Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bir çox dövlətlərin hazırda mövcud olan sərhədləri tamamilə dəyişəcək”
Tarix: 31.07.2017 | Saat: 17:25:00
Bölmə:Siyasət | çapa göndər

Füzuli Məmmədov: “Ölkəmiz beynəlxalq miqyasda mövcud olan neytral status almağa tələsməlidir” 

"Avropa Azərbaycan Konqresi"nin birinci vitse-prezidenti,  "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti, Füzuli Məmmədovla müsahibə.

 - Hörmətli Füzuli müəllim! Dünyada gərginlik günü-gündən artır, Yaxın Şərq və Afrikanın şimalında vətəndaş müharibəsi şölələnir, Venesuelada hökumət əleyhinə kütləvi çıxışlar artıq vətəndaş müharibəsinə çevrilir, İranla müharibənin qaçılmazlığı barədə söz-söhbətlər gedir, Avropa ölkələrini isə islamofobiya və miqrantfobiya prosesi bürüyür. Bəzi dedi-qoduçular Üçüncü Dünya Müharibəsinin gözlənildiyi barədə fikirlər söyləyirlər. Belə vəziyyətdə Azərbaycan və Azərbaycan diasporu necə olmalıdır?

- Təəssüflər olsun ki, beynəlxalq gərginlik get-gedə daha da artacaq. Əslində baş verən bütün proseslər qlobal müharibəyə doğru aparır. Dünyanın qaynar nöqtələrində vəziyyəti sabitləşdirə biləcək güclə, buna təsir edə biləcək ölkə və belə vəziyyətdən çıxış yolu yoxdur. İkinci Dünya Müharibəsinin yekunları üzrə müəyyən edilmiş dünya nizamının açıq-aşkar dağıdılması prosesi baş verir. SSRİ-nin dağılmasına qədərki dövr ərzində, vaxtilə müəyyən edilmiş dünya nizamı çərçivəsində bizim planetimiz pis-yaxşı rahat yaşayırdı. Lakin Sovet imperiyasının dağılması ilə dünyadakı  sabitliyin pozulması prosesi başlandı ki, bu da SSRİ və ABŞ arasındakı qarşıdurmanın tədricən artmasına gətirib çıxardı. Sovet İttifaqı dağılan kimi, SSRİ dövrü yaradılmış müttəfiq ölkələrin sosialist düşərgəsi də parçalandı. Əfqanıstanda vətəndaş müharibəsi alovlandı, Yuqoslaviyanın qanlı süqutu baş verdi, postsovet məkanında qaynar nöqtələr peyda oldu: Ermənistan-Azərbaycan hərbi münaqişəsi, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Çeçenistanda müharibə ocaqları yarandı.

     Bu gün dünyanın elə bir yeri yoxdur ki, orada ya müharibə, ya da hərbi-siyasi və iqtisadi böhranlar baş verməsin. Dünyanın ən mühüm strateji regionlarında belə böhranların toxunmadığı yer qalmayıb. Görün,  müxtəlif qitələrdə nələr baş verir. Şimali Afrika və Yaxın Şərqi ağır və dağıdıcı vətəndaş müharibələri bürüyüb, Yəməndə şiələr və sünnilər arasında şiddətli qanlı döyüşlər gedir, İranla ABŞ arasındakı qarşıdurma getdikcə şiddətlənir, sünni Fars Körfəzi ölkələri ilə İsrail arasındakı qarşıdurma böyük regional hərbi münaqişə ilə nəticələnə bilər. Bunun nəticəsində də onlarla dövlət bu münaqişəyə cəlb oluna bilər.

     Bundan başqa, amerikalılar İraqın şimalında və Suriyada Vaşinqton tərəfindən nəzarətdə olan "müstəqil kürd dövləti" yaratmağa çalışırlar ki, gələcəkdə bunu, əllərində bir qamçı kimi, İran və Türkiyəyə qarşı istifadə etsinlər. Cənubi Amerikada - Venesuelada vətəndaş müharibəsi alovlanır ki, bu da  ölkənin dağılmasına gətirib çıxarda bilər. Brexit referendumunda keçirilən və böyük rezonans doğuran səsvermə nəticəsində Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması nəticəsində Suriya, İraq və Şimali Afrikadan Avropa və Avropa İttifaqı ölkələrinə milyonlarla qaçqının axını burada geniş miqyasda hökm sürən siyasi, iqtisadi və humanitar böhranlarla yadda qaldı.

     Ən azı iki səbəb,  doğma Azərbaycan dövlətini və diasporumuzu narahat etməlidir. Birincisi, müharibənin alovlu dilləri tədricən Azərbaycan sərhədlərinə yaxınlaşır. İkincisi, həmişə böyük hərbi münaqişələr insanların kütləvi şəkildə axını ilə müşayiət olunur. Biz bunu Suriya, İraq və Liviya faciələrində müşahidə etmişik və edirik.

