. Bu gün bu jurnalistlərin işlədiyi saytların da əsas manşeti birdir: “Yenidən doğulan Cocuq Mərcanlıdan ilk reportaj”. Gəlin, bir günlük imzamızı da dəyişək, hamımız onun adını çevirək imzamıza Tural Turan, Qabil Ədalət, Nofəl Ümid olmasın yazılarımızın altında, onunla bir döyünək.

İmza: Cocuq Mərcanlı 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.05.2017
28.05.2017
27.05.2017