Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mir Cəlal Paşayev: "Yazıçının ən böyük arzusu insanların səadətidir"
Tarix: 20.04.2017 | Saat: 20:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması və 26 aprel - görkəmli ədibin xatirə günü münasibətilə

Hind filosof və mütəfəkkiri Rabindranat Taqorun gözəl bir sözü var: “Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırır". Milyon-milyon insan könlünün və xalq ruhunun tərcümanı olan Mir Cəlal Paşayev həm yazıçı, həm də ədəbiyyatçı-alim kimi öz əsərlərində dünyanın müxtəlif xalqları ilə bərabər, müsəlman milləti və dövlətlərinin tərəqqisi barədə də düşünmüş və yazmışdır. Yer üzündə bütün İslam xalqlarının qəmsiz, kədərsiz, azad, bolluq, əmin-amanlıq içində, zülm və əsarətdən, haqsızlıq və zorakılıqdan uzaq yaşaması üçün həm bir mədəniyyət xadimi, həm də ictimai-siyasi xadim kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi Mir Cəlal müəllim. Vaxtilə N. Nərimanov da eyni missiya ilə Azərbaycanın ictimai, mədəni və siyasi tarixinin səhifələrində əbədi və məfkurəvi izlər qoymuşdur.
Nərimanovun 1906-cı ildə yazdığı "Mərakeş məsələsi" və "Quzğunlar cəmdək üstə" məqalələrini oxuyanda bütün mənəvi-ideoloji keyfiyyətləri ilə bərabər, bu yazılardakı müsəlman həmrəyliyinin incə dəyərləri, təəssübkeşlik məqamları diqqətimə hakim kəsilmişdi. Dünyadakı ərəb problemlərinə biganə qalmayan Nərimanov yazırdı: "...Quzğunlar ölü ruhsuz cəmdəyin üstə yığılırlar. On iki milyon Mərakeş ərəblərini ruhsuzmu hesab edirlər? Ya köməksiz görüb ruhunumu puç etmək istəyirlər? Yox, cənab quzğunlar! Səhv edirsiniz, hal-hazırda şikarınızda olan mərakeşlilər Kordova igidlərinin nəvə, nəticə, kötükcəsidirlər! Bunları asanlıq ilə puç etmək olmaz! Sizin "ədalətinizi" görəndən sonra öz başlarına çarə qılarlar...
Dəyənəyin iki başı olar... Bir başı cəmdəyə dəyəndə, o biri başı cəmdəyin üstə oturan quzğunlara dəyər...Bəli, Mərakeş əldən gedir... Quzğunlar gözlərini indi İrana tikiblər...".
N.Nərimanov imperialist dövlətlərin Mərakeşi öz müstəmləkəsi altında saxlaması üçün hər cür talana, istismara yol verdiklərini, müsəlman yurdunu rəzil vəziyyətə salmalarını qətiyyətlə pisləyir, növbəti müsəlman ölkəsi olan İrana göz dikmələrini də qələmi ilə ifşa edirdi.
Mir Cəlal Paşayev yazıçı, filologiya elmləri doktoru, professor, eyni zamanda, sülhsevər ictimai xadim kimi iştirak etdiyi bütün beynəlxalq konfrans və tədbirlərdə İslam ölkələrinə, onların xalqlarının həyatına özəl duyğu və münasibətlə yanaşır və bunları qandan gələn istiliklə müşahidə olunan xüsusi bir hərarətlə qələmə alırdı.
Mir Cəlal 1958-ci ildə sovet Azərbaycanı nümayəndə heyətinin tərkibində Özbəkistanın paytaxtı qədim Daşkənd şəhərində Asiya və Afrika qitələri yazıçılarının beynəlxalq konfransında iştirak edirdi.
İnsan zəkasının qüdrətini, insan qollarının gücünü, insan qəlbinin hərarətini bəşəriyyətin səadəti üçün əsirgəməyənlər, həqiqətən, xoşbəxt adamlardır. Bədxah, şər qüvvələri cilovlayıb, Yer üzündə yeni həyat eşqi yaratmağa çalışan insanlar zaman və tarixin ən dərin hörmət və ehtiramını qazanmışlar. Mir Cəlal Paşayev belə nüfuz sahiblərindən biri idi. Yazıçı Daşkəndin "Tarixi görüş qarşısında" yazırdı: "...Azərbaycan ədəbiyyatı da bütün böyük ədəbiyyatlar kimi ta qədimdən bəri milli və coğrafi məhdudluqdan uzaq, gözəl, müqəddəs, pak insani hisslərlə zəngin, əsl humanist bir ədəbiyyat olmuşdur. Nizami, Xaqani, Füzuli kimi dahi sənətkarlar həmişə milyonlara xitab etmişlər. Onların parlaq və nəhəng zəkası nə coğrafi, nə irqi, nə də milli çərçivə tanımadan günəş kimi daim aləmə işıq saçmışdır və saçmaqdadır. Onlar bir neçə dildə əsər yaratmışlar.