 - Siz  inanırsınız ki, Üçüncü Dünya Müharibəsi əslində mümkündür?

 - Mən hesab edirəm ki, yeni Dünya müharibəsi nəinki mümkündür, hətta, qaçılmazdır. Dünyanın maliyyə-iqtisadi və hərbi-siyasi sistemlərində dağıntı baş verir. Bəşəriyyət hansısa bir qırmızı xətti keçib ki, artıq əvvəlki qaydalara və əvvəlki rahat həyata qayıtmaq praktiki olaraq, mümkün deyil. Bu gün dünyada çox kəskin problemlər üst-üstə yığılıb, onların "həlli" üçün yeganə çıxış yolu - yeni Dünya müharibəsinin labüdlüyüdür.

     Mən bu problemlər sırasında dünyanın inkişaf etmiş ölkələrinin təxminən 70 trilyon dollar məbləğində xarici borcunu misal göstərə bilərəm. ABŞ dollarına əsaslanan dünya maliyyə-iqtisadi sisteminin birdəfəlik iflasını, dünyanın baş siyasi institutu hesab edilən Birləşmiş Millətlər Təşkilatının (BMT) təsir və nüfuz dairəsinin itirilməsini, dünyanın, demək olar ki,  hər yerində, ilk növbədə, ən mühüm strateji regionlarında baş verən və baş verə biləcək hərbi münaqişələri, bir çox iri regional dövlətlərin dünyanın siyasi xəritəsini yenidən dəyişmək cəhdlərini və s. kimi məsələləri misal çəkmək olar. Bu gün dünyanın hər bir regional iri dövləti planetin müxtəlif regionlarında hərbi-siyasi, iqtisadi və enerji balansını öz xeyrinə dəyişməyə çalışır. Ona görə də, mən  həyəcanla və böyük təəssüflə deyərdim ki, dünyada yeni qlobal müharibənin reallığı aşkardır.

     Baş verəcək yeni Dünya müharibəsi həm Azərbaycan dövlətinə, həm də Azərbaycan diasporuna toxuna bilər, bunun üçün ölkəmiz beynəlxalq miqyasda mövcud olan neytral status almağa tələsməlidir. Hələ ki, BMT tam dağılmayıb, Azərbaycan neytrallıq statusunu almaq üçün bu təşkilatın Baş Assambleyasına müraciət etməli və gələcəkdə öz aralarında düşmənçilik edən xristian Qərblə müsəlman Şərq arasında vasitəçi rolunu oynamalıdır. Keçmiş sovet respublikalarından biri olan Türkmənistan artıq 1995-ci ildə BMT Baş Assambleyasının xüsusi qətnaməsi ilə hamı tərəfindən qəbul edilmiş beynəlxalq neytral statusu əldə edib. Bununla əlaqədar, mən çox mühüm bir faktı xatırlatmaq istərdim. Məhz İsveçrənin 1815-ci ildə aldığl neytral statusluğu onun daimi bitərəfliyini təmin edib, ölkəni və olkə əhalisini baş vermiş iki dünya müharibəsinin dəhşət və dağıntılarından qoruyub, dövlətin sərhəd və ərazi toxunulmazlığını təmin eşdib.

- Füzuli müəllim, Azərbaycan neytral statusu almaq üçün BMT-nin Baş Assambleyasına necə müraciət edə bilər? Axı, ölkəmiz, faktiki olaraq, Ermənistanla müharibə vəziyyətindədir və erməni qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 20%-i indiyədək işğal altındadır?

- Qarabağ münaqişəsinin indiyədək həll olunmaması Azərbaycanın neytral status almasına mane olmamalıdır. Dünyada vəziyyət kəskin və sürətlə dəyişir. Bu gün dünyanın, demək olar ki,  hər yerində bir sıra dövlətlər ya müharibə vəziyyətində, ya da, müharibəqabağı böhranlı vəziyyətdədir. Günü-gündən hər şey yeni Dünya müharibəsinin olacağından xəbər verir: bu da yeni dünya nizamının yaranmasına gətirib çıxardacaq və yeni dünyanın yeni siyasi xəritəsi yaranacaq ki, bir çox dövlətlərin hazırda mövcud olan sərhədləri tamamilə və tanınmaz halda dəyişəcək.

  Suriyada, İraqda, Liviyada və Yəməndə gedən indiki müharibələr bu prosesin başlanğıcından xəbər verir və bu, dövlətlərarası sərhədlərin dəyişdirilməsi deməkdir. Bu gün Yaxın Şərqdə və Afrikanın Şimalında baş verənlərdən belə nəticəyə gəlmək olar ki, Üçüncü Dünya Müharibəsi - sivilizasiyaların müharibəsi olacaq. Bir neçə sivilizasiyaların taleyi - qərbi-xristian, müsəlman, çin və hindistan - yeni dünya qarışıqlığının məngənəsində, "ət maşını"nın burulğanında zərblə bir-birinə qarışaraq boğulacaqlar.

