Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pedaqoji Universitetdə yenilik
Tarix: 20.04.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu ali təhsil müəssisəsində çalışmaq istəyən professor-müəllim heyəti müsabiqə yolu ilə seçiləcək

Hazırda Azərbaycanda təhsilin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bununla bağlı görülən işlər, demək olar ki, təhsilin bütün pillələrini əhatə etməkdədir. Bu islahatların ana xəttində isə ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması dayanır. Elə bu səbəbdəndir ki, təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzindədir. Təbii ki, nəzərdə tutulan məqsədlərə nail olunması üçün təhsilin bütün pillələrinin, o cümlədən ali təhsil sisteminin yeni yanaşmalara açıq olması vacib sayılır. Çünki təhsil sistemində ab-hava dəyişdiyindən, köhnə ənənələr öz aktuallığını itirir. Məsələn, bir neçə ildir ki, Azərbaycanın orta məktəblərində müəllim işləmək istəyənlərin seçimi müsabiqə yolu ilə aparılır. Müşahidələr göstərir ki, bu metodun tətbiq edilməsi ümumitəhsil müəssisələrində keyfiyyətli kadr potensialının artırılmasına və seçim prosesində şəffaflığın təmin olunmasına imkan yaradıb.
Yeri gəlmişkən, artıq bu təcrübə bəzi ali məktəblərdə də tətbiq olunmağa başlayıb. Xəbər verdiyimiz kimi, aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi başa çatıb. Aprelin 20-də isə professor-müəllim heyətinin müsabiqəsinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə professor-müəllim heyətinin bilik, bacarıq və peşəkarlıq səviyyəsi müəyyən ediləcək. Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir.
Xatırladaq ki, ADPU-da professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, həmçinin bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Bununla yanaşı, müsabiqənin keçirilməsi barədə “Xalq qəzeti”nin, “Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilib. Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb. Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılan 114 vakant yerə 500 nəfər sənəd verib. Müsabiqəyə ADPU-dan 350 nəfər, kənardan isə 150 nəfər sənəd verib. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi var. Universitetin Filologiya fakültəsində 8 kafedra, 16 fənn, 21 yer üzrə 100 nəfərin sənədi qəbul edilib, onlardan 35-nin elmi dərəcəsi var. Riyaziyyat və informatika fakültəsində 4 kafedra, 8 fənn, 10 yer üzrə 44 nəfərin sənədi qəbul edilib, onlardan 23-nün elmi dərəcəsi var. Fizika və texnologiya fakültəsində 3 kafedra, 8 fənn, 9 yer üzrə 49 nəfərin sənədi qəbul edilib, onlardan 17-nin elmi dərəcəsi var.
Kimya və biologiya fakültəsində 8 kafedra, 16 fənn, 20 yer üzrə 72 nəfərin sənədi qəbul edilib, onlardan 38-nin elmi dərəcəsi var. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsində 3 kafedra, 12 fənn, 16 yer üzrə 77 nəfərin sənədi qəbul edilib, onlardan 22-nin elmi dərəcəsi var. Tarix və coğrafiya fakültəsində 7 kafedra, 11 fənn, 18 yer üzrə 83 nəfərin sənədi qəbul edilib, onlardan 45-nin elmi dərəcəsi var. İbtidai təhsil fakültəsində 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfərin sənədi qəbul edilib, onlardan 10-nun elmi dərəcəsi var. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedra, 11 fənn, 5 yer üzrə 51 nəfərin sənədi qəbul edilib, onlardan 13-nün elmi dərəcəsi var. “Psixologiyanın əsasları” və “Psixologiya” fənni üzrə 2 yerə 3 nəfərin sənədi qəbul edilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.
Qeyd edək ki, müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin ümumi nəzarəti ilə açıq dərslər keçirilir. Keçirilən açıq dərsləri fakültələrin tədris-metodika şuralarında alim-mütəxəssislər qiymətləndirir, sonra bu qiymətləndirmələr kafedralarda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Növbəti mərhələdə fakültə Elmi Şurası kafedraların qərarına münasibət bildirərək qalibləri müəyyən edir və Rektorluq qarşısında qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsinin bağlanılması barədə vəsatət qaldırır. Əgər mübahisəli vəziyyət yaranarsa, rektor tərəfindən bu mübahisənin araşdırılması üçün komissiya yaradılır. Narazılıq öz təsdiqini taparsa, məsələ universitetin Elmi Şurasının müzakirəsinə çıxarılır və Elmi Şura son qərarı verir. Elmi Şuranın qərarı ilə qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanır. Müsabiqənin may ayının sonlarında başa çatdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil sahəsi üzrə ekspert, professor Şahlar Əsgərov Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmaq istəyən professor-müəllim heyətinin müsabiqə yolu seçilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu addımın atılması təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir: “Ümumiyyətlə, son vaxtlar əksər ali məktəblərimizdə yeni yanaşmalar, mütərəqqi ideyalar tətbiq olunur. Universitet rəhbərləri çalışırlar ki, idarə etdikləri təhsil müəssisələrində daha çevik, daha şəffaf şəbəkə yaratsınlar. Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov da novator, yeniliyi sevən biridir. Müşahidələrim əsasında deyə bilərəm ki, o, Pedoqoji Universitetə rektor təyin olunduqdan sonra bir sıra uğurlu islahatlara imza atıb. Professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsi də həmin islahatlarn tərkib hissəsidir. Bu ancaq təhsil sahəsində keyfiyyəti artıra bilər. Çünki heç kimə sirr deyil ki, bu gün təhsil sahəsində kifayət qədər təsadüfi insanlar var. Onlar arasında saxta ali təhsil sənədi olanlar da, saxta alimlik dərəcəsinə yiyələnənlər də az deyil. Bu insanlar həm orta, həm də ali məktəblərdə fəaliyyət göstərirlər. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür. Təbii ki, belə insanların təhsil sektorundan təmizlənməsi vacibdir. Yəni, ali məktəblərdə bilikli, vicdanlı insanlar dərs deməlidirlər ki, onların yetişdirdikləri kadrlar da bilikli və vicdanlı olsunlar. Məsələn, çayın sürətli axması üçün həmişə müəyyən səviyyədə hündürlüyün olması zəruridir. Biliyin də axması üçün tələbəyə dərs deyən müəllimin ondan qat-qat savadlı olması gərəkdir. Bu halda ahəng pozulmayacaq və ali məktəblər müasir tələblərə cavab verən kadrlar hazırlamaq iqtidarında olacaqlar. Bu mənada, Pedaqoji Universitetin rəhbərliyi tərəfindən atılan addımı yüksək qiymətləndirirəm”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də sözügedən ali təhsil müəssisəsində işləmək istəyənlərin seçiminin müsabiqə yolu ilə həyata keçirilməsini mütərəqqi addım kimi dəyərləndirib. Onun fikrincə, bu məsələ təlimin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, müəllimlərin sosial təminatının yaxşılaşdırılmasına da xidmət edir: “Bildiyimə görə müsabiqənin birinci mərhələsi, yəni, sənəd qəbulu aprelin 5-də başa çatıb. Pedoqoji Universitet rəhbərliyinin belə bir müsabiqə təşkil etməkdə məqsədi ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, dərin elmi biliyə, geniş dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Təbii ki, bu təqdirəlayiq haldır. Çünki ali məktəb auditoriyalarının kürsüsündən mühazirə oxuyan müəllimlər ən yüksək keyfiyyətlərə malik olmalıdırlar. Yəni, müəllim peşəsi təkcə öyrətmək və tərbiyə etməklə məhdudlaşmır. Müəllimin başlıca vəzifəsi təlim prosesini idarə etməkdir. Yəni ali məktəbdə tələbələri inkişaf etdirmək, formalaşdırmaq, təhsil vermək və tərbiyə etməkdən ibarətdir. Sözsüz ki, bu müsabiqədə seçimin necə və kimlər tərəfindən aparılacağı da önəmlidir. Əgər seçim prosesi peşəkar mütəxəssislər tərəfindən aparılarsa, o zaman təlimdə keyfiyyətin yüksəlməsinin şahidi olacağıq”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017