Zamanın qansız, qəddar hakimlərinə, çürük ənənələrinə baxmayaraq, həmişə insansevərlik duyğularını böyük bir cürətlə, vətəndaşlıq qüruru ilə tərənnüm edən bu dahilərin musiqi qədər xoş səsi həmişə insanların qulağında səslənməkdədir. Onların müdrik siması nəsillərə ölməz bir timsal, coşqun bir ilham mənbəyi olmuş, həmişə irəliyə, yüksəklərə çağırmışdır. Bu sənətkarlar bütün böyük sənətkarlar kimi yalnız öz xalqlarının, öz vətəndaşlarının yox, həm də ümumən bəşəriyyətin, qonşu və qardaş xalqların, xüsusən Şərq xalqlarının həyat və məişəti, mübarizə və səadəti ilə yaxından maraqlanmışlar...".
Mütərəqqi Azərbaycan ədəbiyyatını böyük humanist çalarları ilə təqdim edən Mir Cəlal, oxucu üçün eyni zamanda öz daxili aləmini təqdim edir, bu dünyəvi ədəbiyyatımızın sədaqətli varisi kimi etibarını bir daha bəyan edirdi. Konfransqabağı qələmə aldığı digər yazılarından biri - "Birlik əzmi ilə" məqaləsi, sanki keşməkeşli dünyamızın bugünkü həyəcanlarını əks etdirirdi. Gəlin, məqalənin bəzi məqamlarını diqqət edək:
“...Daşkənd konfransı çox məsul bir zamanda toplanır. İndi bütün bəşəriyyət tarixi gərgin bir dövr keçirir. Əsrimizin ikinci yarısı çarpışmalar, təlatümlər, həyəcanlar, intizarlarla zəngindir... Bütün ölkələrdə müharibə qızışdıranlara qarşı güclü bir səs: "Yox!" səsi ucalır. Deyirlər, qələm qılıncdan güclüdür. Belə məsul bir dövrdə yazıçıların, həm də iki böyük qitə yazıçılarının görüşməsi, məsləhətləşməsi, bir çox məsələlərdə əməkdaşlıq etməsi müasir ədəbiyyatın tarixi, ictimai rolunu artırmış olur. Daşkənd konfransında müxtəlif ölkələrdən, müxtəlif əqidəli, müxtəlif stilli yazıçılar gələ bilər. Burada romantik, realist, yeni romantik, satirik, lirik istiqamətli yaradıcılar toplana bilər. Hər bir sənətkarın yaradıcılıq xüsusiyyəti, istiqaməti, ənənələri diqqət və hörmətə layiqdir. Bütün nümayəndələr bir-birini diqqətlə dinləyəcək, fikir mübadiləsi edəcəklər. Ancaq bizim fikrimizcə, indi ədəbiyyatda daha vacib bir stil və daha güclü bir istiqamət bütün yaradıcıları düşündürməlidir: - Antimüharibə istiqaməti!
Zehnin, istedadın, qələmin bütün gücü müharibəyə qarşı, sülh, asayiş, dinc, xoşbəxt həyat uğrunda mübarizəyə sərf olunmalıdır.Çünki bu elə bir müqəddəs vəzifədir ki, bütün başqa arzu, ideallarımız bundan asılıdır. İndi bizim qələmlərimiz milyonların istək və arzusunu ifadə etməlidir. Nurani qocaların, ağsaçlı anaların, qəlbi məhəbbətlə dolu gənclərin, həyat və səadət səsli uşaqların, məsum körpələrin rəyini, istəyini müdafiə edərək qələmlərimiz qılıncdan, topdan, bombadan güclü olduğunu sübut etməlidir! Yazıçının ən böyük arzusu insanların səadətidir. Bəşəriyyəti yeni qırğınlara sürükləmək istəyənlər isə həyatın, səadətin, insanın ən qəddar düşmənləridirlər. Məsul bir dövrdə, məsul ictimai-ədəbi məsələlərin müzakirəsinə toplanan bütün yazıçıları böyük gələcək arzusu, insanlar arasında birlik, əməkdaşlıq, hörmət, məhəbbət arzusu birləşdirməlidir".
Asiya və Afrika ölkələrinin həmrəylik komitəsinin üzvü, yapon yazıçısı Tomodzi Abe deyirdi: "...Mən ingilis vətəndaşıyam. Ancaq son on ildə ərəb şərqində yaşayıram. Ərəb dünyası mənim üçün əsl universitet oldu. Mən burada çox şey öyrəndim. Mən ərəb dünyasının sadiq dostuyam".