     Nəzərə alsaq ki, Afrikanın Şimalında və Yaxın Şərqdə qərbi-xristian dünyası artıq islam dünyası ilə kəllə-kəlləyə toqquşub və dünyanın digər aparıcı müsəlman dövləti olan İran da ABŞ və İsrailin simasında Qərblə hərbi münaqişəyə cəlb oluna bilər, onda Azərbaycanın  neytrallığı əldə etməsi nəinki qaçılmaz, hətta reallıqdır. O zaman xristian Qərbi ilə müsəlman Şərqi arasında qərəzsiz vasitəçi rolunu oynamağa güclü ehtiyac duyulacaq və Azərbaycan bu rolun öhdəsindən layiqincə gələ bilər. ABŞ, İsrail və Fars körfəzi ərəb ölkələrinin koalisiyası İranla müharibəyə başlayacağı təqdirdə Azərbaycan öz neytrallığına möhkəm riayət etməli, Bakı isə Tehranla Qərb arasında mütəmadi danışıqların aparılması üçün meydançaya çevrilməlidir.

- Sizcə, Azərbaycanın neytral dövlət statusu almaq şansı varmı?

- Əlbəttə var. Azərbaycanın bitərəflik statusunu alması üçün bütün əsasları var. Birincisi, Azərbaycan dünyanın aparıcı və regional dövlətləri ilə münasibətlərdə çoxşaxəli və əsaslandırılmış qüsursuz xarici siyasət kursunu həyata keçirir. Belə balanslaşdırılmış xarici siyasət  Azərbaycanda sabitliyin əsas rəhni olmaqla yanaşı, ölkəmizi Gürcüstan və Ukraynanın kədərli taleyini təkrar etməyə imkan vermədi. İkincisi,  Azərbaycan multikulturalizm siyasəti yeridərək, bütün dünyaya göstərdi ki, sivilizasiyalar arasında birləşmə, qovuşdurma rolunu oynayır. Bu bir fakdır ki, onlarla millətlərin, bütün dinlərin nümayəndələri Azərbaycanda sülh, əmin-amanlıq və həmrəylik şəraitində yaşayır. Ona görə də, biz Azərbaycanın neytral statusunu almaq istiqamətində multikulturalizm "kartı"ndan uğurla istifadə etməliyik.

  Bundan əlavə, Azərbaycan Mərkəzi Asiya ölkələrindən Avropaya neft-qaz kəmərləri çəkməklə, Hindistanla Rusiya və Şimali Avropanı birləşdirən "Şimal-Cənub" dəmiryol dəhlizini açmaqla, Şərqlə Qərb arasında mif deyil, sözün əsl mənasında, geniş qapılar açıb. Bizim ölkəmizdə nə Qərbin, nə Rusiyanın, nə də Şərqin maraqları boğulmayıb. Belə şəraitdə Azərbaycanın neytral status əldə etməsi, sadəcə, qaçılmaz bir reallıqdır. Neytral statusun əldə edilməsi Azərbaycanı qonşu ərazilərdə yaxın gələcəkdə baş verə biləcək hərbi münaqişələrdən qoruyar, onu etibarlı şəkildə mühafizə edər.

     Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması və Ermənistan tərəfindən işğal olunmuş  Azərbaycan ərazisinin 20% torpaqlarının geri qaytarılmasına gələk. Son illərin təcrübəsi bir daha göstərdi ki, erməni təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarını tərk etməsi, onların acınacaqlı taleyi, Qarabağ münaqişəsinin həlli dünya ictimaiyyətini o qədər də narahat etmir. Qərbin və dünya birliyinin həyasız hərəkətləri bütövlükdə onu göstərdi ki, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ dərdi yalnız bizim ağrılı yerimizdir, bu ağrı-acını Qərb ölkələri hiss etmək istəmir. Ona görə də, Qarabağ münaqişəsinin həllində, biz dünya birliyinin ədalətli reaksiyasına və köməyinə güvənməməli, xüsusilə də, xristian Ermənistanın tərəfini tutan, ona  açıq-aşkar rəğbət bəsləyən xristian Qərb ölkələrinə ümid bəsləməməliyik. Onsuz da böyük dövlətlər, ilk növbədə, Rusiya hərbi yolla Qarabağ problemini həll etməyə imkan verməyəcək.  Azərbaycanın öz ərazilərini qaytarmaq istiqamətində atdığı hər bir cəhd Moskvanın təzyiqi ilə üzləşəcək.

