Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Balıq resursumuz tükənir
Tarix: 03.08.2017 | Saat: 17:21:00
Bölmə:Sosial | çapa göndər

Yəqin ki, əksər ölkələrdə xüsusi balıq bazarlarının olması çoxunuzun diqqətini çəkib. Hətta dəniz sahilində olmayan, balıq ehtiyatı kiçik çaylarla təmin olunan ölkələrdə belə balıq bazarlarına rast gəlmək olar.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bir dənə də olsun balıq bazarı yoxdur. Baxmayaraq ki, Xəzər kimi dənizimiz, Kür, Araz boyda çayımız var.

Amma Azərbaycanda da bu bazarın yaradılması mümkündür. Ekspertlər belə deyir. Azərbaycanda balıq bazarlarının perspektivini izah edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, həftənin bütün günlərində olmasa da, müəyyən günlərdə belə bazarlar təşkil etmək olar: “Bir çox ölkələrdə də balıq bazarları əsasən həftə sonu səhər saatlarından günortaya qədər fəaliyyət göstərir. Balıq bazarlarına daha çox dənizkənarı və okean sahillərində yerləşən ölkələrdə rast gəlinir. Azərbaycanda bu bazarların olmamasının səbəblərini araşdırsaq görərik ki, bu sahədə ən başlıca problemdən biri Xəzərin balıq resursunun tükənməsidir.

Balıq bazarları dağınıq şəkildə fəaliyyət göstərir. Təzə bazarda və Bakı-Quba yolunda köhnə balıqlar satılır. Lakin ixtisaslaşmış, normal şəkildə balıqların saxlanılıb, satıldığının şahidi olmamışıq. Yaxşı olar ki, belə balıq bazarı təşkil olunsun. Bunun üçün balıqtutma sənayesi liberallaşdırılmalı, biznes qurumları bura cəlb olunmalıdır. Həm balıq resurslarının artırılmasında, həm də Xəzər dənizindən balıqların tutulub satılmasında maraqlı olmalıdırlar. Lakin biz balığa həsrət qalmalı xalqıq. Bir hadisə danışım: 24 yaşında rayonlardan birində işləyirdim. Bir mexanizator böyük balıq hövzəsinə "tok" atdı və 3 gün həmin hövzədə suyun üzü balıqla dolu oldu. Sahə müvəkkili həmin əraziyə baxış keçirtdikdə onunla mübahisə etdim və az qala məni Kommunist Partiyasının üzvlüyündən çıxarırdılar.

Təəssüf ki, indi də bütün balıqları belə yollarla qırırlar. Azərbaycanda çox sayda balıq növləri var, lakin əhali bunun qədrini bilmir və yaranmış vəziyyəti düzəltmək üçün iş aparılmalıdır”.

Ölkədə balıq ehtiyatlarının mühafizəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti məşğul olur.

Departament ov müddəti, ov alətləri, ov yerləri, ovlanan balıq növləri, balıq ovu kvotasına riayət üzrə və s. balıq ovuna nəzarət edir və onu tənzimləyir. Qaydalar üzrə həvəskar ovçuluqla məşğul olanlara adambaşına bir gündə 5 kq-dan artıq balıq ovlanmasına icazə verilmir. Bu qaydaların istənilən şəkildə pozulması balıq ovu qaydalarının pozulması hesab edilir və qanunla cəzalandırılır. Balıq ovu qaydalarına əsasən balıq ovuna icazəsi olmayan (balıq ovu bileti) balıqçılar brakonyer hesab edilir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev də Xəzər dənizində balıq ehtiyatlarının son 10-15 ildə kəskin azaldığını deyib. Onun sözlərinə görə, əsasən, Xəzər dənizinin balıq kütləsinin əsas hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur: “Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların - siyənəklərin, qızılbalığın, nərəkimilərin və hətta suitilərin sayının azalmasına və vəziyyətinə mənfi təsir göstərib. Həmçinin, nərə balıqlarının ehtiyatı kəskin azalıb. Bu gün Xəzər dənizində nərəkimilərin ehtiyatı keçən əsrin 80-ci illərlə müqayisədə 30 dəfə azalaraq, vətəgə əhəmiyyətini itirmək həddinə çatıb”.

R.Hacıyevin sözlərinə görə, Xəzərdə balıq ehtiyatlarının azalmasının, o cümlədən nərə balıqları ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri müxtəlifdir: “Keçən əsrin 90-cı illərin sonunda brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması, kürütökülən əksər çaylarda və Kür çayında bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi, bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması və nəhayət Mnemiopsis leidyi daraqlısının mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması balıq ehtiyatlarının azalmasına gətirib çıxarıb. Həmin daraqlı canlı Volqa-Don kanallar sistemi üzrə Qara dənizdən Xəzər dənizinə keçid edən gəmilərin ballast suları vasitəsilə Xəzər dənizi hövzəsinə daxil olub. Bu gəlmə növ son 10-15 il ərzində dənizin zooplanktonunun bütün biokütləsini demək olar ki məhv edib, bu da vətəgə balıqlarının bütün qida zəncirlərində ehtiyatlarının azalmasında əks olunub. Hazırda Xəzərdə Mnemiopsis inkişaf edərək dənizin bütün akvatoriyalarında geniş yayılıb. Buna görə də balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır”.

Balıq ehtiyatının qorunmasına gəlincə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsinin məşğul olduğu bildirilir. Bunlardan dördü nərə, üçü qızılbalıq və forel, beşi isə çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. 2016-cı ildə adıçəkilən balıqartırma müəssisələrindən 400 milyon ədəd balıq körpəsi təbii su hövzələrinə buraxılıb.(7,6 mln. nərəcinsli, 200 min qızılbalıq, 396 mln. çəkikimilər və s.) ki, bunlar Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının qorunub-saxlanılmasına və xammal bazasının formalaşmasına yönəldilmiş tədbirlərdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeyd olunan müəssisələri tərəfindən 2001-2016-cı illər ərzində Kür çayına, Xəzər dənizinə və daxili su hövzələrinə ümumi sayı 7,02 mlrd (nərəkimilər - 155 mln, qızılbalıq - 2,2 mln, çəkikimilər - 6,86 mlrd) olmaqla müxtəlif növ balıq körpələri artırılaraq buraxılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 151 balıq vətəgəsi var. Sənaye ovu fəaliyyətinin aparılması üçün balıq ovuna icazə almaq lazımdır. Bunun üçün lazım olan sənədlər aşağıdakılardır: ərizə, şəxsiyyət vəsiqəsi, istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə, istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, balıqovlayan gəminin və motorlu qayığın üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə, gəmi və ya qayıq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, balıq ovunda iştirak edəcək balıqçının adı, atasının adı, soyadı barədə məlumat.

Azərbaycanda həvəskar balıq ovçuluğu 1998-ci ildə qəbul olunmuş və dəyişikliklərdən sonra 2014-cü ildə Milli Məclis tərəfindən yenidən qəbul edilmiş "Balıqçılıq haqqında" qanunla tənzimlənir. Həvəskar-balıq ovçuları "Ovçular və balıqçılar" cəmiyyətinin üzvləridir və qanuna müvafiq olaraq balıq ovu üçün xüsusi olaraq ayrılmış yerlərdə və icazə verilmiş vaxtlarda balıq ovu ilə məşğul ola bilərlər. Kürütökmə miqrasiyası zamanı balıq ovu qadağan olunur. Həvəskar ovçuluq üçün nərələr və qızıl balıqlar qadağandır. Son illər həvəskar balıqçıların sayının artması da balıq ehtiyatı üçün təhlükəli sayılır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017