Mir Cəlal müəllimin iştirak etdiyi konfransa Asiya və Afrikadan gələn nümayəndələr arasında (Çin, Hindistan, Koreya, Yaponiya və s) müsəlman ölkələrindən gələnlər (İraq, İran, Əfqanıstan, Misir, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, ərəb aləminin demək olar bütün ölkələrindən) çoxluq təşkil edirdi. Onlarla yaxından təmas qurmaq, fikir mübadilələri aparmaq, ürək sözlərini dinləmək, mənsub olduqları xalqlarının qayğı və arzuları ilə yaxından tanış olmaq Mir Cəlalın diqqətini xüsusi cəlb edirdi. Çünki o, İslam dininin banisi Məhəmməd Peyğəmbərin əziz nəslindən olan seyid övladı idi. Bu seyid övladı üçün bütün müsəlmanlar bir-birinə qardaş, həm də sədaqətli, çətin gündə bir-birinə arxa, dayaq olan qardaş sayılırdı.
Seyid Mir Cəlal İslam övladlarına öz doğması, yaxını, sirdaşı kimi baxırdı. Onlarla mehriban ünsiyyəti, isti, səmimi söhbətləri ilə ürəklərdə məhəbbət dolu izlər qoyurdu. Digər qonaqlar kimi müsəlman dünyasından gələn bütün yaradıcı adamların da əsl dostuna, həmkarına çevrilən seyid Mir Cəlal, onları diqqətlə dinləyir, təcrübəli ziyalı kimi məsləhət və tövsiyələrini əsirgəmirdi.
Həmin vaxtlar cəsur ərəb qızı Cəmilə Buhiredin adı ərəblərin azadlıq mübarizəsindən bütün dünyaya məlum idi. Onun vətəni Əlcəzairdir. Xalqının azadlığı uğrunda igidliklə çarpışan Cəmilə, 1957-ci ilin yazında yaralanarkən fransız hərbçiləri tərəfindən tutulub həbsə salınmışdı.Əlcəzair vətənpərvərlərini dindirmək üçün ayrılan xüsusi binada qıza vəhşicəsinə divan tutub, işgəncələr vermişdilər. 1957-ci il iyulun 15-də müstəmləkəməçiərin məhkəməsi Cəmiləni edam cəzasına məhkum etdi. Cəmilənin faciəli taleyi Fransanın özündə belə, coşqun qəzəb oyatdı. Ölkənin bütün namuslu adamları Cəmiləni ölümdən xilas etmək uğrunda Əlcəzairdə rüsvayçı müstəmləkəçilik sisteminin dayandırılması uğrunda mübarizə aparmağa başladılar...
Mir Cəlalın konfrans haqqında məlumat verən "Daşkənddən məktub"u Bakıya doğru "pərvazlanaraq", bu vətənpərvər ərəb övladından və onun əqidə yoldaşından soraq verirdi. Məktub maraqlı bir girişlə başlayırdı:
“Leyli!