Amma, bu gün Rusiya düşmənçilik edən hər iki tərəfi silahlandırır. O, Azərbaycana müasir silahlar və hərbi texnika satır, Ermənistana isə  Rusiya silahının alınması üçün, girov olmadan təminatsız kredit imkanı yaradır. Əgər Rusiya Azərbaycana lazım olan bütün növ silah və hərbi texnika satırsa, bu,  o demək deyil ki, o, Qarabağda müharibəyə başlamağa Bakıya imkan verəcək və silah gücünə Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmağa ona şərait yaradacaq. Moskvada açıq şəkildə bəyan edirlər ki, Azərbaycana hərb məhsullarının satışı, sadəcə, biznesdir. Üstəlik, Rusiya bölgədə guya "hərbi balansın gözlənilməsi" məqsədi ilə, Ermənistana lazım olan rusiya silahlarını əldə etmək üçün "qaytarıla bilməyən" kreditlər imkanı verir. "Qaytarıla bilməyən" kreditlər o deməkdir ki, Ermənistan Rusiyadan aldığı kreditləri, demək olar, heç vaxt geri qaytarmır, hansısa az likvid aktivlərini Rusiya tərəfinə ötürür. Yəni, Ermənistana hərbi kreditləri verməklə, Rusiya tərəfi bizim qonşunun ödəmə qabiliyyəti haqqında heç düşünmür. Beləliklə, Rusiya böhran şəraitində və neftin qiymətinin aşağı düşməsi dövründə öz müdafiə sənayesini dəstəkləyir. Bundan əlavə, unutmaq lazım deyil ki, Rusiya Cənubi Qafqazda Ermənistanı özünün forpostu hesab edir. Üstəlik, Ermənistan “Putin NATO-su”nun - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür. Aydındır ki, Rusiya KTMT və AİB üzrə öz regional müttəfiqinin Qarabağ müharibəsində məğlubiyyətinə imkan verməyəcək.

Belə şəraitdə Azərbaycanın neytral statusa nail olmasını mən Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yeganə düzgün yol hesab edirəm. Sözsüz ki, Azərbaycanın neytrallığı Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sürətləndirəcək, qlobal hərbi münaqişə başlanarsa, islam dünyası ilə dialoq üçün "pəncərə" rolunu oynayacaq. Qeyd edim ki, Ermənistana rəğbət bəsləyən Qərb xristian ölkələri də Azərbaycanda sabitlik və ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlı olacaq.

- Füzuli müəllim! İndi bir çox analitiklər ABŞ, İsrail və ərəb koalisiyasının başında Səudiyyə Ərəbistanı olmaqla, İranla müharibənin mümkünlüyü barədə fikirlər söyləyirlər. İranla müharibənin nəticələri Azərbaycan üçün necə ola bilər?

- Bu müharibənin nəticələri ölkəmiz üçün çox dəhşətli və acınacaqlı ola bilər. Birincisi, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Müharibə başlayacağı təqdirdə onların 20 milyonu qaçqın kimi Şimal ərazisinə  - müstəqil Azərbaycana keçə bilər. Onların – böyük bir kütlənin gəlişi ilə ərzaq məhsullarına tələbat ciddi şəkildə artacaq. Bu da Azərbaycanda qiymətlərin kəskin şəkildə və sürətlə bahalaşmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, Azərbaycan ərazisinə keçən iranlı qaçqınların sayı burada yaşayan ölkə əhalisinin sayını iki dəfə keçə bilər, onda bu ölkəmizdə məhsul qıtlığı və kütləvi aclıqla nəticələnə bilər. Çoxmilyonlu qaçqınların axını zamanı digər humanitar problemlərin yaranması da səciyyəvi haldır: kütləvi işsizlik, irimiqyaslı antisanitariya, kriminogen vəziyyətin pisləşməsi və s. Ona görə də, böyük sayda qaçqınların İrandan Azərbaycana axınını ölkəmiz üçün fəlakət kimi qiymətləndirmək olar.

İkincisi, İsrail və ya ABŞ hərbçiləri İrana qarşı zərbələr endirmək məqsədi ilə Azərbaycan ərazisindən istifadə edərsə və bu İranda şübhə doğurarsa, onda Tehran Azərbaycanın strateji obyektlərinə və Bakının canlı məhəllələrinə "qisas zərbələri" endirə bilər. Ona görə də, neytral status Azərbaycana hava və su kimi lazımdır və Bakı bu məsələ ilə təcili məşğul olmalıdır. Neytral dövlət statusu olduqda, Azərbaycan ABŞ və İsrailə öz ərazisindən İrana qarşı zərbələr endirilməsindən istifadəyə neytrallığına istinad edərək, imtina edə bilər.

- Mən birinci sualıma qayıtmaq istəyirəm - beynəlxalq gərginliyin mümkün nəticələri barədə sualıma. Avropa ölkələrində аntiislam və аntimiqrant əhval-ruhiyyəsinin artması və bütün bunların dünya çapında Azərbaycan diasporuna təsiri necə olacaq?

