Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Özəl ali məktəblərdən abituriyentlərə müjdə
Tarix: 18.05.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu müəssisələrdə təhsil haqlarının aşağı salınması nəzərdə tutulan plan yerlərini dolduracaqmı?

Bu il özəl ali məktəblər təhsil haqlarını aşağı salıb. Müşahidələr göstərir ki, son 2 ildə manatın ucuzlaşması ilə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Fins.az-ın məlumatına görə, bu özünü daha çox ötən ilin qəbul nəticələrində göstərib. Belə ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı. Buna görə də universitetlər tələbə qəbulunu artırmaq naminə bu il qiymətləri xeyli ucuzlaşdırıblar.
Məsələn. Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Ötən il Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə) fakültəsində təhsil haqqı 1 800 manat, qalanlarında 2000 manat idi. Universitet rəsmiləri qiymət ucuzlaşmasını tələbələrin rahat təhsil almalarına şərait yaratmaq istəyi ilə izah ediblər: "Ötən il bizim ali məktəbdə təhsil haqqı bəzi universitetlərdən aşağı idi. Ona görə də biz yerlərin boş qalması problemi ilə üzləşmədik. Bu il də müəyyən addımlar atdıq ki, daha effektiv tələbə cəlb edək".
ADA Universitetində qiymətlər dəyişməyib. Burada bakalavr pilləsində təhsil haqqı 6 000-6 500 manat arasında dəyişir. Magist təhsili isə 6 500 - 28 000 manat arasında dəyişir.
Qərb Universitetində də qiymətlər ötən illə müqayisədə 50 faiz aşağı salınıb. Universitet saytında fakültələr üzrə yeni qiymətləri elan edib.
Yeri gəlmişkən, 2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılmışdı. Amma abituriyentlərin yerləşdirilməsi nəticələrinə uyğun olaraq qəbul planı (II mərhələdən sonra) 83.31 faiz dolmuşdu. Belə ki, müsabiqədə iştirak etmiş abituriyentlərdən 34 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdu. Onlardan 12 315 nəfər dövlət sifarişi əsasında, 22 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi.
Eyni zamanda, ötən ilin statistikasına əsasən, 2016-cı ildə ali məktəblərə qəbul planı 3051 yer artırılmışdı. Artan yerlərin cəmi 497-si və ya 16 faizi ödənişsiz (dövlət sifarişli yerlər), 2554-ü və ya 84 faizi pullu idi. Ümumilikdə 2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29 faizi (1221 yer) ödənişsiz nəzərdə tutulmuşdu.
Digər bir maraqlı fakt isə onunla bağlıdır ki, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolmuşdu.
Ümumilikdə 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da plan yerləri tam dolmamışdı. Məsələn, "Odlar Yurdu" Universitetində yerlərin cəmi 11.33 faizi (ən aşağı göstəricidir), Qərb Universitetində 25.05 faizi, Azərbaycan Kooperasiya Universitetində 36.07 faizi, "Azərbaycan" Universitetində 45.38 faizi, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində 44.21 faizi, Bakı Avrasiya Universitetində 49.22 faizi, Bakı Biznes Universitetində isə 59.50 faizi dolub. Qeyd edək ki, ötən il plan yeri tam dolmayan ali məktəblərdən Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti artıq fəaliyyətini dayandırıb. Universitet bağlanarkən bu addımı maliyyə çətinliyi ilə əlaqələndiriblər. Bu mənada 2017/2018-ci tədris ilinin, xüsusilə özəl ali məktəblər üçün çətin keçəcəyi gözlənilir ki, həmin müəssisələr təhsil haqlarını aşağı salmaqla abituriyentlərin diqqətini cəlb etməyə çalışırlar.