Leyl- ərəbcə gecə deməkdir. Ata-anası bəlkə də qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər.Doğrudan da qızcığaz həyata göz açan, məktəbə qədəm qoyan kimi faciəli məhəbbət onu yaxaladı, iztirablardan, təqiblər və göz yaşlarından keçirərək məzara apardı. Min ildən çoxdur ki, mütərəqqi bəşəriyyət nakam məhəbbətin yanıqlı məcarasını hərarətlə deyir, yazır və xatırlayır. Şərqin hansı ölkəsinə getsən, Leyli adına rast gələrsən. Əlbəttə ki, analar qızlarına Leylinin taleyini arzulamırlar, onlar köhnə dünyanın qurbanı olan böyük və ülvi, nakam və faciəli məhəbbətin acı və ölməz xatirələrini saxlamaq, Leylinin xarakterindəki pak, təmiz səmimiyyətə əbədi hörmət əlaməti olaraq bu adı qızlarına verirlər.
Şübhəsiz bu, az olardı. Müqəddəs, səmimi məhəbbətə qarşı edilən zülmə ümumi, dərin bir nifrət də zəruri idi. Bu nifrəti hər kəsdən əvvəl ərəb xalqlarının özündə, onların xüsusən son əsrdə cəsarətlə apardıqları qəhrəman mübarizədə görmək olardı. Dərk olunmuşdur ki, ərəb qızının qurtuluş və səadəti hər kəsdən əvvəl onun öz əlindədir. Zülmün və zorakılığın qurbanı olan Tamilla da öləndə bunu hiss etmişdi. Bu həqiqəti ən çox və ən dərin zərurəti ilə duyan bir ərəb qızını indi bütün dünya tanıyır.
Hamı bilir ki, əlcəzairli qız Cəmilə - qəhrəman Cəmilə Fransa imperialistlərini necə heyrətə, dəhşətə gətirmişdir. Cəmiləyə ölüm cəzası kəsənlər cəmilələrin qəlbində azadlıq mübarizəsini daha da alovlandırdılar. Ərəb ölkələrində, həm də nəinki təkcə ərəb ölkələrində, habelə bütün dünyada elə bir azadlıq sevən ailə yoxdur ki, Cəmiləni öz əzizi saymasın, onu alqışlamasın..."
Mir Cəlalın fədakar müsəlman qızı haqqında qələmə aldığı bu dəyərli fikirlər sonradan Azərbaycan poeziyasında ecazkar misraların yaranmasına sanki xeyir-dua verirdi:

Əsrlərin zülmətindən
baş qaldırır Şərq elləri
Azadlığın bayrağını ucaldırsan
Şərq dilbəri
Haqq yolunda mübarizə şüarıyla
çıxdın yola,
Ərəb qızı, bu əzmində sənə
min-min uğur ola!
Sənə cəllad bıçağını qaldıranlar,
saf qanına susayan o
ac canavar
Qoy eşitsin: qanlı bıçaq
onun ancaq
Öz bağrına saplanacaq!..

                  (Nigar Rəfibəyli)

(Ardı gələn sayımızda)

Reyhan Mirzəzadə,
publisist-politoloq


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.08.2017
20.08.2017
19.08.2017