- Avropa ölkələrində yaşayan və çalışan soydaşlarımız üçün bütün bu neqativ hallar çox məyusedici ola bilər. Ona görə ki, azərbaycanlılar - müsəlmandır. Üstəlik, Avropada ən böyük Azərbaycan diasporu Almaniyada yerləşir, burada isə Türkiyə əleyhinə neqativ əhval-ruhiyyə hələ də üstünlük təşkil edir. Bu səbəbdən, Avropa Birliyi ölkələrində vəziyyətin daha da kəskinləşməsi zamanı azərbaycanlılar üçqat zərbə ala bilər - müsəlman kimi, mühacir və türk-azərbaycanlılar kimi. Bununla əlaqədar, mən, Avropada öz biznesini açan və inkişaf etdirən azərbaycanlılara bu amilləri nəzərə almağı tövsiyə edərdim, cünki, onlar öz işlərinin təhlükəsizliyi haqqında, ilk növbədə, fikirləşməlidirlər. Avropa ölkələrində biznesi elə yerlərdə açmaq və inkişaf etdirmək lazımdır ki, onlar küçə etirazlarından və kütləvi aksiyalardan az zərər çəkmiş olsunlar.

     Bundan başqa, Avropa iqtisadiyyatının perspektivləri də sevindirici deyil. Avropada borc və bank böhranının daha da gərginləşməsi Avropa iqtisadiyyatını uzun sürən resessiya-durğunluq vəziyyətinə sala bilər. İqtisadi böhran zamanı isə biznes açmaq və inkişaf etdirmək çox çətindir. Ona görə də, mən soydaşlarımıza öz investisiyalarının perspektivləri və təhlükəsizliyi barədə düşünməyi tövsiyə edərdim. Siyasi və maliyyə böhranlarına qarşı çox həssas olan iqtisadiyyatın bir çox xidmət sahələrinə sərmayə qoyuluşundan çəkinmək lazımdır. İqtisadiyyatının, təxminən dörddə bir əsr öncə durğunluq, sonra isə, hərəkətsizlik vəziyyətində olan Yaponiya təcrübəsi göstərir ki, iqtisadiyyatda miqyaslı böhran baş verərsə, bu - istehlak bazarının sıxılmasına, məhdudlaşdırılmasına və nəticədə iqtisadi böhranın  on illərlə davam etməsinə gətirib çıxarda bilər.

     Bizim bizneslə məşğul olan həmvətənlərimiz Avropa ölkələrində, əsasən, kiçik və orta bizneslə məşğuldurlar. Ona görə də, siyasi və maliyyə-iqtisadi böhranların baş verdiyi zaman onlar zərərçəkənlər sırasında ola bilərlər. Axı, azərbaycanlıların mütləq əksəriyyətinin istər Rusiyada, isrətsə də Avropa ölkələrində biznesi məhz istehlak bazarı ilə bağlıdır. İstehlak bazarı isə ya birbaşa, ya da dolayısı ilə iqtisadi və siyasi böhranların nəticələrini həmişə birinci və kifayət qədər güclü hiss edən sahədir.

 - Bəs Yaxın Şərqdə olan hadisələr, o cümlədən, müstəqil Kürdüstanın bizim regionda - Cənubi Qafqazda peyda olması ehtimalına necə baxırsınız?

- Əgər baş verən yanğının qarşısı vaxtında alınmazsa, onun yayılması və qonşu ərazilərə keçə bilməsi riski çox yüksəkdir. Müharibə isə əsl yanğındır, o, öz yolu üstündə hər şeyi məhv edir. Ona görə də, Azərbaycan tezliklə müstəqil Kürdüstanın yaranmasını və Yaxın Şərqdə müharibənin nəticələrini öz üzərində hiss edə bilər. İraq Kürdüstanın rəhbəri Məsud Bərzani 2017-ci il sentyabrın 25-də regionun müstəqilliyi haqqında referendum keçirmək niyyətini açıqlayıb, həmin il noyabrın 1-də isə parlament və prezident seçkiləri keçiriləcəyini bəyan edib. Federal İraq hökuməti İraq Kürdüstanın müstəqillik haqqında referendum keçirmək istəyini və qarşıdan gələn parlament və prezident seçkilərini bu regionda qanunsuz hesab edir.

Xatırlatmaq istəyirəm ki, İraq Kürdistanı - Kürd muxtar rayonunun qeyri-rəsmi adıdır və İraqın tərkibində geniş muxtariyyət statusuna malikdir. Rayonun hüquqi muxtariyyət statusu 2005-ci ildə İraqın konstitusiyasında təsbit olunub. Bu rayon İraqın şimalında və şimal-şərqində kürdlərin etnik məskunlaşmasından yaranan bir sahədir. Lakin İraqın mərkəzi hökuməti son illərdə bu bölgəyə olan bütün təzyiq vasitələrini itirib. İraq Kürdüstanı de-fakto müstəqil kvazi-dövlət kimi hələ 2015-ci ilin iyulundan məlumdur. Ərbil öz neftini, İraq hökumətindən yan keçməklə, müstəqil şəkildə satmağa başlayan kimi, İraq mərkəzi dövlət büdcəsinə vergi ödəməkdən imtina edib. Ərbil qərarını belə izah edib ki, o, "İslam dövləti" terror qruplaşması ilə müharibəyə külli miqdarda pul xərcləyir və İraq Kürdüstanı ərazisinə keçən bir milyondan artıq qaçqını  saxlamağa vəsait sərf edir.

