Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İmza günlərində yazarlar NİYƏ OXUCU QITLIĞI YAŞAYIR?
Tarix: 01.05.2017 | Saat: 17:23:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bir neçə müddətdir ki, gənc və orta nəsil yazarların kitab təqdimatına ardıcıl olaraq qatılıram. Əsasən də gənclərin “imza günləri”ndə iştirak etməyi özümə borc bilirəm, jurnalistdən daha çox filoloq kimi. Di gəl ki, hər dəfəsində çox ağrılı bir mənzərə ilə qarşılaşıram; istər gənc olsun, istərsə də orta nəsil,  yazarların təqdimatına ancaq şair və yazar əhli toplaşır. Bir də üç-beş nəfər dostu, tanışı... Təbii ki, hər təqdimatda axına düşən, özünü axına salan, içində kitab eşqi sönməmiş üç-beş oxucunu buraya daxil etmirəm.

Heç filologiya fakültəsində təhsil alan tələbələri də kitab təqdimatlarında, imza günlərində görmək olmur. Hətta iş o yerə gəlib ki, bəzi təqdimat keçirənlər “imza günlərində” dəftər tutub kim “neçə kitab aldı, nə qədər pul yazdırdı” deyə nəmər dəftəri də tutmağa başlayıblar.

Bəs yazarların oxucusuz qalmasının səbəbi nədir? Əksər yazarlar kasıb təbəqədən bir oxucu kimi əlini üzdüyünü deyir. Təbii ki, söhbət kitab təqdimatlarından aşağı təbəqənin kitab almasından gedir. Hətta bəzi hallarda kimsə mənə də kitab alar ümidi ilə təqdimatlara qatılır. Söhbətləşəndə isə heç siqaret puluna, çörək almağa imkanının çatmadığını vurğulayır.

Belə yerdə ümid qalır imkanlı şəxslərdə bədii ədəbiyyatmağa. Bəziləri düşünür ki, 300-500 nüsxə kitab çıxaran şairləri maliyyə qapazı altında qoymamaq üçün imkanlı şəxslərdə ədəbiyyata maraq oyatmaq da vacib məsələlərdəndir. Kobud şəkildə desək onları şair və yazıçıların təqdimatlarında maraq oyatmağa.  

İndiki gənclərdə 60-70 yaşlı təqaüdçülərdəki enerji də yoxdur vallah. Bilirsiniz hansıları deyirəm, hər səhər bu televiziyadan çıxıb o birinə gedənlər var ha, onları deyirəm. Hər telekanalın səhər verilişlərinə qatılıb videotekaların yaddaşına üz döydürən ağsaqqal qədər olmadı bizim nəsil.

İmza günlərinin, kitab təqdimatlarının oxucu qıtlığı çəkməsinin səbəbini elə imza günlərində gördüyüm adamlardan soruşmağı məqsədəuyğun saydım. Çünki gürcülər demiş “sıravi oxucu” qıtlığı yaşadığımızdan üç-beş nəfər sadəcə oxucunu da axtarıb tapmaq samanlıqda iynə eşələmək kimi bir şeydir.

Tanınmış jurnalist Ləman Ələşrəfqızı hafta.az-a açıqlamasında deyib ki, o, metroda gedəndə də çantasından kitab çıxarır. Hərçənd, telefon da çıxarda bilər. Düşünür ki, bu hərəkəti ilə kiməsə nümunə ola bilər:

“Açığı, mən bu haqda köşə yazacaqdım və yazacağam da. Eyni şeyi də mən müşahidə elədim. Son bir ayda dəvət aldığım ikinci imza günüdür ki, gedirəm. Və siz demişkən eyni mənzərədir. Əksəriyyəti, böyük çoxluğu yazarların, şairlərin özü təşkil edir. Bir də bir-iki jurnalist və s. Vəssalam. Düşünürəm ki, cəmiyyətdə kitaba münasibət necədirsə, kitab təqdimatına, nəşrinə münasibət də eynidir. BU gün Azərbaycan oxucusunun sayı çox deyil. Oxuyanlar da xüsusilə kimlərdir? Elə o təbəqənin də adamları gəlir imza törənlərinə. Hərçənd, sosial şəbəkədə aktiv olan hər kəs bilir ki, filan gün filan tədbir var. Yəni, xüsusi dəvət gözləmədən də o tədbirlərə hər kəs gedə bilər. Nəticə olaraq həm səbəbkara  maddi və mənəvi dəstək vermiş oluruq, həm də öz yazarlarımızı tanıyırıq. Onlar nə yazır, nə haqda yazır? Mən düşünmürəm ki, təkcə filologiya fakültəsini bu təqdimatlara cəlb etməliyik. Bəyəm kimya fakültəsində oxuyana bədii ədəbiyyat lazım deyil? Necə ki, oturub  film izləyirlər və bu zaman biz sadəcə tamaşaçı haqqında danışırıqsa, eyni məntiqlə də oxucu haqda danışmalıyıq. Cəmiyyətdə kitaba qarşı maraq oyatmalıyıq. O da təbliğatdan asılıdır. Və bir də təbii ki, hər bir fərdin özündən”.

Yazıçı Könül Səid isə deyir ki, kitab təqdimatı yazarın yaxın çevrəsi, dost-tanışı, qələm yoldaşları üçün nəzərdə tutulmur. Bu geniş oxucu kütləsi və eyni zamanda yazarın imzasını daimi izləyənlər üçün özəl gün sayılır:

“Əlçatmaz obraza bir addım yaxın olmaq imkanı verir. Amma bizim ədəbi mühit bir az öz yolunu, istiqamətini dəyişdiyindən yazarların təqdimatları yaxın dostun xeyir işinə bənzəyir. Sanki o insan yenicə dünyaya gəlmiş övladına ad qoymaq üçün dost məclisi açıb. Bu məsələnin görünən tərəfləri idi. Görünməyən tərəfləri də var. Onları da hardan baxsan maddi duruma bağlamasan olmur. Yazarların yaradıcılığının qiymətləndirilməsi, eyni zamanda oxuculara tanıdılması üçün xüsusi ədəbi şirkətlər yaradılmalı, onların ədəbi menecerlərinin fəaliyyəti olmalıdı. Bu qeyd etdiyim menecerlər də öz növbəsində oxucuları müxtəlif yollarla cəlb etməlidi. Qeyd edim ki,  bu fəalliyyət olsa, sürətlə geniş bir yolu qət etsə yazarlar maddi problemlə deyil də yaradıcı fikirlərlə beyinlərini yükləyərlər. Bunlarla yanaşı qəzet, sayt və TV proqramlar da yazarları təbliğ edib oxuculara tanıtmalıdı. Tək əldən səs çıxmaz deyiblər”.

Şair,  publisist Faiq Balabəylinin sözlərinə görə, ali təhsil ocaqlarında yazarlarla görüş olmalıdır, kitablar müzakirəyə çıxarılmalıdır. Bunu bir qrup ədəbiyyat adamı var ki şəxsi tanışlıqlarından istifadə edib, təşkil edə bilirlər. Amma bu heç də bütünlükdə ədəbiyyatımızın simasını əks etdirmir:

“Yaralı və ağrılı mövzudur. Hər birimiz yazar olaraq bunu hiss edirik. Oxucu qıtlığı var, bu sözssüz belədir. Bəzən ədəbiyyat festivalları olur. Türkiyədə, Azərbaycanda digər yaxın ölkələrdə və sair. Ora kimlər dəvət olunur? Əlbəttə bir qrup AYB də ki gənc məmurlar və səlahiyyət sahibləri. Tərcümə olunan onlar, dəvət alan onlar, bəhrtələnən onlar. sanki dədələrindən miras qalıb, bu ədəbi əlaqələr yalnız o 3-4 bizim yaşda olan dünən yox srağa gün AYB-yə işə düzələnlərin boyuna biçilib. Nə isə, mən şəxsən öz ədəbi taleyimdən narazı deyiləm. 7 kitabım çıxıb, 3000, 1500, 1000 və 500 tirajla. Düzdür azdır, amma satılıb, oxucularım var. Özü də oxucularımın heç də əksəriyyəti yazı-pozu adamı deyil. Ümumiyyətlə yazarlarımızın içində bir özünü süevərlik və yaxın ətrafı olan dostlarının ədəbi məhsulunu təbliğ etmək var. Heç biri Azərbaycan ədəbiyyatının inkişafı naminə qolunu çırmalayıb iş görməz. Oxuyarlar, amma təbliğ etməzlər. Bu əksəriyyətində belədir. Bu yaxınlarda "Bayıldan bayıra" kitabım işıq üzü gördü. kitab mağazalarına verdim. götürdülər. Nağd pulunu verənlər də oldu, "Əli və Nino"  kitab mağazası ilə də  əlaqə saxladım, Rəna adlı xanım dedi ki, anbarda yerimiz yoxdur. Acığım tutdu. Mənim kitabım anbar üçün deyildi axı. Heç götürməsinlər. Kitabım satıldı. Yaxşı da qazanc gətirdi. Əməliyyat olunarkən bankdan 3.000 dollar kredit götürmüşdüm, onu da ödədim, mətbənin pulunu da, hələ imza günümdə satılacaq 120 kitab da qalıb. Bununla belə oxucu yox, alıcı qıtlığının olmasını deyərdim, bəli oxucu qıtlığı var. Əhalinin dolanışığı minimumdur, çörəyə güclə pul tapanlar var. Həm də internet portalları, ədəbi saytlar oxucuların sayını yeməkdədir...”.

Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət Şurasının başqanı Əkbər Qoşalı deyir ki, təqdimatlara kifayət qədər oxucunun cəlb olunması üçün gərək "imza günü" keçiriləcək kitabın, habelə müəllifin özünün tanıdılması geniş şəkildə aparılsın:

“Əgər müəllif yaxud onun təşkilatı ancaq yazarları, yaxın dost-tanışı çaxırırsa, əlbəttə, siz deyən mənəzərə ortaya çıxacaq.  İdarə, müəssisələrdə,  özəlliklə, mədəniyyət qurumlarında, elm-təhsil ocaqlarında "Bildiriş"lər yayılsa, "Elan lövhələri"ndə uyğun bildirişlər yerləşdirilsə və s. daha çox insanın bilgisi olar. Bunlardan başqa, KİV-in gücündən gərəyincə yararlanınca, xeyli fərqli mənzərə ilə rastlaşarıq - deyə ümid edirəm. KİVlər də öz növbəsində gənc yazarların, ilk kitabı çıxan müəlliflərin "imza günü" ilə bağlı bildirşləri ödənişsiz yayımlasa, bu da işə təsirsiz ötüşməz. Əlbəttə, kitab tanıtımı ilə məşğul olan peşəkar qurumların, studiyaların və s. yayğınlaşması, gələcəkdə, öz üstünlüklərini göstərəcəkdir. Əsas məsələ, yaxşı əsər yazmaq, yaxşı kitab çıxarmaqdır, gerisi bir az gec-bir az tez - illa da gələcək”.

Şair Aqşin Yeniseyin sözlərinə görə, “imza günləri”ndə yazarların oxucusuz qalmasının  xeyli səbəbləri var:

“Birincisi, ədəbiyyatımızla insanlarımızın həyatı arasında heç bir uyğunluq yoxdur. Təkcə bu gün səhər saat 11-ə kimi dörd adam intihar edib. Bu sosial partlayış hansı yazıçımızın və şairimizin əsərində var. Şəxsən mən oxucularımdan utandığım üçün heç vaxt təqdimat-filan keçirmirəm. Nə deyəcəyəm, məni oxumağa gələn insanlara? Sevgi şerimi oxuyacağam?! İkincisi, kitab artıq Azərbaycanda ictimai hadisə hesab olunmur, yalnız Quranı kitab hesab edir cəmiyyətimiz, çünki orda heç olmasa cənnət ümidi var. Üçüncüsü, Azərbaycanda varlı adamların heç biri biliklə varlanmayıblar, ya büdcə oğrularıdır, ya da alverçidir. İstehsal prosesinin yaratdığı zənginlər deyil. Onlar, ümumiyyətlə, kitab oxumağı avaraların peşəsi hesab edir. İnkişaf etmiş ölkələrdə süpürgəçidən də müəyyən bilik tələb olunur, naşirlər, redaktorlar böyük biznesmenlərdir, maraqlı imzaları tanımağa və tanıtmağa çalışırlar, çörəkləri bu işdən çıxır. Siz kitab təqdimatlarında bir naşir və ya bir qəzet redaktoru görmüsünüzmü indiyədək? Naşir də, qəzet redaktorları da oturub yol gözləyir ki, bir yazar özünü sosial şəbəkədə həlak eləsin, üç-beş oxucu qazansın, ondan sonra onunla maraqlanmaq olar. Guya, mənim bu yazdığımın nə mənası var ki, boş-boşuna çənəmizi yoruruq. Bitib, başa çatıb, qurtarıb hər şey”.

Şair Əsəd Qaraqaplanın  məsələ iləbağlı mövqeyi birmənalıdır. Günahı yaşlı nəsildə görür. O deyir ki, mənzərə göz önünüdədir. Bir yandan pafoslu sovet yazarları, bir yandan da yaltaqlar kitaba nifrət yaratdılar. Ortalıqda həmişə onlar oldu:

“Biz də indi öz ümidimizə qalmışıq. Hamı da oxumadan deyir ki, indiki yazarlar nə yazır. Aritokratiya da biznesə keçdi, ədəbiyyat tamam satışsız qaldı. Dövlət tərəfindən kitabla bağlı nəsə edilməlidir.Heç olmasa, Avropa Oyunları, İslam Oyunları səviyyəsində. Kitablar bütün kitabxanalara göndərilməlidir. Yoxsa, üç-beş nəfərlə olmur. Yeni nəsil yazarların kitablarını kitabxanalara göndərmək həm də təhsilə xidmətdir. Bu baxımdan Təhsil Nazirliyi də ortaya ciddi layihələr qoymalıdır. Hamı hər şeyi üç-beş yazardan gözləyir”.

Gənc yazar Emil Rasimoğlu bunun ocucusuzluğun sistemsizlikdən irəli gəldiyini deyir:

“Ona görə də gəlin bir az da açıq danışaq. Hələ gəlin görək bizim mətbu orqanlarla eyni zamanda xüsusi kitablarla oxucu qarşısına çıxarılan ədəbi nümunələrin keyfiyyəti hansı dərəcədədi.Bu o demək deyil ki, keyfiyyətli ədəbi nümunələr yoxdu.Əsla xeyir !Bu o deməkdir ki, itedadlı qarışıb istedadsıza.Ədəbiyyat kütləviləşib.Kim harda, hansı orqanda istədi çap olunur, kitab nəşr edir. Bu sistemsizlik isə ədəbi dəyərsizliyə və ədəbi səviyyəsizliyə gətirib çıxarır.Bu məsələnin bir tərəfi. Qaldı ki, digər tərəfinə- yəni kitab təqdimatlarına ancaq qələm sahiblərinin qatılmasına.Bilirsiz, burada da yenə sistemsizlik problemi meydana gəlir. Belə ki, Universitet(lər)in hansısa fakültəsini ədəbiyyatyönümlü tədbirlərə cəlb etmək üçün gərək yaradıcı insanla- təhsil ocaqları arasında sistemli şəkildə bir bağlılıq ( körpü ) yaradıla.Bu günki müasir (keyfiyyətli) ədəbi nümunələr o körpü vasitəsi ilə tələbə (oxucu) qarşısına çıxarıla.Bu sistemi isə rəhbərliklər yaratmalıdır”.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017