Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda ali məktəblər yenidən strukturlaşdırıla bilər
Tarix: 17.03.2017 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edirlər ki, universitetlərdə daha çevik idarəetmə mexanizmləri yaratmaqla, müasir tələblərə uyğun mütəxəssislər hazırlamaq mümkündür

“Ali təhsil müəssisələrinin maliyyə dayanıqlılığını təmin etmək üçün gələcəkdə bu təhsil müəssisələrinin yenidən strukturlaşdırılması, ali təhsil müəssisələrinin şəbəkəsinə yenidən baxılması mümkün ola bilər”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, optimallaşdırma keyfiyyət təminatı üçün əlavə resurslar xərcləmədən bütün imkanları səfərbər etməyə və nəticə etibarilə keyfiyyəti artırmağa xidmət edir: “Optimallaşdırma ilə bağlı məqam “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da əsas xətt kimi nəzərdə tutulub”.
Təhsil Nazirliyinin son dörd ildə optimallaşdırma ilə bağlı sistemli fəaliyyət göstərdiyini deyən F. Rzayev vurğulayıb ki, Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialı fəaliyyətini dayandırıb və Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib: “Eləcə də orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması gerçəkləşib, bir neçə orta ixtisas təhsili müəssisəsi ali təhsil müəssisələrinin tərkibinə qoşulub. İlk peşə-ixtisas təhsili müəssisələrinin optimallaşdırılması həyata keçirilir. Bakı və Gəncədə fəaliyyət göstərən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi 13 regional peşə təhsil mərkəzi kimi formalaşdırılıb”.
Aparat rəhbəri qeyd edib ki, ali təhsil müəssisələri öz strukturlarının optimallaşdırılmasını davam etdirir, daha çevik idarəetmə mexanizmləri yaratmaqla müasir iqtisadiyyatın tələblərinə uyğun mütəxəssislər hazırlamağa çalışırlar. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin qarşısında duran əsas hədəf innovasiyaları genişləndirməklə, Azərbaycanı regionun təhsil mərkəzinə çevirməkdir. Xarici ali məktəblərin Bakıda yaradılan filialları, birgə təsis edilən ali təhsil müəssisələri də bu məqsədə çatmağa xidmət edir.
Yeri gəlmişkən, Azərbaycanda ötən ilin əvvəlindən başlayaraq orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılmasına start verilib. Belə ki, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq, Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib. Sözügedən qərarla orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.
Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb.
Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.
Bundan başqa, Nazirlər Kabineti Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında da qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Dövlət Dəmir Yolu Liseyi və 2 nömrəli Bakı Peşə Məktəbi, onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə yanaşı, 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi, 10 nömrəli Bakı Peşə Məktəbi birləşdiriləcək. Eyni zamanda, qərarda göstərilib ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 4 nömrəli Bakı Peşə Liseyi, 14 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 6 nömrəli Bakı Peşə Liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bakı Kompüter Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 8 nömrəli Bakı Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 15 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 18 nömrəli Bakı Peşə Liseyi və 3 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 6 nömrəli Bakı Peşə Məktəbinin bazasında Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və 3 nömrəli Gəncə Peşə Liseyi, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Kamran Əsədov da deyib ki, Azərbaycanda bəzi ali təhsil müəssisələrinin birləşdirilməsi zəruridir: “Bildiyiniz kimi kolleclərin birləşdirilməsindən sonra Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsi məsələsini gündəmə gətirildi. Çünki bəzi universitetlərdə təkrar ixtisaslar tədris olunur. Yəni, universitetlərin hazırladığı kadrlar arasında təhsil səviyyəsi baxımından elə bir nəzərəçarpan fərq olmur. Məlumdur ki, bu gün əmək bazarındakı tələbat ilə müqayisədə universitetlərin, kolleclərin buraxdığı kadrların sayı arasında ciddi fərq var. Çünki tələb-təklif məsələsi var. Sovet dövründə 10-12 ali məktəb Azərbaycanın iqtisadiyyatını zavod fabrikin şəraitində tam təmin edirdi. Kadr artıqlığı da əmələ gəlirdi. Amma indi universitetlərin sayını artırsaq, bunların işlə təminatı həyata keçirilməsə elə çıxır ki, savadlı fəhlə nəsli yetişdiririk. Bu mənada bəzi universitetlərin birləşdirilməsi, müəyyən qisminin ləğv olunması zamanın tələbindən irəli gələn məsələdir. Düzdür, istər dünya təcrübəsinə, istərsə də qonşu dövlətlərə nəzər salsaq, Azərbaycanda ali məktəblərin sayı nisbətən azlıq təşkil edir. Hətta qardaş Türkiyədə bir sıra universitetlərin təkcə birinin birinci kursa qəbul etdiyi tələbələrin sayı bizim bir qəbul ilində ali məktəblərə qəbul olmuş tələbələrin sayından çoxdur. Türkiyədə ali məktəblərə qəbul olmuş tələbələrin böyük faizini xarici ölkələrin vətəndaşları təşkil edir. Amma təəssüflər olsun ki, uzun müddət ərzində fəaliyyət göstərən və uzun tarixə malik olan bir sıra istər dövlət, istərsə də özəl ali təhsil müəssisələrinin hazırladıqları kadrlar dövrün tələblərinə cavab vermir. Lakin son illərin təcrübəsinə görə yeni yaradılan universitetlər təhsilin səviyyəsinə görə köhnələri üstələyir. Bu müsbət tendensiya sayıla bilər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.03.2017
29.03.2017