     Heç şübhə yoxdur ki, iraqlı kürdlər öz bölgəsinin müstəqilliyi uğrunda keçiriləcək referendum zamanı Bağdaddan səs verəcəklər. Beləliklə, İraq Kürdüstanı, İraq hökumətinin etirazlarına baxmayaraq, öz müstəqilliyini hüquqi cəhətdən artıq rəsmiləşdirə bilər. Kürdlərin arxasında ABŞ durur, onlar bu gün Suriyanın şimalında və şimal-şərqində suriyalı kürdlərə öz muxtariyyətini yaratmaqda köməklik edirlər. Amerikalılar Suriya kürdlərinin hərbi birləşmələrini hərbi sursatla təmin edir, onlar da, guya "İslam dövlətinin" terrorçuları ilə mübarizə üçün silah tədarük edirlər. Lakin bu silahların böyük hissəsi sonra Türkiyənin cənub-şərqində fəaliyyət göstərən kürd terrorçularının əlinə düşür. Bundan başqa, amerikalılar suriyalı kürdlərə mütəmadi maliyyə yardımı göstərir ki, bu da Suriyanın şimal və şimal-şərqində, Dəməşqdən asılı olmayan, müstəqil  kürd muxtariyyətinin yaradılmasını sürətləndirir. İraqın şimalında və Suriyada müstəqil kürd muxtariyyatının yaranması, bu bölgədə böyük Kürdüstanın yaradılması üçün zəmin yaradır. Beləliklə, ABŞ NATO üzrə Vaşinqtonun regional müttəfiqi olan Türkiyəyə qarşı açıq oyun oynayır.

     Lakin, İraqın şimal ərazilərində və Suriyada müstəqil Kürdüstanın peyda olması, təkcə qonşu ölkələrin - qardaş Türkiyə və İranın deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaradır. Dörd il bundan öncə İraq Kürdüstanının başçısı Məsud Bərzani, faktiki olaraq, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxışlar edib. 2013-ci ilin noyabrında Məsud Bərzaninin başçılıq etdiyi Kürdüstan Demokrat Partiyası (KDP), Azərbaycan şəhərlərinin əksəriyyətini "Böyük Kürdüstan" xəritəsinə daxil edib. KDP-nın rəsmi səhifəsində yerləşdirilən xəritədə - Naxçıvan, İranda Qərbi Azərbaycanın bütün əyalətləri, İranın Şərqi Azərbaycan vilayətinin bir sıra şəhərləri, Həmədan vilayəti, Bidjar şəhəri, Gürvə, Sonqur və bir sıra digər şəhərlər bu xəritətə daxil edilib. "Böyük Kürdüstanın" xəritəsinə türkmənlərlə sıx əhatə olunan İraq əyaləti Kərkük, Türkiyənin xeyli hissəsi və digər ərazilər də daxil edilib. Xəritə 55 milyon insanın yaşadığı və ümumi sahəsi 500 min kvadrat kilometr olan ərazini əhatə edir. Milyonlarla türklərin bu ərazilərdə qədimdən yaşadığı məlumdur. Əgər bu layihə reallaşdırılarsa, 25 milyon insan – türklər, ərəblər, assurilər, haldeevlər - öz torpaqlarını tərk etməyə məcbur olacaqlar. Belə çağırışlarla  kürd separatçılarının başçıları, faktiki olaraq, azərbaycanlılara və bölgənin digər xalqlarına qanlı müharibələrin olacağını bildirirlər.

- Yaxın Şərqdə gedən indiki müharibənin perspektivləri Türkiyə və Azərbaycan üçün, həqiqətən də, çox tutqundur. Belə vəziyyətdə Azərbaycan necə hərəkət eləməlidir?

