Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda müəllimlik peşəsinə maraq artıb
Tarix: 19.05.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ali məktəblərdə bu ixtisaslara yüksək bal toplayan abituriyentlər qəbul olunurlar

“Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi olaraq, müəllimlərin fəaliyyəti üçün bütün şərait yaradılacaq ki, gənclər də onların potensialından faydalansın". Bu fikirləri Təhsil nazirinin müavini Ceyhun Bayramov “SABAH-ın müəllimi” adlı ali məktəb müəl limlərinin I Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illər ölkədə müəllimlik ixtisasına maraq artıb və bunun nəticəsi olaraq, 2015 və 2016-cı illərdə 1000-dən çox məzun 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib: "Ölkədə test imtahanı tətbiq olunandan həmin dövrə qədər belə yüksək göstərici və seçim qeydə alınmayıb. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının 100-dən artıq məzunu bu gün ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir. Ötən il ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqədə rekord sayda göstərici qeydə alınıb. Belə ki, 2016-cı ildə müəllimlərin işə qəbulunda 34 min namizəd yer tutmaq üçün müraciət edib. Son illərdə Azərbaycanda müəllimlik ixtisasına maraq artıb.
C.Bayramovun sözlərinə görə, son üç il ərzində SABAH qruplarında dərs demək üçün müraciət edən namizədlərin sayı da 4 dəfə artıb: “2014-2015-ci tədris ilində dərs demək üçün müraciət edən müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris ili üçün bu rəqəm 1790 nəfər təşkil edib”.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, keyfiyyətli və səriştəli müəllim kadrlarının hazırlığının ilkin şərti pedaqoji peşəyə seçimin düzgün, obyektiv və şəffaf aparılmasından asılıdır. Bunun üçün isə, ilk növbədə, pedaqoji peşəyə sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsi yoxlanılmalıdır. İstəmədən, sevmədən müəllimlik peşəsini seçənlərin sayı çox olduğundan, ümumtəhsil məktəblərində peşə məsləhətlərinin elmi xarakterdə, məqsədli və düşünülmüş şəkildə aparılması vacib sayılır. Amma bəzi ekspertlər bildirirlər ki, ali məktəblərə mövcud tələbə qəbulu sistemi bu seçimi reallaşdırmağa imkan vermir. Belə ki, abituriyentlərin pedaqoji peşəyə maraq, meyil və qabiliyyətləri, zahiri görünüşləri, xüsusilə də ibtidai sinif müəllimliyi ixtisasını seçənlərin yazı və nitq mədəniyyəti yoxlanılmır. Halbuki müəllimin xüsusi peşə və ictimai funksiyaları onun qarşısında mühüm tələblər qoyur. Müəllim şagirdlər, valideynlər və ümumiyyətlə, cəmiyyət üçün nümunə, etalon olmalıdır. Digər peşə sahiblərinin peşəkarlığı, insan və şəxsiyyət kimi formalaşması məhz müəllimdən asılıdır. Bu səbəbdən də son illərdə təhsillə bağlı qəbul edilən bütün sənədlərdə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində müəllim həlledici sima hesab olunur. Müəllimin şəxsi keyfiyyətləri hesab olunan pedaqoji kompetensiyalar onun uşaqlara məhəbbətində, onlarla işləməkdən və ünsiyyətdə olmaqdan həzz almaqda özünü göstərir.
