Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?
Tarix: 17.03.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Məleykə Abbaszadə: “Hələ hansı ixtisas qrupuna neçə nəfər abituriyentin sənəd verəcəyi bilinmir”

“Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi aprel ayında olacaq. Birinci mərhələdə iştirak edəcək abituriyentlər aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər”. Bu fikirləri Dövlət imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O, həmçinin deyib ki, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək: “Rus bölməsinin məzunları bu imtahanda iştirak etmək üçün bu vaxta kimi sənədlərini təsdiq etmələri çox vacibdir. I-IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanlarının ilk mərhələdə iştirak etmək istəməyənlər II imtahanda iştirak edəcək. Hər 2 imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər”.
DİM rəhbəri qəbul imtahanlarının qiymətlərinə də toxunaraq bildirib ki, sözügedən qurum bununla bağlı Tarif Şurasına bir neçə layihə təqdim etmişdi: “Yekun təsdiqlənən qiymətlər bizim verdiyimiz layihələr sırasında var idi. Düzdür, ilk dəfədir hazırkı qaydalarla imtahanların keçirilməsinə başlanılır. Təbii ki, imtahanların təşkili üçün lazımi maliyyə vəsaiti DİM-in hesabında əvvəlcədən olmalıdır. Biz müəyyən məbləği hökumətdən gözləyirik. Bu məbləğlə əlaqədar hökumətə dövlət başçısının sərəncamı ilə dövlət hesabına qəbul imtahanlarında pulsuz iştirak edəcək abituriyentlərin sayı məlum olduqdan sonra müraciət edə bilərik. Sənəd qəbulu bitdikdən sonra hökumətə müraciət edərək nə qədər abituriyentin pulunun DİM-ə ödəniləcəyini deyə bilərik".
Onun sözlərinə görə, pul köçürmələri müəyyən vaxt tələb edir: “Təbii ki, həmin məbləğin əvvəlcədən daxil olması daha yaxşıdır. Hər halda imtahanın keyfiyyətinin dəyişməyəcəyini deyə bilərik. İmtahan yenə də həmişəki keyfiyyətlə, bəlkə də daha yaxşı keçiriləcək. Amma gələn il pulun bizə necə və nə qədər daxil olduğunu bildikdə imtahanın aparılma şəraitini, keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə hər bir stolun arxasında bir abituriyentin oturmasını nəzərdə tuturam. Təbii ki, bu, daha çox vəsait və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparacağıq. Hələlik bu məsələdə qeyri-müəyyənlik var. Çünki kimlərin sənəd verəcəyini, eləcə də onların neçə faizinin məhz dövlət və ya öz hesabına müsabiqədə iştirak edəcəyini bilmirik”.
M. Abbaszadə qəbul imtahanlarının dəqiq tarixlərinin olmaması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələlik sənəd qəbulu aparıldığından imtahanların dəqiq tarixi məlum deyil: “Hələ hansı ixtisas qrupuna neçə nəfər abituriyentin sənəd verəcəyi bilinmir. Ona görə bizə vacibdir ki, hamı indidən sənəd versin. Ondan sonra günlər müəyyənləşəcək. Bəlkə hansısa qrupa 5 nəfər, digər qrupa 50 min nəfər sənəd verdi. 5 nəfərin sənəd verdiyi qrup üçün ayrıca gün təyin etmək düzgün olmaz. Hansısa qruplar üçün imtahan bir gündə keçirilə bilər”.
M. Abbaszadə öz açıqlamasında həmçinin magistratura və rezidenturaya sənəd qəbulunun vaxtının martın 28-i saat 00:00-dək uzadıldığını da bəyan edib: “Əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Amma aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, hələ də ərizə verərək təsdiq etməyən insanlar kifayət qədərdir. Belə ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb”.
DİM rəhbəri bildirib ki, bu vaxta kimi magistraturaya 10 650 nəfərər ərizəsini təsdiq edib, onlardan 9641-i Azərbaycan, 1009-u isə rus bölməsinin məzunlarıdır. Onun sözlərinə görə, rezidenturaya isə 949 nəfər ərizəsini təsdiq edib ki, onlardan 825-i Azərbaycan, 124-ü Rus bölməsinin məzunlarıdır: “Bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd Qəbulu Komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq”.
Yeri gəlmişkən, artıq iki gündür ki,ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə qəbuluna da start verilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, proses aprelin 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/ erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 15-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Bundan başqa I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə - aprel-may və iyul aylarında keçirilir. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər. V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (tam orta təhsilini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün) iyul ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.
Qeyd edək ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu da martın 16-dan aprelin 10-dək internet vasitəsilə aparılacaq. Bunun üçün abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizə təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.03.2017
29.03.2017