- Bizim yalnız bir çıxış yolumuz var - Azərbaycan həmişə qardaş Türkiyə ilə həmrəy olmalıdır. Bakı bütün regional məsələlərdə Ankaranı dəstəkləməlidir. Biz Türkiyənin ərazi bütövlüyünü həmişə dəstəkləməli, Türkiyənin iqtisadi və hərbi qüdrətini sarsıdan, onun təhlükəsizliyni təhdid edən qüvvələrlə birgə mübarizə aparmalıyıq. Türkiyə - bizim yeganə, daimi və etibarlı müttəfiqimizdir. Ölkələrimiz mövcud olan təhlükələrə qarşı mübarizə üçün öz səylərini birləşdirməlidirlər. Biz unutmamalıyıq ki, güclü Türkiyə - güclü Azərbaycan deməkdir, eləcə də, güclü Azərbaycan - güclü Türkiyə deməkdir. Eyni zamanda, Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını davam etdirməli, Rusiya-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi istiqamətində maksimum səylər göstərməlidir. Bakı öz hərəkətləri ilə Moskva və Ankara arasında münasibətlərin strateji səviyyəyə çatdırılmasına xidmət etməlidir. Möhkəm strateji üçlük ittifaqının yaradılması - Azərbaycan-Türkiyə-Rusiya - həm iqtisadi, həm də hərbi-siyasi baxımdan respublikamız üçün çox sərfəlidir. Belə addım, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edər və Azərbaycanın regionda mövqeyini möhkəmləndirər.

Lakin, istənilən addımı atarkən, Azərbaycanın müstəqilliyi, suveren ərazi bütövlüyü, bir sözlə milli maraqları bütün iqtisadi və hərbi-siyasi faydalardan üstün tutulmalıdır. Lazım gələrsə, biz, demək olar ki, bütün məsələlərdə müəyyən kompromislərə gedə bilərik, birindən  başqa - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün toxunulmazlığı məsələlərində heç bir kompromis ola bilməz! Mənim üçün  Azərbaycanın müstəqilliyi müqəddəs, onun dövlət sərhədləri isə toxunulmazdır!

- Füzuli müəllim, son illər Qərb ölkələri ilə Moskva arasında yaranmış münasibətlərin nəticəsində, Qərb və Rusiya arasında yeni "soyuq müharibə" dövrü başlandı. Bu, xüsusilə Moskva ilə Vaşinqtonun münasibətlərində özünü daha qabarıq şəkildə göstərir. Rusiya Azərbaycanın strateji tərəfdaşı və yaxın qonşusudur. Qərb və Rusiya arasında yeni qarşıdurma şəraitində biz necə hərəkət etməliyik?

- "Soyuq müharibə"nin özü o qədər də qorxulu deyil. Əsas odur ki, o, qaynar mərhələyə keçməsin. ABŞ və Rusiya arasında əməlli-başlı müharibənin başlanması bütün dünya üçün əsl fəlakətə səbəb ola bilər. Əgər bu müharibə nüvə müharibəsi olarsa, bu bütün bəşəriyyətin məhvi deməkdir. Ona görə də, amerikalı konqresmenlər, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün bəhanələr axtararkən, öz hərəkətlərinin nəticələri haqqında dərindən düşünməlidirlər. Hər şeyin öz həddi-hüdudu var. Sanksiyaları absurd dərəcəsinə çatdırmaq olmaz. Hər an vəziyyət nəzarətdən çıxa bilər, ABŞ və Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilə bilər. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi Azərbaycan üçün də sərfəli deyil, çünki, Rusiya ölkəmizin mühüm strateji tərəfdaşı və iqtisadi partnyoru sayılır. Ölkələrimiz energetika və nəqliyyat kommunikasiyaları sahəsində bir sıra mühüm layihələri birgə həyata keçirirlər. Bakı və Moskva arasında çox sıx dostluq, əməkdaşlıq və iqtisadi-ticarət əlaqələri yaranıb və bu əlaqələr ildən-ilə genişlənir və möhkəmlənir. Ona görə də, Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları və iqtisadi zərbələri Azərbaycanda  da öz əksini tapacaq. Lakin, Azərbaycan gələcəkdə də çevik və balanslaşdırılmış xarici siyasət kursunu apararsa,  düşünürəm ki, ölkəmiz əsas dünya dövlətləri və regional ölkələrin maraqları arasında uğurlu şəkildə manevr edə bilər və ABŞ və Rusiyanın maraqlarının toqquşma məkanından yan keçə bilər. İndiki Azərbaycanın xarici siyasətinin üstünlüyü ondadır ki, o, dövlətlərarası münasibətlərdə gözlənilən intriqanı istisna edir. Azərbaycan rəhbərliyi Qərb və Rusiya ilə münasibətlərdə həmişə sonu kədərlə başa çatan "iki stulda oturmaq" oyununu oynamır. Bunun bariz nümunəsi kimi Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin taleyini misal gətirmək olar. Onun "iki stulda oturmaq" siyasəti: gələcəkdə Rusiya və Avropa ittifaqı ilə inteqrasiya üçün əlverişli sövdələşmələrə nail olmaq istəyi kədərli sonluqla bitdi. Yanukoviçin belə məsuliyyətsiz siyasəti təkcə özünün prezident postundan devirməsi ilə qurtarmadı. Ukrayna Krımı, Donetsk və Luqansk ərazilərinin xeyli hissəsini itirdi. Nəticədə, Ukrayna vəd olunan tərəqqi əvəzinə iqtisadi xarabalıq, maliyyə aclığı, kütləvi işsizlik,  Donbasda qanlı müharibə, ölkə əhalisinin böyük hissəsinin səfalətini qazanmış oldu.