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov da hesab edir ki, özəl universitetlərdə təhsil haqları dövlət universitetlərinə nisbətən yüksəkdir: “Bunun da əsas səbəbi həmin müəssisələrin xərclərini öz hesablarına ödəmələridir. Buna görə də özəl universitetlərdə təhsil haqları müəyyənləşdirilərkən dövlət universitetlərinə nisbətən daha geniş araşdırmalar aparılır - ölkənin ümumi iqtisadi vəziyyəti, təhsil bazarının vəziyyəti, əvvəlki ilin qəbul göstəriciləri, maddi-texniki baza (ixtisas və kompyuter laboratoriyaları, fənn kabinetləri, kitabxana, istilik sistemi və digər məsrəflər), ingilis dilində tədris imkanı, ölkə daxilində və xaricdə təcrübə imkanları, ölkədə mövcud olan digər universitetlərin müəyyənləşdirdiyi təhsil haqları, universitetin cari büdcəsinin vəziyyətinin diqqətə alınması, müvafiq ixtisasın populyarlığı və tələb edilmə nisbəti nəzərə alınır. Bizdən fərqli olaraq, qərbdə uzun illərdir ki, inkişaf etməkdə olan bazar iqtisadiyyatı sistemi ali məktəblərdə təhsil haqlarının müəyyənləşdirilməsinə böyük təsir göstərmişdir. Qərbin ali təhsil sistemində qiymət qoyularkən tələbatın analizi əsasında təhsil xidmətlərinin baza qiyməti müəyyən edilir. Bu qiymət rəqiblərin analoji təhsil xidmətləri ilə müqayisə edilir və zəruri hallarda korreksiya olunur. Bizdə isə son illər təhsil haqları artır. Bu baxımdan keçən ildən etibarən bizim universitetlərin problemləri artıb. Çünki onların yeganə gəlir mənbəyi tələbələrin ödədikləri təhsil haqlarıdır. 2016-2017-ci tədris ilində 8 minə yaxın plan yeri boş qaldı. Hətta bəzi universitetlərdə 90 faiz yerlərə qəbul olmadı və boş qaldı. Ümumilikdə, keçən il özəl universitetlər, artıq ikinci turda müəyyən güzəştli kampaniyalarla tələbələri cəlb etməyə çalışsalar da, buna nail olmadılar. Əvvəlki ildən nəticə çıxaran özəl universitetlər bu ildən etibarən təhsil haqlarını azaltmağa başladılar və müsbət haldır ki, bu ixtisas seçimindən əvvəl baş verib. Təbii ki, bu məsələdə dövlət universitetləri də boş dayanmamalıdır. Çünki hazırda bir sıra özəl universitetlərin ictimai nüfuzu, tədris göstəriciləri və reytinqi heç də aşağı deyil. Valideynlər və abituriyentlər seçim zamanı təhsil müəssisəsinin yerləşdiyi məkana da xüsusi diqqət verirlər. Düzdür, dövlət universitetləri arxayın idilər ki, Azərbaycan insanı mental dəyər olaraq necə olursa olsun, özəl universitetin yüksək ixtisasında oxumaqdansa, dövlətin lap aşağı ixtisasında oxumağa üstünlük verir. Artıq bu yanaşma dəyişir. Əgər əvvəlki illərdə ixtisas seçim zamanı özəl universitetləri sıralamada ilk yerə qeyd edənlərin sayı 1.9 faiz idisə, indi bu rəqəm 30 faizə qədər artıb. Hətta Azərbaycan abituriyenti bəzən yüksək bal toplayanda nəinki dövlət universitetini seçmir, birbaşa heç ixtisas seçimi etmədən xarici ölkələrə üz tutur. Hər il yüksək bal toplayan yüzlərlə abituriyent bunu edir. Hesab edirəm ki, bu hal universitetlər arasında rəqabət mühitini artıracaq. Hər bir universitet daha çox abituriyenti cəlb etməkdə maraqlı olacaq. Nəzərə alsaq ki, bu il abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb, plan yerləri isə artıb, biz hələ universitetlərin tələbə cəlb etməklə bağlı güzəştlərə gedəcəyini gözləyə bilərik".
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Etibar Əliyev də hesab edir ki, Azərbaycanda təhsil haqları təhsilin keyfiyyətinə uyğun deyil: “Azərbaycanda təhsil haqları yuxarı səviyyədə müəyyənləşdirilib. Yəni əhalinin yaşayış səviyyəsini, eyni zamanda gəlirlərini nəzərə alsaq, təhsil haqları yüksəkdir. Təəssüflər olsun ki, bizim ali məktəblərin yaşaması üçün önəmli rolu tələbə ödənişləri təşkil edir. Təhsilin keyfiyyəti aşağı düşdüyündən əcnəbi tələbələrin sayı da xeyli aşağı düşüb. Universitetlər tələbə ödənişlərindən başqa pul qazana bilmirlər. Özəl ali məktəblərdə də təhsilin keyfiyyəti düzgün qiymətləndirilməlidir. Lakin burada onlar təhsil haqlarını müəyyən etməkdə bir qədər müstəqildirlər. Özəl ali məktəblərdə Qərb və Xəzər universitetlərinin nümunəsi göstərdi ki, təhsil haqqı nə qədər yüksəlirsə, ora daxil olmaq, oxumaq istəyənlərin sayı azalmağa doğru gedir. Əgər gələcəkdə təhsilin keyfiyyəti beynəlxalq qurumlar tərəfindən qiymətləndirilsə, eyni zamanda modern ali məktəblər formalaşsa, o halda təhsil haqqının yüksəldilməsi məsələsinə baxmaq mümkündür”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017