Mütəxəssislər hesab edirlər ki, illərlə həkim olmaq, insanların fiziki sağlamlığının keşiyində dayanmaq arzusu ilə yaşayan, ali məktəbə qəbul zamanı bu istəyini reallaşdıra bilməyən, təsadüf nəticəsində biologiya müəllimliyi ixtisasına düşən və yaxud hüquqşünas, diplomat olmaq istəyən abituriyentlərin tarix, ədəbiyyat, sinif müəllimliyi ixtisaslarına daxil olmaları, həmin peşəni istəyərək seçənlərə nisbətən yüksək bal toplamalarına baxmayaraq, onların gələcəkdə yaxşı müəllim olacaqlarına dəlalət etmir. Müəllimin praktik fəaliyyəti üçün zəruri olan təşkilatçılıq, tədqiqatçılıq, öyrətmə, elmi-idraki qabiliyyətləri pedaqoji peşəyə maraq və meyli olmayan, təsadüf nəticəsində bu ixtisasa düşən abituriyentlərdə yaratmaq olduqca çətindir. Bir müddətdən sonra həmin tələbələrin özləri də səhvlərini dərk edir, təhsillərini yarımçıq qoymalı olurlar. Nəticədə müəllimlik peşəsini sevməyən birisinin onun yerini tutması səbəbindən ali məktəbə qəbuldan kənarda qalan abituriyent də, düzgün olmayan seçimin qurbanı olan tələbə də, onun valideyni də əziyyət çəkir, tələbənin təhsilini maliyyələşdirən dövlət külli miqdarda vəsait itirir. Ekspertlər buna görə də ali məktəblərə tələbə qəbulu qaydalarının təkmilləşdirilməli, ixtisaslar, xüsusilə təhsil ixtisaslarının digər qruplardan ayrılmalı olduğu qənaətindədirlər. Belə ki, keyfiyyətli müəllim kadrları yetişdirmək məqsədilə pedaqoji ixtisaslara sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsinin müəyyənləşdirilməsi, nitq və yazı mədəniyyətinin yoxlanılması üçün müsahibələrdən keçirilməsi, yüksək bal toplayanların pedaqoji peşəyə istiqamətləndirilməsi zəruri sayılır.
Yeri gəlmişkən, son illərdə müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində aparılan davamlı və məqsədyönlü islahatlar bu peşənin ictimai nüfuzunu xeyli artırıb. Məsələn, Təhsil Nazirliyi tərəfindən yüksək rəqabət və şəffaf şəraitdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsi müəllimlik ixtisasına artan marağın göstəricisidir. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə ali məktəblərə qəbul zamanı birinci yerdə məhz müəllimlik ixtisasını yazan, qəbul imtahanlarında 500-dən artıq bal toplayan 300 tələbəyə nazirlik tərəfindən 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi gələcək müəllimlərə əlavə stimul verib.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir. 2014-2015-ci tədris ilində 300 nəfər I kurs tələbəsinə, 2015-2016-cı tədris ilində də 300 nəfər I kurs tələbəsinə “Gələcəyin müəllimi təqaüdü” verilib. Eyni zamanda, onu da deyək ki, müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində "Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" ölkə prezidentinin sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilib. Müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirlərinə gəlincə, əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım, rayon mərkəzlərindən 20 km-ə qədər məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində ayda 60 manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində ayda 60 manat məbləğində kompensasiya və aylıq əməkhaqqına 100 manat məbləğində əlavə vəsait verilir. Həvəsləndirmə tədbirləri dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə şamil edilir.
Mövzu ilə bağlı fikirlərini açıqlayan Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib ki, son illərdə bir qayda olaraq müəllimlik ixtisasına qəbul imtahanında aşağı bal toplayanlar gəliblər: «Hətta bəzi valideynlər arasında övladının bir ixtisas qazana bilməyəcəyi təqdirdə, heç olmasa, müəllim olmasını arzulayanlar vardır. Bu cür düşüncələrin nəticəsində müəllim hazırlığının keyfiyyəti həqiqətən aşağı düşmüşdü. Son bir neçə ildə isə vəziyyət nisbətən dəyişməyə başlayıb. Artıq müəllimlik ixtisasını seçənlər arasında 500-dən yuxarı bal yığanlar var. Yaxşı haldır ki, Təhsil Nazirliyi pedaqoji kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə «Gələcəyin müəllimi təqaüdü” layihəsini irəli sürüb. Bu layihə bütün pedaqoji təhsil verən ali məktəblərə aiddir. Heç şübhəsiz ki, bu cür stimullaşdırıcı tədbirlər müəllimlik peşəsinə marağı artırır».

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017