Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Akademik borcu olan tələbələrə şad xəbər
Tarix: 14.07.2017 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

Belə tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi üçün məhdudiyyət yoxdur

"İyulun 17-dən başlayaraq ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbulu aparılacaq". Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, transfer.edu.az portalı vasitəsi ilə aparılacaq sənəd qəbulu avqustun 15-dək davam edəcək: "Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər".
C.Valehov deyib ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Onun sözlərinə görə, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə müəyyənləşdirilmiş minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır: "Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır".
C.Valehov bildirib ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.
Qurum rəsmisi həmçinin deyib ki, tələbənin kəsiri olduqda belə, onun bir təhsil müəssisəsindən digərindən köçürülməsi mümkündür. Onun sözlərinə görə, bu şərt həm ali, həm də kolleclərə aiddir: "Köçürülmə zamanı tələbənin nə qədər akademik borcunun olması rol oynamır və bununla bağlı hər hansı məhdudiyyət yoxdur".
Nazirlik rəsmisi əlavə edib ki, kəsiri olan tələbə akademik borcunu köçürüldüyü təhsil müəssisəsində ödəyə bilər: "Ödənişsiz əsaslarla təhsil alan tələbə digər təhsil müəssisəsində yenidən ödənişsiz əsaslarla olan yerlərə köçürülə bilərlər. Lakin bunun üçün tələbənin müvafiq ixtisas üzrə qəbul imtahanında topladığı balın yüksək olması lazımdır. Ödənişli əsaslarla təhsil alan tələbə isə yalnız ödənişli yerlərə köçürülə bilər".
C.Valehov qeyd edib ki, xaricdəki təhsil müəssisələrindən köçürülmə zamanı vacib şərtlərdən biri həmin təhsil müəssisəsinin akkreditasiyadan keçməsidir.
Xatırladaq ki, ötən ildən ilk dəfə olaraq təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində Transfer.edu.az elektron portalı yaradılıb. Portalın yaradılması bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır.
Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi ali təhsil müəssisəsini seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirirlər.
Köçürülmənin elektron qaydada həyata keçirilməsi üçün ali təhsil müəssisəsində illər üzrə hər bir ixtisasa dair boş olan yerlər barədə məlumatlar elektron portalda yerləşdirilib. Qaydalara görə, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Bundan başqa şərtlərə əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Etibar Əliyev deyib ki, son illər təhsil sahəsində ciddi islahatlar həyata keçirilir: “Məlum olduğu kimi, bir neçə il əvvəl ölkə başçısının sərəncamı ilə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Starategiyası sənədi qəbul olunub. Bu sənəd çox mükəmməl sənəddir və onun icrası təhsilin bütün pillələrinin inkişafına xidmət edir. Eyni zamanda, son illər məktəb direktorlarının imtahanla təyin olunması, tələbə köçürmələrinin elektron formada həyata keçirilməsi, təhsil sahəsində istedadlı gənclərin təmənnasız irəli çəkilməsi, uşaqların və gənclərin elmə həvəsinin artırılması istiqamətində ciddi işlər görülüb. Məsələn, əvvəllər valideynlər Rusiyanın müxtəlif ali məktəblərinin Azərbaycandakı filialları vasitəsilə zəif oxuyan uşaqlarına ali təhsil haqqında diplom verə bilirdilər. Amma artıq bu filiallar bağlandığı, ölkənin özəl ali məktəblərinə qəbul üçün TQDK müəyyən keçid balları müəyyənləşdirdiyi üçün aşağı bal toplayan abituriyentlərin ali məktəbə qəbulu çətinləşib. İndiki dövrdə Azərbaycandakı ali məktəblərin heç birində testdənkənar qəbul həyata keçirilə bilməz. 2003-cü ilədək bu proses olmuşdu, bəzi özəl ali məktəblər testdənkənar qəbul həyata keçirirdilər. 2003-cü ildə testdənkənar qəbul ləğv olundu. Ali məktəblər də bilir ki, TQDK ancaq 1-ci kursa daxil olan tələbələrlə bağlı aidiyyəti qurumlara məlumat verir. Eyni zamanda, tələbə köçürmələrinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsindən sonra bu istiqamətdə neqativ hallar demək olar ki, aradan qalxıb”.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Şahlar Əsgərov da hesab edir ki, tələbənin bir fakültədən digərinə köçürülməsi prosesinin şəffaflaşdırılması müsbət addımdır: “Bu dünyanın ən nüfuzlu universitetlərində də belədir. Çünki, tələbə imtahan verir və istəmədiyi bir fakültəyə düşür. Tələbənin istəyinə uyğun olaraq onun ixtisasını dəyişməsinə köməklik etmək lazımdır. Təəssüflər olsun ki, indiyədək qanunda olan boşluqlardan istifadə edən bəzi işbazlar bununla küllü miqdarda gəlir əldə edirdilər və bu da təhsildə korrupsiya faktlarının artmasına səbəb olurdu. Buna görə də, son illər Təhsil Nazirlyinin bu istiqamətdə həyata keçirdiyi dəyişikliyi alqışlamaq lazımdır. Yəni, bütün mənfi hallara qarşı mübarizə aparmaq lazımdır. Bu cür hallara qarşı mübarizə aparmaqdan ötrü dövlət qurumlarının əlində böyük səlahiyyətlər var. Əsas odur ki, “tələbə nə üçün köçürülür?” sualına cavab tapılsın. Ümumiyyətlə, gənclərə şərait yaratmaq lazımdır ki, o, qəlbinin istəyi ilə özünə ali məktəb seçsin. Köçürmələr haradan qaynaqlanır? Bunun fəlsəfəsi hardadır? Fəlsəfəsi ondadır ki, zorla uşağı göndəririk ki, getsin filan institutun filan fakültəsində oxusun. Gənclərə imkan vermək lazımdır ki, o, istədiyi universitetə daxil olsun. Belə olduqda gənc özünü istədiyi sahədə tapa biləcək və cəmiyyət üçün də faydalı olacaq”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017