Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyaşöhrətli alimin vida mərasimi - FOTO-REPORTAJ
Tarix: 09.07.2017 | Saat: 20:32:00
Bölmə:Reportaj | çapa göndər

Azərbaycan elminə, maarifinə ağır itki üz verdi. Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Bayramov Əkbər Salman oğlu dünən saat 19 radələrində vəfat etdi. Mərhumla vida mərasimi bu gün saat 11-də Təzəpir məscidində oldu.

Dünyaşöhrətli alim Əkbər Bayramov 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub. Əlimədətli kənd 7 illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirib, universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954-1957). Ə.S.Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957-1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958-1960).

1959-cu ildə «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik və 1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
1965-1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965-1983) orada işləmişdir.


1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir.

1960-2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.

1955-2004-cü illərdə Ə.S.Bayramovun 46-ya qədər monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitablar və 250-dan artıq elmi məqalə və məruzə tezisləri nəşr edilmişdir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq elmi məqalənin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur.


Ə.S.Bayramovun «Psixologiya» (1989-2002), «Sosial psixologiya» (1986-2003), «Məhkəmə psixologiyası» (1985), «Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri» (1987), «Etnik psixologiya» (2001) kimi fundmental səciyyəli dərsliklərin müəllifidir. Həmin dərsliklər psixologiya elminin müasir inkişaf səviyyəsini tam dolğunluğu ilə əks etdirir və bununla bərabər həmin dərsliklər Milli zəmində zəngin ədəbi-bədii irsimizdən yetərincə bəhrələnmək əsasında yazılmışdır.

Həmçinin görkəmli psixoloq-alimin xalqımızın ədəbi-bədii irsində, «Kitabi-Dədə Qorqud» dastanlarında, xüsusən də klassik sənətkarların (Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir) ədəbi irsində psixoloji ideyaların inkişafı dünya psixoloji fikrinin müqayisəli təhlili yolu ilə ilk dəfə tədqiq edilmiş, aydınlaşdırılmışdır. Bu araşdırmalar müəllifin «Psixoloji düşüncələr» (1994), «Etnik psixologiya məsələləri» (1996), «Kitabi-Dədə Qorqud» dastanlarında etnik psixoloji xüsusiyyətlərin inikası» (2000) və s. monoqrafiyalarında , «Etnik psixologiya» (2001) dərsliyində və onlarla elmi məqalələrində öz əksini tapmışdır. Bir cəhət də, xüsusi qeyd edilməlidir ki, Ə.S.Bayramov xalqımızın ədəbi-bədii irsində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçıları cəlb etməklə (onun elmi rəhbərliyi ilə həmin problemlə bağlı 10-a qədər namizədlik dissertasiyası müdafiə edilmişdir) yəni bir psixoloji məktəb yaratmışdır.
Bununla bərabər, Ə.S.Bayramov 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtləif problemlərinə aid 58-dən artıq məqalə yazmışdır. Eyni zamanda o, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olmuşdur. O, nəinki respublikada, eləcə də digər (Tacikistan, Qırğızıstan, İran İslam Respublikası və b.) ölkələr üçün psixologiya üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında yaxından iştirak etmişdir. Onun elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmlər namizədi və elmlər doktoru dissertasiyası yazılmış, 15-dən artıq magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Bununla bərabər o, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Həmçinin, o, SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü kimi fəaliyyət göstərmişdir. Professor Ə.S .Bayramov 1993-cü ildən 2000-ci ilə kimi M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin nəzdindəki (n.054.03.04) psixologiya elmləri üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri, 2000-ci ildən indiyə kimi Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvü olmuşdur.

Əkbər Salman oğlu Bayramovun elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş, o, «Fədakar əməyə görə» yubiley medalı (1970), «Şərəf nişanı» ordeni (1976), «SSRİ maarif əlaçısı» (1977) və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və təhsil sahələrində xidmətlərinə görə «Şöhrət ordeni» (2000), eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir. Əkbər Bayramov Respublika Prezidentinin fəxri təqaüdünə layiq görülmüş, Bakı Dövlət Universitetinin fəxri professoru seçilmişdir.
Professor Əkbər Salman oğlu Bayramov zəngin elmi-pedaqoji fəaliyyətinin 45 ildən artıq bir dövrü bilavasitə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

Vida mərasimində Azərbaycanın görkəmli alimləri, ziyalıları, yaxınları, doğmaları da iştirak edirdi.

Millət vəkili Bəxtiyar Əliyev bildirdi ki, mərhum keçmiş SSRİ məkanlında və dünyada tanınan, eyni zamanda özünün elmi məktəbi olan böyük alim idi: ”O, dünyaşöhrətli alim olmaqla, Azərbaycan psixologiya elminin yaradıcılarından olan və əsasını qoyan korifeylərindən biri idi. Əkbər müəllim elmimizin inkişafı üçün böyük işlər görüb, psixoloqlar və alimlər yetişdirib. Bu gün onlar onun yolunu davam etdirirlər. O, həm də böyük bir ziyalı olaraq Azərbaycan cəmiyyətinin inkişafında çox böyük işlər görüb. Bu baxımdan bir alim kimi bütün dövrlərdə onun xidmətləri qiymətləndirilərək ən yüksək orden və medallarla təltilf edilib. Ona ölkənin ən böyük titulları, eləcə də Prezidentin xüsusi təqaüdü verilib. Yeri gəlmişkən qeyd edim ki, bu yaxınlarda Bakı Dövlət Universitetində Fəxri Professorluq İnstitutu yaradılıb. BDU-dan iki nəfər Fəxri Professor adına layiq görülüb ki, onlardan biri Əkbər Bayramovdur. Bu fəxri ad onun böyük bir alim kimi gördüyü işlərə görə verilib. Onun elmi işləri bu gün də davam etdirilir. Gələcək nəsillərin qəlbində Əkbər Bayramov adı daimi yaşayacaq”.

BDU-nun elmi işləri üzrə prorektoru, professor Aydın Kazımzadə Əkbər Bayramovun Azərbaycanın məşhur alimlərindən, ziyalılarından biri, gözəl psixoloq və müəllim olduğunu söylədi. Dedi ki, o Azərbaycanda yetişən psixoloqlarının mənəvi atası olmuşdur. Bu universitetimiz üçün və eləcə də Azərbaycan ziyalıları, xalqı üçün böyük itkidir. Amma ölüm də təbiətin qanunlarından biridir, Allah ona rəhmət eləsin. Doktorontları onun elmi işini davam etdirəcəklər”.

Tibb elmləri doktoru, professor, görkəmli aftolmoloq Kərəm Kərəmov dedi ki, Əkbər müəllim Azərbaycanda psixologiya sahəsində öz sözünü demiş görkəmli alimlərimizdən biridir. O, nəinki Azərbaycanda, hətta keçmiş Sovetlər Birliyində bu sahədə ən qabaqcıl alimlərdən biriydi. Əkbər müəllim Sovet posməkanında bu sahədə çalışan psixoloq alimləri ilə sıx əlaqə saxlayardı, onlara psxologiya elminin inkişafında öz töhfələrini verərdi. Onun bütün respublikalardan yetişdirdiyi alimlər vardı. Çox təvazökar və sadə bir insan idi. O, insanları sevirdi. Dünən onun yetirmələrilə bir yerdə idi. Onlar da Əkbər müəllimin itkisinə ürək ağrısı ilə heyfsləndilər”.

BDU-nun poliotologiya və sosiologiya kafedrasının müdir müavini, professor Fazil Vahidov isə vurğuladı ki,  o universitetin yüksək elmi tədrisini qiymətləndirən və ona layiqincə əməl edən şəxsiyyət idi. İkinci Əkbər müəllim 1991-ci ildə müstəqilliyimizlə həmyaşıd olan bir fakültənin, sosial –elmlər və psixologiya fakültəsinin ilk dekanı olub: "Üçüncü həmin vəzifədə Əkbər müəllimi mən əvəz etmişəm. 14 il dekan vəzifəsində çalışmışam ki, onun qoyduğu ənənələr pozulmasın, zənginləşsin, məzmun etibarı ilə daha əhəmiyyətli olsun. Bununla yanaşı bir cəhəti qeyd edim ki, o, Azərbaycanın sayılıb seçilən ziyalılarından biri olmaqla onun gələcəyini xüsusi düşünən şəxsiyyətlərdən biri olmuşdur”.

Vida mərasiminə toplaşan digər alim və ziyalılar profesor Əkbər Bayramovun itkisinə kədərlənərək, onun haqqında öz təəssüratlarını paylaşdılar.

Vida mərasimindən sonra alimin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017