Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Körfəz ölkələri Qətərlə fikir ayrılığını həll etməyə qadirdirlər” - Müsaid bin İbrahim əs-Süleym
Tarix: 13.07.2017 | Saat: 15:45:00
Bölmə:Müsahibə | çapa göndər

Deyəsən Qətər böhranından sonra Ərəbistan yarımadasında yeni hərbi-siyasi böhranın yaranacağını sevinclə gözləyənlərin arzusu ürəyində qalır. Çünki Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyndən ibarət anti-Qətər birliyin rəsmi Dohadan konkret istəkləri var. Bunlar isə dünyaya məlumdur və hər hansı mümkün silahlı münaqişəni özündə əks etdirmir. Amma rəsmi Dohanın bu istəklərə müsbət cavab verəcəyi də ağlabatan görünmür. Belədirsə, gələcəkdə nə olacaq – düşmənlər sevinəcək, yoxsa ərəb ölkələri umu-küsünü unudub, yenidən sakit və rifah içində yaşayacaq? Düşündürücü məqamlardır və ölkələr arasında qəfil yaranmış bu anlaşılmaz gərginliklə bağlı Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleymlə söhbətləşdik. Hadisələrin heç də qəfil ortaya çıxmadığını deyən cənab səfirin cümlələrdə əks olunan fikirləri ilə, gəlin birlikdə tanış olaq:

- Doğrusu, Qətərlə fikir ayrılığı qəfil baş verməyib, bunun kökü uzun illər öncəyə gedir. Hələ üç il öncə bu böhran öz zirvə nöqtəsinə çatıb, başda Səudiyyə Ərəbistanı olmaqla bir neçə Körfəz ölkəsi oradan öz səfirlərini geri çağırıblar. Artıq iyirmi ildir Qətərlə danışıqlar aparırdıq. Bu zaman ərzində bizə bir çox vədlər verib, öz üzərinə öhdəliklər götürmüşdü. Həmin öhdəliklərdən ən əsasları Qətərin imzaladığı 2013-cü il Riyad Razılaşması, onun icra mexanizmləri, habelə həmin razılaşmaya 2014-cü ildə olunan əlavədə öz əksini tapıb. Bu razılaşmalar Qətərdən daxildə və xaricdə milli sabitlik və birliyə zərbə vurmağa çalışan terrorçu və ekstremistləri maliyyələşdirməməyi, eləcə də onları qəbul edərək sığınacaq verməməyi; mediadan istifadə edərək daxildə qızışdırıcılıq salmamağı tələb edirdi. Amma rəsmi Doha vədlərini pozaraq bu razılaşmalara hörmət qoymayıb.

- Bir azərbaycanlı jurnalist kimi deyə bilərəm ki, Ərəbistan yarımadasında sabitliyi pozmaq, Səudiyyə Krallığında belə xoşagəlməz atmosferin yaranmasını arzulayan düşmənləriniz çox sevinir, ölkənizin əleyhinə min cür fikirlər formalaşdırmaqdadırlar. Yəni 4 ərəb ölkəsinin Qətərlə münasibətlərinin pisləşməsi düşmənlərinizi aktivləşdirir, Yəməndə və sair mövqelərini gücləndirir. Sizcə Qətərlə bu məlum problemi tam gizli, öz aralarında danışmaqla həll etmək daha məqbul olmazdımı? Məncə Qətər də özünə aid tələbləri sakitcə nəzərdən keçirərdi...

- Bir az əvvəl qeyd etdiyim kimi, Səudiyyə Ərəbistanı Krallığı və ona qardaş olan dövlətlər 1995-ci ildən bəri Doha hökumət orqanlarını üzərinə götürdüyü öhdəlikləri, sazişləri yerinə yetirməyə vadar etmək üçün gərgin və davamlı səylər göstərib. Amma bu hökumət orqanları öz beynəlxalq öhdəliklərini davamlı pozaraq, Körfəz Əməkdaşlıq Şurası çətiri altında imzalanmış sazişlərə əməl etməyib. Bu sazişlərdə Səudiyyə Ərəbistanı Krallığına qarşı aqressiv əməllərin dayandırılması, terror qrupları və fəaliyyətlərinə qarşı durulması tələb olunurdu. Məlum 4 ölkə rəsmi Doha ilə bütün anlaşma cəhdləri uğursuzluğa uğrayandan və onun dəfələrlə edilən bir sıra tələblərə əməl etməməsindən sonra boykot mövqeyini seçdilər. Çünki elə məsələlər var ki, onun ətrafında müzakirə aparmaq, çək-çevir etmək mümkün deyil. Onların başında isə təhlükəsizlik, sabitlik, terrorla mübarizə və onun yaradılmasının cinayət hesab edilməsi məsələsi gəlir.

- Bizim kimi hadisələri kənardan izləyən qeyri-ərəb jurnalistlər düşünür ki, Qətərlə münasibətləri pisləşən ölkələr məlum 4 ölkə deyil, məsələn, İraq, Livan və ya Suriya olsaydı, razılaşa bilərdik. Çünki o ölkələrin siyasəti bir qədər fərqlidir və təəssüflə qeyd edim ki, süni surətdə alovlandırılan məzhəb qarşıdurmasından əziyyət çəkirlər. Amma niyə məhz Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir (digər ölkələri istisna edək) birləşdi Dohaya qarşı blokda?