     Bu mənada Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi kənardan daxil ola biləcək bir çox bəlalardan xilas etməkdə davam edir. Ona görə də, Azərbaycanın xarici siyasətində, bundan sonra da nə Qərb, nə də Rusiya üstünlük təşkil etməməlidir, məhz Azərbaycan mövqeli və neytral olmalıdır. Ölkəmiz bütün qonşuları ilə, ABŞ və Avropa ölkələri ilə iqtisadi əməkdaşlığı, siyasi əlaqələri məhz neytrallıq istiqamətində inkişaf etdirməli, layihələri qarşılıqlı iqtisadi fayda əsasında formalaşdırmalıdır. Belə olarsa, dövlətimiz nə dünya, nə də regional dövlətlərin maraqlarının toqquşma meydanına çevrilməyəcək və dinc inkişaf və tərəqqi yolunu davam etdirəcək.

- Avropada, Rusiyada, Yaxın Şərqdə və dünyanın digər Azərbaycan üçün strateji əhəmiyyətli bölgələrində baş verən hadisələr, ölkəmizin daxili həyatında necə əks oluna bilər?

- Milyonlarla azərbaycanlılar bu gün Avropa ölkələrində, Rusiyada, Türkiyədə və Ukraynada işləyirlər. Bu regionlarda iqtisadi vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar onlar Azərbaycana qayıda bilər. Azərbaycan hökuməti buna hazır olmalıdır. Soydaşlarımızın biznes qurduqları və çalışdıqları ölkələrdə iqtisadiyyatın kəskin tənəzzülü baş verərsə, bir çox  sosial problemlər başlana bilər ki, bu da işsizliyin kütləvi şəkildə artmasına, maaşların azaldılmasına, sosial ödənişlərin dayandırılmasına gətirib çıxarda bilər. Nəticədə, əhalinin xeyli hissəsinin alıcılıq qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması, Yunanıstanda borc böhranının sonra yaranmış vəziyyətə düşə bilər.

     Dövlət borcunun artım səviyyəsinin və yığılıb qalmış iqtisadi problemlərin həcminə görə, Cənubi və Şərqi Avropanın bir sıra ölkələri Yunanıstanın taleyini təkrarlaya bilər. Lakin, Avropa İttifaqının maliyyə institutlarında iqtisadi bəla vəziyyətində olan Avropa İttifaqı üzvlərinin xilası üçün vəsait artıq qalmamışdır. Çünki, Yunanıstan, İspaniya, Portuqaliya və Kiprin xilası üçün yüzlərlə milyard avro sərf olunub və onların maliyyə öhdəliklərinin restrukturizasiyası zamanı bu ölkələrin qaytarılması mümkün olmayan borclarının xeyli hissəsi, sadəcə olaraq, silinib.  Ona görə də, Avropada yeni miqyaslı böhran baş verərsə, "yeni batanların xilas edilməsi xilasedicilərin özlərini batıracaq".

Məsələn, İtaliyada mənim biznesimin bir hissəsi yerləşir. Son zamanlar bank və borc böhranı sürətlə yetişir. İtaliyanın Mərkəzi bankının hesabatından məlum olur ki, 2017-ci ilin mayında ölkənin dövlət borcunun həcmi maksimum həddə çatıb, get-gedə çoxalaraq, 2,279 trilyon avroya qədər artıb. Beləliklə, İtaliyanın dövlət borcu ÜDM-nin 133%-ni təşkil edir. Bununla yanaşı, İtaliya banklarının üçdə iki hissəsi çox yüksək problemli kreditlərə malikdir və istənilən anda onlar özlərini müflis elan edə bilər.

    İspaniya, Portuqaliya, Kipr və bir çox Şərqi Avropa ölkələrinin dövlət borcu və bank sektoru yaxşı vəziyyətdə deyil. Bu ölkələr də potensial iflas olanların sırasına daxil edilə bilər. Ona görə də, yeni miqyaslı maliyyə-iqtisadi böhranı zamanı Avropa Birliyinin dağılması baş verə bilər. Avropa İttifaqının süqutu onun üzvləri üçün çox ağrılı bir proses olacaq, necə ki, SSRİ-nin dağılması, respublikaların iqtisadiyyatı üçün dağıdıcı proses oldu. İnsanlar böhran olan yerdən həmişə qaçır. Öz biznesini yaratmaq və pul qazanmaq istəyənlər qaçanların siyahısında birinci olurlar. Bu fonda Azərbaycan hökuməti əsas diqqətini respublikada kiçik və orta biznesin inkişafı üçün ayırmalıdır ki, ölkədə işsizliyin kəskin artmasına yol verilməsin və əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxarmasın.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017