- Görülən və görüləcək bütün tədbirlər beynəlxalq qanunlara əsasən Qətərin öz öhdəliklərini pozması, həmin ərəb ölkələrin daxili işlərinə davamlı müdaxilə etməsi, ekstremizm və terrora dəstək verməsinin nəticəsidir. Bu cür əməllər regionun əminamanlığına və ərəb ölkələrinin milli təhlükəsizliyinə təhdid təşkil edir. Son qərarların qəbul edilməsi, Dohaya "artıq səbir kasası daşıb" mesajı idi. Görülən tədbirlərin məqsədi Qətəri, onun özü tərəfindən törədilən düşünülməmiş əməllərin aqibətindən qorumaqdır.

- İzlədiyim bir çox əcnəbi medialarda hadisələrin Donald Trampın bölgəyə səfərindən dərhal sonra baş verməsinə diqqət çəkilir – bağlılıq axtarılır. Bununla əlaqədar nə deyərdiniz?

- ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına Ərəb- İslam-Amerika sammitində iştirak etmək üçün gəlmişdi. Həmin tədbirdə Qətərin əmiri şeyx Təmim bin Həməd Al Tani də iştirak edirdi. Terrorla mübarizəyə çağıran bu sammit, Qətər üçün son şans idi ki, öz əməllərindən geri çəkilsin, kursunu dəyişsin, terrorçu şəxsləri və təşkilatları dəstəkləməkdən və maliyyələşdirməkdən daşınsın. Amma təəssüf ki, Qətər bu şansdan da yararlanmadı və əvvəlki yolunu davam etdirdi. Bunun təbii nəticəsi olaraq Səudiyyə Krallığı və digər məlum dövlətlər məhz bu mühüm sammitdən sonra boykot qərarını verdilər.

- Bu sualı sizə diplomat yox, ərəb xalqının oğlu olaraq ünvanlamaq istərdim: sanksiyalardan dolayısı bu gün Qətərdə qardaş xalqınız ərzaq qıtlığı yaşayır və müəyyən mənada insanların həyatında çətinlik yaranıb. Fürsət tapan İran və Türkiyə hazırda bu ölkənin həyatına daxil olub. İnsanların dolanışığını və rahatlığını təmin etmək üçün ərəb birliyi özü nəsə edə bilərmi?

- Səudiyyə Ərəbistanı Krallığı dəfələrlə vurğulayıb ki, Qətər xalqı təbiət və soy cəhətdən Krallıqdakı qardaşlarının bir hissəsi, onlarla eyni kökdəndir. Doha hökumət orqanlarınının Krallığa qarşı düşmənçilik hərəkətlərinə baxmayaraq ölkəmiz qardaş Qətər xalqının dayağı, təhlükəsizlik və sabitliyinin dəstəkçisi olaraq qalacaq. Çox zaman Doha hökumət orqanları ölkənin blokadaya alınması rəyini yaratmağa çalışır. Halbuki, əslində blokada mövcud deyil, boykot var. Qətərin limanları və aeroportları açıqdır. Biz yalnız Qətər aviaşirkətləri və bu ölkədə qeydiyyatdan keçən təyyarələri öz hava məkanımızdan, gəmilərinin ərazi sularımızdan istifadə etməsini yasaqlamışıq. Bu boykotçu dövlətlərin suveren hüququdur. Əgər Qətərin ehtiyacı olarsa biz Kral Salman adına Mərkəz vasitəsi ilə ona ərzaq və tibbi mallardan ibarət yardımı edə bilərik. Amma yaxşı bilirik ki, onun buna ehtiyacı yoxdur. Qətərin ərzaq və tibbi malları var, qətərlilər ehtiyacları olan şeyləri əldə edirlər. Buna sübut kimi Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsünün açıqlamasını göstərmək olar. Həmin açıqlamadan sitat: "Qətərin yardıma ehtiyacı yoxdur. Ölkəmiz digərlərinə yardım edir və indinin özündə də bu işlə məşğul olur". Əslində bu müsbət haldır, çünki Qətərdə vəziyyətin çox yaxşı olduğunu göstərir. Deməli, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər dövlətlərin etdikləri Qətər xalqına yönəlməyib.

- Son olaraq deyin lütfən: bu proses nə zamanadək davam edəcək? Yəni rəsmi Doha tələbləri yerinə yetirməyəcəksə, illər boyu uzanacaqmı gərginlik və sonda hansısa formada hərbi müdaxiləyə ehtiyac qala bilərmi?

- Səudiyyə Ərəbistanı Qətəri düşmən dövlət hesab etməyib, əksinə düşmənçilik siyasəti ilə üz-üzə qalıb. Yaxşı bilirik ki, hər bir böhranın həlli və sonu var. Əgər Qətər öz təbii mühitinin - Körfəz Əməkdaşlıq Şurasının, eləcə də beynəlxalq ictimaiyyətin bir parçası olmaq istəyirsə, dərhal terrora dəstək verməyi dayandırmalıdır. Səudiyyə Ərəbistanı böhranın həll olunması üçün digər dünya ölkələri deyil, məhz Küveyt dövlətinin vasitəçiliyini qəbul edərək, onun Körfəz Əməkdaşlıq Şurası çərçivəsində həll olunmasını istəyir. Çünki körfəz ölkələri heç bir kənar yardım olmadan özləri Qətərlə fikir ayrılığını həll etməyə qadirdirlər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind